Nüsrət HƏSƏN (Həsənov Nüsrət Ülfət oğlu) 1992-ci il fevral ayının 15-də Sabirabad rayonunda anadan olub.Hal-hazırda İnşaat kollecinin qiyabi tələbəsidir. Dövlət Sərhəd Xidmətində işləyir.
Söyləmə
Söyləmə arının balı şirindi!
Yanağın baldan da şirin deyilmi?
Söyləmə dənizin dibi dərindi!
Gözlərin dənizdən dərin deyilmi?˚
***
Söyləmə qara rəng parıldayarmı?!
Gözünün qarası necə nur saçır?
Məni sevdiyinin nişanəsidir,
Elə bil ay çıxıb gecə nur saçır.
***
Söyləmə güllərin ətri gözəldi!
Sənin öz qoxunun dəlisiyəm mən.
Bu böyük məhəbbət sənə özəldi,
Sanma ki, çoxunun dəlisiyəm mən.
***
Söyləmə soyuqdur get qalın geyin,
Əlinin istisi bəs edər mənə.
Yanımda olanda təsəvvür eylə
Xoşbəxtlik verirsən nə qədər mənə.
***
Danışma ipəyin incəliyindən!
Tellərin ipəkdən daha incədir.
Danışma cəhənnəm işgəncəsindən!
Həsrətin ondan da pis işgəncədir.
***
Danışma baharın gözəlliyindən,
Yanında qış belə bahardan gözəl.
Sevgimi deməyə yetmir cümlələr,
Yazsam da nə qədər mən şeir-qəzəl.
***
Danışma Məcnunun məhəbbətindən,
Mənim duyğularım ondan da təmiz.
Danış öz yarından, öz Nüsrətindən.
Əbədi yaşayar bizim sevgimiz.
« Yol »
Qara gözlərini yollara dikmə
Terk edib getdiyim yola gəlmərəm.
Yalvarıb-yaxarıb göz yaşı tökmə,
Mən elə tərsəm ki yola gəlmərəm.
Bəlkə də yuxuna gələrdim, amma,
Çətinki yetişim çox uzağam mən.
Bəxtim tək qarayam, bu deyil əmma
Sənin ki yanında üzü ağam mən.
Daha pəncərənin önündən çəkil
Gözünlə başqa bir sevgiyə yol çək.
Özümə nifrəti tutmuşam vəkil,
Etdiyin gunahın altına qol çək.
Sevgi müqəddəsdir söyləyib durma.
Düşünmə bu sözə şəkk edirəm mən.
Bu ki eşq deyildi ay teli burma
Arxamca boylanma tək gedirəm mən.
Qayıdan deyiləm dağılsa dünya,
Pozmaram etdiyim tövbəmi heç vaxt.
Amma ölməyini istəməm əlsa
Mən sənə vermərəm növbəmi heç vaxt.
Mən sənə vermərəm növbəmi heç vaxt.
Mənə bir bəhanə ver
Mənə bir bəhanə ver
Getməyim qalım deyə
Əvvəl ki tək ürəkdən
Sevgilin olum deyə.
* * *
Mənə bir bəhanə ver
Qürurumu sındırım
Ağlım səndədi onsuz
Cismimi dayandırım.
* * *
Mənə bir bəhanə ver
Günahını əfv edim
Sevib səhv eləmişdim
Qoy yenə də səhv edim.
* * *
Mənə bir bəhanə ver
Səmimi davranışla
Yapışıb əllərimdən
De ki, məni bağışla.
* * *
Mənə bir bəhanə ver
Bitsin bu dava-dalaş
Sevdiyini de mənə
Gözündə bir damla yaş.
* * *
Sevincdən uçum göyə
Bəs etməsin mənə yer.
Yanında qalım deyə
Mənə bir bəhanə ver
Mənə bir bəhanə ver.
Hava, Su
Dedinki sevgidən danışma artıq
Göz aç həqiqətə oyan yuxudan.
Soruşdum-“mən axı nədən danışım?
Dedinki danış da, havadan, sudan.
Yaxşı qoy danışım öncə havadan
Qəlbimdə fırtına oyanıb indi.
Cavabsız sevgiyə yaxalanmışam
Gözümə unutmaq dayanıb indi.˚
***
Baxma ki səmada isti günəş var
Mənim danışdığım havanı dinlə.
Xəyalın etdiyim toy havasını
Oynaya bilmədim niyə səninlə?!
***
Nə olsun bu saat yay aylarıdır
Mən ki üşüyürəm önündə tir-tir.
Sevirəm sözünə möhtac şəkildə
Əsirəm bu yayın günündə tir-tir.
***
Anla hər havada günəşim sənsən
Vaz keçən deyiləm mən bu duyğudan.
Görürəm havadan sıxıldın nəsə
Gəl sənə bir az da danışım sudan.
***
Bir su tanıyıram bulaq kimidir
Çıxıb mənbəyindən süzülür hər gün.
O qədər saf sudur, o qədər təmiz
Muncuq tək yan-yana düzülür hər gün.
***
Belə məhəbbətlə hansı çay axır?
De hansı bulaqdır, o hansı quyu?
Deyəsən gözəlim susadın yaman
Duzludur dediyim bulağın suyu.
***
O muncuq damcılar yad deyil mənə,
Çəkdiyim acıda sirdaşlarımdır.
Sənə məhəbbətlə süzülüb gedən
Yəqin ki, anladın. Göz yaşlarımdır.
***
Görürsən, danışdım havadan, sudan?
Bağışla deyəsən vermişəm əzab.
Allaha sığınıb ümidvaram ki,
Mənim də sevgimə gələcək cavab.
Mənim də sevgimə gələcək cavab…