(Ramiz Rövşənin eyniadlı şeirindən ilhamlanaraq)
2020-ci ilin yay ayı idi. Hər kəsin işlədiyi və pul qazanmaq üçün başı qarışdığı bir dövr idi. Hələ indiyədək Bakını bu qədər insanla dolu görmək mümkün olmamışdı. Mühəndislərə daha çox ehtiyac duyulan bir dövrdə yaşayan Zakir iş baxımından korluq çəkmirdi. Zakirin ailəsi rayonda qalırdı . Həftə sonu olduğu üçün ailəsinə dəyməyə fürsət düşmüşdü. Zakir avtobusla şəhərin istisindən , maşınlardan çıxan qazın iyindən elə təzəcə qurtulmuşdu ki, telefonuna zəng gəldi.
-Alo, eşidirəm.
-Zakir, sənsən?
-Hə.
-Ayə, muştuluğumu ver. Oğlun olub.
-Muştuluğun məndədir. Ay səni xoş xəbər olasan ,Ziya.
-Zakir, oğlunun adını nə qoyacaqsan ?
-Ayə, bir səbr elə görüm. Qoy, bir kəndə çatım, anamın rizasını alım.
-Kimin adını qoyacaqsan?
-Əlbəttə ki, Səfərin.
-Allah Səfərə rəhmət eləsin. Həm yaxşı dost idi , həm də yaxşı silahdaş. Hansısa bir avaranın ucbatından öldü. Nə deyim?! Xeyirlisi olsun, adı ilə böyüsün, amma bəxti əmisinə oxşamasın.
-Çox sağol, Ziya. Kəndə çatım bir qonaqlıq məndən sənə borc olsun. Anam yanındadı?
-Yox. Mənim işim çıxdı qayıdıram.
-Nə olub?
-Nəysə sonra danışarıq. Yol gəlirsən. Çatarsan rahat danışarıq.
-Oldu.
Telefonu sağ cibinə qoymaq istəyirdi ki, yenə telefonuna zəng gəldi. Telefonun ekranında Etibar yazılmışdı. Zakirin Etibardan çox da xoşu gəlmirdi. Hələ uşaqlıq illərindən Səfərlə bir sinifdə oxuyan Etibar ağzında sözü bişirməmiş, düşünmədən cavab verirdi. Onun bu hərəkətinə görə bir neçə dəfə döyülməsinə baxmayaraq , hələ də dediyindən qalmırdı. Sözü yerli-yersiz deyirdi. Etibarın adını görən kimi Zakir üzünü turşutdu. Bir səfərində Etibar hamıdan qabaq bildiyi xəbəri dərsə gecikəndə otağa daxil olan kimi sinif yoldaşı Zivərə atasının öldüyünü qəfl deyəndə qızın ürəyi getmişdi. Hamı el arasında onun adını nəhs Etibar deyə adlandırır. Zakir telefona cavab verdi:
-Alo, eşidirəm.
-Zakir, mənəm Etibar.
-Etibar, səndən nə əcəb? Necəsən?
-Yaxşıyam. Çox sağol. Zəng vurdum təbrik edəm.
-Sən hardan bilirsən? Səndən çıxmayan iş. Həmişə muştuluqçu olasan . Çox sağol.
-İndicə, Ziya bura gələcək. O, xəbər verdi.
-Hardasan ki, indi?
-Səngərdəyəm. Deyəsən vəziyyət getdikcə pisləşir belə getsə müharibə başlayacaq.
Bir qədər sükuta gedib yenə dilinin altında nəhs Etibar deyib sözünə davam etdi:
-Müharibə olsa biz kasıb-kusub yenə pis günə qalacıq. Allah köməyiniz olsun. Bəlkə vəziyyət düzələr.
-İnşallah. Dua edirik ki, belə olmasın çünki Qarabağ müharibəsindən sonra bizim ehtiyatımız xeyli azalıb. Gərək bir müddət keçsin.Bunlar məğlub olmağı hələ də qəbul edə bilmirlər. Nəysə sən işində ol bir daha təbrik edirəm.
Bir qədər kobud görünsə də Zakir bu xəbərdən sonra fikirli halda sağollaşmadan zəngi bitirdi. Telefonunu cibinə qoyanda saatın 4 olduğunu görən Zakir öz oturacağını arxaya çəkib yatmaq istədi , amma düşüncələr onu yatmağa qoymurdu. Müharibə təzəlikcə bitmişdi. Qardaşı 4 il əvvəl müharibədə göstərdiyi qəhrəmanlıqdan sonra, yaşamağın nə olduğunu bilməyən gəncin içkili vəziyyətdə yola çıxması ilə yaratdığı yol qəzasında vəfat etmişdi. Bəlkə müharibədə şəhid olsaydı daha qürur verici olardı. Bu müharibənin vurduğu zərbələrdən sonra ailə həyatı quran Zakir, gələcək günlərin daha yaxşı olacağı düşüncəsiylə yaşayırdı. İndi gələn iki telefon zəngi ona həm xoş , həm də pis xəbəri gətirmişdi. Artıq oğlunun olması sevinci unudulmuşdu , yerini isə qaşqabaqlı bir üz ifadəsi almışdı.Onsuz da ailəsinə o qədər də düşgün deyil.Axı anasının istədiyi qızla evlənmişdi. İndi onu yalnız müharibə maraqlandırırdı. Birdən müharibə başlasa ,ailəsini qoyub getsə, birdən müharibədə şəhid olsa ailəsinə kim baxacaq? İndiki zamanda onsuz da şəhid ailələri çoxdur .Dövlət isə heç bir maliyyə ayırmır. Ölkə müharibədən təzə çıxıb, neft isə qurtarmaq üzrədir. İkinci müharibə olsa dövlət parçalana bilər. Ən azı bir 10 il lazımdır ki, dövlət özünə gəlsin. Ölkədə bir dənə də olsun varlı qalmamışdı. Pulu olan müharibədən əvvəl qaçıb getmişdi. Tək-tükü qalmışdı. O da ki, pulunu xalqa və əsgərlərə xərcləyib kasıblamışdı. Müharibə sanki bir ələk idi. Ələkdən çoxları keçməmişdi. Bunlara rüşvətxorlar və ziyalılar daxil idi. Rüşvətxorlar artıq burda yaşamağın çətin olduğunu görüb qonşu ölkələrə qaçmışdılar. Ziyalıları isə müharibə zamanı şəhid olmuşdular. Ölkənin vəziyyəti ağır olsa da hər kəsdə bir ümid var idi. Çünki Qarabağ alınandan sonra hər kəsə bir güc,qüvvə gəlmişdi. Hamı çalışıb vuruşurdu ki, həyat şəraitləri düzəlsin. Müharibə zamanı dondurmadı , əksinə hər şeyi geriyə atdı…
Zakir fikirli-fikirli kəndə çatdı. Bir dəstə gül alıb xəstəxanaya getdi .Əvvəllər muştuluq kimi pul verərdilər, amma indi pul çətin məsələ idi. Bir dənə gül qapıda duran qadına, bir gül həkimə, bir gül anasına, bir gül də yoldaşına verdi. Həkimə gül verərkən təəssüflə dedi:
-Səkinə xanım, üzürlü hesab edin. Pulum ancaq buna çatdı.
-Ay oğlum, o nə sözdü? Hamımız bir-birimizi başa düşürük. Müharibə olub , oğullar gedib.
Səkinə xalanın gözləri doldu. O, öz oğlunu ikinci Qarabağ müharibəsində itirmişdi. Səsi titrəyə-titrəyə davam elədi:
-Vətən sağ olsun. Mən öz oğlum Vüqarı itirmişəm.
-Allah köməyiniz olsun , Səkinə xanım. Allah sizə uzun ömür versin. Mənim qardaşım müharibədən qayıtdı , amma yol qəzasında öldü. Siz xoşbəxt insansınız ki, oğlunuz vətən uğrunda şəhid olub.
-Düzdü ,oğlum. Allah ölənlərə rəhmət eləsin. Sözüm ondadı ki, burda olan bütün uşaqlar mənim övladımdı. Həm də mənim borcumdu. Çox sağol desəydin belə bəs edərdi.
-Səkinə xanım, çox sağolun. Mən gedim.
-Ged oğlum, bir daha təbrik eliyirəm.
Zakir qapını örtəndə ürəkdən bir ah çəkdi. Anası Dilarə Zakiri görən kimi dedi:
-Ahın dağlara , oğul , nə olub , a bala ?
-Heç nə .
-Düzünü de görüm. Uşağın nəsə xəstəliyi var?
-Şükür elə bir xəstəliyi yoxdu. Xəstə olan mənəm.
-Nə? Nə xəstəsi?
-Dəli olacam, ana. Ürəyim partlayır.
-Niyə? İşlərin yaxşı getmir?
-Min şükür. İndiki zamanda hər adamın işi olmaya-olmaya mənim işim var. Dərd böyük dərddir , ana .
-Ay zalım balası, bir sözünü de, dərdini de, bəlkə çarəsini tapdıq. Niyə uzadıb məni dərdə salırsan?
-Eh ana.
Zakir bir dəfə də ürəkdən ah çəkdi. Dilarə yenə əl çəkmədi:
-Ay bala, Zakir, istiyirsən ürəyim partdasın ölüm?!
-Müharibə təzə qurtarıb. Yaramız təzə-təzə köz bağlıyır. Bir yandan yenə bu məsələ.
-Nə məsələ?
Dilarə özünü göydən buraxıb stula oturdu. Dilarə titrəyə-titrəyə:
-Ay Allah, mənə yazığın gəlsin. Ay bala , deməki müharibədir.
-Ana , özüvə gəl . Hələ heç nə olmuyub. Etibar xəbər verib ki, bəs səngərdə vəziyyət pisdir. Belə getsə başlıya bilər.
-Birdən başlasa?
-Başlasa daha qardaşım kimi olmaya bilər. Qayıtmaya bilərəm.
Dilarə əli ilə ağzını tutub ağlamağa başladı. Dilarə əslində möhkəm qadın idi. Çünki həyat yoldaşını uşaqlar kiçik yaşda olarkən itirmişdi. Oğlu Səfəri isə müharibəyə yollayanda zərrə ağlamamışdı. Səfərə demişdi ki: “Get, oğlum, get. Amma Qarabağsız qayıtma”.
Dilarə məcburi köçkün idi. O, vəhşilikləri gözü ilə görmüşdü. Atasını, anasını düz iki il tapa bilməmişdi. Ancaq iki ildən sonra , Bakıdakı qaçqın və məcburi köçkünlər düşərgəsində tapmışdı. Hər ikisi sağ idi. Amma o bu dəfə həyatın ona verdiyi yükü daşıya bilməzdi.
Zakir astadan və bir qədər əsəbi:
-Ay ana, ay ana. Ağlama da. İndi sözdü də. Mənim bu xoş günümdə niyə qanqaraçılıq edirsən?!
-Yaxşı , yaxşı.
-Mən gedirəm Zərifənin yanına. Bu söhbəti orda açma ha.
-Yaxşı.
Dilarə gözünün yaşını silib ayağa durdu. Dağılmış saçına əl gəzdirib otağa doğru keçdi.
Zərifə adamın üstünə gələn xəstəxana divarlarına gözünü zilləyib uzanmışdı. Zakir otağa daxil olanda Zərifə bir anda öz fikrini cəmlədi. Özünü çox qəribə hiss edirdi. Sanki harda olduğunu kim olduğunu bilmirdi. Zakir sükutu pozub Zərifənin halını soruşdu:
-Zərifə , həkim dedi ki, sabah səhər evə gedə bilərsən.
-Halım yoxdu.
-Nəsə olub?
-Zakir yuxu görmüşəm. Yuxuda bir qadın mənə :”Qara günlər səni gözləyir”,-dedi.
Zakir təəccübünü gizlədib cavab verdi:
-Sən də ki yuxudu da.
Dilarə tez bir şəkildə qapını açıb otağdan çıxdı. Qapıdan çıxan kimi Dilarə ağlamağa başladı. Zakirlə Zərifə içəridə söhbət edirdi. Yarım saatdan sonra içəridən Zakirin qışqırığı eşidildi. Zakir qapını açıb bir daha qışqırdı:
-Ay həkim, həkim çağırın.
-Nə olub ,ay bala?
Zakir həkim çağırmağa qaçdı. Dilarə tez özünü otağa atdı. Zərifə çarpayısı qan içində uzanmışdı. Taqətsiz vücuduyla Dilarəni çağırdı. Dilarə ağlıyıb dedi:
-Qızım , bu nə işdir gəldi başımıza?! Narahat olma indi həkimlər gəlir.
-Yox gecdi, ana,yaxın gəl.
-Ay qızım , o nə sözdü. Bəsdi özünə gəl. Sənə heç nə olmayacaq.
-Gecdi. Oğlumu sənə tapşırıram,ana.
-Ay qız özünə gəl. Oğlunu elə özün böyüdəcəksən ,Zərifə .
Dilarə qışqıra-qışqıra Zərifəni şillələdi:
-Zərifə, Zərifə, Zərifə.
Zakir həkimlə içəri daxil olanda artıq Zərifə keçinmişdi. Bəli, keçinmişdi. O, həyatının ən gözəl çağında , yəni ana olarkən keçinmişdi. Hələ heç körpəni belə qucağına ala bilməmişdi. Həkim nəbzini yoxlayub keçindiyini təsdiqlədi. Zakir yumruğunu divara vurub ağlamağa başladı. Zakir qabağına çıxan hər şeyi sındırmağa çalışırdı. Həkimlərdən biri ona keyidici iynə vurub onu yerə sərdi.
Zərifə yetimlər evində böyümüşdü. Dilarə isə yetimlər evində çalışan müəllimlərdən biri idi. Zərifəni də özü bəyənib evinə gəlin gətirmişdi. Zərifə ailə qayğısını Dilarədən gördüyünə görə qayınanasına ana deyirdi. Dilarə dayanmadan ağlayırdı:
-Zərifə, ay Zərifə, anan ölsün. Məni bu əzabda qoyub hara getdin? Yetim balam mənim, ay Zərifə. Ay Allah, niyə yazığın gəlmədi bu körpəyə ? Niyə anasız qoydun? Niyə?
Zərifənin adını Dilarə xanım qoymuşdu. Hər zaman ona baxarkən “Sehirli Xalat” filmindəki Zərifə obrazı yadına düşürdü. Zərifə də Dilarənin xahişi ilə öz adını dəyişdirmişdi. Zərifənin əsl adı heç özünün də yadında deyildi. Çünki hamı ona Xətərin qızı deyirdi.” Heç bu adda qadınmı olar ?” – deyə Dilarə demişdi. Zərifə qanaxmadan dünyasını dəyişdi. Yuxusunda deyilən sözlər Dilarənin ürəyindən gələnlərlə üst-üstə düşdüyündən Dilarə qara günlərin onu gözlədiyini hesab edirdi. Zərifəni torpağa tapşırmaq üçün bütün dost-tanış yığışmışdı. Zərifəylə bir uşaqlar evində böyüyən qızlar da onunla vidalaşmağa gəlmişdilər. Dilarə isə saçlarını yolub özünü ağlar günə qoyurdu. Artıq vaxt yetişmişdi. Zərifənin tabutu evdən çıxarılmalıydı. Dilarə qapıdan hər qolundan girib ona dəstəy verən qadınların köməyi ilə çölə çıxdı. Ağlamaqdan ayaq üstdə dayanmağa belə taqəti qalmamışdı. Dilarə tabutun arxasıyca dedi:
-Qızım Zərifə, Səfərə oğlum Səfərə salam apar məndən. Deki gözləsinlər gələcəm.
Bayaqdan qadınların gözündə qurumuş göz yaşı yenə axar sular kimi tökülməyə başladı. Hamı ağladı. Zakir də dayana bilmədi gözündən yaşlar axa-axa tabutu daşıdı. Bir qadın bu qədərmi bədbəxt ola bilər. Özü yetim oldu , övladını da yetim qoydu. Kənd dərdin içində boğulurdu. Zərifəyə görə bir il qızlar toy etmədi, gəlin getmədilər. Hamı yas saxladı …
Səhər saat altıydı ki, telefonun xəbərdarlıq zəngi çalındı. Zəfər gözlərini açıb cəld yerindən qalxdı və hamama keçib əl-üzünü yudu. Mətbəxə keçib nənəsinin dünəndən bişirdiyi dolmadan yeməyə başladı. Dilarə çaydanı qazın üstünə qoyanda əvvəl dilinin altında donquldandı sonra səs tonunu qaldırıb dedi:
-Ay bala, nə qədər deyərlər bir adama ki, soyuq dolmanı yemə. Qızdır sonra ye. Özü də səhər-səhər bu nədi yeyirsən. Aç orda şor var,göyərti,pomidor,bal var. Dünən qonşu Rəhimənin gətirdiyi nehrə yağı var. Yemə dolmanı. Qoy günorta gəlib yeyərsən.
-Eee ay ana, çörək də yoxdu onsuz. Bir təhər özümü doydururam.
-Ay bala, çörək yoxdu lavaş var. Özü də axşamnan bişirmişəm. Ye də . Ayrı vaxt elə yeyirsən. İndi nə oldu qudurdun?
-Ay Allah. Mən nə dedim ki, xəbərim yoxuydu.
-Lap yaxşı bilirdin. Özün istəmişdin. Mən də gecə saat 1 də bişirib yatmışam.
-Bütün günümü burnumdan gətirdin. Heç nə yemirəm. Zəhər elədin.
-Zəhər yeyəsən elə. Səni böyütmək yerinə gərək səni öldürərdim.
-Mən gedirəm məktəbə. Görüm bu qiymətlərimlə neynirəm.
-Cəhənnəmə get. Sənə bu qədər əziyyət çəkdim. Axır gedib qoşuldun bu avaralara. Camaatın oğlu gedib oxuyur, iş sahibi olur.Sonra köçüb xaricdə işləyir , anasını da gətirir yanına. Sən də qalmısan bu xarabada. Sabah müharibə olsa gedib elə orda öləcəysən.
-Əvvəla sənin oğlun oxuyub neyniyib?! Sən hələ də burdasan . İkincisi də bayaqdan demirdin ölüm. Mən də gedib ölərəm. Heç olmasa şəhid olaram.
-Atan müharibə vaxtına düşüb. Az qala gözümü çıxardıb ovcuma vermək istiyirsən sabah gedib vətəni necə qoruyacaqsan ?!
-Günümü zəhər elə sonra da məni borclu çıxar. Heç eybi yox gedib ölərəm, onda bilərsən.
-Get öl, sən ölən günü bayram eləməsəm mən öz atamın qızı deyiləm.
Zəfər geyinib tez-tələsik evdən çıxdı. Zəfərin 17 yaşı var və bu 17 il içində Dilarəni çox incitmişdi. Hər zaman qəlbini qırırdı və çox vaxt da özünü günahkar hesab etmirdi. Hər il məktəbdə nəsə bir şuluqluq edir və danlanırdı . Amma heç bir töhmət onun vecinə belə deyildi. Məktəbdən dəfələrlə qovulmasına baxmayaraq , Dilarə gedib məktəb direktoruna üzrxahlıq edirdi. Dilarə Zərifə öləndən sonra Zəfəri böyütməyə söz vermişdi. Zakir anasından razılıq alıb oğlunun adını Səfər qoymaq istədi , ancaq Dilarə icazə vermədi. Dilarə Səfər adını bir daha dilinə gətirə bilməyəcəyini dedi. Onun əvəzində Zakir doğulmamışdan öncə onun qardaşı Səfərin adına uyğun fikirləşdikləri Zəfər adını verdilər. Amma bu Zəfər nənəsi Dilarəni çox incidirdi. Atası Zakir isə Bakıda işləyib hər ay onlara pul yollayırdı. Zakirin gözlədiyi müharibə başlamadı, amma vəziyyət gərgin olaraq qalırdı. Hər il şəhidlərin çox olmasına baxmayaraq , ordu əvvəlkindən qat-qat daha yaxşıydı. Artıq Azərbaycanın böyük məsələsi Qarabağı həll etmiş və növbə Güney-Azərbaycana çatmışdı. Əlbəttə ki, bu hələ xülyadır. İranla müharibəyə başlamaq böyük bir cəfəngiyyatdan başqa bir şey deyil.
Zəfər öz yaşıdlarından fərqli olaraq bu il məktəbi bitirə bilmədi və hərbi komissarlıqdan bildirişin gəlməyinə az qalmışdı. Dilarə öz qorxusuyla qarşılaşmaq istəmirdi. Zəfəri əsgər yollamaq istəmirdi, amma nə çarə o da getməliydi. Dilarə Zəfəri itirəcəyindən qorxurdu. Gözü üstündə saxladığı bu həddini aşmış nəvəsinin hərəkətlərindən nə qədər acığı gəlsə də onu bir o qədər də sevirdi. Oğlu kimi böyütməsinə baxmayaraq , Zəfərin çox pis vərdişləri var idi. Bu vərdişlərin onun ana tərəfdən nənəsi olan dilənçi Xətərdən keçdiyini düşünürdü. Xətərin dilənçi olmasına səbəb oğruluqla məşğul olub dəfələrlə tutulması olmuşdu. Daha sonra evinə belə buraxılmayan bu qadın küçələrdə dilənçilik etməyə başlamışdı . Xətərin qızı isə kimin qızı olduğu bilinmirdi. Dedi- qodulara görə o qız uşağını hələ Bakıda dilənçilik edərkən başqa bir dilənçidən oğurlamışdı. Təzə verilən əmrə görə Bakı bütün dilənçilərdən təmizlənməliydi. Bu ərəfə də qarışıqlıq düşdü və Xətər də qızı götürüb qaçdı. Bakıdan çıxarılan dilənçilər qatarlarla rayonlara göndərildi . Xətər gəldiyi rayonda da oğurluq etmiş , ad çıxarmışdı. Qızına görə heç kim ona heç nə demir , uşağa xətir günahından keçirdilər. Xətər də qızı buna görə yanından ayırmırdı. Rayonda bir neçə şikayətdən sonra uşağı Xətərdən alıb uşaqlar evinə verdilər. Xətər özü də tez bir şəkildə rayondan qaçmağa məcbur oldu. Dilarə də həmin uşaqlar evində işləyirdi. Xətərin qızı gözəl olsa da oxumaq və yazmaq bilmirdi. Ancaq dilənçilik etməyi bacaran bu qıza təlim-tərbiyə öyrədib ona gözəl bir gələcək bəxş etdi. O gələcək ki, puç oldu.Hələ indiyə qədər Zərifənin öldüyü gün otaqda nələrin baş verdiyi bilinmir. Zakir nə isə gizlədirdi. Zərifənin ölüm səbəbini Zakir və başqa bir şəxs daha bilirdi, amma bu şəxs Dilarə deyildi. Dilarə sanki illərin dərdini öz tellərində , qırışlarında saxlamışdı. Dilarənin böyütdüyü Zəfər dəfələrlə oğurluq etmişdi , amma yaşı çatmadığı üçün bəzən də Dilarənin və rəhmətlik anası Zərifənin xətrinə keçmişdilər. Dilarənin gözünün yaşı qurumaq bilmirdi. Zəfərin verdiyi dərdlər, bəlalar onun həyatından illəri bir təqvim kimi qoparırdı. Dilarə artıq işləyəcək halda deyildi. Təzyiq onu hər zaman narahat edirdi. Yüksək təzyiq və ürək tutmaları ona həyatın astanasında olduğunu xatırladırdı. Ürəyində fikirləşməklə içi-içini yeyirdi. Fikri-zikri Zəfərdə idi. Öz oğulları Zakir və Səfərdə heç bu qədər əziyyət çəkməmişdi. Sanki həyat onu əzab çəkmək üçün bu dünyaya gətirmişdi…
Səhər Dilarə çörək almaq üçün çıxanda küçə qapısına ilişdirilmiş zərf gördü.Zərf əsgərliyə çağırış vərəqəsiydi. Dilarə gözünün yaşını tökə-tökə evə qayıtdı.Zəfər yuxudan təzəcə durmuşdu. Dilarəni görüb dedi:
-Nə olub ? Niyə ağlayırsan?
-Gəlib .
-Nə gəlib?
-Vərəqə gəlib.Komisarlıqdan
Zəfər bir an duruxub dedi:
-Buna görə ağlayırsan? Ver baxım görüm hara düşmüşəm?
-Sənə nə var ki.
-Ön cəbhə?
-Hə, ay anası ölmüş.
-Hmm özü də sabah.
-Ay bala , telefonu ver görüm.
-Kimə zəng vurursan?
-Zakirə zəng vururam. Qoy bu gün axşama çatdırsın özünü.
Zəfər nömrəni yığıb telefonu nənəsinə verdi.Zakir yoldaydı işə çatmağına az qalmışdı ki, telefonu zəng çaldı. Telefonu götürdü:
-Salam necəsən ,oğlum ?
-Mənəm , ay Zakir.
-Nə olub ana? Niyə ağlıyırsan? Yenə Zəfər nəsə şuluqluq eləyib? Bu dəfə gəlib onu təpiyimin altına salacam.
-Yox.Kaş şuluqluq eliyəydi. Əsgərlikdən çağırış gəlib.
-Buna görə ağlayırsan?
-Niyə də ağlamayım?! Sənə nə var ki, oğlunu ayda ildə bir dəfə görürsən. Mən bütün günü burdayam bu zalımnan bir yerdə. Öz övladım kimi böyütmüşəm. İndi də bu məsələ. Özü də ön cəbhəyə düşüb.
-Off . Ana, yaxşı bir azdan icazə alıb çıxıb gəlirəm rayona.
-Gəl tez gəl.
-Yaxşı
Zakir bütün əhvalı sönmüş vəziyyətdə işdən çıxıb avtovağzala yollandı. Zakir Zərifə öləndən sonra sevdiyi qız ilə Bakıda ailə qurmuşdu. Oğlu Zəfər isə bir o qədər də onu maraqlandırmırdı. Hər ay müəyyən məbləğ rayona pul göndərirdi. Yol boyu anasını fikirləşdi. Anası bir il tək-tənha rayonda necə qalacağını düşündü. Axırda qərara gəldi ki, anasını bir illik Bakıya gətirsin. Sonra yavaş-yavaş onu bir dəfəlik Bakıya köçməyə razı salar. Zəfər əsgərlikdən qayıdandan sonra ona Bakıda iş tapar, birlikdə yaşayarlar. Gələcək haqqında düşünmək az da olsa onun əhvalını düzəltdi. Bu düşüncələrdən yorulan Zakir bütün yolu yatdı…
Səhər açılan kimi Dilarə yuxudan durub Zakiri və Zəfəri oyatdı. Səhər yeməyində belə Dilarə ağlayırdı. Bu isə Zəfərin əsəblərinə toxunurdu. Öncəbhəyə düşmək heç onun ürəyincə olmamışdı. Dilarə dəsmalı götürüb gözünün yaşını silib Zəfərdən soruşdu:
-Zəfər ,hər şeyi götürmüsən? İsti corablar , şərf qoymuşdum onu götürdün?
-Hə götürdüm.
-Yaxşı-yaxşı bax sonra yadından çıxar.
-Sən yenə başladın ağlamağa. Bəsdi də mən yol gedəcəm sən elə hey dayanmadan ağlayırsan.
-Sənə nə var demək asandı. Anana söz vermişəm ki, səni boya-başa çatdıracam.
-Mən böyümüşəm də.
-Yox hələ bir böyümüsən. Nə yaşın var ki? Sənin yaşıdların universitetdə oxuyur.
-Mən belə adamam. Oxumağnan aram yoxdur.
Zakir əsəbləşməyə başladı:
-Tez ol get geyin gedirik. Burda qalıb hamının əsəblərini korluyursan. Gedib əsgərlikdə ağıllanarsan.
Zəfər çayı nəlbəkiyə elə qoydu ki, isti çay süfrəyə dağıldı. Zakir əsəbi halda Zəfərə bir şillə vurdu.
-Rədd ol içəri.
-Ay bala , Zakir, niyə vurursan?
Zəfər cəld hazırlaşdı və qapını çırpıb evdən çıxdı. Zakir Zəfəri yola salmağa getmədi. Heç anasını da getməyə qoymadı.
-Qoy getsin. Ağıllansın. Belə hərəkətnən onu orda yaxşı çırparlar. Ağlı gələr başına
-Zakir, heç olmasa mən gedim. Sonra uşağın ürəyində qalar.
-Dedim ki, yox.
-Mən gedirəm. Sən mənim anamsan mən sənin ananam ?!
-Özün deyildən şikayətlənən. İndi nə oldu yenə badam gözlü elədin nəvəni?
-Neyniyim , Zakir, mən böyütmüşəm. Oğlumdu. Ürəyim dözmür axı.
Dilarə qapıdan çıxıb tələsik getsə də əsgərlər qatara çoxdan minmişdilər. Qatarın pəncərəsindən Zəfəri gördü. Nə qədər səslədisə də düşüb sağollaşmadı. Həm qatar artıq yola düşürdü, həm də Zəfər öz inadından dönməyib yenə Dilarənin qəlbini sındırdı. Dilarə qatarın dalıycan bir qədər getdi ki, bəlkə baxar, amma nə fayda Zəfər baxmadı. Hətta onunla oturanlar belə ona baxmasını söylədilər. O isə Dilarəyə baxmamaq üçün durub kupedən çıxdı. Dilarə isə gözləri yaşlı evə qayıtdı. Gəlib evdə Zakiri günahkar çıxartdı. Zakir isə öz hərəkətindən utansa da Zəfərin bu hərəkəti onu insafa gətirmədi.Elə axşamdan bilet alıb qayıtmaq fikrində idi, amma anasını heç cürə razı sala bilmədi. Dilarə Zəfər qayıtmayınca o Bakıya köçməyəcəyini dedi…
Artıq 1 ay olardı ki, Zəfər əsgər getmişdi. Dilarə isə nigaran qaldığından bilmirdi nə etsin. Qonşu Qəmər xala ona məsləhət verdi ki, məktub yazsın. Dilarə məktub yazdı, amma bir ay keçməsinə baxmayaraq, heç bir cavab gəlmədi. Artıq məcbur olub hərbi hissənin özünə getməli oldu. Yol çox uzaq olsa da Dilarə gedib çatdı. Zəfərə anasının gəldiyini çatdırdılar. Zəfər isə anasının öldüyünü dedi və Dilarəylə görüşmək istəmədi. Dilarənin xahişini Zəfərə nə qədər başa salmaq istəsələr də heç kim məcbur onu gətirə bilmədi. Dilarə onun üçün rayondan gətirdiyi bağlamanı qoyub yenə qəlbi sınmış halda rayona qayıtdı. Dilarənin artıq ağlamaqdan gözləri zəifləmişdi. Zəfərə görə günlərlə ac qalırdı. Qonşular Zakirə zəng vurub ona bütün olanları demişdilər. Zakir də işdən icazə alıb rayona anasına baxmağa gəldi. Anasının halı olmasa da elə Zəfər deyirdi. Bir ay içində Zakir anasına qulluq etdi. Həkim nəzarətində olan Dilarəni artıq xəstəxanaya aparmağa məcbur oldular. Dilarə xəstəxana da qaldığı müddətdə səhhəti bir qədər yaxşılaşdı.
Zəfər öz dostu ilə gecə növbəsində idi. Zəfər öz şuluqluqlarından danışırdı. Təkcə özündə yox hamını , əsasən də atasını günahkar hesab edirdi. Zəfər danışır dostu isə qulaq asırdı:
-Fərid bilirsən necədi? Mən çox qürur edirəm. Hətta anam belə gəldi, mən görüşmədim. Düz hərəkət etməmişəm, amma atamın şilləsi məni çox alçaltdı.
-Bəs ananın günahı nə idi ? Sən heç düz hərəkət eləməmisən.
Zəfər danışmaq istəyirdi ki, atışma başladı. Atışma zamanı Zəfər ürəyindən güllə zərbəsi alıb yerə uzandı. Fərid əyilib onu güllələrdən kənara çəkəndə Zəfər dedi:
-Ana məni bağışla.
Fərid həyatında bəlkə də ən böyük zərbəni aldı. O zərbə ki, heç zaman onun yaddaşından silinməyəcək. Gözünün qarşısında az öncə söhbət etdiyi dostu onun qollarında keçinmişdi. Fərid kəlmeyi-şəhadəti oxuyub Zəfərin gözlərini bağladı.
Zakir axşamları rayonda öz evlərində qalır. Səhərləri isə anasının yanında olurdu. Ona nəzarət edirdi. Bir gün Zakir axşam evə gələndə qapının qabağında ağlaşan qonşuları gördü. Hamını itələyib həyətə girən Zakir həyətdə tabutun və bir neçə zabitin olduğunu gördü.Zabitləri görən Zakir hər şeyin nə olduğunu anladı. Zakirin ürəyi getdi. Qonşular onu oyadıb ona ürək-dirək verdilər. Zakir şəhid atası olmuşdu. O şəhid ki, anası ona görə xəstəlik tapmışdı. Gecəni qonşular onun yanında oldular. Səhər açıldı. Artıq Zakirin evi başsağlığına gələn adamlarla doluydu. Zakir başını itirmişdi. Qorxurdu ki, Dilarə bundan xəbər tutar. Günorta olmamış Zəfəri torpağa tapşırmaq üçün kişilər tabutu evdən çıxarıb rayonun qəbirsanlığına apardılar. Qonşu qadınlardan bəziləri Dilarəyə xəbəri çatdırmaq üçün xəstəxanaya getmişdilər. Qəmər içlərilərində ən ürəklisi çıxdı. Otağa girib xəbəri ona çatdırdı. Qəmər özüylə bərabər gətirdiyi zərfi ona uzatdı. Zərfi Zəfərin tabutunu gətirən hərbçilər Fəridin adı ilə gətirmişdilər. Dilarə ağlaya-ağlaya yerindən durdu. Zərfi açıb məktubu oxumağa başladı.
Əziz Dilarə ana, bəlkə də mən həyatımın ən ağır anlarını bu məktubu yazanda keçirdim. Amma bu məktubu yazmasaydım bəlkə də həyatımın ən böyük vicdansızlığını edərdim. Vicdanım məni rahat buraxmazdı. Oğlunuz Zəfər öz səhvini anlasa da qüruruna qalib gələ bilmirdi. Ölümündən əvvəl məhz bu haqda demişdi. Zəfər can verməmişdən əvvəl mənə son olaraq bunu dedi: “Ana məni bağışla”. İndi bəlkə də gecdir. Amma o vətən şəhidini bağışlayın , Dilarə ana.
Nur içində yatsın.
Fərid
Məktubu oxuyub qurtaran kimi gücünü toplayıb öz qara paltarını geyindi. Qara şərfini başına bürüyüb qəbiristanlığa getdi. Artıq Zəfər çoxdan torpağa tapşırılmışdı. Zakir isə xəstəxanaya müəyyən müddət də olsa xəbəri ondan gizlətməyə getdi. Qəbiristanlıqdakı işçilərdən yeganə təzə qəbiri soruşub ora sarı getdi. Əyilib qəbirin baş tərəfində oturub ağlamağa başladı. Ağlaya-ağlaya Zəfərin qəbriylə danışmağa başladı:
-Zəfər, anan gəlib oğlum. Mən nə qədər gəldim məni niyə görmək istəmədin?! Ananı niyə görmək istəmədin?! Mənim sözümü yerə vurdun ,oğul. Mən o dünyada Zərifəyə nə deyəcəm? Məni dərd içində qoydun bala. Mən səni bağışladım.
Dilarə əllərini göyə açıb Allaha müraciət etdi:
-Ay Allah, bu qədər dərdi mənə necə yaşatdın ?! Mənim günahım nə idi?
Dilarə gözü yaşlı Qəmərin qoluna girib kor-peşman evinə qayıtdı. Həyat Dilarəni bu yaşında da acılarla boğurdu. Bu qadın sanki dərd ağacıydı. Yaşlandıqca dərdi bəhər verirdi. Dilarə ana ömrünün sonuna qədər yas saxladı. Qara paltara bürünmüş Dilarə ömrünün sonuna qədər ağladı. Hər ay gözü yaşlı Zəfərin qəbrini ziyarət etdi. Zəfər vətənin Dilarə isə oğlunun yolunda şəhid oldu…