Qasımova Gülnarə Ələkbər qızı 1985-ci il Azərbaycan respublikası,Gəncə şəhərində anadan olub.İlk təhsilini 2000-ci ildə həmin şəhərdə bitirdikdən sonra Gəncə Dövlət universitetinə qəbul olmuş və 2006-cı il həmin unuversiteti bitirmişdi.
Uşaqlıq illərindən ədəbiyyata marağı olan Gülnarə əvvəlcə qısa şeirlər yazıb. Yazıları “Töhvə”qəzetində, ”Məhəbbət işığında”, ”Gəncliyin səsi” almanaxlarında derc edilmişdir. Gəncə Dövlət Universitetinin nəzlində fəaliyyət göstərən “Gəncliyin səsi”ədəbi dərnəyinin üzvü olmuşdur.Hal-hazırda www.vehdet.org saytının baş redaktorudu.Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Fəxri üzvüdür.
Səninlə görüşə gəlmişəm, Allah.
Yığıb ətəyimə günahlarımı,
Alıb əllərimə ahu-zarımı,
Sərib yollarına arzularımı
Rəhminə sığınıb gəlmişəm, Allah.
Səninlə görüşə gəlmişəm, Allah.
Behiştin tək arzum,tək diləyimdi,
Ibadət qəlbimdə tək təsəllimdi,
Peyğəmbər sevdası tək zəfərimdi,
Aşiqəm məşuqa gəlmişəm, Allah.
Səninlə görüşə gəlmişəm, Allah.
Kitabın baş tacım,Rəsulun nurum,
Fatimən xəyalım,Huseynin yolum,
Əhli-beyt qərarım,eşqidir sonum
Məhkumam hökmümə gəlmişəm, Allah
Səninlə görüşə gəlmişəm, Allah.
Xəyal dənizimin sən sultanısan,
Dostumsan,arxamsan,sən sirdaşımsan,
Rəbbimsən,haqqımsan,sən Allahımsan
Əmanət canımla gəlmişəm, Allah.
Səninlə görüşə gəlmişəm, Allah.
YUXUMA GƏL
Sənə gedən yollar yaxın olaydı,
Gəl mənim yuxuma ümidim kimi.
Bütün ömrüm sənli yuxu olaydı,
Gəl mənim yuxuma xəyalım kimi.
Düzüm yollarına sabahlarımı,
Səpim buludlara göz yaşlarımı,
Atım ulduzlara arzularımı,
Gəl mənim yuxuma həyatım kimi.
Bir ümid nağılı uyduraq sənlə,
Bir sevda yağışı yağdıraq sənlə,
Məhəbbət nəğməsi oxuyaq sənlə,
Gəl mənim yuxuma sevdiyim kimi.
Həqiqət dünyanın yalandır üzü,
Səhərlərim düşmən yalandır sözü,
Od tutmaz həsrətim yalandır közü,
Gəl mənim yuxuma öz eşqim kimi.
Bəlkə də bir sabah heç oyanmadım,
Bəlkə vüsalına mən çatammadım,
Bəlkə gözlərinə heç baxammadım,
Gəl mənim yuxuma ürəyim kimi.
MƏNƏ UNUT DEDİN
Mənə unut dedin,
mən də unutdum.
Xatirələri silməyə başladım-
könül dəftərimdən,
bir-bir ,
vərəq-vərəq cırdım onları.
Görüş yerlərimizin ünvanını unutdum.
Sonra uçurmağa başladım
qəlbimdəki eşq sarayını.
Yavaş-yavaş qopardım səni
ruhumdan,
canımdan…
amma hər qopardıqca,
qəlbimdə qopdu yerindən.
Hər cırılan xatirədən
bir yara aldı ürəyim.
Qanadı,qanadı,soldu ürəyim.
Yordu məni bu yaralar,
Yordu məni sənsizlik…
çox yordu ürəyimi.
Asta-asta haldan saldı…
Cismim soldu,
Qəlbim soldu.
Sonda isə həyatım.
həyatım soldu.
Torpağa döndü həyatım.
Torpağa qarışdı cismim.
Öldü cismim,öldü ürəyim.
Adsız aşiq məzarina qoydular məni,
O tənha qəbrdə-tənha qəlbimlə
yapayalnız …qoydular məni
Adsız qəbir,
Adsız aşiq,
Adsız mən.
Bir də baş daşına həkk olunan son sözlər:
mənə unut dedin,
mən də unutdum.