YALAN
Başçı yalan danışsa
Ellər çəkər xəcalət.
O torpaqda, o yerdə
İtər xeyir-bərəkət.
Gül-çiçəklər saralar,
Vaxtsız solar bahar, yaz.
Sevən yalan danışsa
Ləkələnər məhəbbət.
Dönüklük at səyridər,
Ölər vəfa, sədaqət.
Dodaqda nəğmə donar,
Susar kaman, telli saz.
Şair yalan danışsa
Qara geyər həqiqət.
Göydə günəş qaralar,
Örtər torpağı zülmət.
Allah yalan danışar,
Şair yalan danışmaz!
Budur, şair yalanı,
Dinləmişəm onu mən,
Dinləmişəm onu mən
Bir şairin dilindən:
“…Bir qolsuz əyləşibdir
Piano arxasında,
Kor not varaqlarını
O çaldıqca çevirir.
Bir lal nəğmə söyləyir
Səhnənin ortasında,
Kar dinləyir, düşünür,
Kədərlənir, sevinir…”
1977
YEDƏK GƏMİSİ
Dartınır arxada yedək gəmisi,
Gedir sükançısı özündən qabaq.
Böyük paraxoddan onu cəmisi
Yüz qulac yoğun ip ayırır ancaq.
Ona ağır gəlir dalda sürünmək,
Yedəkdə dartınır hər axşam-səhər.
Nə vaxtsa qərq olmuş bir cənazətək
Onu sudan-suya sürükləyirlər.
Körfəzdə dayanmaq istəmir bəzən,
Dərin dəryaları o arzulayır.
Tərpənə bilməyir fəqət yerindən,
Durğun günlərini beləcə sayır.
O fitli-tüstülü paraxoda bax,
Gəmini hər yana dartsa – dartacaq.
O getsə — gedəcək , qalsa – qalacaq,
Bir gün də qərq olub batsa – batacaq.
Sən neçin olubsan yedək gəmisi?!
Özün keç hünərlə neçə dənizdən.
Bir ömür verilib sənə cəmisi,
Sürünmə,
Yedəksiz yaşa onu sən.
Arxada sürünən bir ömür boşdur,
Harda alqışlanıb gerilik, harda?
Yedəklə salamat qalmaqdan xoşdur
Müstəqil qərq olmaq fırtınalarda.
1966