Sənsiz qaldığımdan üç il də keçdi,
Getdi ömrümüzdən üç qış, üç bahar.
Bu sevgi nağıl tək keçmişə köçdü,
Geriyə mən qaldım, bir də almalar!
Üç il, hər birisi həsrət düyünü,
Olmadı bəxtimin düyünün açan.
Gördüm dost toyunu, qohum toyunu,
Görmədim özüm tək sevgidən qaçan.
Bəli, doğru dedim, qaçdım sevgidən,
Etibar etmədim, ürək vermədim.
Səni bu həyatda itirən gündən,
Kimisə sevməyi gərək bilmədim.
Unuda bilmədim, nadan olmadım,
Əziyyətə layiq bildim özümü.
Səni sevdiyimi heç vaxt danmadım,
Sən isə yollarda qoydun gözümü.
Səbəbkar axtarma, səbəb istəsən,
Bütün olanlara özün səbəbsən.
Tanrı duasına qıyğacı baxan,
Barmaqla göstərən zalım birisən.
Tələsdim, tez verdim sənə qəlbimi,
Uşaqlıq eşqimi, diləklərimi.
Var olub həsrətin çəkdirə bildin,
Getmisən, bu qədər bəsin deyilmi?
Yurdoğlu yaşardı eşqinlə onda,
Eşqinə qarşılıq dərd, kədər verdin.
Ürəyi bir yanda, özü bir yanda,
Onu tək qoymaqla axı neynirdin?
Ağrılar içimdən dinir hər axşam,
Nakamlıq diləyim heç olmamışdı.
Sən məni tək qoyub getdiyin zaman,
Ürəyim ümiddən kor qalmamışdı.
Getdin, üç il keçdi, unutmadım ki,
Keçmiş arzuları, xatirələri.
İndi hər nəğmədə yaşayıram mən,
Sənsiz mövsümləri, sənsiz günləri.
Mən qaçdım sevgidən sənsiz qalandan,
Qorxdum, inanmadım heç bir qadına.
Görəsən, özünlə birgə qalanda,
Hərdən düşürəmmi sənin yadına?!
Sənsiz qaldığımdan üç il də keçdi,
Getdi ömrümüzdən üç qış, üç bahar.
Bu sevgi nağıl tək keçmişə köçdü,
Geriyə mən qaldım, bir də almalar…