1533150_672733326111760_899121006_n

Deyirlər şairlər çoxalıb yaman,
Həzin küləklərin nəyi pisdi ki?
Kamanın simindən şərbət tək axan,
Sevən ürəklərin nəyi pisdi ki?!

Birinə Tanrıdan sərvət pay düşər,
Birinə taledən qismət tay düşər,
Şairin qəlbinə hərdən təb düşər,
Ağ vərəq, bir də ki, mürəkkəb düşər.

Gözəllik axtarır hər bir qarışda,
Dostluğa xəyanət etməz şairlər,
Siyasətçi olar qanlı savaşda,
Düşmənin sözünə getməz şairlər…

Şahlar sarayında əsrlər boyu
Dövləti aşsa da, şair oturub,
Çətin söhbətləri, ərənlər toyun,
Şairlər başlayıb, şair bitirib.

Vətənə sevgisi bir dastan olar,
Eşqini Tanrıdan alar şairlər,
Sevdiyi aləmin heyranı olar,
Xalqının qəlbində qalar şairlər.

Hər yetən sıradan deyil şairlər,
Mindən, bəlkə milyonlardan biridir,
Bu söz hələ əvvəllər də deyilib,
“Şairlər Tanrının elçiləridir”.

Heç kimdən nə rüşvət, nə pay gözləmir,
İlhamı gələndə yazar şairlər,
Sevdiyi kimsədən xəyanət görsə,
Onu ürəyindən pozar şairlər!..

Olsa bəxti acı, ötsə də illər,
İlbəil gəncləşər, gülər şairlər,
Başının üstündən əssə də yellər,
Sevgisin sevənlə bölər şairlər!

Hər gözəl şairin öz ahəngi var,
Yolçuyla çörəyin bölər şairlər,
Başında tacı yox, söz çələngi var,
Yetimin göz yaşın silər şairlər…

Ürəyə loğmandı çəməni, dağı,
Ruhuma gözəllik çiləyib, qatar,
Vətən darda olsa, qudursa yağı,
Şairin oğlu da səngərdə olar!

Dolansa əsrlər keçsə də zaman,
Vəfasız insana mail olmayır,
Söz döyüşlərində verməyir aman,
Hər qəlbi xəbisdən şair olmayır!

Min illərdən bəri, bu günə qədər,
Yazıldı tarixdə qaldı şairlər,
Hər an qarşısına çıxsa da kədər,
Məhəbbət önündə quldu şairlər!

Nurlu gələcəyi, bəxtiyarlığı,
Taleyin qisməti bilər şairlər,
Dostluğu, sevgini, etibarlığı,
İnsanın isməti bilər şairlər!