Pəncərənin arxasından küçəyə baxırdım. Yağış çiskələyir, xırda damcılar şüşəyə dəyib aşağı süzülürdü. Dayanmadan dəyən damcılardan şüşədə qalanları da var idi. Bilirdim ki, əks tərəfdən çox gözəl mənzərə yaranmışdı. Yağış damcıları altında şüşə arxasından baxan, açıqsaçlı, pəjmürdə bir qız. Romantik bir görünüşdür. Axı özüm də gözəgəlimli, cazibədar idim. Yağışla əlbir olub yaratdığımız mənzərəyə heyran olmuşdum. Düşündüm, bir fotoqraf olsaydı, indi şəklimi çəkərdi. Ya da ki, yox, rəssam olardı, rəsmimi çəkərdi. Elə arzusunda idim ki, portretimi çəkdirim. Ancaq “ salam, lütfən mənim rəsmimi çəkin” deyə yox. Kimsə özü rəsmimi çəkmək istəsin.
Həmişə danışanda nənəm deyərdi “ Sən özün şəkil kimi qızsan. Şəkili neynirsən?”. Doğrudan da, şəkil kimi qızam. Bu günə qədər özümə qarşı o qədər tərif eşitmişəm ki, saysız-hesabsız. Elə bir gün yoxdur ki, məni tərifləməsinlər. Hərdən özüm də aynanın qarşısına keçib dəqiqələrcə özümə baxıram. Lap özümə vurulmuşam. Tez-tez qısa ətək geyib topuqlu ayaqqabılardaymışam kimi ayaqlarımı da qaldırıram. Podyumda yürüyürmüşəm kimi elə hey dala-qabağa gedib boyaboy olan aynada özümə baxıram. Sevirəm də belə aynaları. Gah da belə pis çıxmasın ana-bülbül durub ayna önündə metrəni də əlimə alıb ölçülərimi yoxlayıram.
Deyəsən, özümü sizə tanıtmağı unutdum axı. Mənim adım Bernardır. Hə, təəccüblənməyin. Bilirəm fransız adıdır, həm də fransız kişisinin adı. Mən özüm də “fransujenkayam”. Əsilli-nəsilli də, zahiri görünüşcə də. Ucaboylu, zərif bədənli, nəcib görünüşlü fransız qızı Bernar. Dəniz dalğası kimi saçlarım qulaqlarımın dibindən aşağı düşmür. Ağbəniz, bir az açıq qonur gözlüyəm. Bilirəm mən çox gözələm. Özümü tərifləmirəm. Başqaları məni tərifləyir. Mən də ki, özümü aynada görməyi bacarıram axı.
Mənim ulu babam fransız olub. Mən də ona bənzəmişəm. Elə Bernar onun adıdır ki, mən daşıyıram. Ailəmiz beşnəfərlikdir. Atam, anam və biz-üç bacı. Mən ən böyüyüyəm. Babamın əhdi olub ki, ilk nəvəmin adını ata adımı qoyacam. Beləcə mən Bernar olmuşam. Doğrusu, adımı da sevirəm, milliyyətimi də, özümü də. Kişi adı olmasına rəğmən bu mənim adımdır-BERNAR. Hər adama qismət olmur həm özü, həm də adı qeyri-adi olsun. Bu mənə nəsibdir. Hərəkətlərim, davranışım çılğıncadır. Dəcələm, şuluğam, zarafatcılam. Ancaq bu mənəmmi? Onu bilmirəm. Mənə elə gəlir mən hələ də özümü tanımıram. Yaşım yetərincə olmasına baxmayaraq. Necə yaşamaq istədiyimi, kim olmaq istədiyimi hələ də bilmirəm. Yalnızca gözəl təriflər alıb, özünü gözəl göstərməyi bacaran, şıltaq kimi görünən bir qız-BERNAR.
Orta məktəbi bitirmək ərəfəsində idim. Hələ də hansı peşəyə yiyələnəcəyimi bilmirdim. Sinif yoldaşlarım hərəsi bir ali məktəbə hazırlaşırdılar. Mən isə yalnız gözəlliklə, görünüşlə bağlı bir peşə düşünürdüm. Məni yolumdan döndərmək istəyənlər də yox idi. Yəqin ki, mənim başqa sahədə bacarıqlı ola biləcəyimi düşünmürdülər.
Bir gün məktəbdə divar qəzetini hazırlamağı mənə tapşırdılar. Mövzu müharibə idi. Rəsmi özüm çəkməli oldum. Əli silahlı əsgərlər, yerə sərilmiş düşmən meyitləri, qan, havadakı müharibə görünüşünü belə təsvir etdim. Çox ustalıqla işləmişdim. Rəngli boyalarla. Bu rəsmi mənim çəkdiyimə inanmamışdılar. Düzü, özüm də inanmadım. Sanki içimdə yeni bir Bernar yaranmışdı. Yox, o Bernar deyildi. Daha çox Həcərə, Nigara bənzəyirdi. İçində vətən sevgisi, düşmən nifrəti yaşadan biri. Həm də zərif barmaqlarla bu gözəlliyi ağ vərəqə daşıyan incə, ürkək bir qız. Bu divar kağızı mənim düşüncələrimi dəyişməyə başlamışdı. Həyatdakı tale açarım olmuşdu. Mən öz taleyimi özüm yazacaqdım. Özümü olduğum kimi öz düşüncələrimin ağuşuna təslim edəcəkdim. Onların apardığı yerlərdə var olacaqdım.
Əvvəlki çılğın qız yavaş-yavaş məhv olurdu. Onun yerini artıq məqsədli biri zəbt edirdi. O daha güclü, iradəli idi.
Zamanla adım da məndə qıcıq yaradırdı. İlk dəfə tanış olduğum birinin adımı bir neçə dəfə soruşması məni bezdirirdi. Bu ad belə mənim deyildi. Mənə yad idi. Niyə mən də başqaları kimi sakit yaşamağı bacarmayım? Hansısa bir işin qulpundan tutub sonadək adi bir həyat yaşamağı bacarmayım? Bu suallar məni gündən-günə daha çox narahat etməyə başlamışdı. Özümə həyatda yer tapmaq istəyirdim, nəhayət ki. Bacardığım, arzusunda olduğum bir işi görmək istəyirdim. Bilirdim, mən bacaracağam.
Adımın məndə mənfi hislər yaratdığı vaxt idi. Burulğan içinə düşmüşdüm. Evdəki bütün dəftərlərdə ağ vərəq axtarıb ağlıma gələn şəkilləri çəkirdim. Gündən-günə çəkdiyim şəkillər daha çox xoşuma gəlirdi.
Yenə yağış yağırdı. Damcılar qumun üstünə qonarkən torpaqda yaratdığı rəsmə tamaşa edirdim. Bu aralarda Fransanın çox da məşhur olmayan rəssamıyla tanış oldum. Adı, yaşadıqları, əsərləri məndən bəhs edirdi. Bəs niyə o qədər də məşhur deyil? Axı bu adı daşıyanlar azla qane olmamalıdırlar.
O rəssam məni burulğandan çıxardı. Bernar Buffe-fransız rəssamı. Əsərləriylə tanış olanda öz bacarığımı tapdım onlarda. Mənim demək istədiyim fikirləri, düşüncələri qələmə almışdı o, öz əsərlərində. Daha çox çılpaq qadın və kişi şəkilləri diqqətimi cəlb etdi. Əksər vaxtlarda belə şəkillər gözəl rəsm əsərləri sayılır. Ancaq Buffenin əsərlərindəki bu çılpaq qadınlar çirkabıyla yadda qalırdı. İnsanların daxilindəki pislikləri öz sadə qələmiylə necə gözəl göstərmişdi. Bu rəssamla tanışlıq mənim özümlə tanışlığım idi. Mən bu rəsimlərə baxarkən əslində nə istədiyimi, kim olmaq istədiyimi anladım. Bir zamanlar yarıçılpaq geyinib ayna qarşısında özümdən zövq aldığım günləri xatırladım. Özümdən utandım. Bu fransız rəssam mənə kağızların arxasından elm öyrətdi. Əxlaq elmi.
Bu görünüşlə model, teleaparıcı, aktrisa belə olmaq varkən , mən özümü sadə karandaşda tapdım. Mən əslində bu imişəm. Dünyanı bir karandaş ucunda görən BERNAR. Yaşam da, ölüm də, sevgi də, nifrət də, gözəllik də, çirkab da o karandaşın ucunda imiş. Mənim şıltaq zarafatlarım isə o qələmin yazdığını pozan kiçik rezin parçası ilə silindi sanki.
Pəncərənin arxasından küçəyə baxırdım. Yağış çiskələyir, xırda damcılar şüşəyə dəyib aşağı süzülürdü. Dayanmadan dəyən damcılardan şüşədə qalanları da var idi. Bilirdim ki, əks tərəfdən çox gözəl mənzərə yaranmışdı. Yağış damcıları altında şüşə arxasından baxan, aşıqsaçlı, pəjmürdə bir qız. Romantik bir görünüşdür.
Bu, mənim əks tərəfdən özümə baxaraq çəkdiyim ilk avtoportretim idi.