Nədənsə mənə elə gəlir ki, səhərlər dənizin rəngi kimi qoxusu da fərqli olur. Bu qoxunu içimə çəkmək üçün səhərlər dəniz kənarında bir qədər gəzişmək adət halını alıb. Dənizin ətrini içimə çəkmədən, onunla bir qədər dərdləşmədən yeni günə başlaya bilmirəm. Dəniz mənim sirdaşımdır. O həmişə məni sükutla dinlər, heç vaxt irad tutmaz, qınamaz. Ləpədöyəni izlədikcə düşünürəm ki, dəniz öz qəzəbini, hiddətini təlatümlü dalğaları ilə bildirir. Elə buna görə də çox zaman küləkli, çiskinli havalarda onunla dərdləşməyə gəlirəm. Elə bu gün olduğu kimi.
Bəlkə də payızda doğulduğum üçündür ki, dumanlı çiskinli havanı, narın, hətta leysan yağışları belə sevirəm. Göz oxşadıqca uzanan dəniz, səma, hətta elə şəhərin özü də bu gün bomboz idi. Hava açılana, gün çıxana oxşamırdı heç deyəsən. Olsun! Belə daha gözəldir.
Səhərin sərin xəfif mehi üşüdürdü məni, yoxsa ki içimdəki narahatlıqlar, təlatümlər, bilmirəm. Bütün dünyaya üsyan etmək istəyim şahə qalxan dalğalara bənzəyirdi. Ətrafımdakı insanların riyakarlığı, qeyri-səmimi münasibətlər, saxta təbəssümlərin arxasında gizlətmiş olduqları əsl simaları məndə o qədər ikrah hissi yaradırdı ki, hər kəsdən uzaqlaşmaq, dənizin sularında qərq olmaq istəyi keçirdi içimdən bəzən. Yalnız doğan günəşi, sakitləşən dənizi seyr edəndə bütün problemlərin də yaxında həll olunacağına əminlik hissim artırdı. Özümü dənizin bir parçası, bəzən də elə özü hiss edirdim.
─Afət!
Adımın çəkildiyini zənn edib arxaya çevrildim. Yaxınlıqda heç kəs gözə dəymirdi. Bu saatda, özü də belə bir yağışlı, küləkli havada dənizkənarında heç kəs gəzib dolanmazdı. Küləyin uğultusunda, dənizin səsində belə öz adımı eşitmək istəyi idi içimdə bəlkə də.
Deyirlər ki, körpəlikdə verilən ad insanın taleyinə, xarakterinə də təsir edir. Mən də bəzən düşünürdüm ki, adım başqa olsa, bəlkə də həyatımda hər şey fərqli olardı. Kimiləri üçün qısqanclıq və həsədlə süzdükləri biri, kimiləri üçün isə, sözün əsl mənasında, baş bəlası idim. Əslində isə, göz yaşlarını yağan yağışda gizlətməyə çalışan kövrək, həssas bir qəlb sahibi idim. Sərt təbiətin arxasında gizlənmiş, incə hisslərlə dolu olan zərif qəlbi isə hər kəs görməyə qadir deyildi.
Dənizin qoxusunu içimə çəkib sahillə axşamadək vidalaşdım. Hər gün təkrarlanan yeknəsək həyata qayıtmaq zamanı idi. Rəhbərlik etdiyim böyük şirkətin hər dəqiqə üzləşdiyi sıxıntılı durumlar, gündəlik qayğılar işlərə daha məsuliyyətli olmağımı tələb edirdi. Həyatımdakı boşluğu işə olan sevgim doldurmuşdu. Hər bir uğurlu layihə həyatıma yeni bir rəng qatırdı. Amma zaman-zaman işlərdən də yorulub məzuniyyət götürmək, dağlar arasında, dəniz qırağında, yaxud da meşənin içində kiçik bir ev kirayələmək, şəhərin səs-küyündən uzaq, hüzur dolu bir həyat yaşamaq istəyirdim.
Kabinetimdə gül-çiçək buketləri görmək mənim üçün adi hala çevrilmişdi. Bu səhər də otağa daxil olanda təəccüblənmədim heç. Əməkdaşlıq etdiyimiz şirkətlərin rəhbərliyindən tez-tez minnətdarlıq əlaməti olaraq gül-çiçək buketləri almaq, düzü, çiçəklərə hədsiz sevgisi olan xanım rəhbər kimi mənə xoş təəssürat bəxş edirdi.
Bəzilərindən fərqli olaraq, bu gün sahibi olduğum şirkət valideynlərimdən mənə miras qalmamışdı. Atamdan mənə qalan yalnız anam və bacım idi, bir də onun məsləhətləri. Bu gün böyük bir şirkət sahibi olmağıma baxmayaraq, kasıb, həm də çox kasıb bir ailənin qızı idim. Anam ətə, yağa ayırdığı pulu çox zaman dərslərdən yayınmamaq və tələbə yoldaşlarımın yanında pərt olmamaq üçün paltarlarıma və kitab-dəftərlərimə xərclərdi. Belə vaxtlarda qəhərimi güclə boğar, hiss etdirməməyə çalışardım.
Həmin gün… Həyatımı dəyişən həmin gün…
─Afət xanım!–Katibənin səsi məni fikirdən ayırdı. –Hüquqşünas sizinlə görüşmək istəyir.
─Dəvət edin, gəlsin,–deyib masa arxasına keçdim. Stolumun üstünə qoyulmuş sənədləri gözdən keçirib imzaladım.
Şirkətimizin gənc hüquqşünasının savadına və iş bacarığına heç bir şübhəm yox idi. Ona etibar edirdim. Bu dəfə də yeni layihə barədə onun fikirlərini bilmək və imzalayacağımız sazişin hüquqi tərəflərini araşdırıb aydınlaşdırmaq istəyirdim. Gələcəkdə yarana biləcək hər cür xoşagəlməz hallardan uzaq olmaq və işimizin uğurlu olması üçün daha diqqətli olmaq, məsələyə incəliklə yanaşmaq vacib idi.
Pəncərənin bir küncünə qoyulan kiçik gül dəstəsi qəfil diqqətimi çəkdi. Otağın ən gözəl guşələrində yerləşdirilən gül buketlərindən fərqli olaraq, bu kiçik zanbaq dəstəsi bir kənara atılmış, küncə qısılıb səsini çıxartmağa cürət etməyən yetim uşağı xatırlatdı mənə nədənsə. Bu balaca dəstənin kim tərəfindən hədiyyə edilə biləcəyinə olan marağım bütün diqqətimi yayındırdı. Artıq hüquqşünasın nə fikirlərini, nə də məsləhətlərini dinləyə bilmirdim. Getdikcə artan maraq məni pəncərənin qarşısına çəkir, bir neçə zanbaqdan ibarət olan dəstəyə toxunmağa vadar edirdi.
─Fərid bəy! Mən sizə tamamilə etibar edirəm. Bütün sənədləri hazırlayın.
Öz sözlərimə gənc hüquqşünas kimi, özüm də təəccüb etdim. Zanbaqlara olan marağım məni müzakirəni dayandırmağa vadar etmişdi. Gənc sənədlərini toplayıb otaqdan çıxan kimi, dərhal özümü pəncərənin qarşısına atdım. Zanbaqların kimdən olduğunu bilmək üçün dəstəni araladım. Arasında kiçik də olsa bir kağız parçası, vizitka tapmaq istəyim hədər idi.
Zanbaqları əlimə aldım, qeyri-ixtiyari əzizləyib dodaqlarıma yaxınlaşdırdım. Maraq üçün digər buketlərin üstündəki vizitkalara da nəzər saldım. Aralarındakı kiçik açıqçalarda minnətdarlıq, hətta sevgi etirafları da vardı. Şeirlə yazılmış açıqçaları oxumaq isə, nə deyim, doğrusu məni əyləndirirdi. Özlüyümdə gülürdüm saxta səmimiyyətə.
Zanbaqları hədsiz sevirdim. Gözəl olduğu qədər sirli bir görünüşü vardı məncə. Fərqliliyi bəlkə görünüşündə idi, bilmirəm… Jalüzün arxasında gizlənmiş kiçik güldanı su ilə doldurub zanbaqları içinə qoydum. Masanın üstündə, gözümün qarşısında olmağını istəyirdim.
Zanbaqlara gözümü zilləyib nə qədər düşüncələrə daldığım yadımda deyil. Katibə qız içəri girdiyi zaman fikrə getdiyimin fərqinə vardım.
─Bu kiçik dəstəni bəyənməzsiniz düşündüm… Düzü, atmağa heyfim gəldi. Ona görə də bir kənarda qoydum…
Nəzərlərimi zanbaqlardan çəkmədən dalğın şəkildə soruşdum:
─Bu zanbaqları kim gətirib?
─Bilmirəm…–deyib qız çiyinlərini çəkdi,–qapıda nəzarətçiyə verib “Afət xanım üçündür” deyiblər.
Bu kiçik zanbaq dəstəsi digər buketlərə bənzəmirdi və güman etdiyim heç bir kəs tərəfindən də bağışlana bilməzdi. İri və son dərəcə gözəl bağlanmış buketlərin qarşısında nəzərə çarpmayan bu fərqli çiçəklər gözümdə daha möhtəşəm idi. Zanbaqları qoxuladım.
Qəribə idi. Bir anlıq mənə elə gəldi ki, məhz mənim üçün dərilmiş bu zanbaqların ləçəklərində, yarpaqlarında hopub qalmış qoxu mənə tanışdır. Sanki tanıdığım və məni çox yaxşı tanıyan, ruhuma bələd olan bir kəsin əlinin hərarəti, nəzərimi ayırmadığım çiçəyin üzərində nəzərləri ilişib qalmışdı.
Eh…nələr düşünürəm… Bu zanbaqlar məni reallıqdan ayırıb çoxdan xəyal etmədiyim bir məkana, zamana çəkib aparmağa çalışırdı.
Özümü ələ aldım. Reallıq hissini itirmək, romantikaya köklənmək olmazdı. Elə də ünsiyyətcil olmadığım üçün, özüm barədə danışmağı, maraq və düşüncələrimi bölüşməyi sevmədiyim üçün heç kəs bu zanbaqların mənim üçün nə qədər dəyərli olduğunu bilə bilməzdi. Yoxsa… Qəfil beynimdən keçən fikirdən özüm də diksindim. Özüm-özümlə danışırdım:
─Bu ola bilməz! Bu gün mənə nə olub?! Gah dənizkənarında öz adımı eşidirəm, indi də bir neçə zanbaqdan ibarət olan kiçik dəstəyə baxıb xəyallar qururam. Nənəm sağ olsaydı, əlbət ki, belə deyərdi: “Afət, kimsə hardasa səni düşünür, adını çəkir, səni səsləyir”. Eh, qoca arvad idi də! Telepatiyaya və buna bənzər heç nəyə inanmamaq üçün kifayət qədər oxunmuş və savadlı qızam. Kimdir məni düşünən?! Yox, niyə ki… Öz xeyrini güdən, mənimlə evlənməyə can atan nə qədər insan var. Bəs, görəsən… Unut! Unut, Afət, unut! Adını belə çəkmə! Xəyal belə etmə!
Pəncərəyə yaxınlaşdım. Səhər yağan narın yağış daha da güclənmişdi. Leysan gedirdi. Pəncərədən süzülən damlalar bir vaxt yanaqlarımdan süzülən göz yaşlarım tək üzüaşağı axıb gedirdi.

*******
Sübh namazına qədər bir qədər yatmaq, gözümün acısını almaq istəsəm də, mümkün olmadı. Hec cür gözümə yuxu getmədi. Fikrim zanbaqların yanında qalmışdı. Qəlbimin dərinliklərində gizlətdiyim bütün duyğularımı, xatirələrimi canlandırmışdı. Unutmaq istədiyim, qəlbimin dərinliklərində dəfn etdiyimi zənn etdiyim hisslər yenidən içimdə dəniz fırtınası yaratmaqda idi. Hamının güclü hesab etdiyi –MƏN , öz hisslərimin, duyğularımın əlində aciz qalmışdım.
Yenə Günəş doğmuş, yeni gün başlamışdı.
Hər açılan sabah mənim üçün yeni başlanğıc, yeni uğur, yeni layihə demək idi. Almaniyada təhsilimi başa vurub öz doğma Bakıma qayıdarkən dövlətimə xidmət etmək kimi böyük ümidlərim var idi. Öz bacarığım, həmçinin Allahın qarşıma çıxardığı yaxşı insanların mənə olan etimadı sayəsində az bir zamanda gözlədiyimdən də böyük nailiyyətlər əldə etməyə müvəffəq olmuşdum. Əlbəttə ki, bunların heç biri anamın duaları olmadan mümkün olmazdı.

Dünənkindən fərqli olaraq, bu gün hava gözəl idi. Bütün göz yaşlarını torpaqla bölüşən buludlar rahatlıq tapmış, səma da aydınlanmışdı. Doğan günəş dənizin sularında əks olunduqca gözoxşayan mənzərə alınırdı. Şair olmasam da, yarpaqların üzərindəki şeh damcıları diqqətimdən yayınmazdı heç vaxt. Səhər şəbnəmlərini yanaqlarımda donub qalan göz yaşlarıma bənzədirdim. Torpağın nəm qoxusunu, dənizin ətrini, təmiz havanı ciyərlərimə çəkib bir qədər də dənizi seyr etdikdən sonra gündəlik həyatıma davam etməyə hazır idim.
Dənizlə xudahafizləşməzdən əvvəl ayaq saxlayıb qeyri-ixtiyari yenidən ətrafa nəzər saldım. Xeyli aralıda öz işləri ilə məşğul olan təmizlik briqasından başqa kimsə gözümə dəymədi. Bilmirəm niyə, amma dünən axşam da, elə bu səhər də dəniz kənarında gəzişərkən, nədənsə, özümü tək hiss etmirdim. İçimdə qəfil yaranmış duyğu məni bir neçə dəfə ətrafa boylanmağa vadar etmişdi. Üzərimdə kiminsə baxışlarını hiss edirdim sanki.
Kabinetin qapısını aralı və katibəni yerində görməyincə bir qədər əsəbləşdim. Fikrimdən ona deyəcəyim sözləri keçirərkən əlində həmin kiçik güldan içəri daxil oldu. Məni görüb gülümsədi, salamlaşdı. Üzündəki zərif təbəssümü, əlindəki zanbaqlar fikrimi dağıtdı. Həmin an qəzəbimi də, soruşmaq istədiklərimi də unutdum.
─Suya qoydum ki, məhv olmasınlar!–deyib güldanı masamın üzərinə qoydu.
Gözləri hər zaman sevinclə parlayan, özündə aşıb-daşan həyat enerjisini cəmləyən, şən və bir qədər də cingiltili səsli qıza təşəkkür etməkdən başqa deməyə sözüm qalmadı.
Zanbaqlara indi diqqət edincə anladım ki, bunlar yeni dərilmiş çiçəklərə bənzəyir. Otağın dörd bir tərəfinə boylandım. Baxışlarım dünənki zanbaqları gəzirdi. Qız fikrimdən keçənləri hiss edib tez dilləndi:
─Dünənki zanbaqları bir qədər solğun hesab etdiyim üçün masanıza yenilərini qoymağı düşündüm. Atmamışam, əgər istəsəniz bunların yanına yerləşdirə bilərəm.
Başımın işarəsi ilə istəyimi təsdiqlədim. Az keçməmiş əlində zanbaqlarla geri döndü. Gülümsədi.Onun hərəkətlərini izləyərək:
─Bu zanbaqlar hardandır? –deyə soruşdum.
─Dünən olduğu kimi, yenə də kimsə mühafizəçiyə verib, Sizə çatdırmağı xahiş edib.
Dünənkindən fərqli olaraq, bu günki zanbaq dəstəsinin içərisinə bir çobanyastığı da əlavə edilmişdi.
Katibəm qapını örtüb otaqdan çıxdıqdan sonra əyilib çiçəklərin qoxusunu içimə çəkdim. Nəzərlərim yeddi zanbağın arasına yerləşdirilmiş səkkizinci çiçəkdə –çobanyastığında idi. Cüt sayda çiçək hədiyyə etmək xoşagəlməz bir anlam daşıdığı üçün, demək ki, göndərən kəs mütləq onu oradan ayıracağımı da bilirdi. Çox düşünmədən əlimi çobanyastığına uzatdım. İndi güldanın içində yeddi zanbaq qalırdı. Qeyri-ixtiyari dodaqlarıma qonan təbəssümə görə az sonra özümə acığım tutdu. Pəncərəyə yaxınlaşdım, açdım. Barmaqlarım çiçəyin ləçəklərinə toxunmağa, onları qırıb atmağa hazır idi.
Çobanyastığını uşaqlığımdan sevməzdim. Onunla bağlı xatirələrdən biri isə indi beynimdə dolaşmaqda idi. Deyəsən, axı, heç vaxt da unudulmamışdı:
“─O gözəllikdə çiçəyə necə qıydın?
Gülümsəyib daha bir ləçəyi qopararaq cavab vermişdim:
─“Sevir-sevmir” tapmacasından başqa çobanyastığılar nəyə yarayır ki?! Sevmirəm bu gülü!
─Niyə?–gözlərimin içinə baxıb soruşdu.
─Bilmirəm… Nə vaxt ləçəkləri qopartsam, həmişə “sevmir” kəlməsi dodaqlarımda qalar…
Gülmüşdü sözümə:
─Bəlkə bu dəfə də cəhd edəsən. Mənim xətrimə. Yaxşı?
Razılaşmışdım. Nəzərlərimlə sona qalmış bir neçə ləçəyə diqqət edib sayını müəyyən etməyə çalışdığım an, o, gülü əlimdən alıb özü “sevir-sevmir” kəlmələrini astadan pıçıldadı. Sonuncu kəlməni səsləndirənə qədər nəfəsimi belə çəkmədən dayanıb həyəcanla gözlərinin içinə baxmışdım. Sonuncu ləçəyi qopardığı zaman bərkdən “Sevir!” kəlməsini söyləyib düz gözlərimin içinə baxmışdı. Eşitmək istədiyim sözü eşitdiyim an özümü xoşbəxt sandığım qədər utanmışdım həm də. Gözlərinin içinə baxmağa cəsarətim çatmadığındandır bəlkə, nəzərlərimi yayındırmışdım.
─Sevir… Bax belə!–deyərək mənalı, ifadəli baxışları ilə gülümsəmişdi.
─Sənin əlində sənin qismətinə elə bitdi. Mənim əlimdə “sevir” kəlməsi ilə bitməyə də bilərdi…
─Bilmək olmaz… –deyib mənalı-mənalı gülümsəmişdi. Həmin an baxışlarından fikrini oxuya bilməmişdim.
Sonrakı görüşlərimizdə mənə hədiyyə etdiyi müxtəlif çiçəklərin arasında hər dəfə mütləq bir çobanyastığı da olardı. Cüt olmasın deyə, dərhal dəstədən ayırar, ləçəklərini qoparmağa başlardım. Hər dəfəsində ləçəklərin “sevir” sözündə bitməsi məni xoşbəxt edirdi. Çobanyastığı ilə bu sevgi oyunu vərdiş halına keçmişdi. Bir gün, yenə bu oyunu oynadığım zaman sonuncu ləçəyi qoparıb “sevmir” deyə pıçıldayaraq kədərli baxışlarımı üzünə zillədim.
─Ola bilməz! Düz saymamısan!–deyib yerə səpələnmiş ləçəkləri saymaq istədi.–Özüm saymışam, sevmir sözündə bitə bilməzdi!
Qəfil eşitdiyim bu kəlmə məni çox mətləblərdən agah etdi. Sən demə, hər dəfə görüşümüzdən əvvəl gül dəstəsinin arasına yerləşdirilmiş çobanyastığının ləçəklərini sayar, artıq olan ləçəyi isə qoparıb atardı. Öz dilindən qaçırdığı kəlmədən sonra hər ikimiz pərt olub xeyli müddət susmuş, nəticədə bir daha heç vaxt mənə çobanyastığı gətirməyəcəyinə söz vermişdi. Elə həmin gün bu oyun bitmişdi.”
İllər sonra ilk dəfə idi əlimdə çobanyastığı tuturdum. Özüm də hiss etmədən bir-bir ləçəkləri qoparıb atır, dodaqaltı pıçıldayırdım. Budur, sonuncu ləçək: “Sevir”
Daha uşaq deyildim. Nə bu oyuna marağım vardı, nə də sevgiyə inamım qalmışdı. Sevginin özü də, bir çobanyastığı ləçəklərindən ibarət oyun qədər boş və mənasız idi. Dərinliklərində qəlbimin kədərini gizlətməyi bacaran gözlərimdən fərqli olaraq, dodaqlarım öz sevincini xəfif təbəssümü ilə aşkar etdi.
Bilərəkdən çobanyastığı ilə mənə öz kimliyini bəlli etməyə çalışan sirli zanbaqların sahibinin o olduğuna artıq heç bir şübhəm qalmadı. Hə, o idi, özü idi…

*******

Evinə tələsən xoşbəxt insanlardan fərqli olaraq, yorğun olmağıma və gərgin bir gün yaşadığıma baxmayaraq, evə tələsmirdim heç vaxt. Qapı ağzında məni qarşılayacaq, “Xoş gəldin!” deyəcək heç kəsim yox idi. Tənha idim. Mənzilim də uzaq və atılmış məbədlər kimi tamamilə tənha idi. Heç kəsə lazım olmayacaq qədər dəyərsiz və tənha hiss edirdim özümü tənha mənzilimdə… Soyuq divarlar arasında qalan anamın xatirələri belə məni ovutmur, əksinə ruhumu üşütməyə davam edirdi.
Çox zaman evdə yemək yeməyə həvəsim olmazdı. Anamın öz əlləri ilə hazırladığı küftə bozbaş, plov, yarpaq dolmasının, dovğanın qoxusunu unutmamışdım hələ də. Hər dəfə həmin xörəkləri hazırlayanda, ya da yeyəndə qeyri-ixtiyari gözlərimdən süzülən göz yaşları axar, yeməyimə qarışardı. Yediyim, içdiyim də nuş olmurdu canıma.
Uşaqlıq illərim geridə qalsa da, qaranlıqdan, bəlkə də təkliyimi hiss etməkdən qorxduğum üçün, ya dəhlizin, ya da yataq otağındakı elektrik lampasının işığını söndürməzdim. Yuxuya gedənə qədər gözlərimi bir nöqtəyə zillər, düşüncələrə dalardım. İnsanların rahatlıq tapdığı mənzildə tənha olmaq həyatda tənha olmaq qədər çox çətin idi. Tənhalığımı paylaşa biləcəyim insana, həyatıma bu gündən sonra rəng qata biləcək insana isə rast gəlməmişdim. Sevgi xəyallarımı, arzularımı onun adı ilə bağladığım üçün, onunla ayrıldığım gün bütün ümidlərim də sanki dənizin içindəki qayalıqlara çırpılmış kimi məhv olmuşdu. Sahilə can atan, çırpılan və elə ordaca məhv olan, ölən ləpələri izlərkən də onlarda özümü tapırdım. Dənizə bənzəyirdim, arzularım, istəklərim də həmin dalğalara,ləpələrə. Amma dəniz məndən xoşbəxt idi. Hər yeni yaranan dalğa, sahilə can atan hər yeni ləpə dənizin həyat eşqindən doğurdu. O, məndən daha israrlı, daha inadkar idi. Ondan fərqli olaraq, mənim qəlbim yeni sevgiyə, yeni münasibətlərə hazır deyildi.
Adətən axşamlar yatmazdan əvvəl bir qədər kitab oxumaq yuxu gətirirdi mənə. Bu gün isə, əksinə, fikirlərimi cəmləyə bilmədiyim üçün sətirlərdə gözüm gəzsə də, heç nə dərk edə bilmirdim. Kitabı kənara qoyub işığı söndürdüm. Bəlkə qaranlıq daha tez yuxuya getməyimə səbəb olar, düşünmüşdüm özlüyümdə. Yanılmışdım…
Pəncərədən içəri süzülən zərif ay işığı yataq otağımı aydınlatmışdı. Belə anlarda insan adətən romantik duyğulara köklənir. Ya sevdiyini xəyal edir, ya da sevəcəyi ağ atlı şahzadəsi ilə görüşəcəyi günün təfərrüatlarını xırdalıqlarına qədər düşünməyə çalışır.
Düşüncələrim iradəmdən asılı olmadan qeyri-ixtiyari illər əvvələ qayıtmışdı.
…Anamın danlaqlarına baxmayaraq, dərsdən çıxıb evə gəlməzdən əvvəl beş dəqiqəliyə də olsa, dəniz kənarında gəzər, qoxusunu ciyərlərimə çəkərək dənizə yaşadığım günün hesabatını verərdim. Gündüz gəzintilərimə narazı olub heç bir söz deməyən anam, dərsdən çıxıb dəniz kənarında gəzib dolaşdığıma görə məni danlar, demədiyi söz qalmaz, gah mülayim səslə öz fikirlərini izah etməyə çalışar, gah da səsini yüksəldib dayanmadan tənbeh edərdi. O zamanlar anamın sözlərinə ağız büzər, əlimi havada yelləyib qulaqardına vurardım hər şeyi. Əslində isə, anam haqlı idi, çünki ikinci növbənin dərsləri gec bitir, hava isə tez qaralırdı. Mənə görə narahat olmağına səbəb görmürdüm. Dənizi ən yaxınım bildiyimdən, sahildə olduğum zaman isə heç bir qorxu-hürküm qalmazdı. Ağacların başında gəzib-dolanan, nərmənazik qızlara yaxınlaşmadan, birbaşa oğlanlara yaxınlaşıb onlarla futbol oynamaq istədiyini, həm də hücumçu kimi komandaya qoşulmaq istədiyini bildirən, qızlar bir yana, oğlanların belə çəkinib ehtiyat etdiyi bir qız olaraq böyümüşdüm. Hər gün kiminləsə dalaşar, kiminsə payını verib yola salardım. Döyüb yola saldığım uşaqların anaları da anamın, nənəmin üstünə evimizə şikayətə gələrdilər. Nənəm dizlərinə döyüb “Vay, bu qızı kim alacaq!”–deyərdi. Belə vaxtlarda dodağının altında mızıldanardı:
─Mən, axı, buna niyə Afət adı qoydum! Qız deyil e, başa bəladır, bəla!
Universitet həyatı məni tamamilə dəyişdirmişdi. Qrupun ən gözəl qızlarından biri olduğum üçün həmişə diqqət mərkəzində olmaq, daha çox xoşa gəlmək üçün, etiraf edim ki, çox zaman qrupumuzun özündən razı forslu qızlarını qıcıqlandırmaq üçün bunu edirdim, özümə, davranışlarıma daha çox diqqət edir, kitablarda oxuduğum, filmlərdə izlədiyim kübar xanımlar kimi görünməyə, davranmağa çalışırdım. Bu məndə çox gözəl alınırdı. Sonralar anladım ki, ağacların başında gəzməyi sevən qızcığazın əslində öz canında bir kübarlıq, xanım-xatınlıq varmış.
Rəfiqəm yox idi. Tələbəliyimin hələ ilk illərində anlamışdım ki, oğlanlar dostluqda daha sədaqətli və möhkəm olmağı bacarsalar da, qızların əksəriyyətində özündən razılıq və digər həmcinsinə olan həsəd ən səmimi münasibətlərin də pozulmasına gətirib çıxarır. Hələ o illərdə insanların riyakarlığının, saxtalığının şahidi olub üzülmüşdüm. “Desəm öldürərlər, deməsəm ölləm” prinsipinə sadiq qalıb düşündüklərimi desəm də, hər dəfə qırılan və günahkar yerində qalan da mən olurdum.
Çox üzgün və qanı qara idim həmin gün. Ağlamaq, ürəyimi boşaltmaq üçün dənizdən başqa pənah yerim yox idi. Yağan yağış ağlayıb ürəyimi boşaltmağa bir fürsət idi. Dənizə lap yaxın gəlib nəzərlərimi ayırmadan uzun-uzadı baxır, içimdə dərdləşirdim. Daha bir addım irəli atmaq, dənizə bir qədər də yaxın olmaq istərkən qolumdan tutub geri çəkdi kimsə.
─İntihar etməyi fikrindən də keçirtmə heç!
Geri çevrildim. Qarşımda dənizçi qiyafəsində bir gənc dayanmışdı.
Əlini hiddətlə geri itələdim. Üz-gözümü turşudub üstünə bozardım:
─İntihar edəcəyimi kim dedi?
─On dəqiqədir sizi izləyirəm, gəldiyim qənaət belə oldu, –deyib qolumu buraxdı.
─Səhv düşünmüsüz! Elə bir fikrim də yox idi heç!–Tanımadığım zabitin sözləri məni daha da əsəbləşdirmişdi.
─Lap yaxşı… –deyib gülümsədi.
Onun məndən aralanmasını istəsəm də, bir addım belə kənara atmaq fikri yox idi, deyəsən. Təkliyimi pozduğu azmış kimi hələ imkan versəm, elə bu dəqiqə mənə moizə də oxumağa başlayacaqdı bəlkə.
─Bəs əgər birdən intihar etmək istəmiş olsaydım?– maraq mənə güc gəldi, qəfil soruşdum.
─Mən buna imkan verməzdim!–deyib gözlərimin içinə baxıb gülümsədi.
─Necə?–növbəti suallarım şıltaq bir qızın söz oyunu idi artıq.
─Özünü dənizə atsan, mən də səni xilas etməyə məcbur qalacaqdım.
─Nədən? –bu dəfə gözlərinin içinə baxaraq sualımı verdim.
─Gənc bir qızın gözlərim qarşısında intihar etməsini biganəliklə seyr etməyə vicdanım yol vermədiyi üçün.
Zabit üçün xarakterik olan bu cavab, düzü, çox xoşuma gəlmişdi.
─Dedim, axı, intihar etmək fikrim yox idi!
Başını bulayıb güldü:
─Adətən intihardan vaz keçənlərin hamısı belə deyir.
─Mən hamı deyiləm! –hirslə cavab verdim.
Səsimin tonu, ya kobudluğum acığına gəldi, bilmirəm, səsini qaldırdı:
─Elə isə, cavab ver görüm, havanın qaraldığı bu saatda, özü də belə yağışlı havada sənin tək-tənha dəniz kənarında nə işin var? Bu saatda evdə olmağın daha məqsədə uyğun deyilmi?
Başımı aşağı salıb susdum. Gənc zabitin üstümə qışqırmağı mənə yer eləmişdi, ya sözlərindəki gerçək, bilmirəm, çox pərt olmuşdum. Anamın qulaqardına vurduğum sözlərini yad birindən eşitmək mənə təsir etmişdi. Deyəsən, o da bunu hiss etmişdi.
Əli ilə başımı qaldırıb üzümə baxdı. Saçlarımdan, yanaqlarımdan süzülən yağış damlalarının içində göz yaşlarımı ayırd etmək onun üçün çətin olmadı.
─Ağlayırsan sən?
Nədənsə sözləri məni bir qədər də qəhərə boğdu. Başımı yelləyib dedim:
─Yox, ağlamıram. Niyə ağlayım ki?!
Titrəyən səsimi hiss etməmək mümkün deyildi. Əli ilə çənəmi qaldırdı. Sərt səsi mülayimləşdi, bir qədər də qayğı hiss olundu səsində.
─Xətrinə dəydim? Bağışla, bunu istəmirdim. Uşaq deyilsən amma, özün də bunu anlayırsan yəqin ki.
Başımı tərpətdim. Sözlərindəki gerçəkləri mən yalnız bu gün anlamışdım.
Üzünü mənə tutub zabit rəsmiyyəti ilə dedi:
─Gəl, belə danışaq: indi birbaş evə gedirsən. Və bundan sonra da, nə qədər üzgün, kədərli olsan da, bir daha heç vaxt dənizə yaxınlaşmırsan! Söz?
Mənə belə bir ağır şərt kəsən bir insanın sözlərinə həmin dəqiqə etiraz etdim:
─Dəniz mənim dostumdur! Mən hər gün bura gəlirəm, bir qədər gəzib dolanır, ürəyimdəkiləri boşaldıb, qoxusunu içimə çəkib sonra evə gedirəm.
Sözlərimə inanmamışdı. Məni başdan ayağa süzdü:
─Belə havada və axşam saatlarında yox! Tərsliyinə salma, sözlərim həqiqət olduğu qədər, həm də faydalıdır sənin üçün.
─…
Cavab verməyə sözüm yox idi, ya cəsarətim çatmırdı, bilmirəm, ona görə də susmağa məcbur olmuşdum. Sükutu özü pozdu:
─Dənizi mən də çox sevirəm. Gündüzlər bir başqa gözəldir, axşamlar bir başqa… Sənin kimi gözəl qıza gəldikdə isə,… məsləhət bilmirəm… Gedək, səni evə ötürüm.
Zabitin sözlərindən duruxdum. Beynimdən min cür fikir keçdi:
─Narahat olmayın, evim yaxındadı, özüm gedəcəm.
Fikrimdən keçənləri hiss etdiyi üçündür bəlkə gülümsəyib sözünə davam etdi:
─Bu gün sənin əmin-amanlığına özümü cavabdeh bilirəm. Odur ki, sus və leytenant Hüseynovun əmrinə tabe ol!
─Kimin? –təəccüblə soruşdum.
Güldü:
─Doğrudan e, bayaqdan özümü təqdim etməmişəm, axı!–Əlini alnına doğru aparıb zabitlərə xas tərzdə özünü təqdim etdi, –Hərbi dəniz qüvvələrinin gənc zabiti, baş leytenant Rauf Hüseynov!
Gəncin zabit təqdimatına kübar xanım tək yüngülcə başımı tərpətməklə cavab verdim:
─Bakı Slavyan Universitetinin ikinci kurs tələbəsi Afət.
─Afət?
Bəlkə də zabit olduğu üçün daha dolğun təqdimat gözləyirdi. Gülümsəyib:
─Hə, sadəcə Afət! –dedim.
─Demək Afət! Deyirəm, axı, axşam saatında bu nə bəla idi üzləşdim, –deyib güldü.
Onun sözlərinə qeyri-ixtiyari mən də güldüm. Yalnız həmin an qarşımda dayanmış uca boy, mütənasib bədən quruluşuna malik gənc zabitin qiyafəsinə, yaraşıqlı üzünə, tünd şabalıdı saçlarına, ala gözlərinə nəzər saldım. Özlüyümdə bu qədər yaraşıqlı gəncə filmlərdə belə rast gəlmədiyimi düşündüm. Bəlkə də, şişirdirdim bir az…
Qarşıma özümdən də inadkar və tərs biri çıxmışdı. Məni evə qədər ötürmək israrından əl çəkmədi. Bu inadkarlığı xoşuma gəlsə də, narahat olurdum, düzü. Qarşımıza məni tanıyan kimsənin çıxacağından ehtiyat etdiyim üçün sıxılırdım. Məhəlləmizin qeybət etmək üçün hər dəqiqə yeni mövzu axtaran qadınlarının dilinə düşməkdən çəkindiyimi hiss etdim. İlk dəfə idi ki, özümdən daha çox anamı, ailəmi düşünürdüm. Amma ən çox nənəmi düşünürdüm: məni körpəlikdən böyüdüb, boya-başa çatdıran nənəmi… Anamdan çox nənəmin zəhməti vardı üzərimdə. Heç kəsin barəsində artıq-əskik söz deyə bilmədiyi, hökmlü bir qadına xəcalət, utanc hissi yaşatmaq, dəyərsiz insanların yanında pərt olmağını istəməzdim. Nənəm mənim üçün elə ana demək idi.
Yağan narın yağış, sərin və təmiz hava, torpağın nəm qoxusu şəhərin axşam mənzərəsini daha gözəl edirdi. Dirəklərindən süzülən işıqlar sanki kölgələrlə birgə rəqs edir, dəcəl uşaqlar kimi agaclardan başlamış qarşısına çıxan hər şeyin üzərində öz imzasını atıb keçirdi.
İçəri şəhərin çay daşları döşənmiş küçələri ilə bərabəq addımlayırdıq. Bilərəkdən gah iti yeriyir, gah da addımlarımı yavaşıdırdım. Hərbi nizam-intizama tabe olan, sırada olan digər yoldaşları ilə bərabər addımlamağa vərdiş edən zabit addımlarıma uyğunlaşmağa çalışırdı. Bu məni əyləndirirdi. Yol boyu oğrun-oğrun ona nəzər salırdım. Hərəkətlərini izləmək xoşuma gəlirdi.
Qoşa qala qapısından bir qədər yuxarı qalxmışdıq ki, ayaq saxladı:
─Məncə burada sağollaşsaq yaxşıdır.
Təəccüblə məni evə qədər ötürməyə israr edən gəncin üzünə baxdım. Başımı tərpədib onunla razılaşdım:
─Hə, düzdür. Hər şeyə görə çox sağ olun.
Başını yüngülcə yellədi. Gözlərini açıb yumdu. Gülümsədi:
─Gecən xeyrə. Allaha əmanət ol!
Bir neçə addım atıb geri çevrildim. Yerindən tərpənmədiyini, baxışları ilə məni izlədiyini görüncə gülümsədim. Cavab olaraq gülümsəyib əlini alnına apardı.
Fikirlərim və hisslərim bir-birinə qarışmışdı. Sevinirdim, yoxsa ki üzülürdüm, bilmirəm. Anlamırdım. Yaraşıqlı gənc zabitlə xudahafizləşib ayrılsam da, ürəyimin onun yanında, həmin ağacın altında qaldığını hiss edirdim. Deyəsən, axı, mən elə ilk baxışdan aşiq olmuşdum.
Yubandığıma görə anama hesabat vermək fikri də beynimdə dolaşdığı an addım səsləri duydum. Axşam saatlarında səssiz və qaranlıq dalanlarda daha aydın eşidilən bu səslər, doğrusu, bəzən insanın içinə vahimə salır. Əvvəlcə geriyə baxmamaq, daha iti addımlarla getmək qərarına gəldim. Bir neçə addımdan sonra dayandım. Geri döndüm. Addım səslərinin və kölgənin Raufa məxsus olduğunu anlayınca geri qayıtdım. Dayandığımı və geri qayıtdığımı görüb yaxınlaşdı.
─Noldu? Niyə dayandın?
─Bu sualı mən verməliyəm…
Sakit səslə:
─Qorxutdum səni deyəsən…İçəri Şəhərin qaranlıq və dar dalanları ilə gedəcəyindən narahat olub, əmin-amanlıqla evə çatdığından arxayın olmaq istədim, –dedi.
Yaraşıqlı üz cizgilərinə, ala gözlərinə nəzər saldım. Baxışlarındakı ifadə səmimiyyətinə şübhə etməyimə səbəb qoymurdu. Ömrümdə ilk dəfə idi ki, yad bir insanın mənim üçün bu qədər narahat olmasının şahidi olurdum. Nə gizlədim, bu qayğı, diqqət mənə xoş idi.
─Sənə yaxınlaşmadan, on beş-iyirmi addım aralıdan səni təqib edəcəm. Heç nədən və heç kəsdən qorxmadan düz evə! Yaxşı?
Razılıq əlaməti olaraq gülümsədim. Raufun divarlarda, səkilərdə uzanan kölgəsi belə mənə arxayınçılıq, güvən hissi bəxş edirdi.

*******
Bu səhər işə hamıdan tez gəlmişdim. Mühafizəçi məni qarşısında görəndə əvvəlcə özünü itirdi. Sonra salamlayıb yerinə qayıtdı.
Fəsildən, havanın isti və soyuq olmasından asılı olmayaraq, ilk işim otağın havasını dəyişdirmək olur. Masamın üzərindəki sənədləri səliqəyə salıb, qovluqları şkafa qoydum. Pəncərə qarşısında dayanıb ətrafa göz gəzdirməyə başladım. Şirkət binasının qarşısında bir-birlərini salamlayan işçilər üzərlərində olan nəzərlərimdən xəbərsiz idilər. Belə erkən gəldiyimə təəccüb edərdilər bəlkə. Adətən bilərəkdən işə yubanır, onlara özlərini, işlərini qaydaya salmaq üçün yarım saat vaxt verirdim. Gecikdikləri üçün uydurduqları yarıgerçək, yarıyalan bəhanələrini dinləməyi xoşlamırdım.
Pəncərəni bağlamaq üçün əlimi dəstəyə uzatdım. Təxminən on-on iki yaşlarında bir uşağın əlində zanbaq dəstəsi binaya yaxınlaşdığını gördüm. Binaya daxil olmağı ilə tərk etməyi bir neçə dəqiqə çəkdi. Bir qədər təəccüblənsəm də, gülümsədim.
Özümü qaydaya salıb masamın arxasına keçdim. Qəribə də olsa, səbirsizliklə katibəmi gözləməyə başladım. Özünü çox gözlətmədi. Əlində zanbaq dəstəsi ilə içəri daxil oldu. Gülümsəyərək:
─Afət xanım, bu zanbaqları sizə göndəriblər,–dedi.
Çiçəkləri güldana qoymaq istərkən:
─Narahat olma, sən işinə davam et! –dedim.
Qız özlüyündə nə düşünürdü bilmirəm, bu mənim üçün heç maraqlı da deyildi, bir anlıq nəzərlərini üzümdə gəzdirdikdən sonra otaqdan çıxdı. Qırmızı və açıq çəhrayı zanbaqların arasındakı bir sarı zanbağın da öz mənası vardı.

…İlk tanışlığımızın gecəsi səhərə kimi onu düşünmüş, xəyalımda onunla söhbətləşmişdim. Səhəri qəsdən, bilərəkdən yenə yolumu dəniz kənara salarkən məqsədim bir daha onunla rastlaşa bilmək ehtimalı olsa da, bu görüş baş verməmişdi. Bir neçə gün nəzərlərim hər yerdə onu gəzsə də, sonunda mənasız yerə üzüldüyümü düşünüb, təəssüflənməkdən başqa çarəmin olmadığını anladım. Amma qəlbimin dərinliklərində bir ümid zərrəsi qalmaqda idi. Düşünür və özümü inandırmağa çalışırdım ki, “Bakı elə də böyük şəhər deyil! Dənizi çox sevdiyini deyirdi, demək ki, nə vaxtsa görüşmək ehtimalı mütləqdir!”
Günlər keçdikcə ümidim getdikcə azalırdı. Bu aralar nənəmin adətən həmişə dediyi sözləri sanki əvvəllər olduğundan daha çox eşitməyə başlamışdım:
─Əgər qismətdə varsa, qismət özü gəlib səni tapacaq. Yoxdursa, arxasıyca nə qədər qaçsan da, xeyri yoxdur, sənin olmayacaq!
─Nə etməli? Demək ki, qismət deyilmiş!–sözlərini təkrarlamaqdan, özümə təsəlli verməkdən başqa əlimdən gələcək heç nə yox idi.
İçimdəki ümid azalmaqda, tamamilə sönməkdə idi. Son vaxtlar dərsə getməzdən əvvəl yolumu dəniz kənarından salsam da, nədənsə çox ləngimirdim, axşamlar isə birbaş evə gedirdim. Anam, nənəm belə, dalğın olduğumun fərqinə varmışdılar. Nənəmin:
─Haran ağrıyır, ay bala? –sözlərinə cavab verməmək üçün dərslərin çoxluğunu və yorulduğumu bəhanə gətirərdim.
Evdən bayıra çıxmağa da həvəsim olmurdu son vaxtlar. Eləcə özümə qapanıb dərslərimi oxumaqla, mütaliə etməklə günlərimi yola verirdim.
─Sənə nolub? Axır vaxtlar heç evdən bayıra da çıxmaq istəmirsən, –anam həmin gün dedi,–Bayırda yaxşı hava var, Aynuru da götür, get bir az gəz-dolan. Evdə oturmaqdan rəngin də saralıb.
─Aynur kimdi? –Nənəm tez dilləndi.
─Qonşunun qızıdır, –anam cavab verdi.
─Rəfiqəsidir? –nənəm soruşdu. Narazı halda başını yelləyib sözünə davam etdi, –Məndən sənə məsləhət: Afət, bu dünyada özündən başqa heç kimə inanma! Rəfiqə yoxdur indiki zamanda! Yaxşı qızın rəfiqəsi olmaz!
Nənəmin bu sözləri demədiyi gün olmazdı. Onsuz da rəfiqəm yox idi. Tək-tənha gəzib dolanmağa vərdiş etmişdim.
Bacım keçən yay ailə qurub öz evinə köçdükdən sonra özümü tənha hiss etməyə başlamışdım. Hər xırda şey üstündə mübahisə etməyimizə baxmayaraq, iki yaşlı qadından fərqli olaraq, onunla daha rahat söhbət edə, fikirlərimi, hisslərimi bölüşə bilirdim. Darıxırdım onunçün. Telefonla əlaqə saxlamağımıza baxmayaraq, gec-gec görüşərdik. Anamla nənəmin “Ərə gedən qız gündə ana evinə gəlməz; öz evində öz ocağının istisini qoruyar” sözləri bacımın düşüncələrinə, görünür, daha çox təsir etmişdi.
Qadınların məişət qayğıları və evdarlıq söhbətləri məni sıxdığından anamın məsləhətinə əməl edib qapıdan çıxdım. Gedəcəyim yer məlum idi.
Bir qədər sərin olmasına baxmayaraq, hava həqiqətən çox gözəl idi bu gün.
Payızı yazdan daha çox sevirdim. Digər üç fəsildə bir-birinə bənzəyən təbiət, məhz payızda daha fərqli, daha əlvan, rəngarəng libaslara bürünür. Hər bitkinin, hər ağacın öz gözəlliyi olduğu kimi, payızda büründüyü don da fərqlidir, axı, bir-birilərinə bənzəməzlər.
Dənizin soyuq havası, küləyi üzümə toxunduqca payızın nəfəsini açıq-aşkar hiss edirdim. Üşümürdüm, əksinə, xoşuma gəlirdi. Ayağım altında qalıb xışıldayan xəzəl, dənizin və xəfif küləyin səsi sanki mənə həzin hekayə danışmaqda idi. Yorulmadan dinləyə bilərdim. Xeyli vaxtdı dənizimlə belə yaxın olmadığım üçün özümü qınadım. Özümə, qismətimə olan küskünlüyüm, incikliyim dənizə olan sevgimə də təsirsiz ötüşməmişdi.
Nəzərlərimi ayırmadan dənizə baxırdım. Son bir ayda dəyişildiyimin fərqində idim. Hətta dənizimlə də söhbət etmək, dərdləşmək istəmirdim.
Bir anlıq beynimdən bir fikir gəlib keçdi:
─Görəsən, doğrudan intihar etmək istəsəm, məni xilas edərdi? Gələcəyinə əmin olsaydım, düşünmədən özümü dənizə atar, məni xilas etməsini istərdim. Amma yox…
Qəlbimdə yaranan bu qəfil istək məni daha artıq dənizə yaxınlaşdırırdı.
─Hava soyuq olduğundan dənizin suyu da çox soyuqdur. Sətəlcəm olmaq istəməzdim…
Cəmi bircə dəfə eşitdiyim bu səs necə də mənə tanış idi. Diksinib geri çevrildim. O idi! Özü idi! Mülki geyimdə qarşımda dayanmışdı. Gülümsəyib əlini alnına aparmaqla məni salamladı. Deməyə sözüm yox idi. Qəfil, heç gözləmədiyim bir anda yenidən peyda olmuşdu.
─Ümid edirəm ki, bu dəfə də intihar etmək fikrin yoxdur.
Gülümsədim. Bu görüşə sevindiyim qədər heç nəyə sevinməmişdim ömrümdə bəlkə. Gözlərinin içinə baxmağa çəkinmirdim, deyiləcək o qədər sözüm var ikən, susurdum. Tanımadığım bir insana illərlə tanıdığım biri kimi sarılmaq, boynunu qucaqlamaq istəyirdim. Hardan idi məndə ona qarşı bu qədər doğmalıq…
─Düzünü deyim?
─Təbii ki! –deyərək gülümsədi.
─Bu gün həqiqətən, bir anlığa da olsa, özümü dənizə atmaq fikri keçdi beynimdən.
─Bəs niyə etmədin? –mülayim səslə soruşdu.
Gözlərinin içinə baxıb bütün düşündüklərimi ona demək istəsəm də, susdum:
─…
─Hə, əlbəttə, gündüz vaxtı, hamının gözü qarşısında bunu etməyə cəsarətin çatmadı demək! Həqiqətən, qız deyilsən, baş bəlasısan!–deyib güldü.
Gülümsədim. Gülüşü də özü kimi gözəl və fərqli idi.
Fikrimdən keçən suallara özü cavab verdi:
─Neçə vaxtdı şəhərdə yox idim. İşlə əlaqədar ezam olunmuşdum. Dünən günortadan keçmiş gəlmişəm. Bir az rahatlanıb dincəldikdən sonra dəniz qırağına gəldim. Dənizin havası daha rahat yuxuya getməyimə səbəb olur. Bu gün də bazar günü olduğundan, düşündüm, bir az gəzib dolaşım. Sabah tezdən işdə olacam.
Gülümsədim. Beynimdə günlərlə dolaşan suallarıma öz dilindən eşitdiyim cavab içimi rahatlamışdı.
─Səndən bir şey xahiş etsəm…
Üzümdəki təbəssüm dərhal ciddi ifadə ilə əvəz olundu.
─Yanlış anlama… Əgər vaxtın varsa, səni mənimlə bir yerdə oturub bir stəkan çay içməyə dəvət etmək istəyirəm. Şəhərə yeni gəlmişəm, heç bir dostuma, tanışıma da qayıtdığımı xəbər etməmişəm.
Nə deyəcəyimi, təklifi rədd edib, ya qəbul etməli olduğuma qərar verə bilmirdim. Özlüyümdə qəbul edərsəm, haqqımda nələri düşünə biləcəyi fikri, rədd edərsəm, bir daha onunla görüşməyə biləcəyim fikri ilə qarışmışdı.
─…
─Anlayıram… Narahat olma, israr etməyəcəm. Üzrlü bil! –deyib üzrxahlıq etdi.
Günlərlə arzuladığım bu görüş idi. Təklifi qəbul etməyi ən doğru qərar hesab edirdim. Gülümsəyib:
─Təklifi qəbul edirəm. –dedim.
Təklifini qəbul etdiyimə peşman deyildim. Düşündüyümdən, təxmin etdiyimdən də maraqlı, son dərəcə nəzakətli, mədəni, yüksək intellektual səviyyəsi olan bir insan idi. Maraqlı mövzular ətrafında söhbət və müzakirə o qədər xoş təsir bağışlamışdı ki mənə, zamanın necə keçdiyinin fərqinə belə varmamışdım. On beş-iyirmi dəqiqə zənn etdiyim görüş, əslində üç saatdan çox idi davam edirdi. Telefonuna gələn zəng söhbətimizi yarı böldü. Masadan qalxmadan üzr istəyib zəngə cavab verməli olduğunu bildirdi. Nə deyim, düzü, zəng gəldiyi an fikrimdən nələr gəlib keçdi,bir Allah bilir. Zəng edənin sevgilisi ola biləcəyini düşündüyüm an isə içimi qəribə qısqanclıq hissi bürüdü. Nə baş verirdi? Kənardan özümü görmək istərdim bu an. “Görəsən üzümdəki ifadədən nə düşündüyüm hiss olunmur ki” fikri məni narahat etməkdə idi. Gözlərimin içinə baxıb gülümsədi. Elə ilk sözdən, danışıq tərzindən zəngin işlə bağlı olduğunu anladım. Nəfəsimi çəkib dayandığımdan indi rahatladım.
Baxışlarının üzümdə, saçlarımda, hətta əllərimdə gəzdiyini belə hiss etməkdə idim. Görəsən məndən xoşu gəlirdimi? Niyə də yox?! Qrupun ən gözəl qızı idim! Məni bəyənməməsi üçün səbəb görmürdüm!
Telefonun ekranındakı saata, sonra gözümün içinə baxıb:
─Yəqin ki evdəkilər səndən nigaran qalıblar. Qalxsaq yaxşıdır,–deyib əli ilə yaxınlıqdakı ofisianta işarə etdi.–Zəhmət olmasa, hesabı gətirin.
Yolumuzu dənizkənarından saldıq. Dəniz baxışlarımızın paylasdığı ümumi məkan idi. Əslində isə, fikrim dənizin mavi sularında, ağ köpüklü ləpələrində deyildi heç.
Gündüz olmasına, havanın qaralmamasına baxmayaraq, ənənəsinə sadiq qalıb yenə də məni əvvəlki qayda ilə evə ötürdü. İlk görüşümüzdə dayandığımız ağacın yanında yenə də xudahafizləşdi:
─Gözəl və maraqlı gün üçün sənə minnətdarlığımı bildirmək istərdim.
─Mənə də çox xoş oldu,–deyə gülümsərkən qəsdən nəzərlərimi üzündən ayırmırdım.
Bir qədər susdu. Nə isə demək istədiyini, son anda fikrindən vaz keçdiyini hiss etdim. Özlüyümdə nə deyə biləcəyini ehtimal edirdim.
─Yaxşı… Qorxub çəkinmədən birbaş evə!
Evimizin qapısına yaxınlaşıb içəri keçməzdən əvvəl bir daha boylandım. Xeyli aralıda, lakin görə bildiyim bir yerdə dayanıb məni izləyirdi. Xoşbəxtlikdən qanad açıb uçmağa hazır idim, səmada süzən ağ göyərçin kimi hiss edirdim özümü.
─Sənə elə bəhanə lazım imiş ki evdən baş götürüb getməyə! Neçə saatdır hardasan? Get, gəz-dolan dedim. Day demədim ki, get, bir də axşam gəl, –anam deyinmək üçün yeni bir səbəb tapdı sayəmdə.
Mənim üçün isə fərqi yox idi. İndi heç kəs, hətta anamın danlaqları, tənbehi belə kefimi poza bilməzdi. Xoşbəxt idim! Çox xoşbəxt idim.
Xoşbəxtliyim uzun sürmədi amma. Ayrılarkən sadəcə xudahafizləşdiyimizi düşündüyüm an kefim pozuldu. Yoxsa yeni görüşümüz də təsadüfə bağlı olacaqdı? Bu təsadüf olmasa bəs? Öz-özümə “Atalar üçdən deyib” misalını təkrarladım. Əgər həyat bizi iki dəfə qarşılaşdırıbsa, demək üçüncü dəfə görüşmək ehtimalımız da vardı.
Bu üçüncü görüş isə, nə az, nə çox, iyirmi bir gün sonra baş tutdu. Soyuq və şaxtalı günlərin birində.
Universitetin qapısından çıxdığım an üzümə toxunan soyuq hava cismimlə bərabər ruhumu da titrətdi sanki. Gödəkçəmin papağını başıma keçirib əllərimi cibimə saldım, iti addımlarla evə tələsdim.
Arxadan gələn ayaq səsləri diqqətimi çəksə də, heç nəyə, heç kimə fikir vermirdim, tək istəyim özümü evə yetirmək, isti çay içib nəsə yemək idi. Görəsən, anam nə hazırlamışdı indi?
Hava qaraldığı üçün, düzü, içimə vahimə dolmağa başlayırdı. Qaranlıq və dar küçələrdən işıqlı, daha çox gediş-gəliş olan küçələrlə getmək daha münasib idi. Heç kəsdən qorxmamaq hünər deyil, ehtiyatı da əldən vermək olmaz, deyir nənəm. Onu qınamıram, anamla bərabər o qədər kriminal verilişlərə, cinayət işlərinə baxırlar ki, hər kəsdə, hər yerdə təhlükə görür, hər işin içində cinayət tərkibi axtarırlar.
Səkilərdə uzanan kölgə və yaxınlaşmaqda olan ayaq səsləri birisinin mənə çatmaq istədiyinə olan şübhələrimi təsdiqlədi. Təqib edilirdim. Arxaya çevrilmədən daha iri addımlarla yeriməyə başladım. Çantamda kitablarımdan dəyərli onsuz da heç nə yox idi.
Yaxınlaşdığı an qolumdan tutub saxladı:
─Arada bir nəfəsini dər! Belə iti addımlarla yerisən hərbçilər də sənə çətin yetişə bilə.
Gözləmədiyim halda Rauf yenə də qarşıma çıxdı bu gün. Gülümsəyib onun salamını aldım.
Bir himə bənd imiş kimi başını bulayıb gileyləndi:
─Bu cür soyuqda, açıq havada dayanıb kiminsə dərsdən çıxmağını gözləyəsən, o da sənə əhəmiyyət vermədən yanından ötüb keçə…
─Məni gözləmisən? Harada? Mən səni görmədim, axı, qapıdan çıxanda…
─Aralıda dayanmışdım. Qrup yoldaşlarının yanında sənə yaxınlaşmaq istəmədim. Daha münasib zamanı gözlədim. Yoxsa qorxutdum səni?
─Bir az…
─Üzrlü bil. İstəməzdim.
─Bu dəfə günahından keçdim!–deyib güldüm.
İslanmış saçlarıma, üzümə nəzər salıb heç bir söz demədən gülümsəyirdi. Yenə də mən dilləndim:
─Çox gözlədin?
Saatına baxıb başını tərpətdi:
─Hə, bir saat on səkkiz dəqiqə, –dedi.
─Necə tapdın məni? –sualı özümə də yersiz göründü. Axı, elə ilk görüşdə özümü təqdim etmişdim.
Göz vurub dedi:
─Hərbi sirlər söylənilməz!
─Aydındı!
Təkcə məni görmək üçün saatlarla soyuğun altında dayanıb gözləyən zabitin fədakarlığı ona olan rəğbətimi daha da artırmış oldu.
Bu görüş münasibətlərimizin başlanğıcı oldu əslində. Qışın soyuğuna, şaxtasına, hətta qarlı havaya belə baxmadan vaxt tapıb istirahət günlərində, bəzən isə həftə içi görüşürdük. Küləkli və şaxtalı havalar bizi qorxutmurdu. Yanımda mənə biganə olmadığını hiss etdirən doğma bir insan, soyuq havada əlimi tutub ovcunda isidən bir əl var ikən, bütün dünya gözümdə deyildi.
Rauf tanıdığım insanların heç birinə bənzəmirdi, tamamilə fərqli idi. Xasiyyəti, davranışı, mühakimələri, dünyagörüşü ilə hər kəsdən seçilə bilirdi. Mənə qarşı isə son dərəcə diqqətli idi. Hər zaman qayğı və diqqətini hiss edərdim. Hər dəfə görüşə gələndə mütləq mənə bir çiçək gətirərdi. Pis öyrətmişdi məni. Hər dəfə əlində çiçək gördüyümə adət etdiyimdən, işdən çıxıb görüşümə tələsdiyi bir yaz günündə əliboş görüb “Çiçəklərim hanı?” –deyə ağız büzmüşdüm.
Əlini burnuma toxundurub gülmüş, sonra yarıciddi ifadə ilə demişdi:
─Bütün qadınlar belədir e! Bir dəfə əliboş gəldinsə, vəssalam…
Zarafatla dediyini bilsəm də, həmin dəqiqə sözünə çox pərt olmuşdum. Əslində isə, onun varlığından dəyərli heç nə yox idi mənimçün. Özü bunu bilirdi, axı. İncikliyimi açıq-aşkar bəlli etməkdə idim. Nə düşündüsə qəfil ayağa qalxdı. Bayaqdan bəri gözünü zillədiyi çiçəklərə yaxınlaşıb, əlinə keçən zanbaqlardan birini qırıb yanıma qayıtdı. Çəhrayı rəngli zanbağı mənə nəzakətlə təqdim etdiyi an, gözlənilmədən bir polis bizə yaxınlaşdı. Mənə, əlimdəki zanbağa nəzər saldı. Bir neçə addım aralanıb işarə ilə Raufu öz yanına çağırdı.
Mənim ucbatımdan Raufun bəlaya düşəcəyini görüb həyəcanlanmaya bilmirdim. Ayağa qalxdım. Polisə hər şeyi izah etmək, günahın məndə olduğunu bildirmək istəyirdim.
İmkan vermədi:
─Narahat olma, otur, indi qayıdıram,–deyib aralıda dayanmış polisə yaxınlaşdı.
Özümü günahkar hiss edirdim. Onu bu əmələ mən vadar etmişdim deyə, çox dilxor idim. Nə danışdıqlarını eşidə bilməsəm də, nəzərlərimi də ayırmırdım. Cibindən vəsiqəsini çıxarıb təqdim etdiyi an polisin üzündəki sərt ifadənin bir qədər yumşaldığını, daha sonra mənə nəzər salıb gülümsədiyini də hiss etdim. Vəsiqəsini geri alan Rauf gülümsəyib illərin tanışı kimi polislə əl sıxdı.
Geri qayıdıb skamyada yanımda əyləşdi. Bir kənara atdığım zanbağı əlinə alıb fırladı.
─Polis sənə nə dedi? Nə danışırdız? –kimi suallarla Raufu bezdirməkdə idim.
Nəzərlərini zanbaqdan ayırıb mənə baxdı, gülümsəyib:
─Polis mənə dedi ki, o qızdan sənə xeyir gəlməz. Ondan uzaqlaşmağın məsləhətdir, –dedi.
Zarafatla deyilmiş bu sözlər uşaq vaxtı oxuduğumuz kiçik hekayədən olsa da, ciddiyə almışdım.
─Belə dedi? Həqiqətən belə dedi? Sən nə dedin, bəs?
Nəzərlərini məndən ayırmadan ciddiyyətini saxlamaqla sözünə davam etdi:
─Nə deyəcəm… Adam haqlıdır.
Daha çox üzgün və ya əsəbi olduğumu bilmirdim həmin an:
─Haqlıdır? Belə də dedin ona? Dedin ki, hə, haqlısan?
Başını yellədi:
─Yox, elə demədim.
─Bəs nə dedin?–bəlkə heç vaxt bu günki kimi israrlı olmamışdım.
─Dedim ki, o gördüyün qız var ha, başımın bəlasıdır: özü də bəladır, adı da bəladır; tanıdığım gündən bu yana hər zaman onun ucbatından başıma bəlalar gəlir.
Gözlərimi süzdürüb üzümü yana çevirdim. İncimişdim. Qırılmışdım. Belə ifadələri heç gözləmirdim Raufdan.
Qəfil üzümü əlləri arasına alıb gözlərimin içinə baxaraq dedi:
─Bilmək istəyirsən, ona nə dedim?
─…
─Dedim ki, həmin baş bəlasını gördüyüm gündən sevirəm… dəli kimi sevirəm. Uğruna bir çiçək cəriməsi nədir ki, ölməyə belə hazıram!
Susurdum. İlk sevgi etirafının bu şəkildə olması məni sevindirdiyi qədər də, kövrəltmişdi. Gözlərimdən hər an yanaqlarıma süzülməyə hazır olan iki damla yaş kirpiklərimdən asılıb qalmışdı. Astadan:
─O nə dedi? –soruşdum.
Saçlarımı, yanaqlarımı oxşayıb gülümsədi:
─“Allah özü sənə böyük cərimə kəsib” deyərək məni sərbəst buraxdı.
Incik halda dirsəyimi böyrünə toxundurdum.
Əllərimi tutub gözlərimin içinə baxdı, söyüd ağacının altındakı skamyada ilk dəfə mənə hisslərini etiraf etdi:
─Başımın bəlası, səni sevirəm, həm də çox, lap çoooox sevirəm!
Yanaqlarıma həmin an süzülən iki damla yaş ona olan hisslərimin, sevgimin, sevincimin cavabı idi. Başımı çiyninə qoyub köksünə qısıldım.
Alnımdan öpüb saçlarımı tumarladı. Kənara qoyduğu zanbağı yenidən əlinə aldı:
─Bax, bu zanbaq sevgimizin şahidi olsun. Bundan sonra sənə yalnız zanbaq bağışlayacam. Fərqi yoxdur, nəyin bahasına başa gələcək bu zanbaqlar, ya pul, ya cərimə, ya həbs.
Sözünə sadiq qaldı. O gündən mənə yalnız zanbaq bağışlardı. Bəzən müxtəlif rənglərin qarışığından, bəzən isə eyni rəngdə olanlardan dəstə bağlatdırardı. Əvvəllər qızılgülləri çox sevsəm də, həmin gündən zanbaqlar mənim üçün ən gözəl, ən dəyərli oldu.
Görüşlərimizdən birində mənə kağız bağlama verib dedi:
─Bir müddət görüşməyəcəyik. İşlə əlaqədar bir neçə ay şəhərdə olmayacam. Amma ürəyim sənin yanında qalacaq.
─Niyə? Hara gedirsən ki? Nə vaxt qayıdacaqsan?
─Bilmirəm nə vaxt qayıdacam. Vəziyyətdən asılıdır.
─Hara getdiyini də deməyəcəksən?–bir zabitin bu sualıma cavab verməyəcəyini bilsəm də, üzgün halda soruşdum.
─Qayıdıb gəlim, inşallah, sənə hər şeyi danışacam. Hətta daha artığına da hazır ol! Necə deyərlər, dönüşüm möhtəşəm olacaq!–deyib əllərimi buraxmadan göz vurdu.
Bu aylar ərzində ona o qədər öyrəşmişdim ki, indi uzun bir müddət ayrılığa necə tab gətirəcəyimi bilmirdim. Üzünü görmədən, səsini eşitmədən necə qalacaqdım…
─Yaxşı da, üzülmə! Ömürlük getmirəm ki! Təlimə gedirəm. Ən geci iki ay çəkər. Sonra yenə şəhərdəyəm.
─Zəng vuracaqsan?
─İlk fürsətdə!
Zəng edəcəyinə, əlaqə saxlayacağına söz verməsinə baxmayaraq, yenə də üzgün idim. Həyatımda ilk dəfə idi kimisə sevirdim. Başımı sinəsinə sıxıb qoxusunu içimə çəkirdim. Saçlarımı oxşayan əllərinin tumarını, hərarətini də yaddaşıma yazmaq, səhraya çıxanların su ehtiyatı kimi görüşəcəyimiz günədək özümdə saxlamaq istəyirdim.
Gecə yarısına qədər telefonda danışıb, sözlərimiz bitəndə isə yenə də dəstəyi asmamış, sükutu paylaşmışdıq. Bir neçə dəfə sağollaşmağımıza baxmayaraq, yenidən telefona əl atıb mesaj bölməsinə keçid etmişdik. Səhərə qədər gözümü yummayıb onu düşündüyüm kimi, əmin idim ki, Rauf da eyni hissləri keçirir. Səhər sübhdən aldığım ilk mesaj da fikirlərimi təsdiq etmişdi. Həmin səhər hava limanında yazdığı mesajı isə heç vaxt silmədim. Bu gün də telefonumun mesaj bölməsində qorunur. Hər darıxdığımda açıb oxuyar, təskinlik tapardım.
Həmin səhər günəşi pəncərə önündə salamlamışdım. Gözlərimi səmaya dikərək sevdiyim insanı məndən alıb uzaqlara aparan təyyarənin izini axtarırdım buludların arasında sanki.
İlk günlər Raufla ayrılıq daha çətin oldu. Hər gün dəniz kənarına enir, tək-tənha gəzib dolanır, ətrini, qoxusunu dənizdən almağa çalışırdım. Dalğaların səsində, küləyin pıçıltısında da onu tapmağa çalışırdım. Raufu tanıdığım gündən dəniz mənə daha doğma olmuşdu çünki.
Vidalaşdığımız gün mənə verdiyi kağız bağlamanı isə çantamda unutmuşdum. İçində nə olduğundan belə xəbərsiz idim. Bir neçə gün sonra kağızı açdım. Vərəqdə bu sözlər yazılmışdı:
“Yəqin ki indi təəccüblə baxır, bunların nə olduğunu düşünürsən. Çox düşünməyəsən deyə, özüm deyim: bunlar zanbaq soğanlarıdır. Gül mağazasının sahibi zanbaqlarla bağlı sirrimizdən agah olub, bir müddətə ayrılacağımızı biləndə bunları mənə verdi. Soğanları ək, onlara qulluq et. Yanında olmadığım müddətdə qoy həmin bu zanbaqlar sənə məni xatırlatsın. Onlara baxanda, toxunanda məni düşün. Səni çox sevdiyimi düşün və heç vaxt hisslərimin səmimiliyinə şübhə etmə! Başımın bəlası, səni çox sevirəm!”
Rauf gül-çiçəklərə olan sevgimdən xəbərdar idi. Bir neçə dəfə məni evə ötürəndə pəncərəmizdəki dibçəklər nəzərini çəkmişdi. Dibçəklərimin çoxluğu onu təəccübləndirmiş, özünün də otaq güllərinə marağı olduğunu bildirmişdi.
Əvvəlcə ayrı-ayrı qablara əkmək istəsəm də, sonra düşünüb soğanların hamısı eyni qaba əkməyə qərar verdim. Bu zanbaqlar sevgimizin şahidi olduqlarından, hissələrə ayırmaq istəmədim. Digər otaq güllərimdən fərqli olaraq, zanbaqları əkdiyim dibçəyə daha çox diqqət edirdim, nazını çəkir, bəzən söhbətləşir, saatbasaat, saniyəbəsaniyə onların boy atmasını görmək istəyirdim. Soğanların sayı doqquz olsa da, onlardan yalnız yeddisi cücərmişdi, digər ikisi isə torpaqda məhv olmuşdu. Üzülməmişdim, çünki yeddi rəqəmi mənim üçün müqəddəs idi və bunda bir hikmət görürdüm.
İlk cücərti həm də mənə xoş xəbərin müjdəçisi oldu. Elə həmin gün Rauf zəng edib hər şeyin yaxşı olduğunu söylədi. Hər gün zəng edə bilməməsinə baxmayaraq, ilk fürsətdə mesaj yazır, meil atırdı. Ciddi hərbi nizam-intizam tez-tez əlaqə saxlamağımıza mane olurdu. Hər söhbətimizdə zanbaqları soruşmağı da unutmurdu. Bu müddət ərzində isə zanbaqlarım bir qədər boy atmış, yaşıllaşmışdı.
Zanbaqlarımın açmağı Raufun şəhərə dönməyi ilə eyni vaxta təsadüf etdi. Açan zanbaqlardan üçü çəhrayı, ikisi qırmızı, biri bənövşəyi rəngdə idi. Yeddinci zanbaq isə inkişafda yoldaşlarından geri qalırdı. Səbirsizliklə həmin zanbağın açacağı günü gözləyirdim. Maraq mənə güc gəlir, onun nə rəng olacağını təxmin etməyə çalışır, çəhrayı, ya da qırmızı olacağını güman edir