10367691_4275208494657_5626564282031219599_n (1)

İlham Həbib 1979-cu ildə Zəngəzur mahalı, Qafan rayonunda anadan olub.1986-1996-cı ilərldə Abşeron rayonu Saray qəsəbəsi “A. Müzəffərov” adına orta məktəbdə təhsil alıb. Fövqəladə Hallar Nazirliyində çalışır. Ailəlidir. İki övladı var.
“Zərif beytlər” almanax kitabında,”Dünya Genc Türk Yazarlar Antolojisi” kitabında, “Söz odası”, “Paritet” və bir neçə sosial saytlarda şerləri çap olunub.

DE Kİ, SƏNİ DƏLİ KİMİ SEVİRƏM

Eşq sahilim, göy ləpəli dənizim,
Deki səni dəli kimi sevirəm.
Bircə kərə heç olmasa əzizim,
De ki, səni dəli kimi sevirəm.

Haralara gəldim sənin izinlə,
Hara getsən apar məni özünlə.
Danışmağa sözün yoxsa, gözünlə,
De ki, səni dəli kimi sevirəm.

Baş qoyaram yollarında daşına,
Tab elədim baharına, qışına.
Çevir məni ürəyinin başına,
De ki, səni dəli kimi sevirəm.

Gözlərimi gözləməkdən yorma gəl,
Qəriblikdə zərif boynu burma, gəl.
Bilirəm ki, darıxmısan durma, gəl.
De ki, səni dəli kimi sevirəm.

İlham yanıb külə dönüb, köz qalıb,
Deyiləsi gör nə qədər söz qalıb.
Tələs biraz, getməyimə az qalıb.
De ki, səni dəli kimi sevirəm.

* * *

Çək sığalı telimə,
Telim sevinsin gülüm.
Əlini ver əlimə,
Əlim sevinsin gülüm.

Çəmənimdə çiçək ol,
Çiçəyimdə ləçək ol.
Güllərimə bəzək ol,
Gülüm sevinsin gülüm.

Gəl ətrini qoxuyum,
Sənə çələng toxuyum.
Eşqə nəğmə oxuyum,
Şirin dilim sevinsin.

Gözüm fərəhlə dolsun,
Hicran saçını yolsun.
Günlərim sənin olsun,
Ayım, ilim sevinsin.

* * *

Alnımdakı qırışdayam,
Boyu ölçən qarışdayam.
Vicdanımla yarışdayam,
Yerlərə dəyir kürəyim.

Başım min cür xəyaldadı,
Qələmim qeylü-qaldadı.
Ruhum təngnəfəs haldadı,
Yaman kəsilim kələyim.

Ürək qırdı qan sirdaşım,
Can istəyir can yoldaşım.
Başa dəyir əhlət daşım,
Artıq ələnib ələyib.

Bu torpağın üzü qara,
Daşındakı sözü qara.
Izi qara, gözü qara
Üzün qaralsın fələyim.