ÜSTÜMƏ DAMIR VƏTƏN
Geyməyəmi gəlmişik,
Geyməyə kətan yaxşı?
Ölməyəmi gəlmişik,
Ölməyə Vətən yaxşı?
Əlimə gəlmir Vətən,
Dilimdə oxuyuram.
Yol tapıb getmək olmur,
Əynimə toxuyuram.
Torpaqdan daş ələnir,
Vətəndən vətəndaşı.
Hər oğul götürəmməz
Çiyninə Vətən daşı.
Yağışda, suda qaldı,
Yosunlu, mamır Vətən.
Üstünü örtəmmədim,
Üstümə damır Vətən.
02.01.2016
ŞEİR GƏTİR
Kəndə gedirsən, göz bəbəyi,
Yaddan çıxarma göbələyi,
Quzuqulağı, quşəppəyi,
Göy pencərindən şeir gətir.
Yıxılan aydan, ildən düşən,
Ağızdan düşən, dildən düşən,
Şairin nimdaş, əldən düşən,
Boz pencəyindən şeir gətir.
Gül iyləmədik nöyütündən.
Salxım, saçaqlı söyüdündən,
Ağsaqqalının öyüdündən,
Ağbirçəyindən şeir gətir.
Yaman çoxalıb səy şəhərdə,
Atın oynadır şər şəhərdə,
İt iyi verir, şer şəhərdə,
Dağ çiçəyindən şeir gətir.
13.02.2016
HƏR GÜLÜN, ÇİÇƏYİN DODAĞI BALDI
Hər gülün, çiçəyin dodağı baldı,
Nə qədər öpdümsə doya bilmədim.
Qoydum məlhəm kimi gözümün üstə,
Gözümdən kənarda qoya bilmədim.
Nənəmin toxuduğu güllü xalçadır,
Dağların döşündə sərilə qalıb.
Allahın verdiyi bu da bir paydır,
Bütün gözəlliklər Şərilə* qalıb.
Tənənəm gül-çiçək səpdi yoluma,
Havuş əl eylədi, boylandı mənə.
Ağladım içimə gözümün yaşın,
Cağazir həsrətlə dolandı mənə.
Çıxıb qarşıladı yolüstə məni,
Həmzəli, Axura “Bulaq başın”da.
Tanrı məhəbbəti yağmışdı bura,
Gül açıb bitmişdi çiçək daşında.
Gümüşlü daradı gümüş telini,
Arpaçay şəninə nəğmə deyirdi.
Necə bəzənmişdi xallı laləsi,
Söyüd saçaqları suya dəyirdi.
Dolandı qıçıma əyri yolları,
Dizədən baxanda Yaycı göründü.
Doldu gözlərimə nurlu işığı,
Sinəmdə həsrətli ürək döyündü.
Qaldırıb qolumu, açdım sinəmi,
Udub havasını ox, ana, dedim.
Adam da ölərmi belə yerlərdə,
Məni yaradana, baxana dedim.
——–
*Şərur
01.03.2016