10515052_1454147261518412_988404994_n

Oldum gecə-gündüz bu eşqlə halı-pərişan,
Gəl olmadı yar bircə dəfə xanəmə mehman,
Verdim canımı daim onun yolunda ehsan,
Lap istəsə mən canımı verrəm ona qurban,
Yar naz eliyir hər dəfə fürsət tapıb amma,
Neyçün belə qəddar dolanır başıma dünya ?

Sevdim onu, sandım ki qaranlıqda çıraqdı,
Düşdüm çətinə, gördüm o gözlərdən uzaqdı,
Bilməm mənim eşqim onun üçün nəsayaqdı?
Yəqin ki nədir anlamayır eşq, çün uşaqdı,
Mən yandım, o heç vecinə də almadı əsla,
Neyçün belə qəddar dolanır başıma dünya ?

Həsrət sıxır artıq məni, gəl həsrətə son ver,
Sənsizlik uzun oldu, gəl bu müddətə son ver,
Dünyam mənə zülmətdi, gəlib zülmətə son ver,
Ya sev məni, ya öldürərək əzyətə son ver,
Sevmirsən əgər fatiha ver ruhuma hətta,
Neyçün belə qəddar dolanır başıma dünya ?

Dərdin sıxır artıq məni, bil ey güli-rəna,
Qəlbimdə mənim məskən edibdir belə sevda,
Qəlbim sənə aid, ola bilməz yadın əsla,
Sənlə keçər ey yar, mənim hər bir günüm əla,
Üzdü məni bu həsrəti-hicran, gözəlim ta,
Neyçün belə qəddar dolanır başıma dünya ?

Gözlər səni gözlər uzun illər boyu, afət,
Könlüm eləyib həsrəti-qəm çəkməyə adət,
Sənsən təbibim, dərdimə yox başqa təbabət,
Sevdim birin Allah, elədim mən nə qəbahət ?
Bülbül də çəmənlikdə edir eşqimi ifa,
Neyçün belə qəddar dolanır başıma dünya ?

Eşqinlə edər qəlb evim ey gül, belə imdad,
Neyçün edirəm mən sənin eşqin ilə fəryad,
Neynim gələsən halımı gör, qəlb evi bərbad,
Gəl ki edəsən sən bu könül mülkünü abad,
Dünya evi mənçün sayılır bil quru səhra,
Neyçün belə qəddar dolanır başıma dünya ?

Tək ismin olubdur dilimdə daima əzbər,
Fərhad kimi dağ çapdım olam mən ona bənzər,
Bir sən olasan, sən bu sevən könlümə rəhbər
Düşdüm quru səhralərə Məcnunla bərabər,
Nə Məcnunu sevdi, nə də ki İlkini Leyla,
Neyçün belə qəddar dolanır başıma dünya ?