Məni sarsıtsan da sınan deyiləm,
Hələ sınmaq deyil qırılmağım da.
Yapış əllərimdən saman deyiləm,
Gözlərin qorxmasın qırılmağımdan.

Külümü sovurma,qorum alışar,
Qoruna bilməzsən qorun əlindən.
Qaçmasam ağ olar gorum alışar
Eybinə kor olan “kor”un əlindən.

Bu dünya qədərdir qədərinəcən,
Hər ks ədər qədərlə yoğrulan dərddir.
Mənə qəm yedirmə yetərinəcən,
Onsuz da yerimə doğulan dərddir.

Buraxıb ağlımı başlı-başına,
Gözünün yaşıyla bulanan çayam.
Oxu daşa dəyib daşdan yaşınan
Əsəbi tarıma çəkilən yayam.

Mən ki sən deyiləm yayı gizləyim,
Bu oxun yiyəsi özüməm,canım.
Üzündən keçmədim həya gözləyib,
Özümə toy tutdu-özumə canım.

Qəlbimdən keçənlər gözümdən bəlli,
Qəlbimə girənlər bağrımı dəlir.
Mən kiməm,nəçiyəm-sözümdən bəlli,
Sənin kimliyini bir Allah bilir.

Gözünün kökünü saraldar bir gün,
Gözünün rənginə çalar baxtın da.
Nə qədər düşməyib ümidin ölgün,
Özünü dərk elə bir yol vaxtında.

Nə məni sarsıtsan sınan deyiləm,
Nə də sarmaşığam,sarmaşım sənə.
Yapış əllərimdən saman deyiləm,
Dərdinə təsəlli göz yaşın,mənəm!

Abdulla Memmed
27.01.2017.