Author: Delphi7

  • Onunçün verdinmi mənə göyləri, Məndən göylər qədər uzaq olasan?!. – Xalq şairi Nəbi XƏZRİ

    Dəniz, göy, məhəbbət

    I

    – Dənizi hədiyyə verirəm sənə…

    Mən dedim, sən baxdın, sən gülümsədin.

    Göylərin şəfəqi düşdü üzünə.

    – Mən isə… göyləri verirəm, – dedin…

    Ayrıldıq qəribə hədiyyələrlə,

    Göylər eşqim kimi mənə əzizdir.

    Ayrıldıq dənizlə, ağ ləpələrlə,

    Necə aparasan? Dəniz dənizdir.

    Dənizi verdim ki, sənə hədiyyə,

    Gəldiyim sahilə gələsən bir də.

    Məni görməyəndə o mənəm – deyə,

    Mənimlə danışıb, güləsən bir də.

    – Əgər görüşməsək, bizə dağ olar,

    Dedim, neçə dəfə belə dedim mən.

    Dəniz sahilinə qayıtmaq olar,

    Göylərin sahili varmı, gedim mən?!

    Düşündüm, ayrıldıq gələndən bəri,

    Sən mənim eşqimə çıraq olasan.

    Onunçün verdinmi mənə göyləri,

    Məndən göylər qədər uzaq olasan?!

    II

    Mən bir dənizəm ki, eşqim səhərdir,

    Səni düşünürəm, əzizim, yenə.

    Mənim dalğalarım xatirələrdir,

    Qoy çatsın qəlbinin

    sahillərinə.

    Əsl məhəbbət ki, böyük hünərdir,

    Coşar ümman kimi təzə arzular.

    Mənim dalğalarım

    xatirələrdir,

    Orda tufan da var, burulğan da var.

    Dənizəm, eşqimdən qaçmaq hədərdir,

    Mən ki, adlayıram çölü, çəməni.

    Mənim dalğalarım,

    xatirələrdir,

    Gecə də, gündüz də tapacaq səni.

    III

    İstəsən yuxuna gələrəm sənin,

    gələrəm dəniz kimi.

    Üzünə incilər çilərəm sənin,

    çilərəm dəniz kimi.

    Yoluna şəfəqlər səpərəm hərdən

    səpərəm dəniz kimi.

    İstəsən üzündən öpərəm hərdən,

    öpərəm dəniz kimi.

    Adını qəlbinin sahillərinə

    yazaram dəniz kimi,

    “Sevirəm” söyləsən bir axşam mənə,

    Susaram dəniz kimi,

    Susaram dəniz kimi.

    IV

    Dünyada sakitlik aramadım mən,

    Günəş kimi parla,

    səhər kimi gəl.

    Göylərtək yuxuma gəlmək istəsən,

    Sən aylı, ulduzlu göylər kimi gəl.

    Adla qucağından gur tufanların,

    Mən baxım axşamdan səhərə kimi.

    Adla ağ yoluyla kəhkaşanların,

    Parlasın hər ulduz xatirə kimi.

    Gəl, qış gecəsində,

    yaz səhərində,

    Dənizi göylərdən ayırmaq olmaz!

    Sonsuz kainatın üfüqlərində,

    Sən görüş vaxtını şimşəklərlə yaz!

    Mən gərək nəğmətək səni dinləyəm,

    Sən mənim eşqimlə, ürəyimləsən.

    Nə qədər göylər var, mən səninləyəm,

    Nə qədər dəniz var, sən mənimləsən.

    İkilikdə

    Gəl bölək dünyanı ikilikdə biz

    Dərə mənə düşsün

    Dağı sən götür.

    Qalsın yer üzündə qoşa izimiz

    Qara mənə düşsün

    Ağı sən götür.

    İlin evladıyıq yayla qış kimi

    Fəsillər yaşasın yanaşı məndə

    Birgə bir yerdəyik gözlə qaş kimi

    Gözlər səndə qalsın

    Göz yaşı məndə.

    Gündüzü, gecəni əziz saxlayaq

    Günəş sənə düşsün

    Ay mənə qalsın

    Coşğun sellər kimi birgə çağlayaq

    Dəniz sənin olsun çay mənə qalsın.

    Bizik bu dünyadan sənilə şərik

    Bizsiz nə qış gülər, nədə ki bahar

    Həyatda hər şeyi bölə bilərik

    Amma bölünməyən:

    Bir sevgimiz var…

    Ay ürək

    Yaralar qövr edir təzədən ürək,

    Niyə könül verdin ona sən ürək,

    O səni sevmədi, sən niyə sevdin!

    Səni sevməyəni sən niyə sevdin!

    Eşqinə mən qurban gedim ay ürək,

    Dedim, neçə dəfə dedim ay ürək,

    Sevməyir o səni, niyə sevirsən,

    Səni sevməyəni niyə sevirsən,

    Sözümə baxmadın, indi yan ürək,

    Yan ey mənim tək peşman ürək,

    Sevmirdi o səni, niyə sevirdin!

    Səni sevməyəni niyə sevirdin!..

    İstə

    Öz məğrur eşqimdə təmənnasızam,

    Bir damla istəsəm,

    Bir ümman istə.

    Mən ki, bir dünyalıq boranam, yazam,

    Bircə gül istəsəm,

    Gülüstan istə.

    Mənə ulduz boyda işıq ver desəm,

    Sən məndən

    Günəşli asiman istə.

    Haçan bir saatlıq görüş istəsəm,

    Sən bütün ömrümü,

    Ərmağan istə.

    Söylə, bəs hardaydın?

    Sən gəldin,

    Zülmətdən gün çıxdı birdən,

    Nə qədər ecazkar göründü cahan?

    Səni gözləmişdim ömrüm boyu mən,

    Söylə, bəs hardaydın sən bu vaxtacan?

    Keçib göy dərəni,

    yaşıl çəməni,

    Elə yaxın gəldin, elə uzaqdan!

    Bəlkə min il əvvəl görmüşdüm səni,

    Sərin su içəndə sən buz bulaqdan!

    Elə bil üzləşdim

    ilahi sirlə,

    Bu nə möcüzədir, bu nə heyrətdir?!

    Məhəbbət ölçülmür illə, əsrlə,

    Məhəbbət ölçüsü əbədiyyətdir.

    Zöhrə ulduzutək

    yanıb obaşdan,

    Üfüqlər aşırdın xəyallarımda.

    Sən hələ dünyaya göz açmamışdan,

    Küsüb-barışırdın xəyallarımda.

    Sən gəldin ömrümün

    qarlı qışında,

    Ruhumda ehtiras, ürəyimdə qəm.

    Cənnət qapısının elçi daşında,

    Hazırdım min il də səni gözləyəm.

    O nəydi?

    Zülmətdən gün çıxdı birdən,

    Nə qədər ecazkar göründü cahan!

    Səni axtarırdım ömrüm boyu mən,

    Söylə bəs hardaydın sən bu vaxtacan?

    Şeir mənim üçün

    bir kainatdır

    Şeir mənim üçün bir kainatdır,

    Onun ulduzları, Günəşləri var.

    Şeir mənim üçün sirli həyatdır,

    Onun öz sevinci, öz kədəri var.

    Şeir də yaşayır öz baharıyla,

    Ona yol da verir sonsuz asiman.

    O keçir təbii addımlarıyla,

    Süni peyklərin aşdığı yoldan.

    Keçir addım-addım kənddən, şəhərdən,

    Ulduzlar üstünün naxışı kimi.

    O keçir başına yağsa da hərdən,

    Tənqidlər meteor yağışı kimi.

    Sözüm də gücünü ellərdən alıb,

    Qoy uçsun göylərə, o, birnəfəsə.

    Qalın qatlardakı yanan peyk olub,

    Nə qəm, neçə şeirim geri dönməsə.

    Nə qədər qol-qanad, açsa da ilham,

    Mən ana torpağın sinəsindəyəm.

    Nə qədər göylərə uçsa da ilham,

    Mən yerin cazibə qüvvəsindəyəm.

    Yenə düşüncələr aparır məni,

    Deyirəm: susmaram boran-qar olsun.

    Gəzirəm sevdiyim ana Vətəni,

    Misralar gəzirəm, misralar olsun.

    Şeirə vurulduğum, de, aymı, ilmi?

    Qəlbim arzularda, diləklərdədir.

    Ən böyük kainat sənət deyilmi,

    Sənət kainatı ürəklərdədir.

    Hər kəs xoşbəxt olar öz diyarında,

    Əzizdir əzəldən öz yerim dedim.

    Kaş xalq ürəyinin fəzalarında,

    Dünyalar dolaşa bir şeirim dedim.

    Baxıram göylərə qəlbimdə şeir,

    Ulduzlar uzaqdan göz vurur mənə.

    Kainat sirrini açsa da bir-bir,

    Sənət kainatı sirlidir yenə.

    Bəli, şeir mənə bir kainatdır,

    Sözlü, soraqlıdır bir kitab kimi.

    Bəli, şeir mənə sirli həyatdır,

    Açsam da, bağlıdır bir kitab kimi.

    Qadınsız ev

    Çiyinlərdə yerin-göyün qəmidir,

    Ah çəkirsən asimana yetişir.

    Qadınsız ev –

    tufandakı gəmidir,

    O nə batır, nə limana yetişir.

    Ağır dərdlər faciənin gücüdür,

    Nə sevinib, nə də gülə bilirsən.

    Qadınsız ev –

    xəstəxana küncüdür,

    Nə dirilir, nə də ölə bilirsən.

    Fəlakətdə neçə-neçə sirr yatır,

    Səni yıxır, polad kimi o sınmır.

    Qadınsız ev –

    günəşsiz bir dünyadır,

    Nə od yansa, qızınmır ki, qızınmır.

    Sən bir quşsan, ruhun sınmış qanaddır,

    Heç baxma ki, külək sərin, meh ilıq…

    Qadınsız ev –

    ulduzsuz kainatdır,

    Həmdəmindir sükut ilə qaranlıq.

    Ey kişilər!

    Sevginizi əzizləyin cahanda,

    Qadınlığın sədaqətdir ilk adı.

    Vay o gündən –

    ömrün axır anında,

    Gözünüzü qapayan da olmadı!

    Şəklinə baxıram

    Mərhum ömür yoldaşım

    Gülarə üçün

    Sən getdin cahanın

    Dərdli çağında.

    Bir çaya döndüm ki, sısqa axıram.

    …Sənsiz bir otağın tənhalığında

    Şəklinə baxıram…

    Yenə baxıram.

    Əsir pəncərədən

    Yel incə-incə,

    Sanki isti nəfəs üzümə dəyir.

    – Gecən xeyrə qalsın – söylərəm gecə,

    Səhər də söylərəm: sabahın xeyir!

    Ürəyim narahat,

    Qulağım səsdə

    Dövrün haqsızlığı titrədir məni.

    Çevrilib mələyə başımın üstdə,

    Ruhun gecə-gündüz hifz edir məni.

    Axı, səninlədir hər anım mənim,

    Sən mənim nisgilim, pərişanımsan.

    Gündüz şəkillərdə susanım mənim,

    Gecə yuxularda danışanımsan;

    – Ay Nəbi, özündən muğayat ol sən,

    Bil, daha dünənki cavan deyilsən.

    – Əlbəttə, mən səni itirən gündən,

    Həyatım dəyişdi tamam kökündən.

    Qar əskik olmayır doğma dağımdan

    Bir gündə asılıb hər ayağımdan.

    Bəzən yersiz düşdük haya, haraya,

    Axı pis də gedir, yaxşı da qalmır.

    Sən məni qısqandın bütün dünyaya,

    İndi dünya məni heç saya salmır.

    Tanrım bağışlasın,

    Günah varsa da,

    Günah xoşbəxtlikdən pay alan deyil.

    – Gənclik günahları yuyularsa da,

    Qocalıq günahı yuyulan deyil!

    Gec duydum həyatın

    Mən sirlərini,

    Zaman pərişandır, ömür pərişan.

    Mən öz günahımın zəncirlərini

    Çoxdan parçalayıb, çoxdan qırmışam.

    Səni yana-yana səsləyirəm ki,

    Eşitsin sözümü sevdiyim mələk.

    Dünyada o günü gözləyirəm ki,

    Gülarə adında nəvəm gələcək.

    Şəklinə baxıram,

    Baxıram yenə,

    Sanıram çiynimə yumşaq əl dəyir.

    – Gecən xeyrə qalsın – deyirəm sənə

    Səhər deyəcəyəm:

    – Sabahın xeyir!

    Dərələr

    Çinarlar qatar-qatar,

    Qalxıb zirvəyə çatar

    Dağa qısılıb yatar

    Mışıl-mışıl dərələr,

    Yaşıl-yaşıl dərələr.

    Sizlərə vurğunam mən,

    Bəzəyiniz şəfəqdən

    Günəş çıxar üfüqdən

    Ovuc-ovuc zər ələr,

    Dərələr, ay dərələr.

    Sevdiyiniz ağaclar

    Küknarmıdır, şammıdır?!

    Sizdən qalxan dumanlar

    Dağlara salammıdır?

    Quş kimi üstünüzdən

    Qanad çalım, dərələr!

    Şamlıqda bir axşamlıq

    Qonaq qalım, dərələr!

    Əgər ki, yıxılsam çinar göstərin,

    Mən ona söykənib arana baxım.

    Gözlərim görməsə Göygölü verin,

    Mən onun gözüylə cahana baxım.

    Hər yerdə, həmişə

    Sənsən gümanım,

    Canım-gözüm mənim,

    Azərbaycanım!

    Sən günəş, mən isə bir zərrə kimi

    Diriykən oğlunam, ölsəm torpağın.

    Sən ki, döyündürdün mənim qəlbimi,

    Sən uca çinarsan, mənsə yarpağın.

    Mənəm sənin özün,

    Ey eşqim, canım,

    Sənsən özüm mənim,

    Azərbaycanım!

    Sizlərdən yollar keçər,

    Siz yaxşı ki, varsınız,

    dərələr, ay dərələr.

    Zirvələrə açılan

    Geniş qapılarsınız,

    dərələr, ay dərələr.

    Mənbə: https://edebiyyatqazeti.az/

  • Yeni Ukrayna poeziyası antologiyası – işıq üzü görüb

    “Mücrü” nəşriyyatında işıq üzü görən “O gözəl, yenilməz Ukrayna” poeziya antologiyasına Ukrayna şeirinin Taras Şevçenko, Qriqori Koçur, Lina Kostenko, Boris Oleynik, Vasİl Stus, Pavlo Movçan, Veniamin Husyev, Lyubov Qolota, Yuri Buryak, Aleksandr Korotko, Dmitro Kremin, Taras Fedyuk, Oksana Paxlyovska, Vasıl Gerasimyuk, Petro Midyanka, Svetlana Koronenko kimi klassikləri və artıq bilinən görkəmli şairləri ilə yanaşı, İqor Pavlyuk, Marianna Kiyanovska, Sergey Jadan, Yelena Dorofiyevskaya, Janna Bezpyatçuk, Alyona Malyuqa, Anna Maliqon, Lesya Mudrak, Vano Krüger, Dmitro Çistyak, Miroslav Layuk, Vitali Bilozir, Anatoliy Matviyçuk, Vasil Kuzan, Dmitro Drozdovski, Petro Maqa, Boqdan Nazarenko, Andrey Paermyakov, Yuri Husyev, Dmitro Lazutkin, Yuliya Berejko-Kaminska, İrina Bakovetska kimi şairlərinin, özü də xüsusən, son illərdə yazılan şeirləri daxil edilib. Süleyman Rüstəm və Rəsul Rza kimi klassiklərimizin tərcümələrindən örnəklər daxil edilən antologiyada Siyavuş Məmmədzadə, Elxan Zal, Qismət, Günel Mövlud, Günel Şamilqızı, Könül Həsənqulu, Şəfiqə Şəfa və Səlim Babullaoğlunun tərcüməsində çoxsaylı nümunələr yer alıb.

    Kitab Azərbaycan-Ukrayna ədəbi əlaqələrində xüsusi və ardıcıl xidmətləri olan iş adamı, xeyriyyəçi Möhlət Hüseynovun dəstəyi ilə ərsəyə gəlib.

    Antologiyanın tərtibçiləri – Azərbaycan Yazıçılar Birliyinin katibi, şair Səlim Babullaoğlu, Ukrayna Yazıçılar Birliyinin katibi Dmitro Drozdovski; məsləhətçiləri Taras Şevçenko Milli Muzeyinin baş direktoru Dmitro Stus, Ceyhun Kəsəmən, layihənin koordinatoru Möhsüm Aslanovdur. Kitabın Ön sözü Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Yuri Husyevə aiddir.

    Səfir Yuri Husyev Ön söz məqaləsində yazır: “Dərin mədəni köklər və zəngin tarixi irslə bağlı iki ölkə – Ukrayna və Azərbaycan indi öz şairlərinin və tərcüməçilərinin diliylə daxili dünyalarını, sevinc və ağrılarını, sınaq və qələbələrini bölüşürlər. Bu şeirlər yalnız bugünkü çağırışılara cavab deyil, hər biri insanilik və mətanət simfoniyasına öz səsini qatan şairlərin əsərlərindən ibarət çoxsəsli mozaika, poetik şəbəkədir həm də. Bu şeirlərdə, misralarda siz mübarizə və ümid, qorxu və kişilik, barışqanlıq və zəfərə şahidlik edəcəksiniz. Ukraynalı şairlər Azərbaycan tərcüməçilərinin iştirakıyla öz şəxsi hiss və həyəcanlarını bölüşməklə nəhəng lirik parçanın üzərində düşüncə və hiss naxışlayırla bəzənmiş bir sahə, məkan yaradıblar…”

    Səlim Babullaoğlu “Tərtibçidən” başlıqlı məqaləsində həm antologiyanın yaranması, əhəmiyyəti barədə danışır, eyni zamanda Ukrayna-Azərbaycan ədəbi əlaqələrinin də tarixinə toxunur: “Əksər birmüəllifli kitabın məqsədi ilk növbədə, özünü təmsil eləməkdir: öz məzmununu və qismən də öz müəllifini; əlbəttə, müəllifin ustalığı, sonradan bəllənəcək, təsdiqlənəcək miqyası, həmin kitabı, əsəri millətin, xalqın, dilin təmsilçisinə çevirə bilər ki, bunun nümunələri çoxdur. Antologiyalarla vəziyyət başqadır. Antologiyaların məqsədi eyni zamanda və bəlkə, ilk növbədə kəmiyyətdədir. Həm müəllif sayı baxımından, həm dövr baxımından. Çünki antologiyalar əgər tematik deyilsə və janrlar üzrə tərtib edilməyibsə, deməli, zaman etibarilə konkret dövrü əhatə etməli, o dövrün bütün “fəsilləri”nə işıq salmalıdır. Və eyni zamanda istənilən “milli ədəbiyyatlar”dan müəllifləri müəyyənləşdirərkən tərtibçi həm də az əvvəl yuxarıda söylənən kimi, özünü təsdiqləmiş, xalq və dil təmsilçiliyi olan müəllifləri tanıya bilməli, sonra isə yeni ədəbiyyatın o müəlliflərini seçməlidir ki, həmin ədiblər öz insanıyla həmdərd ola biliblər…” – bu sözləri biz daha əvvəl tərtib etdiyimiz “Ukrayna şeir antologiyası” üçün söyləmiş və yazmışıq.

    Xeyli vaxt keçib, indi Ukrayna od içindədir, şəhərlər, kəndlər dağılır, evlər, məhəllələr dağılır, yüzlərlə insan – qocalar, qadınlar, uşaqlar qətl edilir və təəssüf ki, savaşın sonu görünmür.

    Biz azərbaycanlılar dost Ukraynaya, onun gözəl xalqına həmişə əmin-amanlıq arzu etmişik, bacardığımız hər cür yardımı, insani-humanitar dəstəyimizi əsirgəməmişik. Bu gün də arzu edirik ki, tezliklə o torpaqlara daimi bərqərar olan sülh gəlsin, Ukrayna lap yaxında öz ərazi bütövlüyünü bərpa etsin, yaralarını sağaltsın; bu söylədiklərimiz təkcə şəxsi arzular deyil, həm də Azərbaycan dövləti və hökumətinin rəsmi mövqeyidir. Qoy o bərəkətli, gözəl torpaqlarda böyük güclərin maraqları bir daha toqquşmasın, millətindən, dinindən, dilindən asılı olmayaraq bütün insanlar əmin-amanlıq içində birgəyaşayışın ən doğru düsturunu tezliklə və daimi olaraq tapsınlar.

    Əlinizdə tutduğunuz xeyli dərəcədə yenilənmiş antologiya bu duyğulardan doğub. Əslində, bütün kitablar, o cümlədən, toplular, antologiyalar sülh, əmin-amanlıq arzusundan doğur; ən azı ona görə ki, atəş və bomba yağmuru altında yazmaq bir yana dursun, düşünmək, özü də şeirlə düşünmək mümkün olmur. Bəli, sənət, ədəbiyyat, şeir nədən və necə danışmağından asılı olmayaraq sülhün övladıdır. Bu kitab savaşın nə olduğunu çox yaxşı bilən, onun ağrılarını hələ də yaşamaqda olan, amma indi, şükür Allaha ki, sülhə doğru addımlayan torpaqlarda, eyni aqibəti qonşularına da arzulayan gözəlimiz Azərbaycanda saf niyyətlə doğub.

    Müəlliflərin bioqrafiyalarına, doğum tarixlərinə diqqətlə baxsanız, görəcəksiniz ki, kitabdakı müəlliflərin arasında ötən əsrin 30-cu illərindən bu yana hər on ildə doğulan şairlər var; onların bir çoxunun yaradıcılığı XX əsrin ikinci yarısına və qalanlarının yaradıcılığı isə müasir dövrə təsadüf edir. Əlbəttə, antologiyanı təşkil edən şairlər həm də o adamlardır ki, onlar məlum sovet dövründə mənəvi inflyasiyaya məruz qalmayıblar.

    Dövr baxımından bircə Ukrayna ədəbiyyatının klassiki, böyük yazıçı, şair, maarifçi və rəssam Taras Şevçenko istisnadır: böyük Ukrayna şairinin bu dəfə Süleyman Rüstəmin tərcüməsində təqdim etdiyimiz “Vəsiyyət” şeiri ilə açılır antologiya. Yenə də istədik ki, böyük Taras Şevçenko həm Ukraynanı, həm də azərbaycanlı oxucuları uğurlasın.

    Sonra isə “Həyat təranələri” və “Yeni dualar” adıyla iki bölümdə təqdim olunan şeirlər, şərti desək, “sülh və savaş şeirləri” təklif olunur oxuculara. İlk bölümdə toplanmış şeirlər müxtəlif kitablardan, ikinci bölümə daxil edilmiş şeirlər isə 2023-cü ildə Kiyevdə, “Samit-Kniqa” nəşriyyatında işıq üzü görən “Rimova voyna”/ “Qafiyəli savaş” toplusundan seçilib ki, Ukraynanın ən yeni və təəssüf ki, qanlı tarixinin hissi mündəricəsi də sayıla bilər; “həyat təranələri”, “yeni dualar” – eyni zamanda kitaba daxil edilmiş şeirlərin cəm halına salınmış başlığı və misralardan parçalardır, Pavlo Movçan və İrina Bakovetskadan. Elə kitabın adını – “O gözəl, yenilməz Ukrayna” başlığını da böyük Şevçenkonun və çağdaşımız Yuliya Berejko-Kaminskanın misraları pıçıldayıb bizə.

    Biz nəşrin ərsəyə gəlməsindəki dəstəyinə görə bütün qəlbi və düşüncəsi ilə həmişə Ukraynanın yanında olan nəcib insan, iş adamı cənab Möhlət Hüseynova, Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Yuri Husyevə iştirakına görə ayrıca və dərin minnətdarlıq edir, Azərbaycan-Ukrayna ədəbi əlaqələrinin yeni səhifələrində öz danılmaz imzası, iştirakı olan tanınmış ukraynalı ədəbiyyatşünas-alim, şair və tərcüməçi, “Vsesvit” jurnalının baş redaktoru Dmtiro Drozdovskiyə “çox sağ olun” deyirik.

    Biz, həmçinin Süleyman Rüstəm, Rəsul Rza, Səyavuş Məmmədzadə kimi böyük şair və tərcüməçilərimizin ruhunu ehtiramla anır, Elxan Zal, Qismət, Günel Mövlud, Günel Şamilqızı, Könül Həsənqulu və Şəfiqə Şəfa kimi yeni nəsli təmsil edən şair və tərcüməçilərimizə təşəkkür edir, məsləhətlərini əsirgəmədiklərinə görə ukraynalı və azərbaycanlı ədiblərə, söz adamlarına – Dmitro Stus və Möhsüm Aslanova və Ceyhun Kəsəmənə minnətdarlığımızı çatdırırıq.

    Qoy həyat təranələrimiz kəsilməsin, qoy bütün xeyirli, əski və yeni dualarımız eşidilsin…”

    Mənbə: https://edebiyyatqazeti.az/

  • Xalq şairi Hüseyn Arifin anadan olmasının 100 illiyi – qeyd olunub – FOTOLAR

    Hüseyn Arif son dərəcə təbii şair idi. Həyatdakı təbiiliyi, şəxsiyyətindəki saflığı poeziyasına da keçmişdi. Onun sənət müəllimləri el ədəbiyyatı – dastanlar, qoşmalar, təcnislər, bayatılar, Qurbani, Ələsgər, Dilqəm və dövrünün canlı klassikləri idi. O, bu ustadlardan çox şey görüb-götürdü, lakin kimsəni təqlid eləmədi, ədəbiyyatda özünəməxsus Hüseyn Arif cığırı açdı, bu cığırı yola çevirdi. Hüseyn Arif neçə əsrlik Azərbaycan xalq poeziyasının klassik qolu ilə müasir qolu arasında canlı bir körpü yaratdı. Klassikaya məxsus poetik incəliklər, müdrik düşüncə tərzi, aşıq-ozan mədəniyyəti, xalq ruhu onun şeirlərində də davam və inkişafda idi. O da ustadları kimi qoşmanın, gəraylının safını, özəlini yaradırdı, şəklini çəkmirdi. O, elin, obanın təəssübkeşi idi və bu təəssübkeşlik o dərəcəyə çatırdı ki, Hüseyn Arifin şeirlərində mənsub olduğu xalq bütün mənəvi dünyası ilə baş qəhrəmana çevrilirdi.

    Bu fikirlər dekabrın 11-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında Xalq şairi Hüseyn Arifin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbirdə səslənib.

    Tədbirdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin poeziya şöbəsinin rəhbəri, şair İbrahim İlyaslı , Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə, Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə Akimova, Azərbaycan Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlı və başqaları Hüseyn Arifin bənzərsiz poeziyasından danışaraq vurğulayıblar ki, şairin 100 illiyi ilə bağlı ölkəmizdə silsilə tədbirlər keçirilir.

    Bildirib ki, XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Hüseyn Arif xalqımızın zəngin bədii-poetik irsi zəminində dəyərli əsərlər meydana gətirib. Onun poeziya aləmi mövzu baxımından genişdir və əsərləri məna qüdrətini bu gün də qoruyub saxlayır. Şairin təbii və canlı dili ilə seçilən əsərlərində həyatın öz nəfəsi duyulur. Təsadüfi deyil ki, Hüseyn Arifin şeirləri çox zaman mahnı mətninə çevrilib. O, Vətən, ana torpaq, övlad məhəbbəti kimi bəşəri dəyərləri heç kimə bənzəməyən tərzdə ifa edib.

    Hüseyn Hüseynzadə 1924-cü il iyunun 15-də Qazaxın Yenigün kəndində (kənd hazırda Ağstafa rayonunun tərkibindədir) doğulub. Ədəbi fəaliyyətə İkinci Dünya müharibəsi illərində başlayan şairin librettosu əsasında hazırlanan “Azad” tamaşası 1957-ci ildə Akademik Opera və Balet Teatrında, “Yolda” poeması əsasında yazdığı eyniadlı pyesi 1974-cü ildə Gənc Tamaşaçılar Teatrında tamaşaya qoyulub. 1971-ci ildə “Dağ kəndi” poemasına görə “Qızıl oraq” mükafatına layiq görülüb. Əsərləri keçmiş̧ SSRİ və bir sıra xarici ölkə xalqlarının dilinə tərcümə olunub. Şeirlərinə musiqilər bəstələnib. 1976-cı ildə Sarayevo Beynəlxalq Poeziya Günlərinin, 1979-cu ildə Liviyada “SSRİ Günləri”nin iştirakçısı olub. Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətində şöbə müdiri, “Azərnəşr”in Bədii Ədəbiyyat redaksiyasında böyük redaktor, “Gənclik” nəşriyyatında bədii ədəbiyyat redaksiyasının müdiri və Azərbaycan Aşıqlar Birliyinin sədri vəzifələrində çalışıb.

    Hüseyn Arif xalqımızın zəngin bədii-poetik irsinə əsaslanan, epos təfəkkürünü, etnoqrafik yaddaşı geniş əks etdirən dəyərli əsərlər yazıb. O, təbiət mövzusunda yazdığı əsərləri ilə oxucunu ana təbiəti duymağa, qorumağa, doğma torpağın qədrini bilməyə çağırıb. Həmişə xalqın içində olan şairin əsas qayəsi, Vətənə məhəbbətin, mənəvi-əxlaqi zənginliklərin təbiət gözəllikləri ilə vəhdətdə tərənnümündən ibarət olub.

    Hüseyn Arif o məşhur insanlardandır ki, adı ilə bağlı çoxlu lətifələr, baməzə əhvalatlar dolaşır, hətta belə lətifə və əhvalatların toplandığı kitab nəşr olunub, lakin bütün baməzə düzməcələr və olmuş̧ əhvalatlar onun şair ciddiliyini nəinki zədələmir, əksinə, onu xalqa daha da yaxınlaşdırır, olduğu səmimiyyətlə ona xalq sevgisi qazandırır.

    Natiqlər vurğulayıb ki, Hüseyn Arifdən söz açanda “təbiət şairi” ifadəsini tez-tez işlədirlər. Bəli, o, təbiətin şairi idi. O mənada ki, təbiətə təkcə vurğun deyildi, təbiəti içində yaşadırdı, meşədə, dağda, çöldə, çəməndə, bir çeşmə başında olanda sanki dünyaya təzədən gəlirdi. Təbiəti bəlkə də onun kimi duyan, sevən ikinci bir adam tapmaq çətindir. Ancaq Hüseyn Arif poeziyasını yalnız insan-təbiət dairəsi ilə məhdudlaşdırmaq doğru olmazdı. Xalqın fikir dünyası, ruhu və psixologiyası H.Arifin poetik dünyası ilə qovuşurdu.

    Hamıya məlumdur ki, Hüseyn Arif aşıq poeziyasının vurğunu idi. Sazı çox sevirdi. Dilqəmə poema həsr etmişdi. Bu sevginin həddi-hüdudu yox idi. H.Arif Ələsgərin ustadı Aşıq Alının şeirlərini toplayırdı. Azərbaycan Aşıqlar Birliyi məhz Hüseyn Arifin qayğıkeş fəaliyyəti nəticəsində 1984-cü ildə Azərbaycan aşıqlarının IV qurultayından sonra yaranıb. O bütün həyatı boyu aşıq sənətinin qoruyucusu oldu.

    Diqqətə çatdırılıb ki, Hüseyn Arifin şeir və poemaları XX əsr Azərbaycan poeziya tarixinə həkk olunub. O özündən sonra zəngin bir ədəbi irs qoyub gedib. Şairin yaradıcılığı hər zaman dövlətin diqqət və qayğısında olmuşdur. O, 1984-cü ildə Azərbaycanın Əməkdar incəsənət xadimi, 1989-cu il ildə Azərbaycanın Xalq şairi adına layiq görülmüşdür.

    1992-ci il sentyabrın 14-də Bakıda vəfat edən Xalq şairi, doğulduğu kənddə nakam oğlunun yanında dəfn olunub.

    Şairin adının əbədiləşdirilməsi ilə bağlı fikirlərini bölüşən çıxışçılar qeyd edib ki, söz sərrafının vaxtı ilə Bakıda yaşadığı evin divarına xatirə lövhəsi vurulub. Xırdalan şəhərindəki, Ağstafadakı küçələrdən biri, habelə Ağstafa şəhərindəki Uşaq Musiqi Məktəbi Hüseyn Arifin adını daşıyır. 2010-cu ildə “Mən Hüseyn Arifəm…” adlı film çəkilib. Adına çoxlu şeirlər, şeirlərinə nəzirələr yazılıb, yaradıcılığı ədəbi-elmi yazıların, tədqiqat əsərlərinin mövzusu olub. Onun yaradıcılığı bu gün də gənc nəslin tərbiyəsində öz önəmlini qoruyub saxlayır, xalqımız, dilimiz yaşadıqca Hüseyn Arif poeziyası da yaşayacaq, seviləcək, öyrəniləcəkdir.

    Gecədə qiraətçilər şairin şeirlərini, tanınmış və gənc ifaçılar isə sözlərinə bəstələnmiş mahnıları səsləndiriblər.

    Sonda Hüseyn Arifin ailəsi adından nəvəsi Tural Rəhmanzadə çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.

    Mənbə: https://edebiyyatqazeti.az/

  • Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlanıb

    Respublika Gənclər Kitabxanasında Azərbaycan tarixində misilsiz xidmətləri ilə əbədiyaşarlılıq qazanmış böyük siyasətçi, Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı dahi şəxsiyyətin həyat və fəaliyyətinə həsr olunmuş biblioqrafik icmal, ənənəvi və virtual kitab sərgisi hazırlanıb.

    Kitabxanadan AZƏRTAC-a bildirilib ki, materiallarda 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında qəbul edilən rəsmi sənədlərin, Milli Məclisin sədri Sahibə Qafarovanın “Tarixin liderliyin və xilaskarlığın Heydər Əliyev zirvəsi” adlı məqaləsinin tam mətni, dünya liderlərinin, görkəmli şəxslərin Ümummilli Lider haqqında söylədikləri dəyərli fikirlər və Ulu Öndərin öz müdrik kəlamları təqdim edilir.

    Kitabxananın əməkdaşları tərəfindən hazırlanan materiallarda Ulu Öndərin dahi şəxsiyyətinə, mənalı ömür yoluna, zəngin, çoxşaxəli fəaliyyətinə həsr edilən və 2019-2024-cü illərdə nəşr olunan “Ümummilli Lider: Azərbaycandan Türk dünyasına”, “Heydər Əliyev və Məhəmməd Füzuli”, “Dünya və Azərbaycan siyasətində Heydər Əliyev kursu”, “Milli mədəniyyət tariximiz Heydər Əliyev ideyalarında”, “Heydər Əliyev: dünya sivilizasiyasında elit şəxsiyyət”, “Tariximizin Heydər Əliyev zirvəsi”, “Heydər Əliyev və Nizami Gəncəvi”, “Ulu Öndər Heydər Əliyev və Azərbaycanın kitab mədəniyyəti” kimi 30-dan çox kitabın biblioqrafik təsviri və onların qısa annotasiyaları, dövri mətbuat nümunələri sərgilənir.

    “Xalqa həsr edilmiş ömür” adlı virtual kitab sərgisində Azərbaycan liderinin siyasət və hakimiyyət arenasına gəlişindən, ictimai-siyasi fəaliyyətindən, müstəqil Azərbaycanın quruculuğu sahəsində olan misilsiz xidmətlərindən bəhs edilir. Virtual sərgidə yazılı məlumatlarla yanaşı, Ulu Öndərin, Prezident İlham Əliyevin səs yazıları, foto və videogörüntüləri də yayımlanır.

    Bundan əlavə, Respublika Gənclər Kitabxanasının rəsmi saytında “Tarix yaradan şəxsiyyət – Heydər Əliyev 100” layihəsi çərçivəsində “Heydər Əliyev-100” adlı bölmə yaradılıb. Artıq iki ildir ki, burada müxtəlif mətbuat orqanlarında Ulu Öndər Heydər Əliyev haqqında dərc edilən məqalələr toplanılır. İstifadəçilər burada məqalələrin tam mətni ilə tanış olmaq, onlardan yararlanmaq imkanına malikdirlər.

    Sözügedən materiallar Respublika Gənclər Kitabxanasının rəsmi saytında yerləşdirilib.

    Mənbə: https://azertag.az/

  • Bu gün dünyaşöhrətli yazıçı Çingiz Aytmatovun anadan olmasının 96-cı ildönümüdür

    Qırğızıstanın Xalq yazıçısı Çingiz Aytmatov müasir dünyanın ən qüdrətli söz ustalarındandır. O, adi bir həyat hadisəsini qlobal səviyyəyə qaldırmağı, ona yüksək fikir zirvəsindən baxmağı bacaran bir fikir adamı olub. O, təsvir etdiyi hadisələrin özünü deyil, fəlsəfəsini, mahiyyətini görür və göstərirdi. Onun əsərlərində ən adi məsələ ümumdünya məsələsi kimi göstərilib. Buna görə də o, yalnız öz ölkəsində deyil, bütün dünyada maraqla qarşılanıb. Əksər əsərlərini rus dilində yazmasına baxmayaraq, onun bütün obrazları təpədən-dırnağa qədər qırğızdır. Çünki onun əsərlərində ümumdünya problemləri qırğız həyatından və qırğız təbiətindən keçib ümumiləşir.

    AZƏRTAC xəbər verir ki, bu gün Qırğızıstanın Xalq yazıçısı, çoxsaylı mükafatlar laureatı Çingiz Aytmatovun anadan olmasının 96-cı ildönümüdür.

    Çingiz Aytmatov Qırğızıstanın Şəkər kəndində anadan olub. O, əvvəlcə kənd məktəbində, sonra rayon mərkəzindəki məktəbdə təhsil alıb. İkinci Dünya müharibəsi dövründə -1943-cü ilin yayında adamların çoxunun cəbhəyə getməsi nəticəsində kənddə kişilərin sayı azalanda 15 yaşlı Çingiz Şəkər Kənd Sovetinin katibi təyin edilib. Sonralar o, Cambulda Zoobaytarlıq Texnikumunda, habelə Qırğızıstan Kənd Təsərrüfatı İnstitutunda təhsil alıb, 1953-cü ildə oranı bitirib.

    Ali təhsil almış Çingiz Aytmatov Qırğızıstanın Maldarlıq Elmi-Tədqiqat İnstitutunda işləyib. O, 1952-ci ildə yerli qəzetlərdə dərc edilən bir neçə hekayəsi ilə ədəbi mühitə qədəm qoyub. Qırğız yazıçılarının əsərlərini rus dilinə tərcümə edib, Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunda təhsil alıb.

    1958-ci ilin avqust ayında “Yeni dünya” (“Novıy mir”) jurnalında Çingiz Aytmatovun “Cəmilə” povesti dərc edilib. Povest Avropada dərc ediləndə Qərb oxucuları bu əsərdə insan xarakterində həssaslığın bədii boyalarla ustalıqla verilməsinin şahidi olublar. “Cəmilə” romanı ədəbi ictimaiyyət və oxucular arasında geniş əks-səda yaradıb, “dünyanın ən gözəl eşq hekayəsi” adlandırılıb.

    Sonralar Çingiz Aytmatov qırğız mövzusunu daha dərindən mənimsəyib. “Qırmızı yaylıqlı qovağım mənim”, “Köşək gözü” əsərlərini də məharətlə işləyib, obrazların daxili aləminə nüfuz etməyi bacarıb. 1963-cü ildə yazdığı “Ana tarla” povestində şərtilik və həyati reallıq üzvi şəkildə birləşib. Həmin il yazıçının “İlk müəllim” povesti də nəşr olunub. Lakin bütün bu əsərlər müəllifin böyük nəsrinin proloqu idi.

    Çingiz Aytmatovun qəhrəmanları mənəvi cəhətdən güclü, mərhəmətli və aktiv insanlar idi. Buna görə yazıçını psixoloji portret ustası da adlandırırdılar.

    “Ağ gəmi” (1970), “Dəniz kənarıyla qaçan Alabaş” (1977), “Gün var əsrə bərabər” (1980) romanlarında yazıçı dövrün kəskin fəlsəfi, etik və sosial problemlərinə toxunub.

    Ötən əsrin 80-ci illərinin əvvəlində yazdığı “Ölüm kötüyü” əsəri insan və təbiət münasibətlərindən, həyatın mənasından, dinin insanları yaxşılığa doğru dəyişməsindən, müasir dövrün bəlası olan narkomaniya və digər məsələlərdən bəhs edir.

    Çingiz Aytmatov belə deyib: “Doğru nədir, nədir yalan? Doğru insanlara sevgidir, bu planetdə doğulanların hamısına xoşbəxtlik və azadlıq arzulamaqdır. Heç bir ideologiya və milli quruluş bunun qədər vacib ola bilməz. İnsanlar öldürəndə, öləndə yox, yalnız sevəndə əsl qəhrəman olur…”

    Bu da bir həqiqətdir ki, Çingiz Aytmatov müasir ədəbiyyat təfəkkürü yaradan böyük mütəfəkkirdir. O, öz əsərlərində bəşəri düşüncənin ideal balansını tapıb, insanlığa şərəflə xidmət edib, siyasi şəxsiyyətliyindən ziyadə ədəbi və mədəni şəxsiyyətini öndə tutub. Qırğız türklərinin mədəniyyətini yenidən ortaya çıxaran bu dahi insan 2008-ci il iyunun 10-da müalicə olunduğu Almaniyanın Nürnberq şəhərindəki klinikada vəfat edib.

    Mənbə: https://azertag.az/

  • I Bakı Kitab Festivalı – keçiriləcək

    19 – 22 dekabr tarixlərində “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyi və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə ANAİB I Bakı Kitab Festivalı keçiriləcək.

    Edebiyyatqazeti.az xəbər verir ki, festival Bakı Əl Oyunları Sarayında baş tutacaq.

    “Yeni ilə yeni kitablarla!” şüarı ilə keçiriləcək festivala ANAİB üzvü olan nəşriyyatlarla yanaşı digər nəşriyyatlar da qatıla, öz kitablarını təqdim edə bilərlər. Yeni il əhval-ruhiyyəsində keçiriləcək sərgidə minlərlə kitab 90 %-dək endirimlə təklif olunacaq, tanınmış yazıçıların, şairlərin təqdimat və imza mərasimləri, məşhurlarla görüşlər, şeir saatları, uşaqlar üçün nağıl saatları təşkil ediləcək.

    Son illərdə keçirilən sərgilərin formatına əlavə kimi festivalda yerli qəzet və jurnallar stendlə təmsil olunacaq.

    Dörd gün davam edəcək festival hər gün 10:00-dan 20:00-dək oxucuların üzünə açıq olacaq.

    Festivalda 30-dan çox nəşriyyatın iştirakı gözlənilir.

    Giriş sərbəstdir.

    Mənbə: https://edebiyyatqazeti.az/

  • Varisin Moskvada çıxan yeni romanı böyük maraq doğurub 

    Müasir Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi, istedadlı şair Səlim Babullaoğlunun “Cənub küləyi” adlı seçilmiş şeirlər toplusu ingilis dilində çap olunub.

    Şeir mətnlərinin tərcüməçisi və “Ön söz”ün müəllifi filologiya üzrə fəlsəfə doktoru Kamran Nəzirlidir. Kitab tərcüməçinin “Müasir Azərbaycan poeziyası ingilis dilində” layihəsi çərçivəsində işıq üzü görüb.

    “Bizim məqsədimiz müasir Azərbaycan və türk ədəbiyyatının tanınmış nümayəndələrini, onların yaradıcılığından seçdiyimiz poetik nümunələri beynəlxalq aləmdə təbliğ etmək, poetik düşüncə tərzimizi dünyanın yarıdan çoxunun danışa bildiyi dilə – ingilis dilinə çevirməklə daha geniş auditoriyaya tanıtmaqdır”, – deyə yazıçı-tərcüməçi Kamran Nəzirli bildirib.

    Son 15 ildə onun tərcümə və tərtib etdiyi, “Ön söz” yazdığı bu seriyadan iyirmidən çox kitabın işıq üzü gördüyünü söyləyən K.Nəzirli, həmçinin əllidən çox türk şairinin şeirlər toplusu və ya yaradıcılığından nümunələrin müxtəlif ölkələrdə dərc olunduğunu diqqətə çatdırıb: “Bundan başqa, Azərbaycan Yazıçılar Birliyi və Türkiyə Elm və Ədəbiyyat Əsəri Sahibləri Məslək Birliyinin (İLESAM) dəstəyi və təqdimatı ilə 50 Azərbaycan və 50 türk şairinin şeirləri mənim tərcüməmdə antologiya formatında Ankarada nəşr olunub. Ədəbiyyata, mədəniyyətə, bütövlükdə Türk dünyasına gücümüz çatan şəkildə xidmət edirik. Bu istiqamətdə görüləcək işlərimiz çoxdur, növbəti kitablar da artıq hazırdır. “Müasir Azərbaycan nəsri ingilis dilində” layihəsi çərçivəsində də işlər gedir. Son illər bu silsilədən olan kitablar da az olmayıb. Hazırda Azərbaycan yazıçılarının 3 romanı tərcümə olunub və çapa hazırdır”.

    Topluda “Ön söz”lə yanaşı, şairin qısa bioqrafiyası da verilib.

    K.Nəzirlinin sözlərinə görə, Səlim Babullaoğlunun bu kitabına daxil edilən 32 şeir əsasən sərbəst vəzndə yazılıb. Bu nümunələrin diqqətçəkən cəhətlərindən biri onların bədii-fəlsəfi fikir ifadə etməsi, süjetli və obrazlı olmasıdır, onları tərcümə etmək çətin olmur. Şeirlərdəki səmimiyyət və orijinallıq bugünkü əcnəbi oxucu üçün maraqlı ola bilər.

    Mənbə: https://edebiyyatveincesenet.az/

  • Elçin Hüseynbəylinin kitabı İranda – nəşr olunub

    Yazıçı-dramaturq, publisist, Əməkdar incəsənət xadimi Elçin Hüseynbəylinin hekayələr kitabı İranda çap olunub.

    “Babam, nənəm və kommunizm” adlı toplunun tərtibçisi və naşiri Əlyar Poladdır. Kitaba müəllifin seçilmiş hekayələri daxil edilib.

    Bu, yazıçının qonşu ölkədə nəşr olunan sayca üçüncü kitabıdır.

    Mənbə: https://edebiyyatqazeti.az/

  • AZƏRBAYCAN YAZIÇILAR BİRLİYİNƏ QƏBUL ELANI

    Azərbaycan Yazıçılar Birliyinə (AYB) üzv olmaq istəyən yaradıcı şəxslərin nəzərinə çatdırırıq ki, 2025-ci il fevral ayının 5-dən fevral ayının 20-ə qədər üzvlük üçün tələb olunan aşağıdakı sənədləri AYB Qəbul komissiyasına təqdim edə bilərlər:

    –        Geniş tərcümeyi-hal (yaradıcı məqamlar ətraflı göstərilməklə);

    –        Çap olunmuş kitablar (hərəsindən 1 nüsxə);

    –        Mətbu nəşrləri də göstərilməklə çap olunmuş əsərlərin ümumi siyahısı;

    –        AYB üzvü olan 3 nüfuzlu ədibin zəmanəti (bildiririk ki, zəımanət verən

    şəxslər AYB aparatında işləməməli, AYB-nin ictimai statuslu şuralarında və Qəbul Komissiyasında təmsil edilməməli, eyni zamanda 10 ildən artıq AYB üzvü olmalı, il ərzində üç nəfərdən artıq yazara zəmanət verməməlidirlər);

        – Üzvlüyə qəbulla bağlı ərizə;

        – AYB üzvünün qeydiyyat vərəqəsi;

        – Şəxsiyyət vəsiqəsinin surəti;

        – 3×4 ölçüdə 4 ədəd rəngli fotoşəkil;

    Azərbaycan Yazıçılar Birliyinə üzv olmaq istəyən şəxslər, əgər nəsrlə

    məşğuldurlarsa, minimum 15 çap vərəqi, əgər poeziya ilə məşğuldurlarsa, minimum 5 müəllif vərəqi həcmində mətni əhatə edən nəşr edilmiş kitablarını təqdim etməlidirlər. Dramaturqlar və nəsr tərcüməçiləri də minimum 15 çap vərəqi çap olunmuş mətnlərini, kitablarını təqdim etməli, yaxud Birliyin mətbu orqanlarında çap olunmuş, dövlət teatrlarında tamaşaya qoyulmuş əsərlərini (mətn və ya kserokopiya şəklində) təqdim etməlidirlər.

        Bildiririk ki, 30 yaşa qədər gənclər qəbul üçün 2 zəmanət təqdim edə bilərlər.

        Eyni zamanda, bölgələrdə yaşayan və üzv olmaq istəyən şəxslərin üzvlüyü üçün AYB-ni müvafiq filial və bölmələrindən təqdimatın olması vacibdir.

        AYB nəşrlərində əsərləri çap olunan şəxslərə qəbul zamanı üstünlük veriləcəkdir.

        AYB üzvünün qeydiyyat vərəqəsi və ərizə forması Qəbul komissiyasından götürülməli, yaxud sənədlər təqdim edilən zaman doldurulmalıdır.

        Təqdim edilən sənədlərə sıra sayına müvafiq olaraq növbəti ilin qəbul tarixinə qədərki müddətdə (18 ay ərzində baxılacaq) və son qərar müraciət etmiş şəxslərə bildiriləcəkdir.

        Komissiya üzvlərinin rəyi müraciət edən şəxslərə təqdim edilmir.

        Təqdim edilən sənədlər və kitablar geri qaytarılmır.

        Mənfi rəy alacaq şəxslərin sənədlərinə növbəti iki il ərzində yeni kitabları və publikasiyalar olmadığı təqdirdə təkrar baxıla bilməz.

        Əlavə məlumat almaq istəyən şəxslər (+99412)493-74-81 telefonuna zəng edə, Qəbul komissiyasının katibi Məlahət Qənbərova ilə əlaqə saxlaya bilərlər.   

         Qəbul komissiyası

    Mənbə: http://azyb.az

  • Əziz şairlər və ədəbiyyatsevərlər!

    Dədə Ələsgər Ocağı İctimai Birliyi, türk dünyasının böyük saz və söz ustadı, haqq aşığı Dədə Ələsgər adını yaşatmaq və gələcək nəsillərə çatdırmaq məqsədi ilə yeni kitab nəşr etdirəcəkdir. Kitabda Dədə Ələsgərin həyat və yaradıcılığına həsr olunan şeirlər nəşr ediləcəkdir.

    Sizi haqq aşığı Dədə Ələsgərə ithaf etdiyiniz şeirlərinizi bizimlə bölüşməyə dəvət edirik. Seçilmiş şeirlər “Dədə Ələsgər ədəbi məclisində” paylaşılacaq və Dədə Ələsgərə ithaf olunan şeirlərdən ibarət kitabda çap olunacaqdır.

    Təqdim ediləcək şeirlər üçün tələblər:

    – Şeirlər haqq aşığı Dədə Ələsgərə həsr olunmalı;

    – Şəkiliniz (3×4);

    – Özünüz haqqında qısa məlumat;

    Qeyd: Həm Azərbaycan, həm də xaricdə yaşayan müəlliflərin əsərləri qəbul olunur.

    Şeir və məlumatlarınızı, dede.elesger.ocagi@mail.ru

    -elektron ünvanına göndərə bilərsiniz.

    Diqqət:

    Əlaqə telefonu: 051-556-36-62

    Mənbə: http://azyb.az

  • III Gəncə Kitab Sərgisi – keçiriləcək

    6 – 8 dekabr tarixlərində “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyi (ANAİB), Mədəniyyət Nazirliyi, Gəncə Şəhər İcra Hakimiyyəti və Gəncə İctimai İştirakçılıq Məclisinin birgə təşkilatçılığı ilə Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Urban mərkəzində III Gəncə Kitab Sərgisi keçiriləcək.

    Edebiyyatqazeti.az xəbər verir ki, “Nizami yurduna kitabla gəlirik!” şüarı altında baş tutacaq sərgidə 30-dan çox tanınmış nəşriyyat iştirak edəcək.

    Yazıçılar Şəmil Sadiq, Varis, Elxan Elatlı, Rövşən Abdullaoğlu, Siyavuş Quliyev, Elgüsel, Nurlan Suvarov, Çinarə Köçərli,  tarixçilər Mehdi Gəncəli, Əkbər N.Nəcəf, təlimçilər İlqar Hümbətov, Orxan Şahbaz və müğənni Röyal Musanın iştirakı  ilə müxtəlif panellər, təqdimatlar, imza günləri, şeir gecələri, uşaqlar üçün nağıl saatları, master-klaslar və musiqili proqram təşkil olunacaq.

    Ziyalılar, ədiblər, naşirlər, ictimaiyyət nümayəndələri və media mənsublarının qatılacağı sərgidə 90 %-dək endirimlər tətbiq ediləcək.

    Giriş sərbəstdir.

    Qeyd edək ki, sərginin baş sponsorları “DNK hospital”, “Oksi Group”, sponsorları isə Bani seminariyası, “Hedef Group”, “166” yükdaşıma və logistika şirkətidir.

    Mənbə: https://edebiyyatqazeti.az/

  • Elnarə Akimovanın yeni kitabı – çap olunub

    Tənqidçi-ədəbiyyatşünas, filologiya elmlər doktoru, Milli Məclisin deputatı Elnarə Akimovanın “Azərbaycan uşaq ədəbiyyatı: tarixi təcrübəsi və müasir istiqamətləri” adlı yeni kitabı çap olunub.

    “Elm və təhsil” nəşriyyatında işıq üzü görən kitabın elmi redaktoru və ön sözün müəllifi Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli, rəyçiləri  filologiya üzrə fəlsəfə doktoru, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan və  filologiya üzrə fəlsəfə doktoru Aygün Bağırlıdır.

    Kitabda çağdaş humanitar fikrinin kontekstində Azərbaycan uşaq ədəbiyyatının tarixi təcrübəsi – təşəkkülü, yaranması və inkişafı ümumiləşdirilir. “Uşaq ədəbiyyatı: tarixdən çağdaşlığa”, “Klassika modern işığında”, “Uşaq mətnləri diskurs kimi”, “Uşaq ədəbiyyatında müharibə və zəfər duyğuları”, “Dərsliklərin vəziyyəti: problemlər, qayğılar”, “Müsahibələr: analitik müstəvidə”, “Müzakirə saatı: söhbətlər, düşüncələr”, “Uşaq ədəbiyyatında imzalar” adlı bölmələrdə sistemləşdirilən mətnlərdə uşaq ədəbiyyatının müasir istiqamətləri ilə bağlı dəyərləndirmə aparılır, müxtəlif uşaq ədəbiyyatı nümunələrinin poetikası, üslub və növ zənginliyi nəzəri analizə cəlb olunur, habelə Zəfər tariximizdən sonra uşaq ədəbiyyatının vardığı yeni hüdudlar tədqiqat predmetinə çevrilir.

    Kitab humanitar fikir adamlarına, elm, ədəbiyyat və geniş oxucu auditoriyalarına ünvanlanmışdır.

    Mənbə: https://edebiyyatqazeti.az/

  • “Ulduz” jurnalının Füzulinin 530 illiyinə həsr olunmuş xüsusi sayı – çap olunub

    “Ulduz” jurnalının növbəti sayı çapdan çıxıb.

    Edebiyyatqazeti.az xəbər verir ki, jurnalın noyabr-dekabr sayı Füzulinin 530 illik yubileyinə həsr olunub.

    Jurnalda “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı”, Ümummilli Lider Heydər Əliyevin Məhəmməd Füzulinin 500 illik yubileyinə həsr edilmiş təntənəli gecədə nitqi yer alıb.

    Xüsusi buraxılışda “Heydər Əliyevin Füzuli sevgisi”, Firidun bəy Köçərlinin “Molla Məhəmməd Bağdadi “Füzuli” təxəllüs”, Mirzə Cəlilin “Füzuli”, Abdulla Şaiqin “Füzuli haqqında düşüncələrim”, Bəkir Çobanzadənin “Füzuli və onun yeri”, “Cəfər Cabbarlının “Füzuli haqqında”, Əkrəm Cəfərin “Füzulinin yubileyi qarşısında qəlbim”, Məsud Əlioğlunun “Füzuli və müasir ədəbiyyatşünaslığımız” yazıları dərc olunub.

    Bundan başqa, jurnalda Əliağa Vahidin “Füzulidən təxmis”, Bəxtiyar Bahabzadənin “Onun pərişanlığı” və “Qəlb şairi”, Əli Kərimin “Füzuli”, Zəlimxan Yaqubun “Görüş–ayrılıq”, Məmməd Cəfərin “Füzuli sevir”, Rəsul Rzanın “Uzaq ellərin yaxın töhfələri”, Samət Əlizadənin “Füzuli sözünün sehri”, Yaşar Qarayevin “Türk-İslam intibahının zirvəsi Füzuli”, Nihad Sami Banarlının “Füzulinin duası” yazıları işıq üzü görüb.

    Xüsusi buraxılışda Füzulinin seçmə qəzəlləri də təqdim olunub.

    “Ulduz” jurnalının AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsi və “Təhsil” Nəşriyyatının birgə layihəsi olan xüsusi nömrəsinin redaktoru filologiya elmləri doktoru Pərvanə Bəkirqızıdır.

    Mənbə: https://edebiyyatqazeti.az/

  • Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada – nəşr olunub

    Görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Cəlalın dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığından bəhs edən “Füzuli sənətkarlığı” kitabı ərəb dilinə tərcümədə İordaniyada işıq üzü görüb.

    Dahi şairin 530 illik yubileyinə töhfə olaraq ərsəyə gətirilmiş kitabın “Ön söz”ünün müəllifi tanınmış İordaniya yazıçısı və ədəbiyyatşünası Samih əl-Məhariq, əsərin ərəb dilinə tərcüməçisi Fərid Camalovdur.

    Zəngin ənənəsi olan “Əl-Əzminə” nəşriyyatında nəfis tərtibatda çap edilən kitab yaxın günlərdə İordaniyanın mərkəzi kitabxanalarına, universitet və kitab evlərinə paylanılacaq.

    azertag.az

    Mənbə: https://edebiyyatqazeti.az/

  • S.Ə.Kəriminin Azərbaycan Milli Konservatoriyasının rektoru vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    S.Ə.Kəriminin Azərbaycan Milli Konservatoriyasının rektoru vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

    Siyavuş Əşrəf oğlu Kərimi Azərbaycan Milli Konservatoriyasının rektoru vəzifəsindən azad edilsin.                              

    İlham Əliyev

    Azərbaycan Respublikasının Prezidenti

    Bakı şəhəri, 27 noyabr 2024-cü il

    Mənbə: https://president.az/

  • G.B.Baxşəliyevanın “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    G.B.Baxşəliyevanın “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

    Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə və elmin inkişafında xidmətlərinə görə Gövhər Baxşəli qızı Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilsin.

    İlham Əliyev

    Azərbaycan Respublikasının Prezidenti

    Bakı şəhəri, 25 noyabr 2024-cü il

    Mənbə: https://president.az/

  • Azərbaycanın dövlət müstəqilliyinin bərpasından 33 il ötür

    Bu il müzəffər Azərbaycan xalqı dövlət müstəqilliyinin bərpasının 33-cü ildönümünü qeyd edir.

    AZƏRTAC xəbər verir ki, 33 il əvvəl Azərbaycan Respublikasının Ali Soveti Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul edib. Oktyabrın 8-də işə başlayan növbədənkənar sessiya məsələni dörd gün ərzində müzakirə etsə də, qərarın verilməsini bir həftə sonraya saxladı. Nəhayət 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında sənəd qəbul edildi. 2021-ci il oktyabrın 15-də Milli Məclis Prezident İlham Əliyevin təşəbbüsü ilə “Müstəqillik Günü haqqında” yeni Qanunu təsdiqlədi. Qanuna əsasən, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan olundu.

    Müstəqilliyinin ilk illərində özünün ağır günlərini yaşayan Azərbaycan xalqı qətiyyətli iradə nümayiş etdirərək gələcək taleyinə sahib çıxmağı bacardı. 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanda hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev ölkəmizin müstəqilliyini əbədi və dönməz etdi. Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı 1991-ci il oktyabrın 18-də qəbul edilsə də, əslində, Azərbaycan özünün əsl müstəqilliyini Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra qazandı. Məhz Ümummilli Liderin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı, Vətənə olan tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtardı. Ulu Öndər ölkədə xaos və anarxiyanı, cəmiyyətdə hökm sürən iqtisadi, siyasi və mənəvi psixoloji gərginliyi aradan qaldırdı. Müstəqil Azərbaycan Respublikası möhkəm əsaslar üzərində yeni inkişaf xəttini tutdu. Azərbaycanı müsəlman Şərqində ilk demokratik respublika olan Xalq Cümhuriyyətinin varisi elan edən Ümummilli Lider Heydər Əliyev “müstəqilliyi qorumaq onu əldə etməkdən qat-qat çətindir” məntiqi ilə nəhəng dövlət quruculuğu işlərinə başladı. Ulu Öndərin yorulmaz səyləri nəticəsində qısa müddətdə Azərbaycanın səsi ən nüfuzlu beynəlxalq təşkilatların kürsüsündən gəldi. Müstəqilliyin əvəzsiz nemət olduğunu və xalqın tarixi taleyində çox önəmli rol oynadığını böyük qürur hissi ilə bəyan edən Heydər Əliyev Azərbaycanın müstəqilliyini əbədi və dönməz etdi. Əsl müstəqillik isə öz sərvətlərinin tam sahibi olmaqdır. 1994-cü il sentyabrın 20-də Heydər Əliyevin müəllifi olduğu nəhəng neft müqaviləsi – “Əsrin kontraktı” imzalandı. Bununla da Azərbaycan ilk dəfə olaraq öz sərvətlərinin sahibi kimi çıxış etdi. Dünyanın aparıcı dövlətlərinin ən qabaqcıl şirkətlərinin bu kontraktda iştirakı isə ölkəmizin regionda əhəmiyyətini və nüfuzunu artırdı. Azərbaycan iri regional layihələrə, Avropa və bütövlükdə dünya enerji təhlükəsizliyi sisteminə qoşuldu. 1993-cü ildən başlayaraq dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində görülən işlər və atılan məqsədyönlü addımlar Azərbaycanın bugünkü uğurları üçün ən etibarlı təməl oldu. Bir sözlə, əgər Azərbaycanın müstəqilliyi tarixi zərurətdən irəli gələn hadisə idisə, bu müstəqilliyin əbədiliyi və dönməzliyi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.

    Ulu Öndərin müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi istiqamətində strateji kursu bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ulu Öndərin çoxşaxəli fəaliyyətinin nəticələrinə əsaslanaraq Prezident İlham Əliyev ölkəmizə rəhbərliyi dövründə siyasi, iqtisadi, sosial və hərbi sahələrdə böyük tərəqqi və inkişafa nail olub. Azərbaycan yerləşdiyi bölgədə cərəyan edən strateji, siyasi və iqtisadi proseslərin gedişinə təsir göstərməyə qadir ölkəyə çevrilib. Milli maraqlara uyğun olaraq beynəlxalq birliyin əksər üzvləri ilə qarşılıqlı faydalı əməkdaşlıq həyata keçirilir. Dövlətimizin başçısının müəyyənləşdirdiyi uğurlu inkişaf strategiyası nəticəsində Azərbaycan iqtisadiyyatı inkişaf sürətinə görə dünyada ən yüksək yerlərdə dayanır.

    Ölkəmizə yeni can verən Ümummilli Liderin ən böyük arzusu işğal altında olan torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün bərpası idi. Ulu Öndərin bu arzusunu da Prezident İlham Əliyev reallaşdırdı. 2020-ci ildə 44 günlük Vətən müharibəsində Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı şanlı Qələbə nəticəsində işğala son qoyuldu, düşmən torpaqlarımızdan qovulub çıxarıldı, ərazi bütövlüyümüz bərpa edildi. Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi Qarabağ Zəfəri xalqımızın qəhrəmanlıq tarixinə əbədi həkk olunub. Qarabağın tacı, döyünən ürəyi olan Şuşanın fəthi tariximizə Zəfər Günü kimi yazıldı. Bundan iki gün sonra isə işğalçı Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu. Beləliklə, BMT Təhlükəsizlik Şurasının 27 il kağız üzərində qalmış qətnamələrini Azərbaycan özü icra etdi.

    Artıq işğaldan azad olunmuş ərazilərimizə həyat qayıdır. Azad edilmiş ərazilərdə dövlətimizin başçısının göstərişinə əsasən genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir, Böyük Qayıdış Proqramı icra olunur. Görülən bütün işlər Azərbaycan xalqının daha həyat səviyyəsini daha da yaxşılaşdırmaq, sabahını daha firavan etmək məqsədi daşıyır. İşğaldan azad olunmuş ərazilərə həyat yenidən qayıdır: infrastruktur obyektləri ilə paralel olaraq, yaşayış kompleksləri, məktəb binaları tikilib istifadəyə verilir, yenilərinin təməli qoyulur.

    Görülən işlər Azərbaycan dövlətinin gücünü, qüdrətini, iqtisadi imkanlarını nümayiş etdirir. Təbii ki, ölkəmizin qüdrətini nümayiş etdirən daha bir hadisə ötən il sentyabrın 19-20-də baş verdi. Azərbaycan Silahlı Qüvvələrinin Qarabağın qeyri-qanuni erməni silahlı birləşmələrindən təmizlənməsi və ərazilərimizdəki qondarma rejimin ləğv edilməsi istiqamətində başlatdığı lokal xarakterli antiterror tədbirləri qısa müddətdə böyük uğurla nəticələndi. Qeyri-qanuni erməni silahlı birləşmələrinin tərk-silah olunması, qondarma rejimin özünü buraxdığını elan etməsi ilə Azərbaycan bütün ərazilərində suverenliyini bərpa etdi. Beləliklə, bu gün Azərbaycanın üçrəngli Dövlət Bayrağı ölkəmizin bütün şəhər və rayonlarında dalğalanır. Özünün müdrik, uzaqgörən və qətiyyətli Liderinin rəhbərliyi ilə möhtəşəm uğurlara imza ataraq tarixi Zəfər qazanan xalqımız bütün dünyaya göstərdi ki, Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir!

    Mənbə: https://azertag.az/

  • Şəfa VƏLİYEVA.”Qonağın qəndi”(Hekayə)

     “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru

                                                     

             Qırx beş yaşlı bir kişi üçün həyatının bu günə qədərki düzənini pozmaq elə də asan deyildi. Qohum-qonşuların, hətta, yaşı yetmişi çoxdan keçmiş anamın belə evlilik haqda danışıqları bu səbəbdən beynimin bir küncündə hər gün eşidəcəyim avtomobil siqnalı kimi adiləşmişdi. Mən bu yaşa qədər özümə qəhvə dəmləməyə,  pencəyimin düymələrini bərkitməyə, köynəyimin boynunu sulu dəsmal qoyaraq ütüləməyə elə alışmışdım ki, bütün bunları kiminsə edəcəyini ağlıma da gətirmək istəmirdim. Aradabir güzgüdə saçlarımın arasında süd rəngi gözümə dəysə də gülümsəyirdim. Xəyalə Sevilin kitabındakı kimi özümü təsəlli edirdim: “Saçlarıma ay qonub”. Özün-özünü təsəlli edib gülümsəyincə içindəki hisslərin adı olmur. Bəzən düşünürəm də, elə yaxşı ki, bu hisslərin adı olmur. Yoxsa, öz gözümdən bir çılğın yalançı kimi düşərdim.

             Hə, deyirdim axı, evlilik mənimçün çoxdan getmişdi. Bu gediş bileti əlimdə yanan qatarın gedişi qədər təəssüf doğurucu deyildi, durnaların payız yaxınlaşınca isti ölkələrə qayıtması kimi adi idi. Çox adi. Lakin, adiliyi yox etmək üçün həyat mənimlə şərt kəsmişdi. Bu şərtin nə vaxtsa qarşıma qoyulacağı, məni sehr dükanına göndərəcəyini bilirdim. Qəsdən gecikirdim. Sevmədiyin bir qadının sevdiyin rəngdə manto geyinməsini görüb ona görüş təyin etmək kimi idi evliliklə üzləşməyə hazırlaşmağım. Lakin, bir gün ikicə kəlmə söz məni masaya oturmağa və bütün kartlarımı açaraq sonuncu  inadımdan da keçməyə vadar elədi. 

             Onda qış gəlmişdi. Dovşan ovu barədə sənədli filmə baxandan sonra həvəslənib uzaq kənddə yaşayan qohumlarımızgilə gedib çıxmışdım. Kəndə axşamüstü çatmışdım. Qonaq getdiyim ailə yaşı otuzu təzəcə keçmiş olan gənc bir ata, saçlarını çəhrayı kəlağayıda gizləyən gənc ana və üç yaşlı bir oğlan uşağındn ibarət idi. Şəhərin dolanbac küçələrinin riyakarlığından uzaq bu kənd məsumluğu məndə kövrəklik də yaratmışdı. Arada düşünmüşdüm ki, bəlkə yaşım əlliyə az qalıb deyə belə ürəyiyuxa olmuşam?!

             Kasıbyana süfrədə şəhərdə birini bəyənib  yediyim, o birinə mız qoyduğum şirniyyatlardan heç biri yox idi. Şüşə qənd qabının qapağının bir tərəfi çatlamışdı. İçindəki bir ovuc qənd şüşə qabın içərisində üst-üstə yığılmış oyuncaq kublara bənzəyirdi. Bilmirəm, niyə onda bu qəndqabına belə çox fikir vermişdim. Yəqin, bu da Tanrı  tərəfindən verilən bir işarət idi. Biz insanların hər birini sevgiylə yaradan Tanrı bizə hər şeyi anladır. Lakin, biz bunu görməzdən gəliriksə, bir şanssızlıqla üzləşincə, niyə özümüzü yox da, Tanrını günahlandırırıq?!

             Gecəni bu fikirlərlə yatmışdım. Tanrı və onun bizə göndərdiyi işarətlərin həyatımıza təsiri, əslində, həyatın nədən ibarət olduğu barədə o  qədər düşünmüşdüm ki, saat neçədə yatdığım yadımda deyildi. Oyananda ilk baxdığım saat oldu. Günortaya yaxınlaşırdı. Axşamın qaranlığında o qədər fikir verməsəm də, indi  qış günəşinin gözqamaşdırıcı parıltısını mənə  ötürən pəncərənin o üzündə kiçik  bir aynabəndin olduğunu gördüm.  Başımı qaldırıb eşiyə baxmaq istəyirdim ki,  eşitdiyim sözlər məni çarəsizcə  yerimdə donmağa məcbur etdi. Uşaq anasına deyirdi:

    -Ana, qonağın qəndinin biyi yeyə düsüb.

             Donmuşdum… Çarəsizdim… Necə yəni, qonağın qəndi? Axı, bu evdə başqa şirniyyat yoxdur? Üç yaşlı uşaqlar isə qəndi xart-xartla yeməyi sevirlər. Bəs, bu eşitdiyim? Düşündüyümü  özümə təsdiqləmək istəməsəm də yavaşca pəncərədən aynabəndə boylandım. Ananın əlinə şüşə qəndqabı vardı. Uşaq kiçik ovcundakı bir dənə qəndi qaldırıb anasına uzatmışdı. Ananın gözlərində qürurqarışıq  təəssüf vardı. Və ikisi birdən;  qürur və təəssüf iki gilə göz yaşına da qalib gəlmiş, onları ananın dumduru bəbəklərindən yanağına qovmağı  bacarmışdılar.

             Dovşan ovu həvəsimi  öz tariximin bir səhifəsinə yazıb həmin gün o kənddən ayrılmış, evlənməyə qərar vermişdim. Mən də üç  yaşlı oğlumun həyatın yoxluq və varlıq işvəsini anlamasını istəyirdim.

    “Ədəbiyyat və incəsənət”

    (15.10.2024)

  • Azərbaycanlı yazıçı Şəfa Vəliyeva Beynəlxalq Yazşader Hekayə və Şeir Müsabiqəsinin (Uluslararası Yazşader 1. Öykü ve Şiir Yarışması) qalibi olub

    Qardaş Türkiyə Cümhuriyyətinin İzmir şəhərində yerləşən YAZŞADER – Yazarlar və Şairlər Dayanışma Derneği tərəfindən  keçirilən  I Beynəlxalq Yazşader Hekayə və Şeir Müsabiqəsinin qalibi (Uluslararası Yazşader 1. Öykü ve Şiir Yarışması) “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru Şəfa Vəliyeva olub. Müəllif həmin müsabiqədə “Qonağın qəndi” hekayəsi ilə təmsil olunub.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti
    və İctimaiyyətlə əlaqələr şöbəsi.

  • AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Xalq yazıçısı İlyas Əfəndiyevin 110 illiyi keçirilib

    AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutundaXalq yazıçısı İlyas Əfəndiyevin 110 illiyinəhəsr olunmuş tədbir keçirilib. Tədbirdə Xalq yazıçısı Elçin və millət vəkili Günay Əfəndiyeva, Qırğızıstandan gəlmiş ziyalılar, media mənsubları və başqaları iştirak ediblər. Əvvəlcə yazıçının əsərlərindən və haqqında yazılmış kitablardan ibarət sərgiyə baxış olub.

    Tədbiri giriş sözü ilə AMEA-nın prezidenti, Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli açıb. Çıxışında vurğulayıb ki, İlyas Əfəndiyev sovet dövründə yaşayan, amma mümkün olduqca həmin ideologiyadan kənarda duran, qalan ədəbiyyat yaradıb. O sovet dövründə yaşasa da, ümummilli ədəbiyyat yaradaraq, xalqa onun ideallarına həsr olunan əsərlər yazmağın mümkünlüyünü isbat edib. Azsaylı yazıçılardan biridir ki, Komminist Partiyasının sıralarına daxil olmayıb. O, ixtisasca da ədəbiyyatçı deyil, coğrafiya fakultəsini bitirmişdi. Öz istedadının gücü ilə, öz qəlbinin səsi ilə yazıb yaradaraq bu gün də, sabah da yaşayan, ictimai formasiyaların dəyişməyindən asılı olmayaraq yaşaya biləcək əsərlər yaradıb. Onun yazdıqları Azərbaycanın sabahına ünvanlanan, xalqının milli mənafeyinin daha dərindən təsvirinə həsr olunub. “Kənddən məktublar”dan başlayan bu böyük ədəbiyyat, Azərbaycan nəsrini zənginləşdirən yeni ədəbiyyatın yaranması ilə nəticələndi.

    Hesab edirəm ki, sovet dövründə Azərbaycanda lirik-psixoloji nəsrin ən böyük ustadı İlyas Əfəndiyevdir – deyən akademik onun “Söyüdlü arx”, “Bahar suları” kimi əsərlərindən başlanan bu üslubun inkişaf edərək “Sarıköynəklə Valehin nağılı”na qədər davam etdiyi xatırladıb.

    “İlyas Əfəndiyevin yaradıcılığından danışanda onun dramaturgiyasını ayrıca qeyd etməmək mümkün deyil” – söyləyərək bildirib ki, o, lirik-psixoloji teatrın və dramaturgiyanın da yaradıcısıdır. İlyas Əfəndiyevin teatrı lirik-psixoloji üslubda olan, insanın iç dünyasını cəmiyyətə təqdim edən fərqli teatr idi. İlyas Əfəndiyev xüsusən 1960-1980-ci illərdəki əsərləri ilə Azərbaycan xalqının ideologiyadan kənar, amma milli ideallara, gerçək həyata yönəldilmiş bir ədəbiyyatı xalqa verməklə onun gələcək müstəqilliyinə hazırlaşmasına kömək edib. Xüsusən də “Natəvan” və “Xiyabani” pyesindəki azərbaycançılıq idealları İlyas Əfəndiyevin dövlət müstəqilliyi təfəkküründə yeni nəslin yetişməsində xidmətlərini aydın şəkildə ifadə edir. Onun əsərləri, istər janrına və mövzusuna, istərsə də qəhrəmanlarına görə də yeni olur. Həm sənətkarlıq, həm də mövzu və ideya cəhətdən bənzərsiz və əhəmiyyətli yazıçıdır. Ona görə də onu daim öyrənirik. Dissertantlarımızdan birinə də İlyas Əfəndiyevin yaradıcılığı haqqında dissertasiya mövzusu vermişik. Bu mövzu ədəbiyyatşünaslıq elmimizin də vəzifəsidir. Bu tədbir də İlyas Əfəndiyevə elmin yenidən qayıdışının ifadəsidir – deyə akademik İsa Həbibbəyli çıxışını yekunlaşdırıb.

    Tədbirdə filologiya elmləri doktoru, professor Asif Rüstəmli “İlyas Əfəndiyev yaradıcılığı Yaşar Qarayevin dəyərləndirmə müstəvisində”, filologiya elmləri doktoru Vaqif Yusifli “İlyas Əfəndiyevi xatırlayarkən” və filologiya elmləri doktoru Sara Osmanlı “Yazıçı tənqidinin meyarları” mövzularında məruzələr ediblər.

    Çingiz Aytmatov adına Dil və Ədəbiyyat İnstitutunun direktoru akademik Abdıldacan Akmatalıyev çıxışında bildirib ki, Qırğızıstanda Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələri Bəxtiyar Vahabzadə, İlyas Əfəndiyev, Anar və Elçinin əsərləri tərcümə olunaraq geniş oxucu kütləsinə çatdırılıb. Öz ölkəsində alimlərin, tədqiqatçıların və tərcüməçilərin Azərbaycan ədəbiyyatına böyük maraq göstərdiyini də vurğulayıb. İlyas Əfəndiyevin üç romanının qırğız dilinə tərcümə olunaraq nəşr edildiyini və böyük maraqla qarşılandığını əlavə edib. Qonaq çıxışında konfransın təşkilinə görə Akademik İsa Həbibbəyliyə təşəkkür edib.

    Böyük elmi işçi Dilarə Adilova “İlyas Əfəndiyevin romanlarında müasirlik”

    mövzusunda məruzəsində qeyd edib ki, “İ.Əfəndiyev nəsrinin əsas qolunu onun “janrı gözəl bildiyi” romanları təşkil edir. Onun romanlarının mövzusunu nə konkret kəndə aid etmək olur, nə şəhərə. Yazıçının qəhrəmanları birmənalı şəkildə nə kəndlidir, nə şəhərli. Kəndlə şəhər arasında “var-gəl” edirlər. “Söyüdlü arx” və “Dağlar arxasında üç dost” romanlarında müharibədən sonra böyük aqrar ölkənin ucqar kəndləri – Güney qışlaq, Quzey qışlaq və Qartallı dərə təsvir edilir, müasir kənd modeli, onun tərəqqisi problem kimi götürülür. Kəndlərimizin bu günki mənzərəsindən fərqli olaraq, Oralarda həyat qaynayır. Heç kim şəhərə köçməyi düşünmür, əksinə, şəhərlilər təyinatla rayona işləməyə gedir. Şəhərlə kəndin fərqinin itdiyi bugünümüzdə isə kəndlərdə evlər boş qalıb…”

    Əlavə edib ki, “İ.Əfəndiyev cəmiyyətdəki və insan mənəviyyatındakı qüsur və eybəcərliklərlə  öz əsərləri ilə mübarizə aparırdı. İnsan haqlarının pozulması və taptanılmasına, əxlaq pozuntusuna qarşı barışmaz mövqedə idi. Zəhmət, əmək, ailə, dostluq onun üçün müqəddəs nəsnələr olub əsərlərinin də baş mövzusu idi. “Sarıköynəklə Valehin nağılı” yazıçının digər romanlarından fərqlənir… Əgər “Söyüdlü arx”, “Körpüsalanlar”, “Dağlar arxasında üç dost” 60-ların əvvəllərini əhatə edirdisə, “Sarıköynəklə Valehin nağılı” sosial, məişət və ictimai problemləri ilə sırf 80-lərə aiddir. Burada gördüyümüz xoşbəxt cütlüklə ədibin başqa romanlarında qarşılaşmırıq. Romanda uşaqlıqdan bir-birini sevən iki gəncin çətin taleyi və saf məhəbbəti fonunda dövrün çatışmazlıqları, haqsızlıqları əks olunur. “Romanın sərlövhəsinə çıxarılmış “nağıl” sözü təsadüfi xarakter daşımır”. Bu, yazıçıya yeri gəldikcə hadisələri “nağıl”laşdırıb, qəhrəmanları düşdükləri mürəkkəb vəziyyətlərdən çıxarmağa  imkan verir. Nağıl qəhrəmanları həmişə simvol kimi qəbul edilirlər; işıq-qaranlıq, xeyir-şər… “İlyas Əfəndiyevin yaradıcılığı Azərbaycan ədəbiyyatının özünəməxsus nağılıdır”. (akademik İsa Həbibbəyli) Elə romanın “happy end”lə bitməsi əsl nağıl sonluğudur”.

    Tədbirin sonnda ədibin ailəsi adından Xalq yazıçısı Elçin çıxış edərək bu tədirdə söhbətin ədəbiyyatdan getməsinə görə onu xoş hadisə adlandırıb. Bildirib ki, məhz Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşları İlyas Əfəndiyevin yaradıcılığı barədə sanballı söz dedilər. Atası haqqında danışaraq vurğulayıb ki, onun əsərləri bu gün heç bir dəyişikliyə məruz qalmadan oxuculara alın açıqlığı ilə təqdim olunur.

    Ədəbiyyat İnstitutu ilə bağlı xoş xatirələrini və təəsüratlarını bölüşən Xalq yazıçısı məruzələr haqqında da yüksək fikirlər səsləndirib. “Bu gün mütəxəssis sözü İlyas Əfəndiyev yaradıcılığına daha artıq qiymət verirsə, deməli, o, xoşbəxt yazıçıdır. İlyas əfəndiyev öz yaradıcılığı ilə ideologiyaya yox, ədəbiyyata xidmət edib” – deyərək çıxışının sonunda tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkürlərini bildirib.

    Gülnar Səma

    Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,

    İctimaiyyətlə əlaqələr şöbəsi

  • Xalq şairi Rəsul Rza yaradıcılığı ABŞ ədəbiyyat portalında

    ABŞ-ın populyar “Poetryverse” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Xalq şairi Rəsul Rzanın ingilis dilinə tərcümə olunmuş “Qədim əlyazması”, “Məndə ixtiyar olsa”, “Hamımız yoldayıq”, “Sənə də qalmaz” şeirlərinin yayımına başlayıb.

    Dövlət Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, şairin yaradıcılığı haqqında məlumatla təqdim olunan şeirlərin ingilis dilinə tərcümə müəllifləri tanınmış Amerika şairi Tomas U. Keys və Mərkəzin Böyük Britaniya və İrlandiya ilə ədəbi əlaqələr üzrə koordinatoru Nərmin Həsənovadır.

    Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənən portal mütəmadi olaraq səhifələrində Uilyam Şekspir, Volfqanq Höte, Aleksandr Puşkin, Emili Dikinson, Ceyn Ostin, Pablo Neruda kimi dünyaşöhrətli şair və yazıçıların yaradıcılığına yer ayırır.

    Mənbə: https://azertag.az/

  • Şirvanda Məhəmməd Füzulinin 530 illik yubileyi qeyd olunub

    Şirvanda dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr olunan “Füzuli dünyasından dünyaya baxış” adlı tədbir keçirilib.

    AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir Şirvan Şəhər İcra Hakimiyyəti, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi və Şirvan-Salyan Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə reallaşıb. Yubiley toplantısında Şirvan Şəhər İcra Hakimiyyətinin, YAP Şirvan şəhər təşkilatının, şəhərin hüquq-mühafizə orqanlarının, regional təşkilatların, idarə və müəssisələrin rəhbərləri, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

    Şəhərin Məhəmməd Füzuli adına Mədəniyyət və İstirahət Parkında dahi şairin büstü ziyarət olunub, önünə gül dəstələri düzülərək, xatirəsi yad edilib.

    Sonra Şirvan Dövlət Rəsm Qalereyasının təşkil etdiyi Məhəmməd Füzuli yaradıcılığına həsr olunan rəsm sərgisinə baxış keçirilib. Şirvan Şəhər Mədəniyyət Mərkəzində davam edən tədbirdə şəhərin mədəniyyət nümayəndələrinin və məktəblilərin ifasında Məhəmməd Füzuli yaradıcılığından nümunələr səsləndirilib, “Meyvələrin söhbəti” kompozisiyası təqdim edilib, şairin qəzəlləri əsasında muğam parçaları ifa edilib.

    Tədbirdə Azərbaycan-Türkiyə ədəbiyyatı tarixində divan janrının ən möhtəşəm nümayəndələrindən olan Məhəmməd Füzulinin həyat və yaradıcılığından bəhs olunub, onun əsərlərinin təkcə ölkəmizin poeziyası üçün deyil, bütövlükdə Şərq və dünya ədəbiyyatı üçün əhəmiyyəti vurğulanıb.

    Mənbə: https://azertag.az/

  • Bakıda “Qərbi Azərbaycan mədəniyyəti” festivalı keçirilib

    Oktyabrın 16-da Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi, Qərbi Azərbaycan İcması, “İRƏLİ” İctimai Birliyi, Beynəlxalq Muğam Mərkəzi, Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin təşkilatçılığı ilə “Qərbi Azərbaycan mədəniyyəti” festivalı keçiril

    AZƏRTAC xəbər verir ki, tədbirdə Qərbi Azərbaycana məxsus tarixi fotolar və rəsm kompozisiyaları, həmçinin bu coğrafi əraziyə aid müxtəlif kulinariya nümunələri sərgilənib. Festival Qərbi Azərbaycanın tarixi, mədəniyyəti və coğrafiyasını gənclərə tanıtmaq, Azərbaycan həqiqətlərini doğru və ətraflı şəkildə çatdırmaq məqsədilə təşkil olunub.

    Tədbirdə Azərbaycan Dövlət Nəfəs Alətləri Orkestrinin ifasında Dövlət Himni və “Koroğlu” operasından “Uvertüra” səslənib, rəqs qrupları tərəfindən müxtəlif kompozisiyalar təqdim olunub.

    Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov çıxışında tədbirin əhəmiyyətinə toxunaraq bu cür layihələrin davamlı olmasını arzu edib.

    Gənclər Fondunun direktoru Qədir Xəlilov isə bildirib ki, festival Qərbi Azərbaycanın tarixinə dönüş və bu tarixi xatırlama baxımından böyük əhəmiyyət kəsb edir və belə layihələr Qərbi Azərbaycana qayıdışın kiçik addımları hesab olunmalıdır.

    Sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələrindən ibarət xalq çalğı alətləri ansamblının müşayiəti ilə xanəndələr müxtəlif musiqilər və Qərbi Azərbaycana xas olan aşıq havaları ifa ediblər.

    Tədbirdə çıxış edən rəsmilər gənclərin fəallığını yüksək qiymətləndirərək onları mükafatlandırıblar.

    Qeyd edək ki, tədbirdə, həmçinin “İRƏLİ” İctimai Birliyinin sədri Şahin Rəhmanlı, Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının sədr müavini Kamal Cəfərov və Milli Məclisin deputatı Səbinə Xasayeva iştirak ediblər.

    Mənbə: https://azertag.az/

  • Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib

    Oktyabrın 15-də Milli Azərbaycan Tarixi Muzeyində Səfəvilər dövlətinin banisi görkəmli şair Şah İsmayıl Xətainin (1487-1524) 1508-ci ilə aid fərmanının təqdimatı keçirilib. Fərman bu il İngiltərənin məşhur “Christie’s” hərracında Azərbaycan vətəndaşı tərəfindən satın alınaraq Tarixi Muzeyinə hədiyyə edilib. Sənəd Şah İsmayıl Xətai tərəfindən 1508-ci il iyulun 4-də (hicri-qəməri təqvimi ilə 914-cü il səfər ayının 25-i) imzalanıb.

    Fərman fars dilində, “qara şikəstə” üslubu ilə yazılıb və Xətainin möhürü ilə təsdiqlənib. Səfəvi hökmdarının mülkiyyət məsələlərinə dair fərmanlarından biri olan sənəd bütöv və möhürlü vəziyyətdə olması ilə xüsusi əhəmiyyət daşıyır. Təqdimat mərasimində Milli Məclisin sədr müavini akademik Rafael Hüseynov, Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu, Mədəniyyət Nazirliyinin nümayəndələri, mədəniyyət və elm xadimləri iştirak ediblər.

    Tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini Fərid Cəfərov bildirib ki, xalqımıza məxsus tarixi və mədəni irs nümunələrinin Azərbaycana qaytarılması və qorunub-saxlanılması dövlətimizin daim diqqət mərkəzindədir. Bu həm də mədəniyyət siyasətimizin əsas istiqamətlərindən biridir: “Dövlət qurumlarının bu sahədə apardığı işlərə vətəndaşlarımızın da dəstək verməsi təqdirəlayiq haldır və bu cür təşəbbüslər cəmiyyətimizin həmrəyliyini və milli dəyərlərə bağlılığını nümayiş etdirir.

    Səfəvilər imperiyasının ilk illərinə məxsus bu nadir sənəd Azərbaycanın dövlətçilik ənənələrinə dair dəyərli eksponat olmaqla yanaşı, gələcək nəsillər üçün tarixi mənbədir”. AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Şah İsmayıl Xətai imzalı bir sənədin ölkəmizə gətirilməsini böyük tarixi və siyasi əhəmiyyətli hadisə kimi dəyərləndirib. Milli Azərbaycan Tarixi Muzeyinin direktoru akademik Nailə Vəlixanlı qeyd edib ki, Azərbaycanın tarixi və mədəni irs nümunələrinin ölkəyə qaytarılması artıq ənənəyə çevrilib: “Vətəndaşımızın şəxsi təşəbbüsü ilə Azərbaycan xalqının böyük oğlu, sərkərdə və şair Şah İsmayıl Xətainin fərmanının satın alınaraq muzeyimizə hədiyyə edilməsi əsl vətənpərvərlik nümunəsidir. Bu həm də xalqımızın öz tarixini yaşatmaq və ona sahib çıxmaq əzmini göstərir”.

    Fərmanın muzeyin daimi ekspozisiyasında sərgilənəcəyini bildirən N.Vəlixanlı Şah İsmayıl Xətainin vəfatının 500-cü ildönümün tamam olduğu vaxtda Azərbaycana gətirilməsinin simvolik məna daşıdığını deyib. AMEA-nın Tarix və Etnologiya İnstitutunun direktoru professor Kərim Şükürov Xətainin dövlətçilik fəaliyyəti, Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi onun bədii yaradıcılığı ilə bağlı fikirlərini bölüşüblər.

    Tədbirin sonunda Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Qədim musiqi alətləri ansamblının ifasında bədii-musiqili kompozisiya təqdim olunub.

    Mənbə: https://culture.gov.az/

  • Mədəniyyət Nazirliyi ilə Təhsilin İnkişafı Fondu arasında əməkdaşlıq müqaviləsi imzalanıb

    “TələbəPlus” layihəsi çərçivəsində Mədəniyyət Nazirliyi ilə Təhsilin İnkişafı Fondu (TİF) arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Sənədi mədəniyyət nazirinin müavini Səadət Yusifova və TİF-in İdarə Heyətinin sədri Elnur Nəsibov imzalayıblar. Mədəniyyət nazirinin müavini Səadət Yusifova layihənin əhəmiyyətini yüksək qiymətləndirib.

    Qeyd edib ki, imzalanmış müqaviləyə əsasən teatr, muzey və qoruqlarda tələbələr üçün xüsusi endirimlərin tətbiq olunması gözlənilir. TİF-in İdarə Heyətinin sədri Elnur Nəsibov vurğulayıb ki, layihə bütün ölkə üzrə tələbələrin eyni güzəşt və endirimlərdən yararlanmalarını təmin etmək, eyni zamanda onların sosial həyatlarına dəstək göstərmək məqsədi daşıyır.

    Alış-veriş mərkəzlərində və tələbələrin ən çox istifadə etdiyi müxtəlif iaşə obyektlərində tələbələrə özəl güzəştlər edilməsi üçün TİF öz tərəfdaşları ilə birlikdə 200-dən artıq şirkətlə razılaşma əldə edib. Görüş qarşılıqlı fikir doğuran digər məsələlərin müzakirəsi ilə davam edib. Qeyd edək ki, “TələbəPlus” kartı TİF, Kapital Bank və “Visa” beynəlxalq ödəmə texnologiyaları şirkətinin Azərbaycanın ali təhsil müəssisələrinin tələbələri üçün birgə həyata keçirdiyi layihədir.

    Layihə çərçivəsində təhsilin bütün pillələri yəni bakalavriat, magistratura və doktorantura üzrə bütün kurslarda təhsil alan tələbələr əhatə olunacaq.

    Mənbə: https://culture.gov.az/

  • “Məhəmməd Peyğəmbərin həyatı” kitabı nəşr olunub

    Azərbaycan Dövlət Tərcümə Mərkəzinin Tərcümə Agentliyi görkəmli rus yazıçısı Vera Panova və oğlu akademik Yuri Vaxtinin həmmüəllifliyi ilə qələmə alınmış “Məhəmməd Peyğəmbərin həyatı” kitabını nəşr edib.

    Mərkəzdən AZƏRTAC-a bildirilib ki, əsərin rus dilindən tərcümə müəllifi tanınmış alim, filologiya elmləri doktoru, professor Vilayət Quliyev, redaktoru Mahir N.Qarayevdir.

    Peyğəmbərin həyatı, şəxsiyyəti, eləcə də bəşəriyyətin sonuncu səmavi dini sayılan İslamın yaranması və yayılması haqqında müfəssəl, təfərrüatlı tarixi bilgilər əsasında ərsəyə gətirilmiş kitaba “Ərəb adası”, “Məkkə”, “Peyğəmbərin uşaqlıq illəri”, “İlk vəhy”, “Təqiblər”, “Ağır illər”, “Hicrət”, “Müharibə” kimi iyirmi beş adda fəsil daxil edilib.

    Mənbə: https://azertag.az/

  • Rusiyanın Orenburq vilayətində Füzulinin 530 illiyinə həsr olunmuş bədii qiraət müsabiqəsi olacaq

    Rusiyanın Orenburq vilayətində dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin 530 illiyinə həsr olunmuş “Poeziya xəzinəsi: Füzulinin irsi ilə dialoq” mövzusunda bədii qiraət müsabiqəsi olacaq.

    AZƏRTAC xəbər verir ki, Orenburq vilayəti Azərbaycanlılarının Regional Milli-Mədəni Muxtariyyətinin təşkilatçılığı ilə keçirilən beynəlxalq müsabiqə dahi Azərbaycan şairi və mütəfəkkirinin 530 illik yubileyinin qeyd olunması çərçivəsində keçirilir.

    Müsabiqədə iştirak edənlər Füzulinin bir əsərindən (əsərdən parça) əzbərlədiyi poetik qiraətdən ibarət videoçarx təqdim etməlidirlər.

    Müsabiqədə iştirak edənlər dörd yaş qrupuna bölünürlər: birinci qrupda 7 yaşdan 11 yaşa qədər, ikinci qrupda 12 yaşdan 15 yaşa qədər, üçüncü qrupda 16 yaşdan 19 yaşa qədər, dördüncü qrupda isə 20 yaş və yuxarı orenburqlular iştirak edəcəklər.

    Müəlliflər 2024-cü il dekabrın 1-dək öz videolarını orijinalda və ya istənilən fayl diskinə köçürməklə təşkilatçının oo.rnkaa.orenburqskaya.obl@mail.ru ünvanına göndərə bilərlər. Hər yaş qrupu üzrə qaliblər pul mükafatı alacaqlar.

    Fəridə Abdullayeva

    AZƏRTAC-ın xüsusi müxbiri

    Moskva

    Mənbə: https://azertag.az/

  • Bu gün Xalq şairi Məmməd Arazın doğum günüdür

    Xalq şairi Məmməd Araz Azərbaycan ədəbiyyatında çoxcəhətli və zəngin ədəbi irsinə, sənətkarlıq qüdrətinə görə özünəməxsus yeri və mövqeyi olan görkəmli söz ustadıdır. Məmməd Araz mənalı, keşməkeşli və şərəfli, bütövlükdə Vətənə və sənətə həsr olunmuş əsl şair-vətəndaş ömrü yaşayıb. Sənətkarın tərcümeyi-halı, taleyi daha çox onun yaradıcılığında öz əksini tapıb. Məmməd Araz özü də şeirlərində bunu dəfələrlə etiraf edib. Kitablarından birinə yazdığı müqəddimədə deyilir: “Əsl tərcümeyi-hal şairin şeirləridir. Şair çox halda öz yazılarının baş qəhrəmanı ola bilir”.

    Dərin məzmunlu, oxunaqlı və milli mündəricəli şeirləri ilə Məmməd Araz vətəndaş qeyrətli ədəbiyyat nəhəngidir. O, həm də milli azadlıq ideyalı əsərləri ilə istiqlal şairi olaraq əbədi şöhrət qazanıb.

    AZƏRTAC xəbər verir ki, bu gün Xalq şairi Məmməd Arazın anadan olmasının 91-ci ildönümü tamam olur. Böyük sənətkarın təkrarolunmaz yaradıcılığı zəngin ənənələrə malik milli ədəbiyyatımızı yeni mərhələyə çıxarıb, Azərbaycan fəlsəfi və siyasi lirikası onun dühası hesabına daha da zənginləşib.

    Məmməd Araz böyük poetik ilhama malik olan sənətkarlardan idi. Sözün və sənətin Məmməd Araz zirvəsinə gedən yolu heç də həmişə hamar olmayıb. Onun həyatı da sənəti kimi daşlı-qayalı yollardan keçib.

    1933-cü il oktyabrın 14-də Şahbuz rayonunun Nursu kəndində dünyaya göz açan Məmməd Araz ilk təhsilini həmin kənddə alıb. 1954-cü ildə Azərbaycan Pedaqoji İnstitutunu bitirən böyük sənətkar 1961-ci ildə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunda oxuyub. Azərbaycan Dövlət Nəşriyyatında bədii ədəbiyyat redaksiyasının müdiri, sonra isə baş redaktorun müavini, “Ulduz” jurnalında məsul katib, “Ədəbiyyat və incəsənət” qəzetində baş redaktorun müavini işləyib. 1971-1981-ci illərdə Azərbaycan Yazıçılar İttifaqının poeziya bölməsinə rəhbərlik edən Məmməd Araz 1974-cü ildən ömrünün sonunadək “Azərbaycan təbiəti” jurnalının baş redaktoru olub.

    Böyük sənətkar 2004-cü ilin dekabrın 1-də Bakıda vəfat edib və Fəxri xiyabanda dəfn olunub.

    Harada işləməsindən, hansı vəzifəni tutmasından asılı olmayaraq, Məmməd Araz əslində bütün ömrü boyu bir vəzifəni icra edib. O da poetik Azərbaycan dünyasına xidmət, Vətən qarşısında vətəndaşlıq borcunu yerinə yetirməkdir. Böyük istedadı və poetik bacarığı sayəsində Məmməd Araz Nizami Gəncəvi, Məhəmməd Füzuli, Mirzə Ələkbər Sabir və Səməd Vurğun poeziyası ilə ona qədər gəlib çatan klassik şeir ənənəsini və üslubunu təkmilləşdirərək hamının gördüyü və bildiyi, lakin dilə gətirməyi bacarmadığı məsələləri ictimai düşüncənin məhsulu edib, Azərbaycanda vətəndaşlıq poeziyasının əsasını qoyub. Gənc yaşlarından başlayaraq yarım əsrdən artıq davam edən Məmməd Araz yaradıcılığı mənsub olduğu xalqa layiqli şair – vətəndaş xidməti nümunəsidir. Onun şeirinin əvvəli də, axırı da Vətəndir. Məmməd Araza məxsus “Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı” məşhur misraları müasir dövrdə poeziyada və ictimai mühitdə vətəndaşlığın milli düsturu kimi qəbul olunur.

    Məmməd Araz yaradıcılığının baş qəhrəmanı Azərbaycandır. Onun “Vətən mənə oğul desə”, “Məndən ötdü, qardaşıma dəydi”, “Mənim Naxçıvanım”, “Ata ocağı”, “Ana yurdum, hər daşına üz qoyum” şeirləri vətən mövzusunda ən yaxşı əsərlər kimi dillər əzbəridir. Poeziyamızda Azərbaycan mövzusunda çox yazılıb. Azərbaycana çoxlu şeirlər ithaf olunub. Amma Məmməd Arazın “Azərbaycan – dünyam mənim” şeirinin bənzəri yaradılmayıb. Bu şeirin bütün intonasiyası şair qəlbinin ağrılarından, fəal vətəndaş narahatlığından keçir. Şeir yaradıcılığında olduğu kimi, poemaları ilə də Məmməd Araz təkrarsızdır. Onun “Üç oğul anası”, “Araz axır”, “Mən də insan oldum”, “Paslı qılınc”, “Əsgər qəbri”, “Atamın kitabı” poemaları hər şeydən əvvəl, insan mənəviyyatının mürəkkəbliyi, tarix və müasirlik, milli tale və tarixi yaddaşın bərpası kimi fundamental məsələlərə həsr olunub.

    Ümummilli Lider Heydər Əliyev Xalq şairi, poeziyamızın istedadlı nümayəndəsi Məmməd Araz yaradıcılığına və şəxsiyyətinə daim yüksək qiymət verib. Təsadüfi deyil ki, Məmməd Araz ilk yaradıcılığa ötən əsrin 50-ci illərindən başlasa da, onun təkrarsız istedadı 1970-ci illərdə, Ulu Öndərin Azərbaycana rəhbərliyinin birinci dövründə parlayıb. Məmməd Araza böyük şöhrət gətirən “Atamın kitabı”, “Həyatın və sözün rəngləri”, “Oxucuya məktub”, “Qanadlı qayalar”, “Aylarım, illərim” kitabları məhz bu illərdə çap olunub, əsərləri xarici dillərə tərcümə edilərək geniş oxucu kütləsinin məhsuluna çevrilib. 1975-ci ildə Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif olunan böyük şairə 1978-ci ildə “Əməkdar mədəniyyət işçisi” fəxri adı verilib, 1995-ci ildə isə Ümummilli Lider Heydər Əliyev Xalq şairi Məmməd Arazı “İstiqlal” ordeni ilə təltif edib. Ulu Öndər Məmməd Araz sənətini yüksək dəyərləndirərək deyib: “Bu gün bir daha Məmməd Arazın Azərbaycan xalqının mədəniyyətinə, ədəbiyyatına verdiyi töhfələri gördük, eşitdik və bunların xalqımız üçün nə qədər faydalı olduğunu bir daha bildik, bir daha dərk etdik ki, Azərbaycan xalqının həyatında Məmməd Arazın yaradıcılığının nə qədər böyük əhəmiyyəti var”. Ümidvaram ki, Azərbaycan xalqı daim müstəqilliyini qoruyub saxlayacaq və müstəqil Azərbaycanın ilk “İstiqlal” ordeninə layiq görülmüş şəxsiyyətlərdən biri kimi Məmməd Araz Azərbaycan xalqının tarixində indi olduğu kimi, gələcəkdə də öz yerini tutacaqdır”.

    Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərini nəzərə alan Prezident İlham Əliyev görkəmli sənətkarın xatirəsinin əbədiləşdirilməsi, yubileylərinin keçirilməsi haqqında sərəncamlar imzalayıb. Bu sərəncamlar Azərbaycan ədəbiyyatının, bütövlükdə yaradıcı ziyalıların, o cümlədən Məmməd Araz sənətinin və şəxsiyyətinin böyük himayədarı, Ulu Öndər Heydər Əliyev ənənələrinin müasir şəraitdə uğurlu davamı kimi yüksək dəyərə malikdir.

    Mənbə: https://azertag.az/

  • “Sözdən yazıya və yaddaşa” – yeni nəşr

    Tanınmış şair-publisist Dəyanət Osmanlının “Sözdən yazıya və yaddaşa” adlı yeni məqalələr toplusu “Elm və təhsil” nəşriyyatında çapdan çıxıb.

    AZƏRTAC xəbər verir ki, Azərbaycanda Atatürk Mərkəzinin nəşri seriyasından olan bu kitabda müəllifin müxtəlif illərdə yazdığı məqalələrdən seçmələr toplanıb. Müstəqillik illərində dövlətimizin ədəbiyyat siyasəti, tanınmış yazıçılar haqqında bədii-ictimai portretlər, ədəbi mühit və ədəbiyyata ədəbi-tənqidi münasibət burada yer almış yazıların əsas məğzini təşkil edir.

    Kitabın məsləhətçisi akademik N.Cəfərov, redaktoru filologiya üzrə fəlsəfə doktoru İ.Abdullayevadır.

    Qeyd edək ki, Dəyanət Osmanlı 1996-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, 1997-ci ildən isə Yazıçılar Birliyinin İdarə Heyətinin üzvüdür.

    Mənbə: https://azertag.az/

  • Türkiyənin İzmir və İstanbul şəhərlərində “Azərbaycan mədəniyyət və sənət günləri” keçiriləcək

    İstanbul, 11 oktyabr, Günel Karatepe, AZƏRTAC

    Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə qardaş ölkənin İzmir və İstanbul şəhərlərində “Azərbaycan mədəniyyət və sənət günləri” keçiriləcək.

    AZƏRTAC xəbər verir ki, Azərbaycan günləri Mədəniyyət Mərkəzinin fəaliyyətinin əsas istiqaməti olan milli mədəniyyətimiz, tariximiz, ədəbiyyatımız və Azərbaycan dilinin Türkiyənin bölgələrində geniş təbliği, habelə mədəni əlaqələrimizin daha da möhkəmləndirilməsinə dəstək məqsədilə təşkil olunan silsilə tədbirlər çərçivəsində baş tutacaq.

    Oktyabrın 15-də İzmirdə keçiriləcək “Azərbaycan mədəniyyəti və sənəti günü” çərçivəsində Mötbe Mədəniyyət Mərkəzinin sərgi zalında milli mədəniyyətimizə, eləcə də suvenirlər, əl işləri və milli geyimlərə dair sərgi təqdim olunacaq.

    Bununla yanaşı, Bakı Milli Geyim Evinin kolleksiyasına aid tarixi Azərbaycan geyimlərinin moda sərgisi olacaq. Milli geyimlərimiz türkiyəli gənclər tərəfindən təqdim edəcək.

    Mötbe Mədəniyyət Mərkəzinin konsertlər sarayında konsert proqramı təqdim ediləcək.

    “Azərbaycan mədəniyyət və sənət günləri” oktyabrın 17-də İstanbulda davam edəcək. İstanbulun Atatürk Mədəniyyət Mərkəzində Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasına aid, muzeyin mütəxəssisi, Azərbaycan Rəssamlar İttifaqının üzvü Elnarə Rəsulovanın əl işi olan xalçaların sərgisi açılacaq və bir həftə davam edəcək.

    Bununla yanaşı, Atatürk Mədəniyyət Mərkəzinin sərgi zalında Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya şöbəsinin müdiri dosent Gülzadə Abdulovanın kolleksiyasına aid geyimlər sərgilənəcək, Azərbaycan xanımlarının tarixi paltarları, onların özünəməxsus naxışları podiumda təqdim olunacaq.

    Tədbir çərçivəsində azərbaycanlı sənətçilərinin iştirakı ilə konsert proqramı nəzərdə tutulur.

    Hər iki şəhərdə təşkil olunacaq konsert proqramlarında həm Azərbaycandan gedən, həm də Türkiyədə yaşayan azərbaycanlı incəsənət ustaları, milli musiqi alətlərinin ifaçıları, habelə Azərbaycan Mədəniyyət Mərkəzinin “Azərbaycan Xalq Rəqsləri Ansamblı”nın iştirakı ilə hazırlanan bədii gecədə milli musiqilərimiz və rəqslərimiz ifa olunacaq.

    Mənbə: https://azertag.az/

  • “TRT” xəbər agentliyi Azərbaycan şairi Əhməd Cavad haqqında geniş xəbər hazırlayıb

    Türkiyənin “TRT” xəbər agentliyi Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair Əhməd Cavad haqqında geniş yazı hazırlayıb.

    AZƏRTAC xəbər verir ki, “Azərbaycanın milli şairi: Əhməd Cavad” sərlövhəsi ilə yayımlanan xəbərdə dahi şairin yaradıcılığı ilə yanaşı həyatının maraqlı məqamları da geniş işıqlandırılıb.

    “Fırtınalar dursun yana, salam Türkün bayrağına…”. Azərbaycanın Dövlət Himni və “Çırpınırdın Qara dəniz” əsərinin müəllifi, istiqlal mübarizəsinin qəhrəmanı Əhməd Cavadın güllələnməsindən 87 il ötür” sözləri ilə başlayan yazıda bildirilib ki, Əhməd Cavad 1906-cı ildən başladığı təhsilini 1912-ci ildə tamamlayıb. Həmin il Osmanlı İmperiyası Balkan Müharibəsinə girmişdi. Əhməd Cavad, maarifçi dostu Abdulla Şaiq ilə birlikdə “Qafqaz Könüllü Taboru”na qoşularaq İstanbul’a gedib. Trakiyada Osmanlı əsgərləri ilə birlikdə Bolqar ordusuna qarşı döyüşüb. Sonralar Bakıda fəaliyyət göstərən “Müsəlman Cəmiyyəti-Xeyriyyəsinə” üzv olan Cavad, 1915-ci ildə Azərbaycandan Batum, Qars, Ərdahan, Sarıqamış, Trabzon və Ərzurum sakinlərinə və rus ordusuna əsir düşən Osmanlı əsgərlərinə yardım aparan heyətdə yer alıb.

    Məqalədə Əhməd Cavadın duyğularını şeirlə ifadə edərək xalqına ruh yüksəkliyi verməyə çalışdığı, bütün şeirlərini Vətənə, Orduya həsr etdiyi ifadə olunub, onun şeirlərinə geniş yer verilib.

    Qeyd edilib ki, Əhməd Cavad Osmanlı əsgərləri ilə birlikdə Bakıdakı Yasamal Dağı mövqelərində rus-erməni-ingilis silahlı birləşmələrinə qarşı döyüşüb. Nuru paşanın komandanlığı altındakı Qafqaz İslam Ordusunun tərkibində Bakının işğaldan azad edilməsi uğrunda döyüşüb. O, 1918-ci il sentyabrın 15-də Bakıya ilk girən əsgərlərdən biri olub.

    Azərbaycanın müstəqillik dövründə həm şeirlər yazan, həm də müəllim və jurnalist kimi fəaliyyət göstərən Cavad, hökumətin milli marş müsabiqəsində iştirak edib. Cavadın, dahi Üzeyir Hacıbəyli tərəfindən bəstələnən marşı bəyənilsə də, bolşevik ordusunun Azərbaycanı işğalı ilə qəbul edilə bilmədi.

    “Türkiyədə şeirlərinin dərc olunması, Azərbaycanın müstəqilliyi uğrunda apardığı mübarizə və milliyyətçi şeirləri səbəbindən daim nəzarət altında olan Əhməd Cavad Stalinin “Böyük təmizləmə” siyasətinin qurbanı olub. O, əksinqilabçılıq və pantürkizm ittihamları ilə həbs olunaraq ölüm cəzasına məhkum edilib. Əhməd Cavad 1937-ci il oktyabrın 13-də güllələnib. 1955-ci ildə SSRİ Baş Prokurorluğu Əhməd Cavad haqqında irəli sürülən bütün ittihamların əsassız olduğunu bildirib. Onunla bağlı bəraət qərarı öldürüldükdən sonra verilib” – deyə yazıda bildirilib.

    Məqaləyə şairin həyatı ilə bağlı infoqrafika əlavə edilib.

    Qeyd edək ki, Azərbaycan mənbələrində Əhməd Cavadın güllələnmə tarixi 12 oktyabr göstərilir.

    Mənbə: https://azertag.az/

  • Bu gün görkəmli şair Əhməd Cavadın anım günüdür

    Bu gün Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavadın anım günüdür.

    AZƏRTAC xəbər verir ki, XX əsrin otuzuncu illərinin sonunda günahsız yerə repressiya qurbanı olmuş şairin vəfatından 87 il ötsə də, xalqımız şair oğlunu heç vaxt unutmayıb.

    2022-ci ildə Prezidentin Sərəncamı ilə Əhməd Cavadın anadan olmasının 130 illiyi ölkəmizdə və xaricdə silsilə tədbirlərlə qeyd edilib.

    Ə.Cavad 1892-ci il mayın 5-də Gəncə qəzasının Şəmkir dairəsinin Seyfəli kəndində ruhani ailəsində dünyaya gəlib. Atası Məmmədəli axund olub. Azərbaycanın görkəmli tarixi simalarından biri kimi tanıdığımız Cavadxan axund Məmmədəlinin atası ilə yaxın idi və ailədə həmişə onun haqqında xoş söhbətlər gedərdi: mərdliyi, igidliyi, xalq yolunda qəhrəmanlıqla həlak olması dönə-dönə xatırlanırdı. Elə bu hörmət və ehtiramın əlaməti kimi axund Məmmədəli oğlunun adını Cavad qoyub. Cavad beş yaşına çatmamış atası dünyasını dəyişib. O, ilk təhsilini molla məktəbində alıb, üç il orada oxuyub. Sonrakı təhsilini Gəncədə Müsəlman Ruhani Seminariyasında alıb (1906-1912-ci illər) və oranı müvəffəqiyyətlə bitirib. 1913-cü ildə Zaqafqaziya şeyxülislamı Pişnamazzadənin imzası ilə ona müəllimlik şəhadətnaməsi verilib. Həmin ildə Şəmkir, Gədəbəy, Zaqatala və Gəncədə dərs deyib. Birinci Dünya müharibəsi başlayanda müharibəyə gedib, dörd il cəbhədə müxbir, xeyriyyə cəmiyyətinin üzvü, katibi, bəzən də sədr müavini kimi fəaliyyət göstərib. O, Şimali Qafqazda, Dağıstanda, Batumda, Qarsda, Ərdəhanda, Gürcüstan və Türkiyədə olub. Ən çox türk xalqları yaşayan bölgələrə gedərək onlara maddi və mənəvi yardım göstərib.

    Müharibədən sonra müəllim işləməklə yanaşı, həm yaradıcılıqla məşğul olub, həm də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasında yaxından iştirak edib. Əhməd Cavad 1920-ci ildə Quba qəzasının Xuluq kəndində müəllim təyin olunub. 1922-ci ilin yayına kimi burada türk və rus dillərindən dərs deyib. O, 1922-ci ildə ali məktəbə daxil olmaq məqsədi ilə Bakıya gəlib. Azərbaycan Ali Pedaqoji İnstitutuna daxil olub, 1926-cı ildə oranı bitirib. Nərimanov adına Texnikumda, Pambıqçılıq İnstitutunda (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) müəllim, dosent, professor və kafedra müdiri vəzifələrində çalışıb.

    Ə.Cavad həyatının 29 ilini müəllimlik kimi müqəddəs peşəyə bağlayıb. İbtidai sinif müəllimliyindən ali məktəbin kafedra müdirliyinə qədər mürəkkəb inkişaf yolu keçib. Xalq Cümhuriyyəti dövründə “Azərbaycan dilinin sərfi və nəhvi” adlı ilk dərsliyin müəllifi olub. O, rus dili üzrə professor rütbəsi alan ilk azərbaycanlı alim idi, 8-10 dildə sərbəst oxumaq, danışmaq və yazmağı bacarırdı. Gəncə mədrəsəsində H.Cavid kimi filosof-şairdən, Abdulla Sur kimi tənqidçi-ədəbiyyatşünasdan dərs alan Cavad öz təxəllüsünü türkiyəli şair Əhməd Cavadın adından götürmüşdür. Beləliklə, eyni tarixi dövrdə Türk dünyasında iki Əhməd Cavad yazıb-yaradırdı.

    İstedadlı şair “Yaşıl qələmlər” adlı cəmiyyətin yaradıcısı və katibi, Azərbaycan Proletar Yazıçılar Cəmiyyətinin üzvü idi. Xalq Cümhuriyyətinin milli marşlarının əksəriyyətini o yazıb. Dövlət Himnimizin mətnini də o qələmə alıb.

    1920-ci ilin aprel hadisələrindən sonra Ə.Cavada yaradıcılıqla məşğul olmağa imkan verilməyib. 1923-cü ildə Müsavat Partiyasının liderlərindən Mirzəbala Məmmədzadənin Türkiyəyə qaçırılmasında Cavadı günahlandırıb həbs edirlər. Xuluq kəndində işləyərkən dostluq etdiyi müəllim yoldaşı H.Musayev M.C.Bağırovun yanına gəlir və şairin azad olunmasını xahiş edir. Bağırov onu eşidir.

    Ə.Cavad ikinci dəfə haqqında danışacağımız “Göygöl” şeirinə görə həbs edilir. Bu şeiri oxuyan ozamankı rəhbərlərdən S.Ağamalıoğlu demişdi: “Kim deyər ki, Azərbaycanın Puşkini yoxdur? Cavad Azərbaycan ədəbiyyatının Puşkinidir. “Göygöl” doğrudan-doğruya Azərbaycan ədəbiyyatının incisidir”. Lakin şairin bədxahlarından üç nəfər bildirir ki, şeir antisovet ruhludur. Dərhal Ə.Cavadın həbs olunması əmri verilir. Beş-altı ay çəkən sorğu-sualdan sonra “Göygöl”ə heç bir siyasi rəng verə bilmirlər və şairi həbsdən buraxırlar.

    O, 1920-1937-ci illərdə dəfələrlə həbs olunub, təqiblərə məruz qalıb.

    1937-ci il martın 21-də şairi Azərbaycan Yazıçılar İttifaqının üzvlüyündən çıxarırlar. Həmin il iyunun 4-də onu H.Cavid, M.Müşfiq və V.Xuluflu ilə eyni vaxtda həbs edirlər. Oktyabrın 12-dən 13-nə keçən gecə 15 dəqiqəlik məhkəmənin qərarı ilə ona güllələnmə kəsilir. Şairin sağ qalan ailə üzvlərinin taleyi isə daha ağır və faciəli olur. Şükriyyə xanım həyat yoldaşının ölümündən sonra “vətən xaininin həyat yoldaşı” kimi uşaqları ilə birlikdə həbs edilir. Yeddi ildən sonra sürgündən azad edilsə də, ona Bakıda yaşamaq qadağan olunur. Yalnız 1955-ci ilin dekabrında ailə bəraət alır.

    Tarix insan səhvlərini düzəldir. 1958-ci ildə Əhməd Cavadın “Şeirlər”, 1961-ci ildə “Sən ağlama, mən ağlaram” kitabı çap olunur. Şairliklə yanaşı, həm də istedadlı tərcüməçi olan Əhməd Cavadın dilimizə çevirdiyi əsərlər – 1961-ci ildə Fransua Rablenin “Qarqantua və Pantaqruel”, 1962-ci ildə Vilyam Şekspirin “Otello”, “Romeo və Cülyetta”, 1978-ci ildə Şota Rustavelinin “Pələng dərisi geymiş pəhləvan” əsərləri işıq üzü görür.

    Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 7 may tarixli Qərarı ilə Əhməd Cavad Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan olunan müəlliflərin siyahısına daxil edilib.

    Azərbaycan xalqının azadlığı və istiqlaliyyəti uğrunda mübarizə aparan, bu yolda “xalq düşməni” damğası ilə güllələnən Əhməd Cavad, zaman gəldi ki, xalqının qəhrəmanı kimi yenidən tarixin səhnəsində öz yerini, layiq olduğu zirvəni tutdu. Azərbaycan var olduqca bu yer onun olacaq!

    Mənbə: https://azertag.az/

  • Gülər Hüseynovanı doğum günü münasibətilə təbrik edirik! (12 Oktyabr)

    Azərbaycanın mədəniyyət və ədəbiyyat portalının rəhbərliyi, bütün kollektivi BAKI PEŞƏKARLAR AKADEMİYASININ TƏSİSÇİ VƏ PEŞƏKAR TƏLİMÇİ GÜLƏR HÜSEYNOVAnı doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, möhkəm cansağlığı, xoşbəxt həyat, pedaqoji fəaliyyətində yeni-yeni uğurlar diləyir!

    Dodaqlarınızdan gülüş, yanaqlarınızdan isə təbəssüm əskik olmasın! Sevib, sevdiyiniz insanların əhatəsində qalın! Ən əsası isə Qadın səadəti!

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.

  • Bolqarıstanda “Şuşa – Azərbaycanın tarixi və mədəni incisi” adlı fotosərgi açılıb

    Oktyabrın 8-10-da Bolqarıstanın Veliko Tırnovo şəhərində keçirilən XIX Beynəlxalq Mədəni Turizm sərgisində “Şuşa – Azərbaycanın tarixi və mədəni incisi” adlı fotosərginin açılışı baş tutub.

    Bu barədə AZƏRTAC-a Azərbaycanın Bolqarıstandakı səfirliyindən məlumat verilib.

    Bildirilib ki, sərgidə səfirliyin təşəbbüsü və Bakı Media Mərkəzinin dəstəyi ilə Şuşanın füsunkar təbiətini, tarixi abidələrini və özünəməxsus rəngarəng arxitekturasını əks etdirən fotoşəkillər nümayiş etdirilib.

    Ölkəmizin Bolqarıstandakı səfiri Hüseyn Hüseynov Şuşanın Azərbaycanın tarixində və mədəniyyətində tutduğu əvəzsiz yeri, zamanında Qafqazın ticari və iqtisadi mərkəzlərindən biri olması, Şərq ədəbiyyatına və incəsənətinə verdiyi töhfələr barədə danışıb.

    Şuşanın 30 ilə yaxın işğalından sonra 2020-ci ildə azad edildiyini və 2021-ci ildə Azərbaycanın mədəniyyət paytaxtı elan olunduğunu deyən səfir vurğulayıb ki, şəhər Prezident İlham Əliyevin bilavasitə nəzarəti altında bərpa edilərək yenidən təkcə Azərbaycanın deyil bütün Qafqazın parlaq incisinə çevrilib.

    Həmçinin səfirlik tərəfindən sərginin Veliko Tırnovo şəhərində keçirilən turizm bölümündə Azərbaycanın mədəni turizm potensialını təşviq edən milli stend sərgilənib, ölkəmizin gözəl təbiətini, qədim tarixini və parlaq adət-ənənələrini əks etdirən fotoşəkillər, milli suvenirlər və xalılar nümayiş etdirilib, qonaqlara onlar barədə ətraflı məlumat verilib, eyni zamanda, milli mətbəx nümunələri təqdim olunub.

    Xatırladaq ki, hər il Bolqarıstan Respublikasının turizm naziri, mərkəzi və yerli hakimiyyət orqanların rəhbərləri, 10-dan çox ölkənin mədəniyyət və turizm sahəsi üzrə rəsmiləri, otuzdan çox yerli və beynəlxalq bələdiyyə nümayəndələrinin iştirakı ilə keçirilən Beynəlxalq Mədəni Turizm sərgisi Balkan regionunda bu sahədə ixtisaslaşmış yeganə sərgi platformasını təşkil edir.

    Mənbə: https://azertag.az/

  • Xalq rəssamı Səttar Bəhlulzadənin 115 illiyinə həsr olunmuş rəsm sərgi-müsabiqəsi elan edilib

    Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi, Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı, Azərbaycan Rəssamlar İttifaqının dəstəyi ilə Xalq rəssamı Səttar Bəhlulzadənin 115 illiyinə həsr olunmuş “Tablolarda nağıllar” adlı gənc rəssamların yaradıcılıq müsabiqəsi keçirilir.

    Bu barədə AZƏRTAC-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

    “Azərbaycanın xalq nağılları təsviri sənətdə” mövzusunda keçirilən müsabiqədə 18-30 yaş arası gənc rəssamlar iştirak edə bilər. Rəssamların Azərbaycanın şifahi xalq ədəbiyyatından götürülmüş müxtəlif epizodların (hadisələrin), obrazların əks olunduğu əsərləri qəbul ediləcək.

    İştirakçılardan müsabiqə-sərgiyə təqdim edəcəkləri işlər haqqında məlumatları 2024-cü il noyabrın 25-dək sergimusabiqe@gmail.com elektron ünvanına göndərmələri xahiş olunur.

    Mövzu üzrə hazır, orijinal əsərlər haqqında dəqiq məlumatlarda – əsərin fotosu, müəllifin ad və soyadı, təvəllüdü, əlaqə nömrəsi, əsərin adı, ölçüsü, texnikası, həmçinin əsərin yaradılma ili qeyd edilməlidir. Əsərlər tək-tək göndərilməli, məlumatlar dolğun olmalıdır.

    Seçim üçün elektron ünvana məlumat göndərən rəssamlardan əlaqə nömrələrini qeyd etmələri xahiş olunur. Rəsm müsabiqə-sərgisinə hər bir iştirakçı 2 rəsm işi göndərə bilər. Orta və böyük ölçülü əsərlərə üstünlük veriləcək (Məsələn: 60×70, 70×90, 100×100 sm və s.). Əsərlərin səliqəli və çərçivələnmiş olması vacibdir.

    Bildirilib ki, əsərlərin ilkin seçim mərhələsi onlayn qaydada aparılacaq. Daha sonra seçilmiş əsərlərdən müsabiqənin qaliblərinin müəyyənləşdirilməsi professional rəssamlardan ibarət münsiflər heyəti tərəfindən həyata keçiriləcək.

    Əsəri sərgilənən hər bir iştirakçıya sertifikat, qaliblərə isə diplom və dəyərli hədiyyələr (birinci, ikinci və üçüncü yer üçün) təqdim olunacaq.

    Seçilmiş əsərlər 2024-cü il dekabrın 6-dək sərginin keçiriləcəyi ünvana çatdırılmalıdır.

    Mənbə: https://azertag.az/

  • Xalça Muzeyində “İqlimlər və ilmələr” adlı beynəlxalq sərgi keçiriləcək

    Noyabrın 15-də Azərbaycan Milli Xalça Muzeyində “İqlimlər və ilmələr” (“Climates and Carpets”) adlı beynəlxalq sərgi açılacaq.

    Bu barədə AZƏRTAC-a Xalça Muzeyindən məlumat verilib.

    BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) həsr olunan sərgi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı ilə baş tutacaq.

    Sərginin məqsədi müasir sənətkarların qədim ənənələrimizə əsaslanaraq yeni üslubda və texnikada yaratdıqları əsərlər vasitəsilə tamaşaçıların diqqətini iqlim dəyişikliyinə qarşı mübarizənin, sağlam həyat tərzinin əhəmiyyətinə yönəltmək, ekoloji problemlərin həllinə, ətraf mühitin mühafizəsinə səsləməkdir.

    “İqlimlər və ilmələr” sərgisində Azərbaycan, ABŞ, Birləşmiş Ərəb Əmirlikləri, Meksika və Rusiyadan olan tanınmış rəssamların bəşəri dəyərə malik Azərbaycan xalça sənətindən, onun ənənəvi naxışlarından ilhamlanaraq yaratdıqları əsərlər nümayiş olunacaq. Sərgidə, həmçinin şüşə, yun, metal, bioplastik, tənzif, lif, talaş və s. kimi materiallardan, müxtəlif tullantılardan hazırlanmış bir-birindən fərqli sənət nümunələri də yer alacaq.

    Açılış mərasimində əsərlərin nümayişi ilə yanaşı, Azərbaycan Milli Xalça Muzeyinin Ənənəvi texnologiya şöbəsində toxunan, Əməkdar rəssam Taryer Bəşirovun COP29-a həsr etdiyi “Yaşıl dünya” xalçasının qədim ənənələrə uyğun hanadan kəsimi olacaq, Rüfət Rzayev həsirin toxunması, Birləşmiş Ərəb Əmirliklərinin Qadınlar Birliyinin üzvləri toxuculuq üzrə ustad dərsləri keçəcəklər.

    Sərgi noyabrın 30-dək davam edəcək.

    Sərgiyə biletləri itiket.az saytından əldə edə bilərsiniz: https://iticket.az/events/exhibitions/an-international-exhibition-climates-and-carpets1

    Mənbə: https://azertag.az/

  • Ədalət RƏSULOVA.”Famil Mehdi: Mənalı keçən ömür!”

          Ədəbiyyata əllinci illərdə gəlmiş Famil Mehdi şeirləri ilə ədəbi ictimaiyyətin diqqətini cəlb etmişdir. Şairin “Sevəndən bəri” (1961), “Sadə sətirlər” (1963), “Mənim arzularım” (1964), “Ünvanım dəyişir” (1966), “Ömürdən səhifələr” (1970), “Qarabağ şikəstəsi” (1970), “Sadə sətrlər” (1972), “İllər və talelər” (1974) və s. kitabları oxucular tərəfindən sevilmişdir. Bu kitablarda şairin son illərdə yazdığı şeirləri və “İnsan unudulmur” poeması dərc edilmişdir. Vətən torpağına sonsuz məhəbbət insanlara qarşı həssaslıq və qayğıkeşlik bu kitabların əsasını təşkil etmişdir.

          Kənd həyatının təsviri F.Mehdinin ən çox sevdiyi mövzulardan olmuşdur. Onun şair səsi gah Qarabağdan gah da Mildən Muğandan gəlirdi. “Göyü çiynində saxlayan adam” poemasında onun vətənə məhəbbəti daha qabarıq şəkildə hiss olunur. Heç təsadüfi deyildir ki, kitaba ön söz yazan xalq şairi, Sosialist Əməyi Qəhrəmanı Süleyman Rüstəm bu kitabı xüsusi qeyd edir və göstərir ki, Famil Mehdinin gərgin şərəfli əməyinin nəticəsində yazılmış bu iri həcmli əsər həqiqətən ədəbi həyatımıza yaxşı bir nümunədir. Famil Mehdinin əsərlərində həyatilik, canlılıq, təbiilik çox güclüdür. Cünki o gördüyü hadisələri sevərək qələmə alır. O, vətənimizin işıqlı gələcəyinə, yaradıcı adamlarının tükənməz qüdrətinə böyük inam bəsləyir. Bu inam “Göyü çiynində saxlayan adam” poemasında özünü daha qabarıq şəkildə göstərir. Müəllif əsərlərini “İnsan unudulmur”, “Günəş həmişə səmadadır”, “Gəlimli-gedimli dünya” adları ilə üç hissəyə ayırmışdır. Maraqlı məzmunu ilə diqqəti cəlb edən poemanın əsas mövzusu fədakar insanların əməyindən bəhs edir. Burada əsas qəhrəman isə Raykom katibi Müzəffərdir. Əsərdə Müzəffərin xarakteri açılır, onun əsl insani siması üzə çıxır və beləliklə, oxucunun nəzərində xalqına məhəbbət bəsləyən partiya işçisinin surəti canlanır. Belə ki, o cavan yaşında partiya işinə gəlmişdir. Müzəffərin təqaüdə çıxmasını eşidənlərin dodaqlarında həm təbəssüm həm də qəm-kədər oxunurdu. İnsanlar onu gülərüzlə yola salırlar. Lakin çox sevdikləri bu adamdan ayrılmaq da onlara çox çətin gəlir.

           Famil Mehdi həcmcə kiçik əsərlərində də incə mətləblərə toxunur, onu real həyat hadisələri ilə zənginləşdirib qələmə alır. “Dostu özüm qazanmışam” şeiri də bu qəbildəndir.  Sədaqətli dost qardaşdan irəlidir məsəlinə əsaslanan şair şeirində demişdir:

    Məni dostun yolunda

    İmtahana çəkin ki,

    Çox alışıb yanmışam

    Dostları bu dünyada

    Mən özüm qazanmışam!

          Famil Mehdi Azərbaycan ədəbiyyatı tarixində özünə məxsus yeri olan, eyni zamanda bir sənətkar kimi fərdi xüsusiyyətlərə malik, xalq yaradıcılığına arxalanmış, əsərlər yazmışdır. Bu ənənəyə sadiq qalan şair danışıq dilimizin rəngarəng imkanlarından geniş istifadə etmişdir. O, bütün varlığı ilə inanmışdır ki, sənətkarın müvəffəqiyyəti onun xalq yaradıcılığına bələd olaraq ondan düzgün istifadə etməsindədir. Şair doğma xalqının şifahi ədəbiyyatına məhəbbətini istər şeirlərində istərsə də poemalarında inandırıcı şəkildə qələmə almışdır.

          O, kiçik yaşlarından ağsaqqalların nağıl və rəvayətlərini, şirin söhbətlərini dinləyərək xalq yaradıcılığının incəliklərindən bəhrələnmişdir.  

          Famil Mehdinin yaradıcılığında diqqəti cəlb edən cəhətlərdən biri də Vətən və ana haqqında yazdığı şeirləridir. Vətən ona anası qədər əzizdir. Buna misal olaraq:

    Çörəksiz paltarsız yaşamaq olar,

    Vətənsiz bir gün də yaşamaq olmaz.

    Bu misraları oxuduqdan sonra demək olar ki, şair həqiqətən vətəninə çox bağlı olmuşdur. Onun ana haqqında dediyi:

    Ay mənim kişi anam,

    Ay şahlar-şahı anam.

    kimi misralar da şairin dilində qürur hissi ilə səslənir, ana qəlbinin böyüklüyünü və saflığını bir daha təsdiqləyir.

         Başqa bir şeirində isə şair yaltaqları ikiüzlüləri, riyakarları tənqid atəşinə tutur: gözəlliyi, mərdliyi, saflığı və başqa müsbət keyfiyyətləri ilhamla qələmə alır. Şair paxıllığı insanlığa xələl gətirən mənfi xüsusiyyətli insanları hiddətlə pisləyir, onlara nifrətini bildirir. Famil Mehdi oxucuları da bu cür üzdəniraq adamlardan uzaq olmağa çağırır. Çünki bu cür adamlar aldadıcı və yalançı olurlar. Bu baxımdan “Paxıl” şeiri nümunəvidir.

                                     Başım ağrıyır,                    Şeir qoşuram,

                                     Sevinir paxıl                      Qıvrılır paxıl.

                                     Dişim ağrıyır                      Zirvə aşıram,

                                     Sevinir paxıl                       Qovrulur paxıl.

                                     Dərd məni alır,                   Ancaq bir şeyi

                                     Qımışır paxıl,                     Bilmir ki, paxıl

                                     Dostlar çoxalır                    Dözə bilməyib

                                     Alışır paxıl.                         Qəm-kədərinə

                                                           Bu hünərimə,

                                                           Bu səfərimə,

                                                           Partlayacaqdır

                                                           O, əvvəl-axır.

         Famil Mehdi bir şair kimi öz üslubu, dil xüsusiyyətləri, yaradıcılıq dəsti-xətti ilə seçilən şairdir. Onun neçə-neçə şeirinə nəğmələr qoşulmuşdur. Şairin qabarıq şəkildə nəzər cəlb edən şeirlərindən biri də “Anam elə bilir…” şeirndə səmimiyyəti aşkar görürük…

    Deyir ki, gözlərim gözünə qurban,

    Baxmırlar, on dəfə demişəm azı.

    Bircə yol söz-sözü gətirən zaman

    Tapşır, düzəltsinlər yollarımızı!

    Famil Mehdi böyük niyyətli qələm sahibidir. Buna görə də onun şeirlərində təbiəti, yolları, sülhü qorumaq uğrunda mübarizənin sədalarını aydın görünür. “Kiçik şəhərlər”, “Qardaş torpağında bir əsgər yatır” şeirləri onun nə dərəcədə vətənə və vətən övladlarına bağlılığını aşkarlayır.

    Ünvansız, kimsəsiz yatan əsgəri

    Hərkəs öz yurdunun övladı sanır.

           Şair özünün zəif cəhətlərinə qarşı barışmazlığını öz əsərlərində çox gözəl ifadə etmişdir. Famil Mehdi poeziyasının uğuru; saysız həyati təfərrüatları içərisində ən gərəkli olanları canlandırmaq bacarığıdır. Onun canlandırdığı hadisələr yadda qalır və oxucuya təsir edir.

    Onların nə gəldi atır üstünə,

    Mənimsə üstümə güllü yorğanı.

                                       Yaxud:

    Tökür səhər-səhər biz çay içəndə

    Südün qaymağını stəkanıma

    Başqa bir şeirndə oğluna gözaltı axtaran ana qonşusu Həcərin qızını tərifləyir: Bu hisslər “Duyğular” şeirində bu kimi təfərrüatlar güclü həyat reallıqlarını əks etdirir. Famil Mehdinin məhəbbət duyğuları silsiləsindən olan şeirləri vətəninə və xalqına olan dərin məhəbbətin sonsuz göstəricisidir. O, yüzlərlə oxucu məhəbbətini qazanmış şairdir. Buna misal olaraq Xalq Yazıçısı Mehdi Hüseynin “Ömür təzələnir” poeması ilə əlaqədar Famil Mehdiyə yazdığı məktuba nəzər salaq:

           Əzizim Famil! bir yay günündə Buzovna qayaları üstündə oturub möhtərəm aktyorumuz Ələsgər Ələkbərovla balıq tutarkən radioqəbuledicini işə saldıq. Səhnələşdirilmiş poeziya əsəri verilirdi. Elə ilk dəqiqədən diqqətimizi cəlb etdi. Görəsən kimin əsəri idi? Hərəmiz bir şairin adını çəkdik. Lakin diqqətlə qulaq asıb poeziyanın axırını gözləməli olduq. Axırda biləndə ki, poema görkəmli şairlərin deyil, sənin – cavan bir şairin qələmindən çıxmışdır, ikiqat sevindik. Hər ikimiz səni alqışladıq. Əzizimiz Famil! aktyor dostum kimi mənim də hər şeydən əvvəl diqqətimi cəlb edən bu oldu ki, sən insanların sevinc və istirablarını, daxili sarsıntılarını, həyat eşqini canlı poeziya dili ilə verə bilmisən. Sənin qəhrəmanların sevən, həyatın çətinliklərinə sinə gərən, qələbə çalmaq üçün özündə möhkəm qüvvə toplamağı bacaran real insanlardır. Bu sözlər birinci növbədə Nadirə aiddir: Müharibənin faciəsi onun timsalında ustalıqla ümumiləşdirilmişdir. Sənin təsvirində Nübar həqiqətən də səmimi və qayğıkeşdir, geniş ürəklidir. Adını bilmədiyimiz qadının – balaca Təranəin əsl anasının istirabları təbiidir. Soruşa bilərsən ki, poemada nöqsanlara rast gəlmədinizmi? Sağlıq olsun, bu haqda başqa bir məclisdə əsərindən aldığımız dərin təsiri və sevinc hissini səninlə bölüşməkdir.

    Hörmətlə   Mehdi Hüseyn.          20 iyul 1961-ci il  Buzovna.

          Uzun illər bundan əvvəl Xalq Yazıçısı Mehdi Hüseyn gənc şair Famil Mehdinin böyük uğurlarını ürəkdən alıqışlamışdır.

          Biz xalqımıza qəhrəman xalq deyirik. Ancaq bəzən unuduruq ki, hər bir xalqın qəhrəmanlığı öz daxilində illərlə formalaşıb üzə çıxır. Famil Mehdi də bu cür formalaşmış şairlərdəndir. Şairin atıldığı ədəbi mühit böyük yazıçı və şairlərimizin zamanına təsadüf edir. Bu mühitdə öz yerini möhkəmlədən, inamla addımlayan Famil Mehdinin kitablarını xatırladıqca çoxlu dəyərli misralar yaddaşlarda silinməz izlər buraxır:

    Dünən kədərinə şərik olmadım,

    Bu gün sevincini bölə bilmirəm.

                                      Yaxud:

    Unutma, döyüşdə çox vaxt, çox zaman

    İlk güllə qabaqda gedənə dəyir.

         Çağdaş Azərbaycan poeziyasının yüksək sıralarında dayanan şairlərimizlə bir sırada addımlayan yüksək ideallar uğrunda mübarizə aparan Famil Mehdi də bu qəbildəndir. Elə buna görə də o oxucuları tərəfindən daim sevilən şairdir. Heç də təsadüfi deyildir ki, bəstəkarlarımız onun şeirlərinə mahnılar bəstələmişdir.

          Şairin şeirlərində Qarabağ motivləri daha çox üstünlük təşkil edir. Çünki Azərbaycanı Qarabağsız təsəvvür etmək mümkün deyildir. Qarabağ Azərbaycanımızın oxuyan qəlbidir. Bu müqqədəs torpağımız tarımızın, kamanımızın, muğamlarımızın zəngulələrindən yaranmışdır.

         Famil Mehdi Qarabağda dünyaya göz açıb, xanəndələrin, ağsaqqalların söz-söhbətlərini aşıqların telli sazını dinləyib. Buna görə də Qarabağ nəğmələri onun qanında çağlayır, ürəyinin döyüntülərində yaranır. Bu onun şeirlərində çox aydın duyulur. Onun dediyi kimi şairin ilk vətəni və son mənzili doğma yurdu olmalıdır:

    Səndən üz döndərsəm, sənə yad olsam,

    Sınar qələmim də, batar səsim də.

    Əgər sənə layiq bir övlad olsam,

    Məni dinləyərsən son nəfəsimdə.

    Mənə yer verərsən doğma yerimdə,

    Uyuyub yataram, ana, ay ana.

    Qarabağ, Qarabağ sümüklərim də

    Əriyib qarışar torpaqlarına.

    Bütöv Azərbaycanı, Qarabağı ürəyində gəzdirən şairin bu sözləri deməyə mənəvi haqqı vardır.

         Famil Mehdi poeziyasında Cənubi Azərbaycan mövzusuna da tez-tez rast gəlirik. O, Cənublu qardaş və bacılarımızın dərdini şeirlərində dilə gətirmişdir.  

    Aha, görüşünə gör kim gəlib, kim,

    Dünyanın, taleyin işinə bir bax.

    Mən səni Təbrizdə görə bilmədim,

    Barı Lissabonda gəl qucaqlaşaq.

    Sən hara, əzizim, buralar hara!

    Sən deyən olmadı, niyə olmadı?

    O qədər göz dikib baxdın yollara,

    Gözündə ağ itdi, qara qalmadı.

    Naxış o naxışdır, incədən incə,

    Fəqət demirəm ki, heç solmamısan.

    Bəs necə dözmüsən, qürbətdə necə,

    Nə yaxşı alışıb kül olmamısan.

    Dünya da böyükdür, dərdi də böyük,

    Təsadüfi deyildir ki, bu şeir İran İnqilabından az sonra Təbrizdə ana dilində çıxan jurnallardan birində dərc edilmişdir. Şairin eyni adlı “Təbriz xalısı” kitabı da Arazın o tayında maraqla qarşılanmışdır.

        Famil Mehdi poeziyasında vətənpərvərlik, beynəlmiləlçilik əsas yerlərdən birini tutur. Bu poeziyaları poetik dildə əks olunduğundan oxucularında mübariz duyğular aşılayır. Şairin yaradıcılığında kor-koranə yazılması məlum olmayan şeiri yoxdur. Onun şeirləri oxucuya konkret bir fikir aşılayır. Bu hisslər yüksək bəşəri hisslərdir. Ümumiyyətlə F.Mehdi poeziyası səmimi hisslər poeziyasıdır. Onun hər bir şerinin arxasında sanki ürək çırpıntılarını hiss edirik. Bu şeirlərdə publisistik ruh yüksəkliyi hiss olunur. Şairin məhəbbəti və nifrəti də bütün şeirlərində özünü göstərir. Qələmə aldığı müharibə mövzusuna həsr etdiyi şeirnə nəzər salaq:

    Bir yay arabada sübh çağı erkən

    Tarlada qızlara su daşıyarkən

    Öldü… hamı dedi qəlpədən öldü,

    Cəbhədə aldığı zərbədən öldü.

    Bircə ana torpaq bildi bu dərdi:

    Faşist qəlpəsindən ölsəydi əgər,

    Çoxdan ölərdi, öz qəlpəmizdən,

    Laqeyidlik qəlpəmizdən, söz qəlpəmizdən.

    Şairin şeirlərində insanı uca tutmaq, qədrini bilmək, duyğularının inkişafına adət-ənənəyə məhəbbət hissləri aydın sezilir. O, kəskin tənqidi elinə-dilinə biganələri, başqlarının taleyi ilə oynayanlara qarşı öz fikrini bildirir, əsl vətəndaşlıq mövqeyində dayanır:

    Məni təsdiqləyər dünya görənlər,

    Bu dünya tərsinə dolana bilməz.

    Dar gündə ölümə sinə gərənlər

    Xoş gündə əl açıb dilənə bilməz.

    Famil Mehdinin həyatı geniş poetik lövhələrdə, insan xarakterlərində də canlandırmağı sevən və bu yolda ardıcıl, dönmədən çalışan sənətkardır.

         Şairin poemalarında ciddi problemlərə toxunularaq müəyyən mübahisələr də olmuşdur:  “Göyü çiynində saxlayan adam” kitabının ilk poeması 1972-ci ildə Xalq Yazıçısı Mirzə İbrahimovun sədrliyi ilə geniş iclasda müzakirə edilərək əsər uğurlu hesab edilmişdir. Sənət yoldaşları Nəbi Xəzri, Süleyman Vəliyev, Bəxtiyar Vahabzadə, Cabir Novruz, Məstan Əliyev və başqaları poemanı bəyənib şairə öz irad və qeydlərini bildirmişdilər. 

        Famil Mehdi gecə-gündüz yorulmaq bilmədən yazıb-yaratmış, yazdıqlarının arxasında möhkəm dayanmış, bu inam ona güc-qüvvət vermiş yeni-yeni əsərlər yazmağa ruhlandırmışdır. Onun əsərləri bu gün də öz aktuallığını qoruyub saxlayır.

     Arxiv materialları və kitabları:

    “İnsan unudulmur” – 1976 Gənclik

    “Ömür keçir gün keçir” – 1983 Yazıçı

    “Borc” – 1984 Gənclik

    “Seçilmiş əsərləri” – 1989 Azərnəşr  və s.    

    AMEA Nizami adına Ədəbiyyat İnsititunun əməkdaşı

    Ədalət Rəsulova

  • X Bakı Beynəlxalq Kitab Sərgisində “Üşüyən küçələr” kitabının təqdimatı keçirilib

    X Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Qazaxıstanın tanınmış şairi, filoloq-alim, pedaqoq, Əməkdar mədəniyyət xadimi Dəuletkerey Kəpoğlunun “Üşüyən küçələr” kitabının təqdimatı keçirilib.

    AZƏRTAC xəbər verir ki, tədbirdə kitabın layihə rəhbəri, şair-publisist, “Alaş” beynəlxalq ədəbiyyat mükafatı laureatı Əkbər Qoşalı nəşrin ərsəyə gəlməsindən söhbət açıb.

    Qazax şairinin şeirlərini dilimizə tərcümə edən Dünya Gənc Türk Yazarlar Birliyin Məsləhət Şurasının üzvləri – şairlər İbrahim İlyaslı və Rəsmiyyə Sabir bildiriblər ki, kitabda Azərbaycan və qazax türkcəsindən əsərlər yer alıb.

    Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova kitab haqqında fikirlərini bölüşərək, belə təqdimatların sayının çox olmasını arzulayıb.

    Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşar kitabın müəllifinə Birliyin 25 illik yubiley mükafatını təqdim edib.

    Daha sonra müəllifin imza sessiyası keçirilib.

    Mənbə: https://azertag.az/

  • X Bakı Beynəlxalq Kitab Sərgisi: Qazaxıstanın dövlət xadiminin kitabı təqdim olunub

    X Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Qazaxıstan Prezidentinin müşaviri, Qazax ədəbiyyatının tanınmış nümayəndəsi Malik Otarbayevin Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən nəşr olunan “Gözlədiyimiz xoşbəxtlik” kitabı oxuculara təqdim olunub.

    AZƏRTAC xəbər verir ki, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova çıxışında əsərin əhəmiyyətindən danışıb.

    “Malik Otarbayevin qələmi həyat həqiqətlərini, insanların münasibətlərindəki incə və dərin duyğularını gözəl şəkildə əks etdirir. Hər bir obrazın hekayəsi daxili dünyamızın arzuları və gündəlik həyatımızın reallıqları arasındakı mübarizənin əksi kimi görünür”, – deyə fondun prezidenti bildirib.

    Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel çıxışında Malik Otarbayevin milli dəyərlərdən ilham alan bir yazıçı olduğunu deyib. “Biz çox xoşbəxtik ki, onun əsərləri Qazaxıstanın hüdudlarında da tanınır. Kitabın hər səhifəsi dəyərli fikirlərlə zəngindir”, – deyə səfir qeyd edib.

    Şairlər Əkbər Qoşalı, İntiqam Yaşar və digər çıxışçılar əsərin əhəmiyyətindən söz açıblar. Onlar kitabda təsvir edilən hisslər və insanı mənəvi cəhətdən zənginləşdirəcək düşüncələrin ümumən bəşər övladına ünvanlandığını diqqətə çatdırıblar.

    Tədbir bədii hissə ilə davam edib.

    Sonda müəllifin imza sessiyası keçirilib.

    Mənbə: https://azertag.az/

  • Görkəmli qazax yazıçısı Berdibek Sokpakbayevin kitabının Azərbaycan dilində təqdimatı keçirilib

    X Bakı Beynəlxalq Kitab Sərgisində Türk Mədəniyyəti və İrsi Fondu görkəmli qazax yazıçısı Berdibek Sokpakbayevin “Mənim adım Kojadır” kitabının Azərbaycan dilində təqdimatını və 100 illik yubiley mərasimini keçirib.

    AZƏRTAC xəbər verir ki, tədbirdə Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova çıxış edərək Berdibek Sokpakbaevin bir çox maraqlı əsərlər yazdığını, bunlardan birinin də qazax uşaq ədəbiyyatının şah əsərlərindən olan “Mənim adım Kojadır” povesti olduğunu söyləyib. Kitabın dünyanın 68 dilinə tərcümə olunduğunu diqqətə çatdıran Fondun prezidenti rəhbərlik etdiyi qurumun Türk dünyasının zəngin irsinin təbliği və gələcək nəsillərə ötürülməsi məqsədilə kitabı ilk dəfə Azərbaycan dilinə tərcümədə oxuculara təqdim etdiyini bildirib.

    Qazaxıstan Prezidentinin müşaviri Malik Otarbayev yazıçının bir çox böyük romanlara imza atdığını diqqətə çatdırıb. O, “Mənim adım Kojadır” əsərinin gənc nəslə milli dəyərlərə sahib çıxmağı öyrətdiyini deyib. Prezidentin müşaviri bildirib ki, əsəri ilk dəfə rus dilinə çevirən yazıçının qızı Samal Sokpakbayeva olub. “Kitabın bir çox ölkədə təbliğində Samal xanımın böyük rolu var”, – deyə o əlavə edib.

    Malik Otarbayev kitabın çox əhəmiyyətli olduğunu vurğulayaraq Türk Mədəniyyəti və İrsi Fondunun böyük bir işə imza atdığını deyib.

    Almatı vilayətinin Mədəniyyət, arxivlər və sənədləşmə idarəsinin rəhbəri Daniyar Əliyev, yazıçının qızı Samal Sokpakbayeva kitab ilə bağlı fikirlərini bölüşüblər. Çıxışçılar bu cür tədbirlərin iki ölkə arasında mədəni əlaqələrə töhfə verəcəyini vurğulayıblar.

    Kitabın layihə rəhbəri və ön sözün müəllifi Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, tərcümə edənlər Xanım Aydın, Rǝbiqə Nazimqızı, Xatirə Nurgül, redaktoru isə Fərid Hüseyndir.

    Kitaba bu il 100 illik yubileyi qeyd olunan görkəmli qazax yazıçısı Berdibek Sokpakbayevin “Mənim adım Kojadır” povesti daxil edilib. Bu əsər dünya uşaq ədəbiyyatının sevilən nümunələrindən biridir.

    Əsərdə uşaqların özünəməxsus dünyagörüşü, mühitin onlara təsiri, habelə insanın islahı üçün ən vacib məsələnin vicdan olduğu fikri önə çəkilir.

    Mənbə: https://azertag.az/

  • Bu gün görkəmli bəstəkar Tofiq Quliyevin anım günüdür

    Bu gün görkəmli bəstəkar, Xalq artisti, Dövlət mükafatı laureatı Tofiq Quliyevin anım günüdür.

    AZƏRTAC xəbər verir ki, böyük sənətkarın vəfatından 24 il ötür.

    Azərbaycan musiqi salnaməsini yaradan şəxsiyyətlər sırasında Tofiq Quliyevin də özünəməxsus yeri var. Onun ürəkaçan mahnıları, orijinal estrada əsərləri, mükəmməl kino musiqisi, operettaları, ölkəmizin hüdudlarından çox-çox uzaqlarda populyarlıq qazanaraq bu gün də sevilə-sevilə ifa olunur. Böyük bəstəkarın sənətinə dövlət tərəfindən göstərilən diqqət və qayğı da bir növ onun xatirəsinə olan ehtiramın bariz nümunəsidir.

    Ölməz əsərləri ilə milyonlarla insanın bədii zövqünü oxşayan, əbədi rəğbətini qazanan, ürəklərdə möhtəşəm sənətkar heykəlini ucaldan Tofiq Quliyev mənalı və şərəfli həyat yaşayıb. O, 1917-ci il noyabrın 7-də Bakı şəhərində anadan olub, erkən yaşlarından musiqiyə maraq göstərib, xalq musiqisinin gözəlliklərindən ilhamlanıb. Ötən əsrin 30-cu illərində sənət yoluna qədəm qoymuş T.Quliyev Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki məktəbin fortepiano sinfinə daxil olub. Bu təhsil ocağında dərs deyən, həyatdan çox gənc ikən köçmüş, lakin əbədilik qazanmış Asəf Zeynallı onun inkişafına böyük təsir göstərib. Məhz sevimli müəlliminin məsləhəti ilə 14 yaşlı Tofiq Quliyev M.Ə.Sabirin sözlərinə “Məktəbli” mahnısını yazıb və bu zamandan etibarən dostu, görkəmli sənətkar Qara Qarayev ona “Sən bizim bəstəkarımızsan” deyib.

    1934-cü ildə musiqiyə olan məhəbbəti T.Quliyevi Azərbaycan Dövlət Konservatoriyasına gətirib çıxarır və o, meylini təkcə fortepianoya salmaqla kifayətlənmir, eyni zamanda, Dirijorluq fakültəsinə daxil olur. Hələ konservatoriyada oxuduğu günlərdə – 1935-ci ildə Azərbaycan Dövlət Dram Teatrında dirijorluq fəaliyyətinə başlayır, sonralar müxtəlif musiqi kollektivlərinə dirijor kimi rəhbərlik edir.

    O dövrün gənclərinin musiqiyə gəlişi və ilk uğurlu addımları dahi Üzeyir Hacıbəylinin adı ilə bağlıdır. Məhz bu qüdrətli sənətkar bir çox insanların musiqiçi və şəxsiyyət kimi püxtələşməsində əvəzsiz rol oynayıb. T.Quliyev “mənəvi ata” saydığı dahi ustadın başladığı sənət-yaradıcılıq yolunu uğurla davam etdirib və illər ötdükcə Azərbaycan musiqisinin ləyaqətli təmsilçisinə çevrilib. Məhz Üzeyir Hacıbəylinin və böyük sənətkar Bülbülün rəhbərliyi ilə gənc musiqiçinin fəaliyyət sahəsi şaxələnir. O, konservatoriyada təşkil edilmiş Elmi-Tədqiqat Musiqi Kabinəsinin işində fəal iştirak edib. 1936-cı ildə T.Quliyev tarzən Mansur Mansurovun ifasında “Rast” və “Segah-Zabul” muğam dəstgahlarını nota köçürüb və onlar milli musiqi tarixində ilk dəfə olaraq nəşr edilib. Bu nəcib təşəbbüsə musiqimizin atası Üzeyir Hacıbəyli o vaxt belə qiymət verib: “Muğamların nota yazılması Azərbaycan musiqi həyatında böyük çevriliş yaratmaqla incəsənətimizə böyük xidmətdir”.

    Sonralar da musiqi folklorunun toplanılması sahəsində mühüm işlər görmüş bəstəkar 1955-ci ildə “Azərbaycan xalq rəqsləri”ni fortepiano üçün işləyib, “Azərbaycan xalq mahnıları” topluları üçün çoxsaylı mahnıları nota köçürüb. Xalq musiqi incilərinin mükəmməl nümunələri olan “Evləri var xana-xana” və “Qoy gülüm gəlsin, ay, nənə” mahnılarını səs və simfonik orkestr üçün işləyib. Bəstəkar həm də hind, bolqar, ərəb mahnılarının böyük bədii ustalıqla səs və fortepiano üçün variantlarını yaradıb.

    1936-cı ildə Üzeyir Hacıbəylinin şəxsi təşəbbüsü və təklifi ilə Tofiq Quliyev P.İ.Çaykovski adına Moskva Konservatoriyasının Dirijorluq fakültəsində təhsilini davam etdirib. Moskvada oxuduğu illərdə dirijor-bəstəkar T.Quliyevin adına bu şəhərin konsert afişalarında tez-tez rast gəlinirdi. Onun parlaq musiqi istedadı Ümumittifaq caz orkestrinin rəhbəri A.Tsfasmanın diqqətini cəlb edir. Məşhur dirijorun dəvəti ilə T.Quliyev 1937-1939-cu illərdə ansamblın tərkibində piano ifaçısı kimi fəaliyyət göstərir və bu, onun gələcək professional taleyini müəyyən edir. 1939-cu ildə Moskva şəhərində belə konsertlərdən birini izləyən görkəmli dövlət xadimi Mirzə İbrahimov gənc musiqiçiyə Bakıda Azərbaycan Dövlət Estrada orkestrini yaratmağı təklif edir. “Caz musiqisinin sərbəstliyi və nikbin əhvali-ruhiyyəsini” özünə doğma bilən T.Quliyev bu təklifi bəyənir və təhsilini yarımçıq qoyaraq Bakıya qayıdır. 1941-ci il sentyabrın 6-da milli musiqimizin yeni səhifəsi açılır – M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında həmin orkestrin böyük müvəffəqiyyətlə ilk çıxışı olur. Caz orkestrinin premyerasının İkinci Dünya müharibəsinin qanlı-qadalı günlərindən birinə təsadüf etməsinə baxmayaraq, insanlar bu hadisəni bayram əhvali-ruhiyyəsi ilə qarşıladılar. Çox gözəl tərtib olunmuş musiqi proqramına o günün tələbinə cavab verən mahnılarla yanaşı, T.Quliyev sırf caz üslubunda yazılmış “Bəs pələng hanı?”, “Molla Nəsrəddin və plov” məzhəkəli mahnısını və “Zibeydə” vokal miniatürünü daxil edir. Həmin illərdə yaranmış bu nadir əsərlər Azərbaycan cazı və estrada musiqisinin əsasını təşkil edən klassik nümunələrdir.

    Dövlət Caz Orkestrinin ilk repertuarına Tofiq Quliyev Amerikanın caz ustalarının əsərlərini də daxil edir. O, Dük Ellinqtonun məşhur “Karvan” pyesini “Çahargah” məqamında işləyir, muğamın özünəməxsus çalarını, xırdalıqlarını əsərə daxil edir və sanki onun Azərbaycan variantını yaradır. Bu konserti diqqətlə izləyən dahi sənətkarımız Üzeyir Hacıbəyli istedadlı musiqiçiyə xüsusilə “Çahargah” kompozisiyasını bəyəndiyini söyləyir. Beləliklə, T.Quliyev milli musiqi tarixində ilk dəfə olaraq muğam və caz musiqisinin sintezini yaradır və bu yenilik bəstəkarın mahir bir pianoçu və bəstəkar kimi yetişdiyini göstərir.

    Sənətkarın müharibə illərində bəstələdiyi bir sıra mahnıları – “Azərbaycan diviziyası”, “Vətən haqqında mahnı”, “Azərbaycan”, “Döyüşçülərin mahnısı” və s. insanların təmiz hisslərini, Vətənə məhəbbətini tərənnüm edir, onlarda ruh yüksəkliyi yaradır.

    1939-cu ildə Tofiq Quliyev həm də teatr musiqi sahəsinə müraciət edir və Gənc Tamaşaçılar Teatrının “Babək” tamaşası üçün musiqi bəstələyir. Sonralar müxtəlif teatrlarla əməkdaşlıq edən bəstəkar, bir çox pyeslərə, o cümlədən U.Şekspirin “On ikinci gecə”, C.Cabbarlının “Aydın” və “Yaşar”, N.Hikmətin “Qəribə adam” və s. əsərlərinə musiqi yazır. Bu tamaşalar üçün bəstələnmiş mahnılar tez bir zamanda yayılır, dinləyicilərin dilinin əzbəri olur.

    Müharibədən sonrakı illərdə T.Quliyev yenidən təşkil olunmuş estrada orkestri üçün onlarla mahnı bəstələyir. Bu zaman onun, həm də Rəşid Behbudov kimi görkəmli müğənni ilə əməkdaşlığı, keçmiş SSRİ-nin müxtəlif şəhərlərində pianoçu kimi çıxışları, şöhrətini daha da artırır.

    O, 1951-ci ildə Moskva Konservatoriyasında təhsilini başa vurur və 1954-cü ildə burada bəstəkarlıq və dirijorluq üzrə aspiranturanı bitirir, həmçinin həmin vaxtlarda “Azərbaycan süitası”, romanslar, fortepiano üçün variasiya və prelüdlər yazır.

    Doğma yurduna qayıdan Tofiq Quliyev parlaq fəaliyyəti ilə musiqimizin tərəqqisi yolunda çalışır. O, Azərbaycan Dövlət Konservatoriyasında pedaqoq, filarmoniyanın direktoru, kinostudiyanın baş musiqi redaktoru, uzun zaman Azərbaycan Bəstəkarlar İttifaqının sədri kimi fəaliyyət göstərir, kəsərli sözü ilə öz peşəkarlıq mövqeyini təsdiq edir. Geniş musiqi-ictimai fəaliyyətinə baxmayaraq, T.Quliyev bir an belə yaradıcılıqdan uzaqlaşmır, fasiləsiz olaraq müxtəlif janrlarda əsərlər yaradır. Lakin bəstəkarı xalqa tanıdan və sevdirən, ilk növbədə, onun müxtəlif əhvali-ruhiyyəli mahnıları olur. Azərbaycan mahnı janrının inkişafında əvəzsiz xidmətləri olan Tofiq Quliyev yaradıcılığının ilk mərhələsində yazdığı “Bakı haqqında mahnı”, “Züleyxa”, “Neftçilər mahnısı”, “Süfrə mahnısı” kimi geniş yayılmış vokal incilər dinləyicilərin hafizəsinə həmişəlik həkk olunur.

    Bəstəkar Azərbaycan musiqisində lirik mahnıların klassik nümunələrini yaradır. Tofiq Quliyevin vokal inciləri özünəməxsus, heç bir başqa bəstəkarın üslubuna bənzəməyən dəst-xəti ilə seçilir. Sənətkarın Nizaminin “Könlüm” və “Sevgilimə”, Xaqaninin “Bəxtəvər oldum” sözlərinə yazdığı romanslar son dərəcə füsunkar səslənir. “Sənə də qalmaz”, “Qəmgin mahnı”, “İlk bahar”, “Neylim”, “Axşam mahnısı”, “Bakı gecələri” kimi mahnıları insanın daxili aləmini, həyəcanını, məhəbbətini romantik bir dillə əks etdirir. Bu mahnılar musiqi dilinin xəlqiliyi, melodiyalarının axınlılığı və zənginliyi ilə fərqlənir. Tofiq Quliyev hər bir mahnı üçün yadda qalan orijinal intonasiya tapır, insanların saf və etibarlı hisslərini rəngli boyalarla təsvir edir. Qüdrətli sənətkar mahnı yaradıcılığında müasir musiqi üslubunu – xalq musiqisinin zəngin aləmindən bəhrələnən xüsusiyyətlərlə uzlaşdırır. Maraqlı sintezə nail olan bəstəkar zamanın nəbzini duyan, peşəkarlığın yüksək zirvəsində duran vokal miniatürlər yazır və milli mahnı janrını yeni inkişaf pilləsinə ucaldır.

    T.Quliyev çox böyük diqqətlə öz romans və mahnıları üçün söz seçir, çalışır ki, musiqi şeirin ruhunu, məzmununu dəqiq üzə çıxarsın. O dövrün müxtəlif problemlərini tərənnüm edən, mövzu cəhətdən rəngarəng olan Səməd Vurğun, Rəsul Rza, Zeynal Cabbarzadə, İslam Səfərli, Ənvər Əlibəylinin şeirlərinə müraciət edir. Dənizin qoynundan “qara qızıl” çıxaranları “Gənc neftçilər” mahnısında, zəhmətkeş insanları “Pambıq” mahnısında, “Saçaqlı qız” əsərlərində tərənnüm edir. “Moldova-Azərbaycan”, “Zlata Praqa”, “Bratislava” haqqında mahnıları dostluq, sülh və əmin-amanlığın himninə çevrilir. Lakin dinləyicilər Tofiq Quliyevi yumoristik, şən əhvali-ruhiyyəli bir sənətkar kimi də sevirlər. Onun oynaq melodiya və ritmi ilə fərqlənən “Badamlı” və “Toy mahnısı” bu sahədəki axtarışlarının bəhrəsidir.

    Sənətkarın yaradıcılığında mahnı janrı aparıcı olsa da, bədii istedadı bununla məhdudlaşmır. O, həmişə böyük həvəslə kino sənəti üçün çalışır, yetmişdən çox filmə musiqi bəstələyir. “Səbuhi”, “Ögey ana”, “Görüş”, “Bəxtiyar”, “Onu bağışlamaq olarmı”, “Telefonçu qız”, “Nəsimi” və s. filmlərə yazdığı musiqi özünün melodikliyi, təbiiliyi ilə seçilir, mahnıları isə coşqun ilhamla oxunur.

    T.Quliyev milli musiqili komediya janrına da öz töhfəsini verir, “Aktrisa”, “Qızıl axtaranlar”, “Sənin bircə sözün”, “Sabahın xeyir, “Ella” kimi əsərlərini yazır. Bu operettaların musiqi parçaları tamaşanın müvəffəqiyyət qazanmasında, obrazların səhnə təcəssümündə həmişə böyük rol oynayır. Kiçik yaşlı tamaşaçıları da unutmayan sənətkar “Artıq tamah”, “Şəngülüm, Şüngülüm, Məngülüm” və s. uşaq pyeslərinə musiqi bəstələyir. 1969-cu ildə bəstəkarın üç xoreoqrafik novelladan ibarət “Məhəbbət mahnısı” adlı baleti isə Moskvada müvəffəqiyyətlə səhnələşdirilir.

    Respublikamızın musiqi həyatında fəal iştirak edən T.Quliyev daim müxtəlif musiqi festivalları, müsabiqələrin keçirilməsi üçün çalışır, dövrü mətbuatda aktuallığı ilə seçilən məqalələrlə çıxış edir.

    Yaradıcılığının yetkin və kamil dövründə böyük sənətkarımız Tofiq Quliyevin şərəfli əməyi Ulu Öndərimiz Heydər Əliyev və onun ləyaqətli davamçısı Prezident İlham Əliyev tərəfindən yüksək qiymətləndirilib. 1997-ci ildə o, “İstiqlal ordeni” ilə təltif edilib. 2000-ci ildə dünyasını dəyişən Tofiq Quliyevin xatirəsinin əbədiləşdirilməsi haqqında Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən sənətkarın yaşadığı binaya xatirə lövhəsi vurulur, Bakının küçələrindən birinə və 12 nömrəli musiqi məktəbinə bəstəkarın adı verilib. Prezident İlham Əliyevin Tofiq Quliyevin 100 illik yubileyinin keçirilməsi haqqında müvafiq Sərəncamı görkəmli sənətkarın xatirəsinə dərin hörmət və ehtiramın təcəssümü kimi qiymətləndirilib, ictimaiyyətimiz tərəfindən rəğbətlə qarşılanıb.

    Böyük sənət fədaisi, əsl vətənpərvər Tofiq Quliyev bütün qüvvə və istedadını xalqına sərf etmiş, hörmət və ehtiram qazanmışdır. Adı musiqi tariximizə böyük hərflərlə həkk olunmuş müdrik sənətkarın bənzərsiz yaradıcılığı xalqımız tərəfindən həmişə yüksək tutulacaq.

    Mənbə: https://azertag.az/

  • Görkəmli qazax yazıçısı Kemel Tokayevin dilimizə tərcümə edilmiş “Xüsusi tapşırıq” kitabının təqdimatı keçirilib

    Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində keçirilən X Bakı Beynəlxalq Kitab Sərgisi davam edir. 
    Sərgi çərçivəsində oktyabrın 2-də Türk Mədəniyyəti və İrsi Fondu (TMİF) tərəfindən nəşr olunan görkəmli qazax yazıçısı və ictimai xadimi Kemel Tokayevin (1923-1986) Azərbaycan dilinə tərcümə edilmiş “Xüsusi tapşırıq” kitabının təqdimatı keçirilib. 
    Tədbirdə çıxış edən TMİF-in prezidenti Aktotı Raimkulova müharibə əleyhinə qələmə alınan, insanları sülhə səsləyən “Xüsusi tapşırıq” kitabının “Türk ədəbiyyatının inciləri” seriyasından çap olunduğunu bildirib. “Qazax ədəbiyyatının detektiv janrının banilərindən olan Kemel Tokayev türk mədəniyyətinin və söz sənətinin inkişafına böyük töhfələr verib. O, yazıçılıq fəaliyyəti ilə yanaşı, jurnalistika ilə də məşğul olub, publisistik əsərlərində Qazaxıstanın mühüm mədəni və sosial məsələlərini işıqlandırıb. Bu nəşr fondun görkəmli yazıçının zəngin yaradıcılığının öyrənilməsinə və ədəbi irsinin təbliğinə verdiyi töhfədir. Ümid edirik ki, bu nəşr gələcək nəsillər üçün vacib bir qaynaq olacaq”, – deyə o əlavə edib.
    Qazaxıstan Prezidentinin müşaviri Malik Otarbayev bildirib ki, Kemel Tokayev hər bir əsərini arxiv məlumatlarına, etibarlı mənbələrə əsaslanaraq qələmə alıb: Bu gün eyni zamanda Türk dünyasının məşhur yazıçısı Kemel Tokayevin doğum günüdür. Bu əlamətdar gündə Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində nəşrin təqdimatı böyük əhəmiyyət kəsb edir”.
    Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Xalq yazıçısı Anar Qazaxıstanı çox sevdiyini, görkəmli yazıçı Abay haqqında məqalə yazdığını vurğulayıb. O eyni zamanda Kemel Tokayevin yaradıcılığına böyük hörmət bəslədiyini qeyd edib.
    AYB-nin birinci katibi Xalq yazıçısı Çingiz Abdullayev “Xüsusi tapşırıq” kitabının Azərbaycan dilində nəşr olunmasının əhəmiyyətini yüksək qiymətləndirib.
    AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Azərbaycanda Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa da kitab və onun müəllifi haqqında söz açıblar. Qeyd olunub ki, bu kitab yerli oxucuların Kemel Tokayevin yaradıcılığı ilə tanışlığına imkan yaradacaq.
    Kitabın layihə rəhbəri və ön sözün müəllifi TMİF-in prezidenti Aktoti Raimkulova, tərcüməçisi Rǝbiqə Nazimqızı, redaktoru Əkbər Qoşalıdır.

    Mənbə: https://culture.gov.az/

  • Paytaxtımızda X Beynəlxalq Kitab Sərgisi başlandı

    Oktyabrın 2-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində X Bakı Beynəlxalq Kitab Sərgisinin açılış mərasimi keçirilib. 10-cu yubiley sərgisi dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin (1494-1556) anadan olmasının 530 illiyinə həsr edilib. Mərasimdə mədəniyyət naziri Adil Kərimli, Milli Məclisin vitse-spikeri akademik Rafael Hüseynov, AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar, millət vəkilləri, tanınmış mədəniyyət, elm, ədəbiyyat xadimləri və digər qonaqlar iştirak ediblər. Tədbirdə əvvəlcə bədii hissə təqdim edilib.

    Muğam üstündə Məhəmməd Füzulinin qəzəli səsləndirilib. Həmçinin dahi bəstəkar Üzeyir Hacıbəylinin əsərləri ifa olunub. Açılış nitqi ilə çıxış edən Xalq yazıçısı Anar sərginin əhəmiyyətini vurğulayıb, bu ənənəvi layihənin kitabsevərlər üçün böyük bayram olduğunu deyib. Kitab mədəniyyətinin hər bir ölkə və xalq üçün zəruriliyini qeyd edən yazıçı hər kəsi sərgidən faydalanmağa səsləyib. Xalq yazıçısı nitqini “Kitab həmişə yaşasın və bizi yaşatsın!” fikri ilə bitirib. Sonra qonaqlar sərgi ilə tanış olublar.

    Qeyd edək ki, sərgidə 4 qitəni təmsil edən 18 ölkədən 56 qurum, 110 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə iştirak edir. Dünyaşöhrətli irlandiyalı yazıçı Con Boyn, tanınmış alman yazar Vulf Dorn və Azərbaycan əsilli Fəriba Vəfi sərginin “fəxri qonaq”larıdır. Ölkəmizdən isə sərginin “fəxri yazar”ları şair Salam Sarvan və nasir Rövşən Abdullaoğludur.

    Sərgidə Azərbaycanla yanaşı, Türkiyə, İtaliya, Çin, Rusiya, Koreya Respublikası, Macarıstan, Qazaxıstan, Qətər, Özbəkistan, Oman, Argentina, Mərakeş, Venesuela, Gürcüstan, Meksika, Kolumbiya, Çili və Monqolustandan tanınmış yazıçı və şairlər, elm adamları, gənc yazarlar iştirak edirlər. Sərgi tarixində ilk dəfə yeddi gün sürəcək kitab bayramında uşaqlar və böyüklər üçün ustad dərsləri, kitab təqdimatları, imza günləri, konfranslar, simpoziumlar, müsabiqələr, qiraət və musiqi saatları formatında ümumilikdə 327 tədbir keçiriləcək. Oktyabrın 8-dək davam edəcək sərgi zamanı gün ərzində ziyarətçilərin metronun “Elmlər Akademiyası”, “28 May” və “Koroğlu” stansiyalarından Bakı Ekspo Mərkəzinə xüsusi avtobuslar vasitəsilə gediş-gəlişi təmin ediləcək.

    Sərgi hər gün səhər saat 10:00-dan axşam saat 20:00-dək ziyarət üçün açıq olacaq.

    Sərgiyə giriş ödənişsizdir.

    Mənbə: https://culture.gov.az/

  • Çağdaş Azərbaycan ədəbiyyatı antologiyası çap olunub

    Mədəniyyət Nazirliyi ilə Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun birgə layihəsi olan “Sizlər üçün seçdik” adlı çağdaş Azərbaycan ədəbiyyatı antologiyası işıq üzü görüb.

    AZƏRTAC xəbər verir ki, bu nəşrin əsas fərqli cəhəti ölkənin tanınmış yazarlarının ən yaxşı bildikləri əsərlərini antologiya üçün təqdim etmələrindədir.

    Kitaba Xalq yazıçılarından Anarın, Elçinin, Kamal Abdullanın, Çingiz Abdullayevin, Elmira Axundovanın, Natiq Rəsulzadənin hekayələri, Xalq şairlərindən Nəriman Həsənzadənin, Vahid Əzizin, Sabir Rüstəmxanlının, Ramiz Rövşənin şeirləri daxil edilib. O cümlədən, nasirlərdən Seyran Səxavət, Elçin Hüseynbəyli, Yunus Oğuz, Varis, İlqar Fəhmi, Aqşin Yenisey, Natiq Məmmədli və Cavid Babayev, şairlərdən Baba Vəziroğlu, Rəşad Məcid, Ramiz Qusarçaylı, Səlim Babullaoğlu, Salam Sarvan, Nigar Həsənzadə, Qulu Ağsəs, İbrahim İlyaslı, Əlizadə Nuri, Əkbər Qoşalı, Xəyal Rza, Fərid Hüseyn və İntiqam Yaşarın da əsərləri antologiyada yer alıb.

    Azərbaycan Yazıçılar Birliyinin fəaliyyətini bərpa etmiş “Yazıçı” nəşriyyatının “Booker Publishing house” nəşriyyat evi ilə birgə ərsəyə gətirdiyi antologiyanın təqdimatı 10-cu Bakı Beynəlxalq Kitab Sərgisində baş tutacaq.

    Mənbə: https://azertag.az/

  • “Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub

    AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Kərkük Kültür Dərnəyinin rəhbəri Dr. Şəmsəddin Kuzəçinin “Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” kitabının təqdimatı keçirilib. Tədbirdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, nəşrin müəllifi – kərküklü şair və tədqiqatçı, Kərkük Kültür Dərnəyinin rəhbəri Dr. Şəmsəddin Kuzəçi, Azərbaycan Ədəbiyyat Fondunun Baş direktoru, Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü Varis Yolçuyev, AMEA-nın Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli, eləcə də Türk Ağsaqqalları Birliyinin İdarə Heyətinin üzvləri, Akademiyanın müxtəlif institutlarının əməkdaşları və digərləri iştirak ediblər.
    Əvvəlcə türkmən ədəbiyyatına dair AMEA-da nəşr olunmuş kitabların sərgisinə baxış keçirilib.
    Daha sonra Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və Ordumuzun, xalqımızın vəhdəti ilə şanlı Zəfər tariximizin yazıldığı 44 günlük Vətən müharibəsindən danışıb. O, Vətən müharibəsində qazanılan Zəfərimizlə 30 illik işğal siyasətinə son qoyulduğunu, Azərbaycanın ərazi bütövlüyünün bərpa edildiyini diqqətə çatdırıb. AMEA rəhbəri, həmçinin 2023-cü ilin sentyabrında keçirilən birgünlük lokal xarakterli antiterror tədbirləri nəticəsində suverenliyimizin tam təmin edildiyini söyləyib. Vurğulayıb ki, bu şanlı Qələbə nəinki müstəqillik dövrünün, hətta çoxəsrlik dövlətçilik tariximizin ən əlamətdar hadisəsi və zirvə məqamıdır.
    Akademik İsa Həbibbəyli Qalib Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi Zəfərin uzaqgörən Ulu Öndər Heydər Əliyevin göstərdiyi mübarizə yolunun yaradıcı şəkildə davam və inkişaf etdirilməsinin, uğurla başa çatdırılmasının misilsiz nümunəsi olduğunu bildirib. O, Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 19-da imzaladığı “Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında” Sərəncamını xatırladaraq, bu sənədi ölkəmizin ictimai-siyasi həyatında nadir tarixi hadisə kimi dəyərləndirib: “Həqiqətən, xoşbəxt insanlarıq ki, ölkəmizin bu tarixi günlərinin canlı şahidi və iştirakçısı oluruq. Bizə bu sevincli günləri, anları yaşatdığı üçün ölkə başçısına dərin minnətdarlığımızı bildiririk”. AMEA prezidenti Anım Günü ilə bağlı Akademiyanın institutlarında da müxtəlif tədbirlərin təşkil edildiyini söyləyib. O, Vətən müharibəsində qazandığımız şanlı Qələbənin tariximizdə əbədi qalacağını, şəhidlərimizin daim hörmət və ehtiramla yad ediləcəyini vurğulayıb.
    Daha sonra akademik İsa Həbibbəyli İraq-Türkman və Azərbaycan ədəbiyyatının əlaqələrindən danışaraq, ölkəmizdə İraq türkmanları haqqında geniş tədqiqatların aparıldığını diqqətə çatdırıb. Ədəbiyyat institutunun əməkdaşı, professor Qəzənfər Paşayevin fəaliyyətində İraq türkmanlarının ədəbi-mənəvi yaradıcılığının tədqiqi və təbliğinin xüsusi yer tutduğunu deyən alim onun “Altı il Dəclə-Fərat sahillərində” əsərini janrına görə publisist roman kimi dəyərləndirib. O, İraq-türkman tarixi, dili, ədəbiyyatı, mədəniyyəti, etnoqrafiyası və folkloru ilə bağlı araşdırmaların əlaqələndirilməsi və sistemli koordinasiyası məqsədilə AMEA Rəyasət Heyətinin qərarı ilə İraq-Türkman Araşdırmaları üzrə Əlaqələndirmə Şurasının yaradıldığını diqqətə çatdırıb. Bildirib ki, Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli sözügedən şuranın sədri, professor Qəzənfər Paşayev isə müavini təyin olunublar.
    Akademik İsa Həbibbəyli, həmçinin ölkə rəhbərinin “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında” 2024-cü il tarixli 25 yanvar Sərəncamına əsasən AMEA-da təşkil olunmuş “Dahi Azərbaycan şairi Məhəmməd Füzuli müştərək müsəlman mədəniyyətinin yetirməsi kimi” adlı beynəlxalq elmi konfransda İraqdan çoxlu sayda nümayəndənin iştirak etdiyini xatırladıb. AMEA prezidenti bu il Kərkükdə və Bağdadda birgə konfransların təşkilinin nəzərdə tutulduğunu, həmçinin Məhəmməd Füzulinin məzarını əyani olaraq ziyarət etməyin planlaşdırıldığını deyib. O, AMEA-nın bir sıra institutlarının Kərkük Kültür Dərnəyi ilə sıx əməkdaşlıq əlaqələrinin mövcud olduğunu, bir sıra önəmli layihələrin həyata keçirildiyini bildirib.
    Elmi ictimaiyyətə təqdim olunan “Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” kitabının əhəmiyyəti haqqında danışan akademik İsa Həbibbəyli topluda İraq türkmanlarının Dədə Qorqudu sayılan Əta Tərzibaşının fəaliyyətinin bütün istiqamətlərinin əks olunduğunu söyləyib. Qeyd edib ki, bu nəşr indiyə qədər Əta Tərzibaşı haqqında yazılmış ən əhatəli kitab kimi də əhəmiyyətlidir.
    Sonra Ədəbiyyat İnstitutunun Azərbaycan şifahi xalq ədəbiyyatı və yazılı abidələr şöbəsinin baş elmi işçisi, professor Qəzənfər Paşayev “Azərbaycanda Əta Tərzibaşı haqqında tədqiqatlar” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi Əta Tərzibaşının ömür yolu və zəngin bədii yaradıcılığı haqqında məlumat verib, ədibin Azərbaycan–İraq ədəbi-mədəni əlaqələrinin inkişafındakı rolundan danışıb. O, Əta Tərzibaşı ilə bağlı xatirələrini bölüşüb.
    Kərkük Kültür Dərnəyinin rəhbəri Dr. Şəmsəddin Kuzəçi təqdimatın təşkilinə və onun fəaliyyətinə verilən yüksək qiymətə görə akademik İsa Həbibbəyliyə minnətdarlığını bildirib.
    Daha sonra Azərbaycan Ədəbiyyat Fondunun Baş direktoru, Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü Varis Yolçuyev, Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Asif Rüsəmli, teleaparıcı Fəxriyyə Lilpar (İsayeva) Əta Tərzibaşının yaradıcılığındakı xidmətlərinə görə Kərkük Kültür Dərnəyi tərəfindən mükafatlandırılıblar.
    Tədbirdə Ədəbiyyat İnstitutunun elmi işçisi Orxan İsayev, Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Səkinə Qaybalıyeva, Ədəbiyyat İnstitutunun şöbə müdirləri, professorlar İmamverdi Həmidov və Asif Rüstəmli, institutun baş elmi işçisi, professor Nizami Tağısoy və filologiya üzrə fəlsəfə doktoru Qurban Bayramov çıxış edərək İraq türkmanlarından olan Əta Tərzibaşının yaradıcılığının birliyimizin təməl daşlarından olduğunu söyləyiblər. Çıxışlarda Əta Tərzibaşının 100 illiyinə töhfə olan “Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın geniş oxucu kütləsi üçün əhəmiyyətli mənbə olacağı vurğulanıb.
    Gülnar Səma
    Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,
    İctimaiyyətlə əlaqələr şöbəsi

  • Azərbaycanın Milli Qəhrəmanı İskəndər Aznaurova həsr edilmiş kitab Özbəkistanda oxuculara təqdim olunub

    Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən nəşr olunan Azərbaycanın Milli Qəhrəmanı İskəndər Aznaurova həsr edilmiş “Vətən üçün can fəda edən qəhrəmanlar” (Vatan uchun jon fido qilgan qahromanlar) adlı kitab 27 Sentyabr – Anım Günü münasibətilə Mədəniyyət Mərkəzinin foyesində sərgilənərək geniş oxucu kütləsinə təqdim edilib.

    Mərkəzdən AZƏRTAC-a bildirilib ki, özbək dilində çap edilmiş və müəllifi mərhum jurnalist-tədqiqatçı Mövlan Şükürzadə olan kitabda birinci Qarabağ savaşında şəhid olmuş Özbəkistanda anadan olan Azərbaycanın Milli Qəhrəmanı İskəndər Aznaurovun həyatı, döyüş yolu, silahdaşlarının, onu yaxından tanıyanların, ailəsinin onunla bağlı xatirələri yer alır.

    Sözügedən kitabın nəşrində əsas məqsəd Azərbaycan xalqının suverenlik və ərazi bütövlüyü yolunda apardığı mübarizəni özbək oxuculara çatdırmaq və gənc nəsillərin milli vətənpərvərlik ruhunda yetişməsinə xidmət göstərməkdir.

    Mənbə: https://azertag.az/

  • Bu gün böyük yazıçı, alim və pedaqoq Mir Cəlal Paşayevin anım günüdür

    Böyük zəhməti, parlaq istedadı, ürəyində gəzdirdiyi mərhəmət və xeyirxahlıq hissi onu daim yüksəklərə səsləyirdi. Elə buna görə də onun mənalı ömrü tutduğu vəzifəsindən asılı olmayaraq mənsub olduğu millətə xidmət etməklə keçib.

    XX əsr Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayev həm də yüksək insani keyfiyyətləri ilə nurlu şəxsiyyətlərdən biri kimi xalqımızın yaddaşında özünə əbədiyaşarlıq qazanıb.

    AZƏRTAC xəbər verir ki, bu gün görkəmli alimin və yazıçının vəfatından 46 il ötür.

    Mir Cəlal Əli oğlu Paşayev 1908-ci il aprelin 26-da Cənubi Azərbaycanın Ərdəbil vilayətində yoxsul kəndli ailəsində dünyaya göz açıb. Kiçik yaşlarında atası Gəncəyə köçdüyündən uşaqlığını burada keçirib. 1918-ci ildə – Mir Cəlal 10 yaşında ikən atası vəfat edib, o, böyük qardaşının himayəsində yaşayıb.

    Əzablı ömür qisməti dünyaya gəldiyi ilk illərdən onu izləməyə başlasa da, Ulu Tanrının mərhəməti sayəsində Mir Cəlal Paşayev çox çətinliklərə sinə gərərək, öz yolu ilə inadla, inamla irəliləyib. O, 1918–1919-cu illərdə Xeyriyyə Cəmiyyətinin köməyi ilə ibtidai təhsil alıb və Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Gəncə Darül müəllimliyinə daxil olub. Tələbə təşkilatının, sonra isə şəhər tələbə həmkarlar təşkilatının sədri seçilib.

    Mir Cəlal Paşayev Kazan Şərq Pedaqoji İnstitutunun ədəbiyyat şöbəsində, Azərbaycan SSR Elmlər Akademiyasının aspiranturasında təhsilini davam etdirməklə yanaşı, müəllimlik etmiş və millətinin övladlarına xalqının ədəbiyyatını, mədəniyyətini, zəngin keçmişini mənimsətmişdir. Bu mənada Mir Cəlal Paşayevin XX əsr Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafındakı xidmətləri misilsizdir.

    Yazıçı kimi 1928-ci ildə ədəbiyyata gələn Mir Cəlal, elə həmin ildə də ilk tədqiqat əsərini yazıb. Sözün gücünə güvənib, onun böyüklüyünə baş əyən sənətkarın könüllərə yanğı salmış “Bir gəncin manifesti” əsəri, zəmanənin güzgüsü olan hekayələri klassik bədii nümunələr kimi ədəbiyyat tariximizin səhifələrində müəllifinə əbədiyaşarlıq qazandırıb. Onun böyük zəhmətinin bəhrəsi olan “Füzuli sənətkarlığı”, “XX əsr Azərbaycan ədəbiyyatı”, “Azərbaycanda ədəbi məktəblər (1905-1917)”, “Ədəbiyyatşünaslığın əsasları” adlı fundamental əsərləri ədəbiyyatşünaslıq elminin qiymətli mənbələrindəndir.

    Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) sevimli müəllimi, nüfuzlu professoru kimi xatirələrdə daim yaşayan Mir Cəlal Paşayev həqiqət, düzlük, səmimiyyət aşiqi, ailəsini, övladlarını sevən, qoruyan şəxsiyyət olub. Onun bu kəlamı indi də dillər əzbəridir: “Həyatımda yaratdığım ən böyük əsər ailəmdir”.

    XX əsrin 20-30-cu illərində ədəbi aləmdə əvvəlcə şeir, sonra isə oçerk və hekayələri ilə görünən Mir Cəlal, az sonra istedadlı və orijinal yaradıcılıq üslubu olan yazıçı kimi tanınıb. Səməd Vurğun, Süleyman Rəhimov, Süleyman Rüstəm, Mehdi Hüseyn kimi tanınmış söz ustadları ilə bir dövrdə yaşayan Mir Cəlal öz yazı üslubu ilə həmkarlarından fərqlənərək Azərbaycan ədəbiyyatına yeni nəfəs gətirib. XX əsr Azərbaycan ədəbiyyatının bir sıra nailiyyətləri bilavasitə Mir Cəlal Paşayevin adı ilə bağlıdır. Əlli illik yaradıcılıq fəaliyyəti dövründə o, görkəmli nasir kimi Azərbaycan ədəbiyyatı tarixində öz layiqli və şərəfli yerini tutub. Əminliklə deyə bilərik ki, təkcə “Bir gəncin manifesti” əsərinə görə Mir Cəlal klassik sənətkarlar sırasında dayanmaq haqqını qazanıb. Bu əsər çapdan çıxanda onun heç 30 yaşı yox idi. 1928-ci ildə mətbuatda ilk şeirləri (“Dənizin cinayəti”, “Ananın vəsiyyəti”, “Müxbir”) çap olunub. Lakin o, bundan sonra, daha doğrusu, 1930-cu ildən etibarən hekayələr yazıb. O dövrün “Şərq qadını”, “Gənc işçi”, “İnqilab və mədəniyyət”, “Ədəbiyyat qəzeti” kimi nüfuzlu nəşrlərində “Doktor Cinayətov”, “İfşa”, “Mərkəz adamı”, “Naxələf”, “Bostan oğrusu”, “Qüdrət nümayişi”, “İstifadə”, “Dəzgah qızı”, “Heyrət” və digər hekayələrini çap etdirib. 1932-ci ildə “Sağlam yollarda”, 1935-ci ildə “Boy” adlı ilk oçerklər və novellalar kitabları işıq üzü görüb.

    Mir Cəlalın bütövlükdə yaradıcılıq dünyası ilə tanışlıqdan sonra belə qənaətə gəlmək olur ki, onu düşündürən həyati məsələləri, milli folklorun, xalq təfəkkürünün işığını, milli mənəvi dəyərlərin klassik ənənələrə uyğun inkişafını və bu istiqamətdə yaranan problemləri, xalq həyatının real görüntüsünü nəsr dilində aydın, qabarıq şəkildə vermək mümkündür. Necə ki, Sabiri oxuyanda şeirin, Mirzə Cəlili oxuyanda satira və yumorun gücünü duyursan, Mir Cəlal hekayələrini oxuyanda da eyni hissləri keçirirsən.

    Mir Cəlalın ilk irihəcmli əsəri – “Dirilən adam” romanı 1935-ci ildə ayrıca kitab kimi nəşr olunub. Hələ yarım əsr bundan əvvəl akademik Məmməd Arif yazırdı: “Mir Cəlal “Dirilən adam”la diqqətli bir realist yazıçı olduğunu göstərmişdir”.

    İlk dəfə 1937-1939-cu illərdə hissə-hissə “Revolyusiya və kultura” jurnalında nəşr olunan “Bir gəncin manifesti” əsəri isə yazıçının həyatında böyük bir dönüş yaradıb, ədəbi zirvəyə aparan yoluna cığır açıb və müəllifə böyük oxucu auditoriyası qazandırıb. 1940-cı ildə “Uşaqgəncnəşr”də kitab halında kütləvi tirajla buraxılan bu əsər oxucu tələbatına görə sonrakı illərdə də təkrar çap edilib. “Bir gəncin manifesti” bu gün də qəlbləri riqqətə gətirir. Doqquz dəfə müxtəlif illərdə ayrıca kitab halında nəşr olunan “Bir gəncin manifesti” Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda da sevilir.

    Mir Cəlalın “Dirilən adam”, “Bir gəncin manifesti”, “Yolumuz hayanadır” romanlarında keçmiş, “Açıq kitab”, “Yaşıdlarım”, “Təzə şəhər” romanlarında isə müasir həyat lövhələrinin bədii təsviri ustalıqla qələmə alınıb. Yazıçının “İnsanlıq fəlsəfəsi” (1961) kitabında toplanmış hekayələri də böyük tərbiyəvi-əxlaqi əhəmiyyətə malikdir. “İnsanlıq fəlsəfəsi”, “Subaylıq fəlsəfəsi”, “Təzə toyun nəzakət qaydaları”, “Vicdan mühakiməsi”, “Vicdan əzabı”, “Hesab dostları”, “Təsadüf, ya zərurət”, “Qocaların uşaq söhbəti” və digər hekayələrində isə real həyat lövhələri, fəlsəfi düşüncələr əks olunub.

    Mir Cəlalın bədii yaradıcılıq nümunələri dəfələrlə nəşr olunub. “Seçilmiş əsərləri” (2 cilddə, 1956-57), “Seçilmiş əsərləri” (4 cilddə, 1967-68), “Seçilmiş əsərləri” (2 cilddə, 1986-87), hekayə və povestlərdən ibarət “Şəfəqdən qalxanlar” (1972), “Dağlar dilə gəldi” (1978), “Ləyaqət”, hekayələrdən ibarət “Bostan oğrusu” (1937), “Gözün aydın” (1939), “Vətən” (1944), “Həyat hekayələri” (1945), “Sadə hekayələr” (1955), “Xatirə hekayələri” (1962), “Gülbəsləyən qız” (1965), “Silah qardaşları” (1974) və s. kitabları bu qəbildəndir. Ümumiyyətlə, indiyədək yazıçının 70-dən çox kitabı nəşr olunub.

    XX əsrin ədəbi-elmi fikrinin korifeylərindən sayılan Mir Cəlal Paşayev çağdaş Azərbaycan tarixində ədəbiyyatşünas-nəzəriyyəçi alim kimi də müstəsna və özünəməxsus yer tutub. Filologiya təhsili alan tələbələrin birinci kursda istifadə etdikləri “Ədəbiyyatşünaslığın əsasları” dərsliyi sonralar da mütəxəssislərin masaüstü kitabı olmuşdur. Mir Cəlal Paşayev 1936-cı ildən ömrünün sonunadək dərs dediyi universitetin auditoriyalarında bu fəndən mühazirələr oxuyub.

    Mir Cəlal Paşayev 1940-cı ildə “Füzulinin poetik xüsusiyyətləri” əsərinə görə filologiya elmləri namizədi, 1947-ci ildə isə “Azərbaycanda ədəbi məktəblər” əsərinə görə filologiya elmləri doktoru alimlik dərəcələrini alıb. Füzuli poeziyasının qüdrətinə heyran olan, ümumiyyətlə, klassik ədəbiyyata qəlbən bağlı Mir Cəlal Paşayev 1958-ci ildə bu mövzuya yenidən müraciət edərək “Füzuli sənətkarlığı” adlı monoqrafiyasını nəşr etdirib. Professor Qara Namazov deyir ki, Mir Cəlalın “Füzuli sənətkarlığı” monoqrafiyası Füzuli ədəbi irsini öyrənmək, mənimsəmək və dərk etmək üçün elmi açardır. Əsər 1994-cü ildə təkrar nəşr olunub.

    “Azərbaycanda ədəbi məktəblər (1905-1917)” əsərində isə Mir Cəlal Paşayev XX əsrin əvvəllərində inqilabi-demokratik meyillərlə əlaqədar baş verən ictimai-siyasi hadisələr kontekstində Azərbaycanda realizm, romantizm ədəbi məktəbləri, maarifçi-didaktik yazıçılar və xırda məişət dramları haqqında müfəssəl tədqiqatlar aparmış, əhatəli elmi nəticələr əldə edib.

    Mir Cəlal Paşayevin tanınmış tədqiqatçı Firudin Hüseynovla birgə yazdığı “XX əsr Azərbaycan ədəbiyyatı” əsəri uzun illərdir ki, ali məktəblərin dərs vəsaitidir. Bu dərslikdə XX əsrin böyük ədəbi şəxsiyyətləri, onların yaradıcılığı, ədəbi mühitə gətirdikləri yeniliklər haqqında əhatəli elmi fikirlər əks olunub. Əməkdar elm xadimi Mir Cəlal Paşayev XX əsr ədəbiyyat, ədəbiyyatşünaslıq tarixində elə bir iz qoyub ki, bu, çağdaş təfəkkürümüzün də əsas sütunu olaraq qalacaq.

    1978-ci il sentyabrın 28-də əbədiyyətə qovuşmuş, böyük şəxsiyyət kimi tarixləşmiş, gözəl müəllim, görkəmli yazıçı, istedadlı ədəbiyyatşünas Mir Cəlal Paşayevin xatirəsi daim qəlblərdə yaşayacaq, ədəbiyyatımızın, ədəbiyyatşünaslığımızın əbədi mövzusu olaraq qalacaq.

    Kamil insan, alim, yazıçı dünyanı təkcə izah etmir, eyni zamanda, onu dəyişdirir, insanların şüuruna, baxışlarına təsir edə bilir. Bu mənada Mir Cəlal Paşayevin çoxşaxəli yaradıcılığı nəinki müasirlərinə, özündən sonra gələn nəsillərə də örnəkdir. Təsadüfi deyil ki, bu gün təkcə Azərbaycanda deyil, onun sərhədlərindən kənarda da görkəmli ədibin həyat və yaradıcılığı geniş şəkildə öyrənilir və əsərləri çap olunaraq maraqla oxunur.

    “UNESCO-nun 2008-2009-cu illərdə görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin qeyd edilməsi proqramına Azərbaycanla bağlı daxil olmuş yubileylərin keçirilməsi haqqında” Azərbaycan Prezidentinin 2008-ci il 31 yanvar tarixli Sərəncamına əsasən, yazıçı Mir Cəlal Paşayevin yubiley mərasimi təntənə ilə qeyd edilib. Parisdə, UNESCO-nun iqamətgahında XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, alim, pedaqoq Mir Cəlal Paşayevin 100 illiyinə həsr olunmuş mərasim keçirilib. Bu, həm də Azərbaycan elminə, mədəniyyətinə və ədəbiyyatına dünya miqyasında verilən dəyərin təzahürüdür.

    İllər ötdükcə Mir Cəlal Paşayevin təkcə elmi irsi tədqiq edilmir, onun həm də xeyirxahlığı, böyük və əlçatmaz müəllimliyi, bəşəriliyi heyranlıqla qarşılanır və sevilə-sevilə qəlblərdə özünə ucalıq abidəsi qurur. Ədibin bu zirvədəki yeri daim qalacaq və onun mərhəmət sevgisi dünya durduqca yaşayacaq.

    Mənbə: https://azertag.az/

  • Anım Gününə həsr olunmuş kitab sərgisi açılıb

    Milli Kitabxanada “27 sentyabr – Anım Günü” adlı virtual sərgi və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

    Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə Anım Gününün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, mövzu ilə əlaqədar fotolar, kitablar və məqalələr nümayiş olunur.

    Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/27_sentyabr-Anim_Gunu/index.htm linkindən istifadə edə bilərlər.

    Ənənəvi sərgidə qazanılan Qələbədən, hərb tarixində misli-bərabəri olmayan, görünməmiş hərbi taktikadan, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən hərbi və siyasi strategiyasından, Azərbaycan tarixində öz amalları, əməlləri ilə bir ömür boyu unudulmayacaq dərin izlər qoyan igid, qorxmaz, cəsur Vətən oğullarının – qəhrəmanlarımızın sevincli-kədərli həyat hekayələri, şərəfli döyüş yolları və göstərdikləri şücaətlərdən bəhs edən Azərbaycan və müxtəlif dillərdə ədəbiyyatlar nümayiş olunur.

    Ənənəvi sərgi bir həftə davam edəcək.

    Mənbə: https://azertag.az/

  • Bu gün Bülbülün anım günüdür

    Ecazkar səsi ilə hamını heyran qoyan, şaqraq zəngulələri ilə bülbülləri susduran və buna görə də xalq tərəfindən Bülbül adlandırılan sənətkarın əsl adı Murtuza Məşədi Rza oğlu Məmmədov olsa da, Azərbaycanda və onun hüdudlarından çox-çox uzaqlarda elə “Bülbül” kimi tanınıb.

    AZƏRTAC xəbər verir ki, bu gün Azərbaycan vokal məktəbinin banisi, lirik-dramatik tenor səsə malik opera müğənnisi, görkəmli xanəndə, Azərbaycan və SSRİ Xalq artisti Bülbülün vəfatından 63 il ötür.

    O, Şuşada dünyaya göz açıb və bu şəhərin ab-havası, sözlü-nəğməli, muğamla nəfəs alan mühiti onun sənətkarlığı üçün bəhrəli zəmin olub. İlk təhsilini də burada mədrəsədə alıb, bir çox ustad xanəndələrin ilk musiqi biliyinə yiyələndiyi bir ocaqda – Molla İbrahimin məktəbində muğam sənətinin qanun-qaydalarını mənimsəyib. Xüsusilə görkəmli xanəndə Cabbar Qaryağdıoğlundan o, sənətin çox sirlərini öyrənib. Bülbül ilk səhnə fəaliyyətinə 1916-cı ildə Məşədi Cəmil Əmirovun Gəncədə səhnəyə qoyduğu “Seyfəlmülk” operası ilə başlayıb.

    Bülbül 1920-ci ildən Azərbaycan Opera və Balet Teatrının (o zamanlar Birləşmiş Dövlət Teatrı opera truppası idi) solisti olub. Fəaliyyətinin ilk illərində Üzeyir Hacıbəylinin “Leyli və Məcnun”, “Əsli və Kərəm”, Zülfüqar Hacıbəyovun “Aşıq Qərib” operalarında İbn Səlam, Kərəm, Qərib rollarını oynayıb. O, 1927-ci ildə Bakı Konservatoriyasını bitirib. Yüksək səs tembrinə, məlahətli ifa tərzinə malik müğənni təhsilini davam etdirmək üçün dövlət xətti ilə İtaliyanın Milan şəhərinə göndərilib. 1931-ci ildə Milan Konservatoriyasında Delliponti və R.Qraninin siniflərini bitirərək Vətənə dönüb və Azərbaycan Dövlət Konservatoriyasında dərs deməyə başlayıb.

    Klassik vokal sənətinə ustalıqla yiyələnmiş Bülbül milli köklərdən ayrılmayaraq, xalq musiqisi üçün səciyyəvi xüsusiyyətləri, ənənələri pozmayaraq, yeni üslub yaratmağa can atırdı. O, italyan və rus vokal məktəblərinin ən yaxşı cəhətlərini əxz edir və onları milli ifaçılıq üslubu ilə əlaqələndirirdi. Qərb və Şərq oxuma üsulları arasında qovuşma nöqtələri tapan müğənni xalq sənətkarlığı ilə professional vokal ifaçılığının vəhdətinə nail olurdu. Bununla da o, Azərbaycanda ilk olaraq, professional vokal ifaçılığının bünövrəsini qoyub. O, bunu həm nəzəri cəhətdən işləyib, həm də praktiki cəhətdən həyata keçirib. Belə ki, o, dəfələrlə bu məsələyə həsr olunmuş mühazirələrlə çıxış edib, konsertlərində isə həm ariya və romansları, həm də xalq mahnılarını və muğamları eyni şövqlə oxuyub. Azərbaycan musiqisində yeni səhifə açan Bülbülün yaradıcılığı vokal sənətinin inkişafında mühüm mərhələ olub.

    Bülbül sənətinin gücü onun geniş diapazonlu, məlahətli səsində idi. Səlis bədii diksiyaya, böyük səhnə mədəniyyətinə malik olması onun ən ümdə xüsusiyyətlərindən idi. Daim axtarışda olan, yeni zirvələrə can atan Bülbülün repertuarı çox zəngin idi. O, xarici ölkə bəstəkarlarının opera ariyalarını və romansları, Azərbaycan bəstəkarlarının vokal əsərlərini, muğamları, xalq mahnı və təsniflərini özünəməxsus üslubda, aydın tələffüzlə ifa edirdi. Klassik əsərləri bir neçə dildə ifa edən Bülbül ən çox Azərbaycan dilinə böyük fikir verirdi və həmişə deyirdi ki, “öz dilində elə oxumaq lazımdır ki, bu dili başa düşməyənlər də ondan zövq ala bilsinlər”.

    Bülbülün yaradıcılığını yüksək qiymətləndirən dahi bəstəkarımız Üzeyir Hacıbəyli qeyd edirdi ki, “Bülbül kimi musiqi təhsili alan, həm şərq üslubunda, həm də operalarda oxumağı bacaran ifaçılar musiqi sənətimiz üçün qiymətli kadrlardır”.

    Təsadüfi deyildi ki, Bülbül Üzeyir Hacıbəylinin şah əsərində – “Koroğlu” operasında baş rolun ilk, həm də ən yaxşı ifaçısı olub. Koroğlu onun yaratdığı obrazların zirvəsidir. Bu operanı Üzeyir Hacıbəyli məhz Bülbül üçün yazıb. İndi də “Koroğlu”dan söhbət düşəndə gözümüz önündə Bülbül canlanır. Burada aşıq sənəti xüsusiyyətləri ilə professional vokal ifaçılığını qovuşduran Bülbül əfsanəvi xalq qəhrəmanının monumental obrazını yarada bilib. Bununla yanaşı, Bülbül həm də digər Azərbaycan bəstəkarlarının operalarında yaddaqalan obrazlar yaradıb.

    Azərbaycan müğənnilərinin böyük bir nəslinin yetişməsində Bülbülün xidmətləri əvəzsizdir. O, görkəmli pedaqoq olub, öz təcrübəsini, sənətin sirlərini istedadlı gənclərə öyrədib. Bülbülün sinfini bitirmiş bir sıra vokalçılar hazırda teatr və kamera ifaçılığı sahəsində layiqli yer tutublar.

    Bülbül vokal sənətinin əsaslarını və öz pedaqoji prinsiplərini elmi-nəzəri və metodik cəhətdən də işləyib.

    Milli professional vokal məktəbinin yaradıcısı Bülbülün ənənələri bütün Şərq vokal sənətinə böyük təsir göstərib, müasir ifaçılarımız üçün gözəl örnəyə çevrilərək bu gün də yaşamaqdadır.

    Bülbülün musiqi tariximizdəki xidmətlərindən danışarkən, onun folklorşünaslıq sahəsindəki fəaliyyətini də qeyd etmək lazımdır. O, xalqın hafizəsində qorunan musiqi folklorumuzu toplamaq, onu bir zərgər səliqəsi ilə cilalamaq və fövqəladə bir ifa ilə xalqa qaytarmaq istəyi ilə yaşayırdı. İndi əzbər bildiyimiz bir çox xalq mahnılarına Bülbül yeni həyat verib. Bülbülün rəhbərliyi ilə Azərbaycan Dövlət Konservatoriyasının nəzdində Elmi-Tədqiqat Musiqi Kabinetinin təşkili və burada Azərbaycan xalq musiqi incilərinin bəstəkarlarımız tərəfindən məşhur xalq sənətkarlarının ifasından nota köçürülməsi musiqi tariximizdə mühüm hadisə kimi qiymətləndirilməlidir. Bu kabinet 1932-ci ildən 1943-cü ilədək fəaliyyət göstərib, xalq musiqi nümunələrinin toplanması, sistemləşdirilməsi, nota köçürülüb çap olunması ilə məşğul olub.

    Bülbül o dövrdə konservatoriyada təhsil alan tələbələri, sonradan musiqimizi dünyaya tanıtmış bəstəkarları – Niyazi, Qara Qarayev, Cövdət Hacıyev, Fikrət Əmirov, Səid Rüstəmov, Tofiq Quliyev və bir çox başqalarını musiqi kabinetində fəaliyyətə cəlb edib ki, bu da xalq yaradıcılığına dərindən nüfuz edən bəstəkar və musiqişünasların yetişməsində, eləcə də Azərbaycan musiqi irsinin öyrənilməsində və yayılmasında böyük rol oynayıb.

    Bülbül 1938-ci ildə SSRİ Xalq artisti adını alıb, 1940-cı ildə Azərbaycan Dövlət Konservatoriyasının professoru seçilib, 1950-ci ildən SSRİ Dövlət mükafatı laureatı adına layiq görülüb. Eyni zamanda, I və V çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olub, 2 dəfə Lenin, 2 dəfə “Qırmızı Əmək Bayrağı”, “Şərəf nişanı” ordenləri, İtaliyanın “Haribaldi” ordeni və medallarla təltif olunub.

    Bülbül 1961-ci il sentyabrın 26-da Bakıda vəfat edib və birinci Fəxri xiyabanda dəfn olunub.

    Hazırda Bakı şəhərində mərkəzi küçələrdən biri Bülbülün adını daşıyır. Onun adına Bakı Musiqi Akademiyası nəzdində musiqi məktəbi fəaliyyət göstərir.

    Bülbülün vətəni olan Şuşada xanəndənin bürünc büstü qoyulub. 1992-ci ilin may ayında Şuşanın ermənilər tərəfindən işğalından sonra bu büst (şairə Natəvanın və bəstəkar Üzeyir Hacıbəylinin büstləri ilə birlikdə) düşmən tərəfindən Gürcüstana metal kimi satılıb, sonradan Azərbaycan hökuməti tərəfindən geri alınaraq Bakıya gətirilib. 30 ilə yaxın düşmən əsarətində qalan doğma Şuşamız düşmən tapdağından azad olduqdan sonra hər üç görkəmli sənətkarın büstü yenidən Şuşaya aparılaraq orada ucaldılıb.

    1976-cı ildə Şuşada, 1982-ci ildə Bakıda Bülbülün memorial muzeyi açılıb. Sənətkarın Şuşadakı ev-muzeyi 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı erməni vandalizminə məruz qalaraq fəaliyyətini dayandırıb. 2021-ci il avqustun 29-da Xalq artisti Bülbülün Şuşa şəhərindəki ev-muzeyinin bərpa işlərindən sonra açılışı olub.

    Ölkəmiz ikinci dəfə müstəqillik əldə etdikdən sonra bu böyük sənətkarın yaradıcılığına diqqət daha da artırılıb. Belə ki, zəngin yaradıcılıq yolu keçmiş və çoxşaxəli fəaliyyəti ilə Azərbaycanın musiqi mədəniyyəti tarixində silinməz izlər qoymuş böyük sənətkar Bülbülün xatirəsi əziz tutulub, yubileyləri dövlət səviyyəsində qeyd edilib. Ulu Öndər Heydər Əliyev tərəfindən 1997-ci il avqustun 20-də “Bülbülün 100 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalanıb. Bülbülün 100 illik yubileyi həm xalqımız, həm də Bülbül sənətinə pərəstiş edən bir çox xalqlar tərəfindən geniş qeyd olunub. Həmin ildən başlayaraq, mütəmadi olaraq, vokalçıların Bülbül adına beynəlxalq müsabiqəsi keçirilir, bu müsabiqəyə dünyanın bir çox ölkəsindən gəlmiş vokalçılar qatılırlar.

    Prezident İlham Əliyevin “Bülbülün 110 illik yubileyinin keçirilməsi haqqında” 16 aprel 2007-ci il tarixli Sərəncamına əsasən müğənninin yubileyi dövlət səviyyəsində qeyd edilib. 2012-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə Bakıda, Bülbül prospektində Bülbülün xatirəsinə ucaldılmış abidənin açılışı olub.

    Bülbülün anadan olmasının 120 illiyi münasibətlə ölkə başçısı 2017-ci il mayın 11-də “Bülbülün 120 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən hazırlanan tədbirlər planına uyğun olaraq milli musiqi mədəniyyətinin inkişafı, tədqiqi və təbliği işinə misilsiz töhfələr vermiş Xalq artisti Bülbülün yubileyi il ərzində müxtəlif tədbirlərlə geniş qeyd edilib.

    Azərbaycan mədəniyyətində özünəməxsus yeri olan Bülbül özündən sonra zəngin bir irs qoyub gedib və mənsub olduğu xalqın qəlbində əbədiyaşarlıq qazanıb.

    Mənbə: https://azertag.az/

  • Astanada Füzuli irsi anıldı: Azərbaycan və Qazaxıstan alimlərinin fikirləri

    Astanada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində Qazaxıstanın Milli Akademik Kitabxanasında qazax dilində “Füzuli – 530 misra” kitabının təqdimatı və “Füzuli – 530” mövzusunda ədəbi-poetik məclis təşkil edilib.

    AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları bu mühüm hadisə ilə bağlı öz fikirlərini bölüşüblər.

    Mənbə: https://azertag.az/

  • Zəhra HƏŞİMOVA.”Samuel Hantinqtonun “Sivilizasiyaların toqquşması və dünya nizamının yenidən təşkili” əsəri haqqında”

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Sumqayıt Bürosunun Rəhbəri

    1996-cı ildə nəşr olunan bu əsər Soyuq Müharibədən sonrakı dövrdə qlobal siyasətin, mədəniyyətin və kimliyin mahiyyəti haqqında gərgin müzakirələrə və müzakirələrə səbəb olmuşdur. Hantinqtonun əsərindəki mərkəzi tezisi, Soyuq Müharibənin sona çatmasının liberal demokratiya bayrağı altında sülh və əməkdaşlığın yeni dövrünü açacağını irəli sürən zamanın hökm sürən paradiqmasına meydan oxuyur. Bunun əvəzində Hantinqton iddia edirdi ki, Soyuq Müharibədən sonrakı dünyada münaqişənin əsas mənbələri çoxlarının proqnozlaşdırdığı kimi ideoloji və ya iqtisadi deyil, mədəni sivilizasiyadır.
    Hantinqtona görə, dünya fərqli sivilizasiyalara bölünür, hər biri ümumi dəyərlər, inanclar və mədəni ənənələr toplusu ilə xarakterizə olunur. Qərb, İslam, Konfutsi, Hindu, Slavyan-Pravoslav və Latın Amerikası sivilizasiyaları kimi bu sivilizasiyalar qlobal siyasətin əsas tikinti blokları kimi qəbul edilir. Hantinqton irəli sürmüşdür ki, gələcəkdə münaqişələr milli dövlətlər və ya ideoloji bloklar arasında deyil, fərqli dünyagörüşləri və maraqları olan müxtəlif sivilizasiyalar arasında olacaq.
    Hantinqtonun tezisinin ən mübahisəli tərəflərindən biri fərdiyyətçilik, demokratiya və insan haqlarına önəm verən Qərb sivilizasiyasının universal olmadığı və dünyanın digər bölgələrinə asanlıqla ixrac oluna bilməyəcəyi fikridir. O, Qərb dəyərlərinin qeyri-Qərb sivilizasiyalarına sırımaq cəhdlərinin dünyanın bir çox yerlərində kimlik siyasətinin və dini fundamentalizmin yüksəlişində göründüyü kimi yalnız nifrət və münaqişələrə səbəb olacağını müdafiə etdi. Hantinqtonun “sivilizasiyaların toqquşması” ilə bağlı proqnozu həm təqdirə, həm də tənqidə məruz qalıb. Tənqidçilər iddia edirlər ki, onun tezisləri qlobal siyasətin mürəkkəbliklərini çox sadələşdirir və iqtisadiyyat, ideologiya və güc dinamikası kimi digər amillərin rolunu nəzərə almır. Digərləri onu mədəniyyətləri əsaslandırmaqda və sivilizasiyaları bir-birinə qarşı qoyan bölücü dünyagörüşünü təbliğ etməkdə ittiham edirdilər. Bununla belə, danılmazdır ki, “Sivilizasiyaların toqquşması” bizim beynəlxalq münasibətlərə və müasir dünyada münaqişənin dinamikasına baxışımıza davamlı təsir göstərmişdir. Artan millətçilik, populizm və şəxsiyyətə əsaslanan siyasətlə əlamətdar olan bir dövrdə Hantinqtonun ideyaları qlobal hadisələri formalaşdıran əsas qüvvələri anlamağa çalışan bir çox alim və siyasətçi ilə rezonans yaratmağa davam edir.
    Yekun olaraq, Samuel Hantinqtonun “Sivilizasiyaların toqquşması və dünya nizamının yenidən qurulması” Soyuq Müharibədən sonrakı dünyada münaqişə və əməkdaşlığın təbiəti haqqında ənənəvi müdrikliyə meydan oxuyan əsas əsər olaraq qalır. Onun əsərinin tənqidi tərəfləri olsa da, kitabın davamlı aktuallığı qlobal siyasətin təhlilində mədəni və sivilizasiya amillərinin nəzərə alınmasının vacibliyini vurğulayır.

  • Zəhra HƏŞİMOVA.”JAN POL SARTRIN “SÖZLƏR” ƏSƏRININ FƏLSƏFƏSI”

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Sumqayıt Bürosunun Rəhbəri

    Ekzistensialist fəlsəfənin görkəmli nümayəndəsi Jan Pol Sartr müxtəlif əsərlərində insan varlığının, şüurunun və azadlığının mürəkkəbliklərini dərindən araşdırmışdır. Onun az tanınan, lakin eyni dərəcədə dərin məzmunlu əsərlərindən biri olan “Sözlər” əsəri (orijinal fransızcada “Les Mots”) fəlsəfəni şəxsi düşüncə ilə birləşdirən valehedici avtobioqrafik povest təqdim edir. 1964-cü ildə nəşr olunan“Sözlər”(“Les Mots”) təkcə Sartrın erkən həyatının xronikasını deyil, həm də onun dil, şəxsiyyət və şəxsiyyətin mövcudluq təbiəti haqqında fəlsəfi fikirlərini dərindən araşdıran avtobioqrafik əksi kimi seçilir. Sartr fəlsəfəsinin mərkəzində mövcudluğun mahiyyətdən əvvəl olması fikri dayanır. “Sözlərdə bu prinsip Sartrın öz şəxsiyyətini və həmin şəxsiyyətin formalaşmasında dilin rolunu araşdırması ilə özünü göstərir. O, sözlərin təkcə ünsiyyət vasitəsi deyil, həm də özünü təyin etmək üçün necə alətlər olduğunu düşünür. Sartr dilin obyektivindən öz şəxsiyyətinin formalaşmasını diqqətlə nəzərdən keçirir, sözlərin həm də fərdlərin öz mənlik hisslərini inkişaf etdirdiyi alətlər olduğunu vurğulayır. Əsərdə baş qəhrəmanın səyahəti Sartrın özünü dərk etmək axtarışını və onu müşayiət edən azadlıq yükünü dərk etməsini əks etdirir Sartr üçün dil varlıqla iç-içədir, fərdlər dünyada öz varlıqlarını sözlə təsdiq edirlər.
    Sartr varlığın absurdluğu və fərdlərin öz həyatlarına məna vermək üçün malik olduqları təbii azadlıqla mübarizə aparır. “Sözlər”də bu mövzu, qəhrəmanın qeyri-müəyyənlik və seçimlə səciyyələnən dünyanı gəzdiyi kimi parlaq şəkildə təsvir edilmişdir. Sartrın ekzistensialist fəlsəfəsi vurğulayır ki, fərdlər azad olmağa məhkumdurlar, yəni kainatda özünəməxsus mənanın olmamasına baxmayaraq, insanlar öz hərəkətləri və seçimləri üçün məsuliyyət daşımalıdırlar. Sartr uşaqlıq təcrübələrini, xüsusən də ədəbiyyat və yazı ilə ilk tanışlıqlarını onun özünü və reallıq anlayışını formalaşdıran anlar kimi danışır. O iddia edir ki, dil fərdlərə öz bilavasitə vəziyyətlərini aşmağa imkan verir, eyni zamanda onları ictimai konstruksiyalar daxilində məhdudlaşdırır. Bu ikilik Sartrın inamı ilə səsləşir ki, biz seçimlər vasitəsilə öz mahiyyətimizi yaratmaqda sərbəst olsaq da, eyni zamanda dilin tətbiq etdiyi mənalar və məhdudiyyətlərlə bağlıyıq.”Sözlər” əsərində Sartr dilin paradoksunu araşdırır. Bir tərəfdən, bu, fərdlərə öz düşüncələrini və emosiyalarını ifadə etməyə imkan verən azadlıq vasitəsi, digər tərəfdən, yadlaşma mənbəyi ola bilər. Sartrın dillə mübarizəsi daha geniş ekzistensial dilemmanın – insanın yaşadığı təcrübəni tam şəkildə ələ keçirmək üçün sözlərin qeyri-adekvatlığı ilə toqquşan orijinal ifadə arzusunun simvoludur. Sartrın uşaqlığı haqqında düşüncələri də dilin onun ətrafındakılarla münasibətlərinə necə təsir etdiyini ortaya qoyur. O, dilin fərdləri həm birləşdirə, həm də təcrid edə biləcəyi anlayışı ilə mübarizə aparır. Onun ilk yazıları, eyni zamanda, özünü cəmiyyətin gözləntiləri və mühakimələrinə məruz qoyaraq fərdiliyini təsdiqləmək üçün bir üsul kimi təsvir edilmişdir. Bu gərginlik mərkəzi ekzistensial mövzunu – fərdi azadlıq və sosial məhdudiyyətlər arasındakı münaqişəni vurğulayır.
    Sartrın fəlsəfəsinin mərkəzində dil və həqiqilik arasındakı əlaqə dayanır. “Sözlər” təkcə insanların özlərini necə qavradıqlarını formalaşdırmaqla yanaşı, həm də onların xarici dünya ilə qarşılıqlı əlaqəsinə təsir göstərir. Sartr iddia edir ki, həqiqiliyə yalnız insanın öz varlığı ilə səmimi əlaqədə olması, ictimai normaları və özünün həqiqi mənliyini qəbul etmə gözləntilərini aşaraq əldə edilə bilər. Baş qəhrəmanın dil və məna ilə mübarizəsi Sartrın autentik yaşamağın vacibliyinə inamını əks etdirir. Əsərdəki fəlsəfi araşdırma həqiqilik və özünü yaratmaqla gələn məsuliyyətin müzakirəsinə gətirib çıxarır. O, fərdlərin varlığın absurdluğu və ictimai normaların özbaşına təbiəti ilə üzləşməli olduğunu irəli sürür. Bununla onlar öz seçimləri və hərəkətləri ilə özlərini müəyyən etmək gücünə malikdirlər. Sartr öz əsəri ilə çevrilmə prosesini – səsini tapmağa çalışan uşaqdan adi düşüncəyə meydan oxumağa çalışan yazıçıya necə çevrildiyini göstərir. Bu səyahət fərdlərin öz şərtləri ilə əvvəlcədən müəyyən edilmədiyi, əksinə öz yollarını düzəltmək üçün məsuliyyət daşıdığına dair ekzistensial inamı əks etdirir. Sartrın əsərdəki mülahizələri də yazıçının cəmiyyətdəki rolunu vurğulayır. O, yazmağı siyasi akt, status-kvona meydan oxumaq və dünya ilə əlaqə qurmaq vasitəsi kimi görür. Sartr öz təcrübələrini və düşüncələrini bölüşməklə təkcə özünü dərk etməyə deyil, həm də başqalarına təsir etməyə çalışır. O, həqiqətə və həqiqiliyə sadiq olan ədəbiyyatın tərəfdarıdır, daha çox məşğul və tənqidi yanaşma lehinə arxayınlığı rədd edir.
    “Sözlər” həm də başqalıq və yadlaşma mövzularını araşdırır, fərdlərin tez-tez özlərindən və başqalarından necə uzaqlaşdığını araşdırır. Sartr fərdlərin özlərini ətrafdakılardan fərqli olaraq müəyyən etdikləri üçün Özgəsinin mövcudluğunun özünüdərkin formalaşması üçün ayrılmaz olduğunu irəli sürür. Mən və Başqası arasındakı gərginlik kitabda təkrarlanan motivdir və bu, mürəkkəb qarşılıqlı əlaqələri göstərir. “Sözlər”in digər mühüm mövzusu şüur ​​və azadlıq arasındakı qarşılıqlı əlaqədir. Sartrın ekzistensializmi insanların radikal azadlığa malik olduğunu iddia edir ki, bu da fərdlərin öz seçimləri ilə öz varlıqlarını formalaşdırmaq üçün son nəticədə məsuliyyət daşıdığını nəzərdə tutan əsas konsepsiyadır. “Sözlər”də Sartr öz həyatındakı həqiqilik və qeyri-mümkünlük məqamlarını əks etdirir, dilin insanın azadlığını necə açıb gizlədə biləcəyini göstərir. Sartr hesab edir ki, əsl azadlıq insanın özü ilə vicdanlı qarşıdurmasından yaranır, burada dilin mühüm rol oynayır. Onun ekzistensial fəlsəfəsi bu fikri vurğulayır ki, həqiqi danışmaq öz azadlığını qəbul etməkdir – şəxsi məsuliyyətin ağırlığını əhatə edir. Bunun əksinə olaraq, qeyri-müəyyən nitq özünü aldatma forması kimi çıxış edə bilər, əsl mənliyi gizlədir və Sartrın müdafiə etdiyi həqiqiliyi inkar edir. “Sözlər” əsərində Sartr hekayənin dəyişdirici gücünü də vurğulayır. O, ədəbiyyat və povestin təkcə özümüz haqqında anlayışımızı deyil, həm də dünya ilə əlaqəmizi necə formalaşdırdığını təsvir edir. Hekayələmə aktı vasitəsilə fərdlər öz şüurlarını araşdıra və təcrübələrini varlığın xaosuna uyğunluq gətirəcək şəkildə ifadə edə bilərlər.
    Sartrın uşaqlıq illərində kitablarla təcrübələri haqqında düşüncələri onun ədəbiyyata fəlsəfi suallarla mübarizə vasitəsi kimi inamını ortaya qoyur. “Sözlər”in povest quruluşu özü də bu inamın sübutu kimi xidmət edir, çünki o, Sartrın şəxsi tarixini daha geniş ekzistensial sorğularla birləşdirir. O, həyatını dilin obyektivindən danışaraq oxuculara parçalanmış reallıqda məna yaratmağın təsirli nümunəsini təqdim edir.
    Nəhayət, “Sözlər”təkcə Sartrın həyatını əks etdirmir, həm də ekzistensial fəlsəfədə təməl mətn rolunu oynayır, bizə dilin gücünü və çox vaxt absurd və laqeyd bir dünyada öz şəxsiyyətlərimizi formalaşdırmaqda daşıdığımız məsuliyyəti xatırladır. Jan-Pol Sartrın “Sözlər” əsərində əhatə olunan fəlsəfə avtobioqrafiyanın hüdudlarından çox-çox kənarda səslənir. O, oxucuları dil, kimlik və azadlıq arasındakı əlaqə üzərində düşünməyə dəvət edir. Sartrın kəşfiyyatı daxilində bir çağırış var – həqiqi ifadə və dünya ilə şüurlu əlaqə vasitəsilə varlığın mürəkkəbliyini qəbul etməyə çağırış. Şəxsiyyət və dil haqqında müzakirələrin həmişəkindən daha aktual olduğu müasir kontekstdə Sartrın fikirləri dərin təsirli olaraq qalır. “Sözlər” vasitəsilə o, təkcə öz həyatını nəql etmir, həm də bizi dillə münasibətimizi, ifadələrimizin həqiqiliyini və azadlığımızdan gələn məsuliyyəti araşdırmağa məcbur edir. Bununla da Sartr insan təcrübəsinin incəliklərini dərk etmək üçün sonsuz fəlsəfi çərçivə təklif edir.

  • Regionun ən böyük beynəlxalq kitab sərgisinə sayılı günlər qaldı

    Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 2-8 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində X Bakı Beynəlxalq Kitab Sərgisi (Baku International Book Fair – 2024) keçiriləcək.

    Builki yubiley sərgisi dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin (1494-1556) anadan olmasının 530 illiyinə həsr olunub. Hazırda 4 qitəni təmsil edən 19 ölkədən 47 xarici təşkilat, 100-dən artıq yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə sərgidə iştirak üçün qeydiyyatdan keçib. Sərgidə Azərbaycanla yanaşı, Türkiyə, İrlandiya, Almaniya, Venesuela və digər ölkələrdən tanınmış yazıçı və şairlər, elm adamları, gənc yazarlar iştirak edəcəklər. Budəfəki sərgi üçün də zəngin proqram tərtib olunub.

    Kitab bayramı çərçivəsində uşaqlar və böyüklər üçün ustad dərsləri, inklüzivlik və digər aktual mövzular üzrə kitab təqdimatları, imza günləri, konfranslar, simpoziumlar, müsabiqələr, qiraət və musiqi saatları və kitab sənayesi sektorunun subyektləri arasında əməkdaşlıq platformaları təşkil ediləcək.

    Sərgi müddətində müxtəlif formatda ümumilikdə 270-dən çox tədbirin təşkili nəzərdə tutulur. Tədbir gedişində ölkəmizin də üzv olduğu Asiya Hekayəçilik Komitəsinin 16-cı iclası keçiriləcək. Sərgi zamanı gün ərzində ziyarətçilərin metronun “Elmlər Akademiyası”, “28 May” və “Koroğlu” stansiyalarından Bakı Ekspo Mərkəzinə xüsusi avtobuslar vasitəsilə gediş-gəlişi təmin ediləcək.

    Sərgi hər gün səhər saat 10:00-dan axşam saat 20:00-dək ziyarət üçün açıq olacaq. Sərgiyə giriş ödənişsizdir.

    Mənbə: https://culture.gov.az/

  • Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Təcrübə Proqramı elan edir!

    Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, “Mədəniyyət Könüllüləri” İctimai Birliyinin təşkilatçılığı ilə sonuncu kurs bakalavr tələbələr, magistrlar və yeni məzunlar üçün 3 aylıq təcrübə proqramı elan edir. Proqram, istedadlı gənclərə beynəlxalq əlaqələr və mədəniyyət sahəsində professional iş təcrübəsi, dərin bilik və bacarıqlar əldə etmək imkanı yaradacaq. Bununla yanaşı, təcrübə proqramında iştirak edən gənclər, sahə üzrə mütəxəssislərlə birgə dinamik komandada çalışacaq və mədəniyyət sahəsində hökumətlərarası beynəlxalq təşkilatlarla fəaliyyətlərin təşkilində yaxından iştirak edəcəkdir.

    Proqramın məqsədi:

    • Gənclərin beynəlxalq münasibətlər və mədəniyyət sahəsində bilik və bacarıqlarını artırmaq

    • Mədəniyyət sahəsində peşəkar inkişaf və karyera imkanlarını genişləndirmək

    • Beynəlxalq layihələrin təşkilində gənclərin töhfəsini təşviq etmək

    • Sahə üzrə kadr potensialını inkişaf etdirmək

    Tələblər:

    • Beynəlxalq münasibətlər, beynəlxalq hüquq, siyasi elmlər, idarəçilik və ya əlaqəli sahələr üzrə təhsil

    • Əla səviyyədə ingilis və azərbaycan dil biliyi (Qeyd: Əlavə dil bilikləri üstünlükdür)

    • Yüksək kommunikasiya və analitik düşünmə bacarığı

    • Komandada işləmək bacarığı və təşəbbüskarlıq

    • Ofis proqramlarında işləmə bacarıqları

    • Ümumi dünyagörüşü və məlumatlılıq

    • Operativlik, məsuliyyət və yüksək intizam

    • Həftədə 5 dəfə olmaqla tam/yarım iş günü çərçivəsində 3 ay müddətində AR Mədəniyyət Nazirliyində fiziki olaraq fəaliyyət göstərmək

    Vəzifələr:

    • Beynəlxalq layihələrin hazırlanması və həyata keçirilməsinə dəstək

    • Tədqiqat və analitik işlərin icrası, konseptlərin və təqdimatların hazırlanması

    • Xarici tərəfdaşlarla əməkdaşlıq və koordinasiya işlərinin aparılmasına dəstək

    • Tələb olunacaq digər texniki işlərin icra olunması

    Gələcəyini bizimlə quraraq mədəniyyət sahəsinin inkişafına və Azərbaycanın mədəniyyət diplomatiyasına töhfə vermək istəyən gənclər, aşağıdakı qeydiyyat formasını doldurmaqla təcrübə proqramına qoşula bilər! Proqrama iştirakçıların seçimi test və müsahibələrdən ibarət bir neçə mərhələdə aparılacaq.

    Son müraciət tarixi: 10 oktyabr 2024-cü il

    Qeydiyyat üçün: http://bit.ly/3AQfPV2

    Mənbə: https://culture.gov.az/

  • Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Rusiyada keçiriləcək beynəlxalq festivalda iştirak edəcək

    • Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Novorossiyskdə (Rusiya) keçiriləcək “Teatr limanı” VI Beynəlxalq Teatr Festivalında iştirak edəcək.
    • AZƏRTAC Rusiya mediasına istinadla xəbər verir ki, festival sentyabrın 20-dən 29-dək Novorossiysk, Kabardinka və Gelendjik səhnələrində keçiriləcək.
    • Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı sentyabrın 23-də Novorossiyskdə, sentyabrın 25-də isə Kabardinkada alman yazıçısı Patrik Zyuskindin eyniadlı pyesi əsasında hazırlanmış “Kontrabas” tamaşasını təqdim edəcək.
    • Bu, musiqi alətinə olan sevgisinə görə orkestr karyerasından imtina edən musiqiçinin parlaq monoloqudur. Tamaşa məhəbbət, tənhalıq və musiqidən, bir əmələ coşqun həvəs və onu etməyə qadir olmamaq, yüksək ilahi duyğusu və ona nail olmağın qeyri-mümkünlüyü, qəhrəmanı əzab-əziyyət çəkməyə məcbur edən kişinin qadına olan sevgisindən bəhs edir.
    • Festivalda Azərbaycanla yanaşı, Rusiya Federasiyasının 11 regionundan 16 teatr, eləcə də Norveçdən bir kollektiv iştirak edəcək. “Teatr limanı” 2018-ci ildən Rusiyanın cənubunda, Novorossiyskdə keçirilən yeganə davamlı beynəlxalq teatr festivalıdır.

    Mənbə: https://azertag.az/

  • Fidan Hacıyevanın Vokal Musiqi Məktəbinin nəzdində opera teatrı açılacaq

    Azərbaycanın Xalq artisti, Azərbaycan Akademik Opera və Balet Teatrının solisti, müəllim Fidan Hacıyeva Vokal Musiqi Məktəbinin nəzdində opera teatrı açmağa hazırlaşır. AZƏRTAC -ın müxbiri ilə söhbətində o, bu layihənin ideyasının necə yarandığı və onun həyata keçirilməsi ilə bağlı gedən işlər barədə danışıb.

    – Fidan xanım, məktəbin nəzdində opera teatrı yaratmaq ideyası necə yarandı?

    – Mənim çoxlu istedadlı tələbələrim var. Onlar məktəbi bitirir və getməyə yerləri yoxdur. Onlar isə səhnədə oxumaq istəyirlər. Məndə də gənc istedadlı opera müğənnilərimizi səhnəyə çıxarmaq fikri yarandı. 2024-cü ildə ilk Beynəlxalq Opera Festivalını təşkil etdim. İndi də məktəbimizin nəzdində opera tamaşaları, operalardan parçaları səhnələşdirmək, uşaq balet və uşaq opera tamaşalarını təşkil etmək qərarına gəldim. Mən artıq bu barədə Mədəniyyət Nazirliyi ilə danışmışam. Nazirimiz Adil Kərimli bu fikri dəstəklədi.

    – Teatrın repertuarında hansı əsərlər yer alacaq?

    – Teatrın repertuarında Azərbaycan və xarici əsərlərlə yanaşı, müasir və yeni operalar da yer alacaq. Bakı Musiqi Akademiyasının professoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, pianoçu, bəstəkar Könül Hüseynova ilə yaxın dostuq. O, şəhid pilot polkovnik-leytenant Rəşad Atakişiyevin həyat yoldaşıdır. O, vətənpərvər ruhda yazır, mən onun mahnılarını ifa etmişəm. Mən ona opera yazmağı təklif etdim. Onda artıq material hazır idi. Hazırda opera üzərində iş gedir və məktəbimizin nəzdindəki teatrımızın ilk tamaşası 2025-ci il Beynəlxalq Opera Festivalı zamanı nümayiş olunacaq. Həmçinin gənc truppa ilə “Arşın mal alan” tamaşasını Azərbaycan və ingilis dillərində səhnələşdirməyi planlaşdırırıq. Mən bir neçə heyət hazırlayacağam. Gənclərə kömək etməliyik ki, ölkəmizdə qalsınlar. Onlara burada özlərini ifadə etmək, özlərini burada reallaşdırmaq imkanı yaratmaq ki, bizi tərk etməsinlər. Onları öyrətmək və böyük səhnələrə çıxarmaq mənim missiyamdır. Mənim vəzifəm xalqımıza və bütün dünyaya bizim nə qədər istedadlı uşaqlarımızın, gözəl gənc opera müğənnilərimizin olduğunu göstərməkdir.

    – Teatra kimlər cəlb olunacaq?

    – Teatrda gənc istedadlarla işləyəcək rejissor, xoreoqraf və müəllimlər çalışacaq. Mən mütləq Azərbaycan Milli Konservatoriyasından tələbələri dəvət etmək istəyirəm – mən orada dərs deyirəm və orada tərkibin nə qədər güclü olduğunu görürəm. Onların gözəl xoru var. Biz müxtəlif səhnələrdə, eləcə də universitetlərdə, məktəblərdə çıxış edəcəyik. Düşünürəm ki, hətta səfərlər də edəcəyik. Biz onsuz da məktəbdə çoxlu konsertlər veririk, lakin bunlar artıq böyük opera tamaşaları olacaq. Bu, klassik musiqinin təbliğidir. Gənc opera müğənniləri bu musiqini bütün nəsillər üçün təbliğ edəcəklər.

    – Siz ikinci Beynəlxalq Opera Festivalını qeyd etdiniz. Artıq ona hazırlıq gedir?

    – Bəli, proqram artıq düşünülüb. Biz artıq orkestr məşqlərinə başlamışıq. Festivalın özü operalardan və operalardan olan parçalardan qurulacaq, maraqlı duetlər və triolar olacaq. Təbii ki, gənc istedadların ifasında yeni operanın premyerası 2025-ci il festivalının ən parlaq hadisəsinə çevriləcək.

    Mənbə: https://azertag.az/

  • Urmu gölünün öyküsü – Əkbər Qoşalının şeiri

    Adıma Urmu derlər,

    Suyum göyə çəkilib…

    Göllüyüm qeyb olsa da,

    Yenə quru göllərin ən gözəli özüməm.

    Türküstan talesizi

    Aralın bacısıyam;

    O daha tez qurudu –

    Məhşərə hazırlaşır

    atamqızı, elə bil…

    Ən uzaq yaddaşımdan süzülüb gələnləri

    danışım, qoy qalmasın –

    Min illər öncəydi – biz ayrılanda

    Aral sağ əlini çəkdi başıma

    Başıma gələnə bax –

    Min illər sonradı

                indi biz ikimiz də quruyuruq,

                            quruyuruq…

    Nə mənim Acıçayım,

    nə də bacım Aralın

                Ceyhun ilə Seyhunu

                            su daşımır dağlardan…

    Xəzərə də əl çatmır…

    Araz boynuburuqdu…

    Aralın da mənimtək

    gəmiləri pas atır…

    Tanrının işinə bax –

    Duzlu su çürütməyən gəmilər indi bir-bir

    susuzluqdan qəhr olur…

    Elə bil dil bilirlər,

    Elə bil göl bilirlər…

    Göl vardımı bizimtək?..

    Siz, ey zalim göllərin ən zalim gəmiləri,

    Sirdaşınız kim olsun?..

    Kölgənizə yığışıb

                əsnək vurur dəvələr.

    Balıqlar üzüşərdi böyrünüzdə ilmüdam,

    Bəlkə mən bilməyirəm,

    Balıqlar dəvə olub?

    Bircə onu bilirəm

                dəvələr balıq olmaz…

    Qanadsızdı dəvələr,

    Dəvələr dözümlüdü.

    Dözəcəklər, dözəcəklər,

    Bizim

                son qətrəmiz də quruyan gün –

                            baxarsız,

    Qanad çıxaracaqdır

    Kölgədəki dəvələr.

    İnanın, düz sözümdü…

    Xəzərə əlim çatmır…

    24.07.2024

    Mənbə: https://edebiyyatqazeti.az/

  • “Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı – çap olunub

    AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Azərbaycan ədəbiyyatşünaslığı” elmi jurnalının növbəti (2024 №1) sayı nəşr olunub.

    1946-2019-cu illərdə “Ədəbiyyat məcmuəsi” adı ilə çap olunan jurnal 30 may 2019-cu ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. Jurnal Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının tövsiyə etdiyi elmi nəşrlərin siyahısına daxildir.

    “Azərbaycan ədəbiyyatşünaslığı” elmi jurnalının baş redaktoru AMEA-nın prezidenti, akademik İsa Həbibbəylidir. Bu say akademik İsa Həbibbəylinin “Böyük Azərbaycan şairi Məhəmməd Füzuli haqqında söz” adlı məqaləsi ilə açılır. Jurnalın məsul katibi filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı, məsul redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Töhfə Talıbovadır.

    Jurnal Azərbaycan ədəbiyyatını və onun tarixi inkişaf mərhələlərini araşdıran, bu mövzuda müasir və aktual tədqiqat işlərinin nəşrini həyata keçirən elmi-nəzəri nəşrdir. “Elm və təhsil” nəşriyyatında çap olunan jurnalın bu nömrəsi “Məhəmməd Füzuli – 530”, “Azərbaycan ədəbiyyatı” və “Mətbuat tarixi” bölmələrindən ibarətdir.

    “Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının beynəlxalq redaksiya heyətinə Türkiyə, Özbəkistan, Fransa, Gürcüstan, Tatarıstan, Hindistan, Polşa və Monqolustanın alimləri daxildir. Elmi-nəzəri jurnalda məqalələr Azərbaycan, rus, ingilis və türk dillərində dərc edilir.

    science.gov.az

    Mənbə: https://edebiyyatqazeti.az/