***
Ruhum vəcdə gəlir lal sevda kimi,
Cismimin altında təpə oynayır.
Sən elə süzürsən, elə bil ki, qız,
Suların qoynunda ləpə oynayır.
Kölgəmin tabutu elə cür durub,
Elə bil torpağa düz xətt qoyublar.
Sənə vermədiyim vədin altından,
İmza əvəzinə yüz xətt qoyublar.
Eşqdən kim yorulub, biz də yorulaq,
Deyəsən, gün keçir, boynum üşüyür.
Sanki xəzan vurmuş quru yarpaqdı,
Qızlar bir-bir düşür, qoynum üşüyür.
***
Bir az yaxın otur canıma bu gün,
Götür yaylığını, nəmə batmışıq.
Gözün qapı deyil, üzümə örtmə,
Görən, elə bilər qəmə batmışıq.
Ruhun yarpaq kimi yüz rəngə çalır,
Nolar, ay insafsız, qolunu uzat…
Mən vaxtsız gəlmişəm bu yer üzünə,
Allah, bu əzabın yolunu uzat!
Uzağa aparır bir kölgə məni,
İndi bu ləpiri silim ki, yadsan?!
Aç o gül ağzını, bir kəlmə söz de,
Barı, heç olmasa bilim ki, yadsan.