Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
“İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü
SONUNCU GÜLLƏ
De niyə gərəkdi bu dava, dalaş,
Axı nə üçündü bu qan, bu qada.
Niyə qurumasın gözdən axan yaş,
Qoy sevinc, səadət gülsün dünyada.
Bir günəş altında deyək, gülək biz,
Qoy hamı yaşasın üzü gülər, şən.
Olsun Yer kürəsi doğma evimiz,
Olsun dünya cənnət, yer üzü gülşən.
Qəzəbdən, nifrətdən qalmasın bir iz,
Mehriban yaşayaq, dost olsun hamı,
Sevgiylə döyünsün ürəklərimiz,
Bir süfrə başında yandıraq şamı.
Sonuncu gülləni çaxın sinəmə,
Sonuncu bombanın qurbanı olum.
Bütün kin-küdrəti sıxın sinəmə,
Azadlıq gətirsin sonunca yolum.
Razıyam sülh deyib, gül kimi solum.
Təki son qoyulsun oda, alova.
Sonuncu şəhid də qoyun mən olum,
Təki Yer üzündən silinsin dava.
UNUTMAZ MƏNİ
Səhərlər mən şehə, suya batmışam,
Hər çinar dibində ocaq çatmışam,
Üstündə baş qoyub, daş tək yatmışam,
O, sərin bulaqlar unutmaz məni.
Dərdə dərman idi buz kimi sular,
Orda gül açırdı şirin arzular,
Hərdən mələşirdi qoyun, quzular,
Yamyaşıl yaylaqlar unutmaz məni.
Yığıb yığışdırmaq olmurdu barın,
Tanrı bərəkətli etmişdi varın,
Dərərdim almasın, heyvasın, narın,
O, bağçalar, bağlar unutmaz məni.
Sevgiylə, istəklə könül açdığım,
Hər gün qanadlanıb qanad açdığım,
Qəlbimin oduyla alışdırdığım,
O, isti ocaqlar unutmaz məni.
Hər gün xatırlayıb, hər gün andığım,
Eşqiylə, alışıb şam tək yandığım,
Ana tək başına hey dolandığım,
O, vüqarlı dağlar unutmaz məni.