abdullamuellim

Yaz həsrətli payızım qəm ələdər,
Hara getsək ümid qəmə əl edər.
Yaxşını da,yamanı da əl edər,
Gəl ummayaq,uman yerdən küsməyək.

Yol verməyək qəlbimizdə gileyə,
Baş əyməyək hər ötəri küləyə.
Yetişməsək qüzeylərdən güneyə,
Gəl ummayaq,uman yerdən küsməyək.

Daş atdıqca bəndə qara daşına,
Əməlindən çətin qara daşınar.
Əl tutmursa qardaş din qardaşına,
Gəl ummayaq,uman yerdən küsməyək.

Ölçüsü dörd barmaq haqla nahaqqın,
HAQQ işinə qarışmağa nə haqqım!
Göz görmürsə nə yalanı,nə haqqı,
Gəl ummayaq,uman yerdən küsməyək.

Ürək duymaz pərdələnsə qulaq,göz,
Barı, dərdə indən belə olaq göz.
Çöl özgəyə,iç özünə olsa köz,
Gəl ummayaq,uman yerdən küsməyək.

Baş ağardar ağıllaşan dünyada,
Yuxusu kal noğullaşar dünyada…
Gerçəyi fal nağıllaşan dünyada,
Gəl ummayaq,uman yerdən küsməyək.

Gəl yaşayaq bu günləri təzədən,
Qoy düşməsin saçımıza təzə dən.
Diləyimiz gül açmasa təzə,tər,
Gəl ummayaq,uman yerdən küsməyək.

Abdullayam,eşqim ALLAH-ürəkdə,
Nur Quranım,Rəsulullah ürəkdə.
Üz döndərsə könlün,gülüm, ürəkdən,
Gəl ummayaq,uman yerdən küsməyək!

07.08.2016.
Azərbaycan.Quba.