1215

İnsan gündəlik həyatda bir çox şeyləri düşünür. Məsələn, həmin gün görəcəyi işləri, gedəcəyi yerləri, ona deyilən yaxşı və ya pis şeyi, işi və ya məktəbi ilə bağlı etdiklərini, uzunmüddətli planlarını və s. Bunlara bənzər bir çox fikir zehnini məşğul edə bilər. Bunların hamısı vacibdir, lakin bu cür düşüncələr insanın beynində lazımi qədər yer tutmalıdır. Çünki daha təcili və insanın əbədi həyatını maraqlandıran daha mühüm məsələlər var. İnsan, əvvəla, özünün və ətrafındakı bütün canlıların necə yaradıldıqlarını, onların necə yaşadıqlarını hərtərəfli düşünməlidir. Bununla bağlı bütün varlıqları yoxdan yaradan və yaşadan Allahı və Onun isimlərini dərindən düşünməlidir. Daha sonra bu sonsuz qüdrət və elm sahibi Yaradanın onu yaratma məqsədini və ondan nələr tələb etdiyini düşünməlidir. Allahın ayələrini və əmrlərini ən yaxşı şəkildə yerinə yetirmək üçün qətiyyətli olmalıdır. Onu gözləyən ölümü və axirət həyatını da unutmamalı, daima bunu yadında saxlayaraq davranmalıdır. Onu bu məsələlərdən uzaqlaşdıraraq qəflətə sürükləyən, fani, sonsuz həyatı üçün faydalı olmayan, hətta zərər verən iş, düşüncə, hərəkət və söhbətlərdən çəkinməlidir. İnsanın zehni qabiliyyəti, əslində, çoxdur.

İnsan bundan istifadə etməyi bilməli, zehnini lazımsız fikirlərlə məşğul etməməlidir. Gündəlik həyatında insan bir tərəfdən də bu mühüm məsələləri düşünə bilər. Hətta bu məsələləri hərtərəfli şəkildə, mövzu-mövzu, ayələrlə şərh edərək düşünə bilər. Məsələn, gününün 9-10 saatını iş yerində və ya məktəbdə keçirən bir şəxs gün ərzində düşünməli çox şeylə qarşılaşır. Bunlar Quranda tərif edilən insan xarakterləri, düşdüyü, yaşadığı mühitlər ola bilər. Vicdanını dinləmə, nəfsinə tabe olma, həsəd, təvazökarlıq, təvəkkül, səbir kimi yüzlərlə mövzunu bir-bir yaşayaraq düşünər, həm də bu mövzular üzərində hərtərəfli şəkildə düşünərək dərinləşə bilər. Əsas odur ki, insan bu fürsətləri görsün və yaxşı dəyərləndirsin.

Ətrafında baş verənlərə: çiçəklərin açmasından səmada quşların uçmasına, nəfəs aldığı oksigenin nisbətindən və canlılara verdiyi faydadan ürəyinin döyünməsinə qədər bir çox mövzunu ətraflı düşünə bilər. Suallar verərək, cavablarını axtararaq, adət halını almış izahlardan kənara çıxaraq dərin düşünməyə başlayar. Allah Quranda möminlərin düşünən insanlar olduğunu belə bildirir:

Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində ağıl sahibləri üçün dəlillər vardır.O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünər (və deyərlər): “Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi cəhənnəm odunun əzabından qoru! (Ali-İmran surəsi, 190-191)

Dərin düşünməyə nələr mane olur? Bir məsələ üzərində düşündükdə insanın diqqəti başqa şeylərə yayına bilər. Mühüm məsələ haqqında düşünərkən insan birdən-birə sabah edəcəyi lazımsız iş və ya əlində tutduğu qələm haqqında fikirləşə bilər. Fikrin dağılması isə dərinləşməyin qarşısını alır. Həmçinin bir məsələ haqqında kifayət qədər məlumat olmadıqda da insanın düşünmə qabiliyyəti müəyyən həddə qədər irəliləyir. Amma bu da düşünməyə mane olan səbəb deyil. İnsan necə və nə haqda düşünəcəyini bilərsə, o sahədə özünü təkmilləşdirər və lazım gələrsə, biliyini də artıra bilər. Ancaq düşünməyə mane olan ən mühüm amillərdən biri, şübhəsiz, ülfətdir, yəni hadisələrə alışqanlıq eynəyinin ardından baxmaqdır. İnsan hərtərəfli düşünməsə, dünyaya gəldiyi andan etibarən ətrafında baş verən hadisələri təbii qarşılaya bilər. Məsələn, canlılardakı qeyri-adi dizaynı görməz. Həmişə görməyə adət etdiyi üçün qarışqanın öz çəkisindən 200-300 dəfə ağır cismi asanlıqla metrlərlə uzağa daşıdığını, bunun çox mühüm detal olduğunu, qarışqaya bu cür çətin işi həyata keçirməyə kömək edən mexanizmi kimin verdiyini heç düşünməz. Özünün belə bir şeyi əsla edə bilməyəcəyini isə ağlına belə gətirməz.

Bir quşun qanadındakı xüsusiyyətləri, qanad mexanizminin xüsusi dizayn tələb etdiyinin fərqinə varmaz. Halbuki dərin düşünən insan bircə tükü belə əlinə alıb, onu hərtərəfli tədqiq edərək çox mühüm nəticələrə gələ bilər. Tükdəki nizamdan tükü təşkil edən maddənin möhkəmliyinə qədər bir çox mühüm detalı özü tapa bilər. Bircə tükə baxaraq onun üzərindəki yaradılış dəlillərini müəyyən edə bilər. Ancaq bunu da bildirmək lazımdır ki, ülfətsiz düşünmək üçün insanın mütləq çox şey bilməsinə ehtiyac yoxdur. Sadəcə ətrafındakı canlılara, səmaya və hətta öz bədəninə diqqətlə baxması kifayətdir. Allah buna “Qaf” surəsində belə bir nümunə ilə diqqət çəkir:

Məgər onlar başlarının üstündəki göyə baxıb onu necə yaratdığımızı, necə bəzədiyimizi və orada heç bir yarıq olmadığını görmürlərmi?!Eləcə də yeri necə döşədiyimizi, orada möhkəm duran dağlar yaratdığımızı, hər cür gözəl növdən (meyvə) yetişdirdiyimizi görmürlərmi?!(Bütün bunları Rəbbinə tərəf) dönüb qayıdan hər bir bəndə üçün ibrət dərsi və öyüd-nəsihət olsun deyə etdik.Biz göydən bərəkətli su endirdik, sonra onunla bağlar və biçilən taxıl dənələri yetişdirdik.Həm də tumurcuqları bir-birinin üstünə düzülmüş, hündür xurma ağacları (bitirdik). Bəndələrə ruzi olsun deyə! Biz onunla ölü bir məmləkəti cana gətirdik. (Qəbirlərdən dirilib) çıxmaq da belədir! (Qaf surəsi, 6-11)

Xəyalə Səfərova