rm

SƏNDƏ, MƏNDƏ

Bir sevgi adası yaratmışıq biz,
Sahili səndədi, dənizi məndə.
Bütöv bir ürəkdə yurd salmışıq biz,
Çöhrəsi səndədi, bənizi məndə.

Gecələri həsrətlərdə qalmışıq,
Görüş üçün hər an qanadlanmışıq.
Gündə yüz yol yada salıb anmışıq,
Sevgisi səndədi, əzizi məndə.

Sevgi adlı sönməz ocaq çatmışıq,
Xəyalları gerçəklərə qatmışıq.
Məhəbbətlə qoşa addım atmışıq,
Bir addım səndədi, bir izi məndə.

02.12.2015

GƏLMİSƏN

Son baharda gələn qadın,
Taleyimə xoş gəlmisən.
Ümüdümdə bitən qadın,
Gözlərimdə yaş gəlmisən.

Sən Tanrının şirin payı,
Gündüz günəş, gecə ayı.
Soyuq qışı, isti yayı.
Fikirlərə baş gəlmisən.

Xəyalımın ulduzusan,
Damağımın dad-duzusan.
Ay könlümün ulduzu,sən!
Gözüm üstə qaş gəlmisən.

Ömrümə yoldaş gəlmisən,
Dərdimə sirdaş gəlmisən.
Düşüncəmdə bardaş qurub,
Şah süfrəmə aş gəlmisən.

01.12.2015