Eldar ailəsini Şərifəgilə gətirdi. Fidan Yaşarı Təhminənin köməkliyi ilə çimizdirdikdən sonra yeməyini verdi, uşağın gözləri qızaranda evin balaca otağında yatızdırdı. Otaqda pəncərə yox idi, bu da Fidangilə başqa cür rahatlıq gətirirdi. Digər otağa keçəndə Təhminə Eldarla Qadirə qazandan yemək çəkirdi. Eldar Fidanı görəndə yanındakı stulu çəkdi:
– Gəl, bir loxma da olsa ye.
Fidan yoldaşının yanında oturdu:
– Düzü həm acmışam, həm də halım yoxdur yeməyə. Yuxum da gəlir, yatmağa da qorxuram.

Təhminə Fidana anasının əvvəlcədən bişirdiyi mərcidən bir boşqab çəkib qarşısına qoydu. Qazanın qapağını örtdükdən sonra özü də əyləşdi.
Eldar – Daha heç nədən qorxmaq lazım deyil. Yanınızdayam.

Qadirin telefonuna zəng gələndə cavab verdi:
– Hə ana, gələcəm. Hardasa yarım saata gələrəm. Yaxşı. Oldu.
Eldar maraqla Qadirə baxdı. O, sual verməmiş Qadir dedi:
– Anam idi. Qardaşımı sabah həkimə aparmalıyıq. Ona görə bir azdan getməliyəm.
Təhminə – Qardaşına nə olub?
Qadir – Üç il bundan əvvəl nişanlısıyla avtomobil qəzasına düşmüşdü. O vaxtdan yerimir?
Fidan – Bəs nişanlısı?
Qadir – Rəhmətə getdi.
Fidan – Nə pis oldu. Ruhu şad olsun.
Təhminə – Ruhu şad olsun. Allah qardaşına da şəfa versin. Bilmək olmur kimin başına nə gələcək.
Eldar – Qismətdir.
Qadir – Hər şeydə bir xeyir var. Düzdür, anam özünə təsəlli vermək üçün tez-tez bu cümləni işlədir. Yenə də onun üçün ağırdı.
Eldar – Nadirin yerimək ehtimalı yoxdur?
Qadir – Var, niyə yoxdur? Gərək Almaniyaya gedə. Oda getmir.
Fidan – Niyə?
Qadir – Nişanlısının ölümündə günahkar özünü bilir. Bir sözlə, həyatdan əlini üzüb. Deyir, lazım olan adamımı itirmişəm, yerimək harama yaraşır? Bizim Nadir də belə tərs adamdır.
Fidan – Başa düşmək çətin deyil. Adamın əli yaşamaqdan üzüləndə istər-istəməz hamıdan qaçır. Əziz adamını itirəndə ancaq ölməyi düşünürsən.

Fidanın axırıncı cümləsi Eldara toxundu. Təhminə də Eldar kimi Fidana baxdı. Onların ona qəribə baxması Fidana maraqlı gəldi. Başa düşdü ki, ikisinin də ağlına Səfər gəldi:
– Anamı itirəndən sonra o hissləri mən də yaşamışam.

Fidan sözlərini Eldarın gözlərinin içinə baxıb demişdi. Eldar başıyla deyilənləri təsdiqlədi.
Təhminə – Nəysə! Kədərimizi qoyaq bir kənara, rahat çörəyimizi yeyək.
***

Rəşadgil əllərində fənər sahildə bir qədər gəzəndən sonra maşına oturmaq üçün geri qayıtdılar. Heç bir izə rast gəlməmişdilər. Rəşad Eldarın telefonuna zəng edəndə Eldar Qadiri qapıdan yola salırdı:
– Qəmər xalaya salam deyərsən. Özün də ehtiyyatlı ol.
Qadir – Yaxşı, gecən xeyrə.
Eldar – Xeyrə qarşı.

Qadir qapını örtüb telefona cavab verdi: – Nə oldu?
Rəşad – Heç nə tapmadıq. Həm də qaranlıqdır. Nə tapa bilərik?
Eldar – Heç nə daha. Qayıdın.
Rəşad – Yaxşı. Mən də bir azdan gələcəm.

Eldar telefonunu Fidana verdi ki, zaryatkaya qoysun. Təhminə Yaşarın otağında Fidanla özü üçün yer salırdı. Fidan Eldarı qapının ağzında saxladı:
– Bəyaq həqiqətən anamı nəzərdə tuturdum.
Eldar – Başa düşdüm. Söhbəti uzatmağın mənası yoxdur.
Fidan – Var. İstəmirəm düşünəsən ki, mənim fikrim…

Fidan cümləsini tamamlamadı:
– Eldar, həqiqətən mənim üçün əziz yeganə kişi sənsən. Bunu yadından çıxartma. Birdə bu cümləni sənə deməyəcəm. Məndən şübhə etdiyin gün…
Eldar – Yəni?
Fidan – Bəzən məndən şübhələnməyin incidir qəlbimi.
Eldar Fidanın alnından öpdü:– Bağışla, birdə olmayacaq. Bəzən məndən asılı olmur. Nəysə…Çiməcəksən?
Fidan – Hə, Rəşad gəlməmiş hamama girim.

***

Həkim Səfərə atasının vəziyyətinin yaxşı olduğunu, bir-neçə gündən sonra evə gedə biləcəyini deyəndən sonra evə gəlmək üçün maşınına oturdu. Aynurla anasının sözləri beynində tüğyan edirdi. Dözə bilməyib uşaq kimi ağladı Səfər. Bacısı haqqında öyrəndiyi həqiqət dünyasını alt-üst eləmişdi.

***

Cəmilə öz evinə gəlmişdi. İkimərtəbəli evində bayquşdan fərqi yox idi. Itirdiklərinə görə heyfslənirdi, peşman olmamışdı. Bir-neçə dəfə telefonu götürüb qızını yığmaq istədi, ürəyi gəlmədi. Bilmirdi neyləsin. Bir saat tərəddüddən sonra qızının evini yığdı.
– Aybəniz, tez bizə gəl. Vacibdir.
Aybəniz anasıyla soyuq danışdı: – Vacib sözü telefonda demək olmur?
Cəmilə – Lamiyəylə anası qardaşına hər şeyi danışanda atan da eşitdi. İndi xəstəxanadadır.
Aybəniz həyəcanlandı: – Atam xəstəxanadadır. İndi vəziyyəti necədir? Hansı xəstəxanadadır?

Aybəniz ağladı. Cəmilə qızını sakitləşdirməyə çalışırdı:
– İndi vəziyyəti yaxşıdır. Xəstəxanada qala bilmədim. Qardaşın məni qovdu. Səfərgil sirrini bilirlər.

Anasının dedikləri Aybənizə indi çatmışdı:
– Nə sirri?
Cəmilə – Bəyaq eşitmədin?Aynur evlənməmişdən əvvəl hamilə olduğunu qardaşına açıb danışdı. Atan da eşidəndə ürəyi dözmədi, yerə yıxıldı.

Cəmilənin gözləri doldu: – Tək qalmışam. Özümü öldürmək həddinə çatmışam. Vallah, bir gün gəlib görəcəksiniz ki, asmışam özümü.

Cəmiləyə qızının yazığı gəldi:
– Ağlına da gətirmə. Elçinə də deyəcəm, gələrik ora. Ana-bala ağını lap çıxartdılar. Onlar mənim sirrimi açdılar, eybi yox, iki dünya dağılsa da imkan vermərəm Lamiyə axıracan arvad ola. Heç eybi yoxdur. İndiyəcən işlərinə qarışmırdım,bundan sonra qarışaram. Nahaq quyruğumu tapdaladılar. Özünə heç nə eləmə, gəlirik. Elçin də gələndə çalış heç nəyi üzünə vurmayasan.
Cəmilə – Narahat olma.

***

Zaman testin cavabını qapının ağzında Aynura verən kimi getdi. Lamiyə anasının əlindən vərəqi alıb diqqətlə baxdı. Ağlaya-ağlaya dedi:
– Uşaq Səfərdəndir. Səni pis günlərə qalasan, Fidan. Hər şey sənə görə oldu.
Aynur – Bəsdir, sən axmaqsansa Fidan neyləsin? Sənə kim deyirdi görüşdüyün ola-ola başqasına ərə get.
Lamiyə hönkürtü ilə ağladı – Ana qurban olum, kömək elə. Dözə bilmirəm. Bu nə həyatdır, vallah dözə bilmirəm. Yaşamaq istəmirəm.
Aynurun gözləri doldu: – Bura bax, ayaq üstə qalmağa məcbursan. İsəyirsənsə uşağın olsun, birini mütləq doğmalısan.
Lamiyə – Mən öz uşağımı istəyirəm. Başa düşmürsən məni? Yaşar mənim oğlumdu. Sabah gedib Eldara hər şeyi danışacam. Lazım olsa, məhkəmələri gəzərəm. Bircə oğlumu mənə qaytarsınlar.

Maşının səsini eşidən Aynur əliylə qızına susması üçün işarə elədi. Səfər qapını açarla açanda Lamiyə əlindəki vərəqi anasına tələsik uzatdı. Səfər də bunu gördü:
– O nədi?
Lamiyə – Mənim deyil, anamındı.
Aynur – O gün həkimə getmişdim, cavabları göstərirdim.

Səfər otağına getmək üçün pilləkanları qalxdı. Lamiyə anasının yanından ayrılıb pilləkanlara yaxınlaşdı:
– Kərim dayı necədi?
Səfər Lamiyənin üzünə baxdı – Yaxşıdı. Səhər məni tez oyandırarsan.
Lamiyə – Yaxşı. Mən də gələrəm səninlə.
Səfər – Tək getsəm yaxşıdır. Evdə qalarsan.
Lamiyə – Necə istəyirsən.

Səfər otağına keçib qapını örtdü. Aynur ağzı-burnunu əyib dedi:
– Eynən anası sifətdir. Elə bil hər şeyə səbəb bizik.

***

Fidan iki gündə necə yorulmuşdusa Təhminənin Eldarla Rəşadı yola salmasından, oğlunu yedizdirib paltarını dəyişməsindən xəbəri olmayıb. Cin Həsən və iki adamı ofisin qabağında Eldargili gözləyirdilər. Çox keçmədi, Lamiyə də taksidən düşüb ofisin qabağına gəldi. Həsəngil Lamiyəni görəndə bir-birlərinin üzünə baxdılar. Lamiyə onlara yaxınlaşdi:
– Siz də Eldar müəllimi gözləyirsiz?
Cin Həsən başıyla təsdqilədi. Lamiyə ikinci sualını verdi:
– Danışmısız? Yəni tez gələcək.
Cin Həsən – Az qalıb, çatır.
Lamiyə – Lap yaxşı. Gözləyərəm.

Yaşarın əlini stultan çəkəndə yıxılıb ağlaması Fidanı yuxudan oyatdı. Gözlərini ovuşdura-ovuşdura yerindən qalxdı.
Təhminə Yaşarı qucağına aldı: – Uşşşş xalası qurban, nə oldu? Hara dəydin?
Fidan Təhminəyə yaxınlaşdı: – Sabahın xeyir. Nə bərk yatmışam belə.
Təhminə – Eldar bir-iki dəfə oyatdı, oyanmadın.
Fidan oğlunu Təhminədən öz qucağına aldı – Hələ də yuxudan doymamışam. Yaşar, nə olub, hmm?

Təhminə – Uşağı ver mənə, özün də əl üzünü yu, dincəl. Anam zəng eləmişdi. Deyir Nubar ərinə görə narahatdır.
Fidan təəccüblə: – Nubar?
Təhminə – Səni evində saxlayan qadın bizə qohum çıxdı da.
Fidan – Həəə, bildim. Camalı yaxşı tanıyıramsa, onun ərini sağ qoymaz. Yenə də inşallah heç nə olmaz deyək. Camal əclafdır, başa düşdük, qohumların niyə onunla əlbir oldular?
Təhminə – Neçə ildən sonra bir uşaqları oldu. O da xəstə!…Camal onlara başqa yalan danışıb. Guya Yaşar onun oğludur, sən də nə vaxtsa arvadı olmusan.
Fidan əsəbləşdi: – Əclaf. Allah öldürsün onu.
Təhminə – Amin. Uşağı ver bura. Tez ol, əl-üzünü yu.

Fidan oğlunu Təhminəyə verdi, özü hamama tərəf getdi.

***

Eldar maşını ofisindən bir az kənarda saxladı. Ofisə yaxınlaşdı, Lamiyəni görəndə həm təəccübləndi, həm də gəlişi ürəyincə olmamışdı. Üzünü Rəşada tərəf tutdu:
– Bu, burda neyniyir?
Rəşad – Sənə baxdığına görə sənlə danışmağa gəlib.
Eldar – Sən belə elə. Həsəngili yola sal, nə qədər istəsələr ver. Mən də bunun ağzını yoxlayım, görüm məqsədi nədi yenə.

İkisi də Cin Həsəngilə yaxınlaşıb görüşdükdən sonra adamlar Rəşadla birlikdə ofisə keçdilər. Eldar Lamiyəyə yaxınlaşıb “salam” verdi. Lamiyə gülümsəyib Eldara əlini uzatdı:
– Necəsiz?
Eldar da əlini uzatdı.
– Çox sağ olun, yaxşı olasız. Düzü, sizi gözləmirdim.
Lamiyə – İndi elə vəziyyətdir ki, ancaq sizinlə danışa bilərəm.

Eldar bir qədər fikrə getdi: – İstəyirsiz çay içə-içə söhbətimizi edək.
Lamiyə – Əlbəttə olar. Ancaq çox vaxtım yoxdur. Buralara yaxın bir yer olsun. Deyəcəklərim ikimizin də həyatını kökündən dəyişə bilər.Çünki mənim həyatımı çoxdan dəyişdi.
Eldar – Söhbət nədən gedir?
Lamiyə – Bunu üzbəüz oturanda danışaq. Yol ortasında…
Eldar – Buyurun.

Eldarla Lamiyə maşına tərəf getdilər.

***

Təhminə televizoru yandırdı. Xəbərlərdə göstərilən sahil ona tanış gəldi.Fidan Yaşarın paltarını dəyişirdi.
Təhminə – Bu yer tanış gəlir mənə
Fidan televizora baxdı, heç nə anlamadı: – Əvvəllər tez-tez dənizə getmirdin? Getdiyin yerlərdən biridir də…

Xəbərlərdə dənizdən kişi meyidinin tapıldığını deyirdilər. Təhminə cəsəd iri planda göstəriləndə qohumu Camalı tanıdı. Fidanla Təhminə bir-birilərinin üzünə qorxuyla baxdılar.
Fidan – Öldürüb.
Təhminə – Biz nahaq evdə tək qalmışıq. Bəlkə Camal bizi güdür?
Fidan qorxusundan oturduğu yerdən ayağa qalxdı. Oğlunu qucağına alıb mətbəxə tərəf qaçdı. Təhminə qapını bağlayıb-bağlamadığını dəqiqləşdirdikdən sonra arxasına stullardan birini də qoydu. Fidan əlində bıçaq mətbəxdən çıxdı.
Fidan – Allaha and olsun, bu dəfə onu öldürərərm.
Təhminə telefonla Rəşadı yığdı. Əlləri titrəyirdi. Bu zaman qapı döyüldü. Təhminə də, Fidan da qorxularında içlərini çəkdilər. Təhminə qorxa-qorxa qapıya yaxınlaşdı.
– Kimdi?
Gələn qonşu idi: – Mənəm Təhminə, Firəngiz xala. O gün anana pul vermişdim, xırdası olmamışdı qaytara. Axşam evə qonaq gəlməlidir, maqazinə getməliyəm.

İkisin də ürəyi rahatladı. Təhminə stulu kənara çəkib Fidana baxdı:
– Qorxumuzdan hər şeyi şişirtdik. Qonum-qonşu həyətdədir, beş addım o tərəfdə də polis bölməsi. Nə edə bilər ki?

Təhminə qapını açdı, Firəngiz xala içəri girdi.

***

Eldar Lamiyəni ofisindən bir az uzaq olan restorana gətirdi. Çay sifariş verdi. Lamiyə diqqətlə Eldarın gözlərinə baxırdı.
Eldar maraqla: – Mənə niyə elə baxırsız?
Lamiyə – Yanlış anlamayın, fikirləşirdim. Fikirləşirəm ki, sözü hardan başlayım, həm məni başa düşəsiz, həm də kömək edəsiz.
Eldar – Açıq danışsaz, bəlkə də kömək edə bilərəm.
Lamiyə – Sizdən bir xahişim var. Sözümü kəsməyin, sonuna qədər məni dinləyin. Çox xahiş edirəm.
Eldar başıyla razı olduğunu bildirdi.

Lamiyə – Yaşarın sizin də, Fidanın da oğlu olmadığını yaxşı bilirəm. Uşağı övladlığa götürmüsüz.

Eldar pörtdü, udqundu. Düşünürdü, bu qadın ailə sirrini hardan bilir. Dillənmək istədi, yadına düşdü ki, axıracan dinləməlidir. Lamiyə bir qədər susduqdan sonra Eldarın da heç vaxt ağlına gəlməyəcəyi etirafı elədi:
– “Yalandır, şər atıram” deməyin. Əmin olmasam demərəm. Yaşar mənim oğlumdur. Əsas anası mənəm. Çünki onu xəstəxanada özüm dünyaya gətirmişəm. Demək istəyirəm ki, ərim məni, arvadınız, Fidan da sizi aldadıb.

Eldarın əsəbdən gözləri qızardı. Lamiyənin dediklərinə Eldar inanmaq istəmirdi. Daxilən özünü sakitləşdirməyə çalışırdı.
Eldar – Nə danışdığınızı bilirsiz?
Lamiyə – Bunu sübut da edərəm. Yaşar Səfərlə mənim oğlumdur. Neçə ildir ikimizi də aldadıblar.
Eldar əsəblərini cilovlaya bilmədi:
– Fidanı ərinizlə müqayisə eləməyin. Ərinizin alçaq olduğunu ikimiz də bilirik.
Lamiyə təmkinini pozmamağa çalışırdı: – Bəs, fikirləşmirsiz ki, bu qadın bu sirri hardan bilir? Dünən gecə Səfər mənə hər şeyi etiraf elədi. Sizinlə sağollaşandan sonra onsuzda boşanmaq üçün ərizə yazmağa gedəcəm. Xəstəxanada o uşağı mən dünaya gətirmişəm.

Lamiyənin gözləri doldu, bir qədər susduqdan sonra davam etdi:
– Mənə uşağın ölü doğulduğunu dedilər. Havalanmışdım. Nə etdiyimi bilmirdim, xəstəxanadan qaçdım. Neçə dəfə intihar elədim, anamgil imkan vermədi. Bir il Almaniyada, anamın yanında müalicə aldım. Neçə il oğlumu ölü bilmişəm. Dünən əclaf ərim Fidanla qurduğu plandan danışdı mənə. İnanmaqda çətinlik çəkirəm. Ay Fidan, sən də qadınsan. Necə qıydın mənə?
Eldar – Dediklərinizin heç birinə inanmıram. Uşağı Fidanla birlikdə götürmüşük. Həkimlə şəxsən özüm danışmışam. Ondan başqa, uşaq barədə ilk dəfə televizorda eşitmişik.
Lamiyə – Həkim? Pula satılan nə vaxtdan həkim olub? Əgər indi sizə sübut eləsəm ki, uşaq Səfərdəndir, dediklərimə inanacaqsız?
Eldar – Mümkün deyil.
Lamiyə – Heç vaxt heç vaxt deməyin. Hər şey mümükündür. Oğlumun…
Eldar Lamiyənin cümləsini bitirməyə imkan vermədi:
– İki dəqiqədən bir oğlum deməyin. Yaşar mənim oğlumdur, bizim oğlumuzdur.
Lamiyə – Qəbul eləsəz də, eləməsəz də Yaşar mənim oğlumdur.

Lamiyə çantasından Yaşarın Səfərin oğlu olduğunu sübut edən DNT testinin cavabını Eldara uzatdı.
– Dünən Səfər hər şeyi danışanda inanmamışdım. Sübut etmək üçün bunu verdi mənə.

Eldar Lamiyənin verdiyi sənədi aldı. Ofisiant sifarişləri indi gətirirdi. Süfrəyə sifariş edilənləri düzdükdən sonra getdi. Eldar sənədi Lamiyənin qarşısına atdı.
Eldar – Burda uşağın adı yazılmayıb. Heç ərinizin də adı yazılmayıb. Kimi aldadırsız?
Lamiyə – Deməli, mənə inanmırsız?
Eldar – Uşaq söhbətləri edirsiz. Sizə niyə inanmalıyam? Keçən dəfə də inanmamışdım.
Lamiyə – Yaxşı, onda mən Səfərdən örnək gətirəcəm, siz də oğlumdan bir örnək gətirərsiz. Birlikdə gedib DNT testi edərik. Onda mənə inanarsız. İnanmağa məcbursuz.
Eldar – Fidan ərinizlə birləşib sizə niyə tələ qurmalıdır?
Lamiyə – Bizi Səfərlə uşaqlıqdan göbəkkəsdi ediblər. Səfər Fidanla heç cür evlənə bilməzdi.
Eldar – Amma nişanlı olublar.
Lamiyə gülümsədi – Bunu sizə kim dedi? Onlar heç vaxt nişanlı olmayıblar. Səfər mənimlə nişana hazırlaşanda Fidanla görüşürdü. Həm də sevirdi. İkisi də elə bilir ki, onların ayrılmaqlarına bais mən olmuşam. Birlikdə qisas aldılar.

Eldar bir az qabağa əyildi, Lamiyənin gözlərinə diqqətlə baxdı:
– Lamiyə xanım, ömrümdə heç vaxt qadına əl qaldırmamışam. O nakişilərin işidir. Dediklərinizi sübut eləməsəz, sizi də, ərinizi də öldürəcəm. Bu işin axırınacan özüm gedəcəm.
Lamiyə – Razıyam. Sübut eləsəm, sizdən oğlumu məhkəmə yoluyla da olsa alacam. Siz də bunu bilin.
Eldar – Dediklərinizi sübut eləsəz, o uşağı məhkəməsiz sizə verəcəm. Hərçənd yenə də sizə inanmıram.

Eldar ayağa qalxdı, sağollaşmadan məkandan uzaqlaşdı. Lamiyə Eldar qapıdan çıxanacan onu gözləriylə izlədi. Sonra gülümsədi:
– Bu dəfə hamınızın üzünə duracam. Axırınıza çıxacam. Tələsməyin!…

***

Firəngiz gedəndən sonra Təhminə də hazırlaşıb evdən çıxdı. Fidan qapını arxadan bağladı. Uşağa kartof püresi hazırlamaq üçün qazana iki kartof qaynamağa qoydu. Sonra yataq otağına keçib oğlunu uzandırdı, özü də yanında uzandı. Uşağı yatızdırmağa çalışırdı.

***

Eldar ofisə gələndə Cin Həsən və adamları çoxdan getmişdi. Rəşad onun qızardığını görüb narahat oldu:
– Nə olub? O qadın yenə sənə nə dedi?
Eldar – Elə söz dedi ki, az qala öldürəm. Sübut eləməsə, onsuzda öldürəcəm.
Rəşad – Keçən dəfə də ürəyini bulandırmışdı, evinizdə söz-söhbət olmuşdu.
Eldar – Söz-söhbətimizin olduğunu sən hardan bilirsən?
Rəşad – Təhminə demişdi. O qadın xoşbəxt deyil, başa düş. Qadındır da!… İstər-istəməz Fidanı qısqanır.
Eldar Rəşada əsəbləşdi: – Söhbətin nədən getdiyindən xəbərin yoxdur, elə danışırsan. Bu qadın deyir ki, Yaşar onun öz oğludur. Xəstəxanada uşağı doğub qaçan özüdür.

Rəşad Eldara bilmədi nə cavab versin. Əliylə ağzını tutub sarısını udmuş adamlar kimi oldu.
Eldar – Yüz faiz əmin olmasa deməzdi. Sübut etməyə də hazırdır. Guya əri uşağı ondan almaq üçün Fidanla tələ qurublar.
Rəşad – Lamiyə deyəsən seriallara çox baxır.
Eldar – Bilmirəm Rəşad. İndi evə gedəcəm, bu barədə Fidanın özüylə danışacam. Yoxsa heç cür sakitləşən deyiləm. Bi də maklerə zəng edərsən. Gör evdən nə xəbər var.
Eldar telefonunu cibindən çıxarıb Fidanın adının üstündən basdı. Telefonun səsindən Fidan diksindi. Qonaq otağına gəlib stolun üstündən telefonu götürdü.
– Hə Eldar.
Eldar – Neynirsiz?
Eldarın səsindən Fidan nəysə pis hadisə olduğunu hiss elədi.
Fidan – Heç nə, uzanmışdım. Səsin niyə elə gəlir?
Eldar – Gələndə danışaram. Hazırlaş, gəlib sizi evdən götürəcəm.
Fidan təəccübləndi – Yaxşı.

Fidan telefonu stolun üstünə qoyub mətbəxə gəldi. Qaz söndürülmüşdü. Fidan yataq otağına qayıdanda addımını qəfildən saxladı. Yadına düşdü ki, yatanda qazı açıq qoymuşdu. Qorxusuyla həyəcanı qarışdı bir-birinə!…

Ardı var!…