Güclü ordu və müasir prokurorluq dövlət siyasətinin tərkib hissəsidir

Azərbaycan xalqının ümummilli lideri dedikdə, hər birimizin təxəyyülündə yalnız bir şəxsiyyətin parlaq siması canlanır ki, həmin dahi və təkrarolunmaz insan Heydər Əliyevdir. Həmin yüksək və şərəfli adı Heydər Əliyevə bütün Azərbaycan xalqı vermişdir. Tanrının ona bəxş etdiyi qeyri-adi fitri keyfiyyətlər sayəsində ulu öndər Heydər Əliyev tarixi hadisələrin gedişini əvvəlcədən müəyyən etməyi, ölkəmiz və xalqımız üçün olduqca mühüm əhəmiyyət kəsb edən qərarlar qəbul edilən zaman zəngin yüksək bilik, sarsılmaz iradə nümayiş etdirməklə qətiyyətli addımlar atmağı bacarırdı. Bu böyük liderin müdrikliyi və qətiyyəti istər ziyalılardan ibarət geniş auditoriya, istərsə də xeyli sayda insan qarşısında çıxışları zamanı əksər vaxtlarda bədahətən söylədiyi fikirlərdə də özünü aydın büruzə verirdi.

Azərbaycanı parlaq gələcəyə aparan yol

Ulu öndər təkcə Azərbaycana rəhbərlik etdiyi dövrdə deyil, bütün ömrü boyu, qədim və şərəfli tarixi, zəngin mədəniyyəti ilə həmişə qürur duyduğu ölkəsinin müstəqilliyini, tərəqqisini, millətinin rifahını düşünmüş və bu ali məqsədlər uğrunda mübarizə aparmışdır. Bütün həyatını doğma xalqına və Azərbaycanın çiçəklənməsinə həsr etmiş ümummilli liderimiz hələ 14 iyul 1969-cu ildən — birinci dəfə ölkəmizə rəhbərlik etdiyi ilk günlərdən milli məfkurənin formalaşdırılmasını və Azərbaycanı hərtərəfli və sürətli inkişaf etdirməklə müstəqil dövlətə çevirməyi qarşısına məqsəd qoydu. Onun Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsinə seçilməsindən sonra Azərbaycan tarixi tam fərqli, yeni mərhələyə qədəm qoydu ki, bu da Azərbaycana və azərbaycanlılara qarşı münasibətin tədricən dəyişməsinə səbəb oldu. Bununla da, iqtisadi, sosial, siyasi, mədəni və digər sahələrdə tənəzzül dövrünü yaşayan Azərbaycanda dinamik və çoxşaxəli yuksəlişin, milli ruhun təşəkkül tapmasının əsası qoyuldu. Heydər Əliyev tükənməz gücü, istedadı, parlaq zəkası, uzaqgörən düşüncəsi, dərin məntiqi, polad iradəsi və dönməz qətiyyəti sayəsində Azərbaycanı parlaq gələcəyə aparan yolu hələ o dövrdə müəyyən etdiyi və sonradan ölkəmizin həmin yolu uğurla getməsini yüksək peşəkarlıqla təmin etdiyi üçün, nəinki Azərbaycan tarixinin 1969-2003-cü illəri əhatə edən dövrü yaddaşlara “Heydər Əliyev dövrü” kimi həkk olundu, hətta Azərbaycan və Heydər adlarının əbədi olaraq birlikdə çəkilməsinə səbəb oldu. Heydər Əliyev elə o dövrdə, əlbəttə, mövcud olan ideologiyaya kəskin zidd olmayan formada olsa belə, Azərbaycanda milli ruhun sıxışdırılmasına qəti olaraq imkan vermədi, onu yüksəltmək yolunda bütün vasitələrdən mümkün dərəcədə istifadə etməyi bacardı. Təsadüfi deyil ki, onun ilk dəfə hakimiyyətə gəlişi milli ruhun, özünüdərkin, özünəqayıdışın, Azərbaycançılıq məfkurəsinin formalaşmasının başlanğıcı kimi qəbul edilir.
Məhz həmin dövrdən etibarən əsası qoyulan Heydər Əliyev fəlsəfəsinin başlıca istiqamətini xalqın milli özünüifadəsinin bütün forma və vasitələrinin geniş formalaşdırılmasına, milli şüurun güclənməsinə və millətin qürur hissinin yüksəlişinə təkan verən sürətli inkişaf strategiyasının gerçəkləşdirilməsi təşkil edirdi. Bütün sahələr üzrə peşəkar milli kadrlar hazırlamağı prioritet istiqamət hesab edən ulu öndər Heydər Əliyev ilk növbədə hakimiyyət strukturlarına əsasən sadə insanların içərisindən seçdiyi azərbaycanlıları yerləşdirməklə xalqın birləşməsinə və respublikanın tərəqqi yoluna çıxarılmasına nail olurdu. Bütün bunlar isə, təbii ki, müstəqil dövlətçilik ideyalarının gerçəkləşməsi üçün zəmin yaradırdı. Heydər Əliyev dərindən dərk edirdi ki, millətin siyasi müstəqilliyinin özülünü onun iqtisadi cəhətdən azadlığı şərtləndirir. Buna görə də SSRİ-nin əyalətlərindən biri kimi yanaşıldığından 60-cı illərin sonlarına doğru həyatın bütün sahələrində, o cümlədən iqtisadi sahədə geriləyən, mənfi meyillərin güclənərək getdikcə daha dərin kök saldığı Azərbaycanda hakimiyyətə gələn dahi öndərin ilk işlərindən biri, respublikada iqtisadi potensialın dağılmasının, ictimai-siyasi həyatda yaranmış tənəzzülün qarşısını almaqdan ibarət oldu. Heydər Əliyevin gərgin əməyinin, yorulmaz fəailiyyətinin və yüksək idarəçilik qabiliyyətinin sayəsində o illərdə ictimai və iqtisadi sahədəki köklü islahatlar, baş verən dəyişikliklər miqyasına və xalqın rifahının keyfiyyətcə yeni mərhələyə keçməsinə görə Azərbaycanın quruculuq salnaməsində ən parlaq dövrünü təşkil etmişdir.

Heydər Əliyevin müstəqil dövlətçilik strateji proqramının özünəməxsusluğu onunla səciyyələnirdi ki, burada nəzərdə tutulan tədbirlərin icrası bir sahənin deyil, bütün sahələrin çoxşaxəli inkişafını və milliləşdirilməsini təmin edirdi. Heydər Əliyevin milli müstəqil dövlət quruculuğuna gedən yolda gördüyü böyük işlər, SSRİ-nin daxili və xarici siyasəti çərçivəsində olsa da, Azərbaycanın xarici aləmlə iqtisadi, mədəni, elmi və sair sahədə əlaqələrinin genişləndirilməsinə xidmət edirdi. Bu məqsədlə Bakıda ittifaq və beynəlxalq əhəmiyyətli tədbirlər təşkil olunur, eləcə də SSRİ respublikaları və digər xarici ölkələrdə Azərbaycan elmi, mədəniyyəti və incəsənəti günləri keçirilirdi ki, bütün bunlar xarici ölkələrlə, orada yaşayan insanlarla əlaqələrin qurulmasına, azərbaycanlıların xalq olaraq özünəməxsus tarixi, mədəni ənənələrinin hər yerdə tanınmasına, Bakının isə həmin dövrdə dünya miqyasında tanınan mədəniyyət və elm mərkəzinə çevrilməsinə, nəticədə isə Azərbaycan iqtisadiyyatının möhkəmlənməsinə hesablanmışdı.
Ulu öndərin dərindən düşünülmüş məqsədyönlü siyasəti nəticəsində Azərbaycanın aqrar-sənaye kompleksi də bir necə dəfə genişləndirildi və ölkənin nəinki ərzaq müstəqilliyi təmin olundu, üstəlik, daxili məhsulun yarısından da artıq çəkisi olan bir sahəyə çevrildi. Azərbaycanın rayonlarında yüzlərlə zavod və fabrik tikildi. Kəndlərdə əhalinin əksəriyyəti dövlətdən əməkhaqqı almağa başladı. İqtisadi yüksəliş, sözsüz ki, bütün sahələrin inkişafına, eləcə də mənəvi dəyərlərin möhkəmlənməsinə, milli şüurun oyanmasına, Azərbaycançılıq məfkurəsinin formalaşmasına təkan verdi.

Güclü ordu suverenliyin təminatıdır

Ümummilli liderin zəngin və çoxşaxəli fəaliyyətinin əsas istiqamətlərindən birini də Azərbaycanın təhlükəsiz və firavan gələcəyinə təminat verən ordu quruculuğu təşkil edirdi. Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra ölkəmizdə ordu quruculuğu prosesində yaranmış durğunluq, ulu öndərin birinci dəfə hakimiyyətə gəlişindən sonra aradan qaldırılmaqla, bu sahədə əsaslı dönüş yaratdı. Qısa bir zamanda Azərbaycanda SSRİ müdafiə sənayesinin on bir böyük zavodunun tikilməsi, həmin zavodlarda o dövrün ən müasir və qabaqcıl texnologiyalarının tətbiq olunması Azərbaycan Respublikasının müdafiə sənayesi istehsalında keyfiyyətli məhsulların həcmini dəfələrlə artırırdı ki, bu da müstəqilliyə doğru gedən yolda zəruri amil idi. Yeri gəlmişkən qeyd olunmalıdır ki, hazırda həmin zavodların hamısı Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tərkibinə daxildir.
Bununla bərabər, ölkəmizdə milli hərbi kadrların hazırlanması prosesi də sürətləndi. Məhz ulu öndərin son dərəcə cəsarətli addımları sayəsində 1971-ci ildə Bakıda Cəmşid Naxçıvanski adına hərbi məktəb fəaliyyətə başladı. Azərbaycanda milli hərbi kadr hazırlığı üçün baza rolunu oynayan məktəbin açılması ovaxtkı SSRİ rəhbərliyini ciddi şəkildə narahat etdiyindən, həmin dövrdə bir-birinin ardınca Moskvadan Bakıya göndərilən komissiyalar Azərbaycanda belə bir hərbi məktəbə ehtiyac olmadığını əsaslandırmağa çalışsalar da, Heydər Əliyev mahir diplomatiyası və qətiyyəti ilə bu cəhdlərin qarşısını almağa müvəffəq oldu. Adıçəkilən hərbi məktəbin fəaliyyətə başlaması Azərbaycanda hərb sahəsinə marağın daha da güclənməsinə böyük təkan verdi. Bununla yanaşı, Heydər Əliyev azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul edilməsinə də xüsusi önəm verirdi. Təsadüfi deyildir, ki, müstəqilliyin ilk illərində Azərbaycanın ordu quruculuğunda əsas bazanı o dövrdə hazırlanmış milli kadrlar təşkil edirdi. Göründüyü kimi, Azərbaycanın müstəqillik əldə etməsindən hələ 20 il öncə milli hərbi kadr hazırlığı üçün zəruri bazanın ən yüksək səviyyədə təşkilini ümummilli lider Heydər Əliyev həyata keçirmişdir.
Ardıcıl olaraq iki dəfə, olduqca mürəkkəb dövrlərdə Azərbaycana rəhbərlik edərək misilsiz fədakarlıqlar göstərməklə ölkəsini bəlalardan qurtaran, xalqın xidmətində dayandığını konkret əməlləri ilə nümayiş etdirən Heydər Əliyev bir çox siyasi xadimlərin edə bilmədiklərini gerçəkləşdirməklə, dünyanın ən tanınmış siyasi xadimləri sırasında öz layiqli və əbədi yerini tutdu. Hər kəsə məlumdur ki, müasir Azərbaycanda dövlət quruculuğunun, iqtisadi və siyasi şüurun dirçəlişinin 30 ildən artıq bir dövrü əhatə edən zaman kəsiyi böyük siyasi xadim, dərin zəkaya, ensiklopedik biliyə, geniş dünyagörüşünə malik olan tarixi şəxsiyyətin-Heydər Əliyevin adı, əməli fəaliyyəti, reallaşdırdığı konkret işlərlə bağlıdır. Zəmanəmizin böyük filosofu və mütəfəkkiri Heydər Əliyevin formalaşdırdığı və inkişaf etdirdiyi milli özünüdərk duyğuları, azərbaycançılıq fəlsəfəsi xalqın tarixi yaddaşını özünə qaytarmaqla, milli ruhun sürətli yüksəlişini təmin edərək, müstəqil dövlətçiliyimizin yaranması üçün zəruri olan, dünya azərbaycanlılarının həmrəyliyi üçün möhkəm zəmin yaratdı.
Ötən əsrin 70-ci illərindən formalaşan iqtisadi potensialın inkişafı azadlıq mübarizəsini zəruri edən amillərdən olduğundan 80-ci illərin sonu, 90-cı illərin əvvəlində müstəqillik hərəkatının geniş vüsət alması da Heydər Əliyevin birinci dəfə Azərbaycana rəhbərlik etdiyi dövrdə reallaşan iqtisadi yüksəliş və ona paralel olaraq, azərbaycançılıq, həmrəylik, mübarizlik ruhunun təşəkkül tapması sayəsində mümkün oldu.
Dövlətçiliyin dağılması və müstəqilliyin itirilməsi təhlükəsi qarşısında qaldığı zaman nicatın məhz Heydər Əliyevdə olduğunu yaxşı dərk edən Azərbaycan xalqı 1993-cü ilin iyun ayında ulu öndərə müraciət edərək onun hakimiyyətə gəlməsini təkidlə tələb etdikdə, o, qarşıda onu gözləyən çətinlikləri əvvəlcədən görməsinə baxmayaraq, heç nədən və heç kimdən çəkinmədən yenə də xalqının yanında olmağa qərar verdi. Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, iqtisadi, sosial, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində əsaslı dönüş yaranmaqla, elmə, müasir beynəlxalq standartlara və prinsiplərə əsaslanan müstəqil dövlət quruculuğu prosesi başlandı. Məhz özünün sayəsində Azərbaycan daxilində yaranmış nisbi sabitlikdən və beynəlxalq aləmdə ölkəmizə artan inam və maraqdan səmərəli istifadə edərək 20 sentyabr 1994-cü il tarixdə “Əsrin müqaviləsi” adlandırılan ilk və nəhəng neft müqaviləsinin imzalanmasına və onun gerçəkləşdirilməsinə nail olan Heydər Əliyev, bununla da müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin dərin özülünü qoydu.
Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən son dərəcə gərgin fəaliyyət nəticəsində Azərbaycan xalqının taleyi ilə bağlı pərdəarxası oyunlara və eksperimentlərə son qoyulmaqla, ölkədə siyasi anarxiyanın, xaosun və cinayətkarlığın qarşısı bütünlüklə alındı, həmçinin Azərbaycan dövlətçiliyinin mövcudluğuna böyük təhlükə olan 1994-cü ilin oktyabr və 1995-ci ilin mart dövlət çevrilişi cəhdləri vaxtında və qətiyyətlə zərərsizləşdirilərək dövlət müstəqilliyi qorunub saxlanıldı. Məhz buna görə də o dövrdə Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla və sürətlə həyata keçirilməsi şəxsən Heydər Əliyevin adı ilə bağlıdır. Bütün bunlar da, öz növbəsində Azərbaycanda dövlət quruculuğu prosesinin uğurla aparılması üçün əlverişli şərait yaratdı. Bundan sonra ölkəmizdə müstəqil dövlət quruculuğu, o cümlədən dövlət təsisatlarının yaranması prosesi böyük vüsət aldı ki, bunun da hüquqi əsasını müstəqil Azərbaycanın qəbul etdiyi ilk Konstitusiyası təşkil edirdi. Müstəqil dövlətin yeni Konstitusiyasının hazırlanmasını zəruri hesab edən ulu öndər Konstitusiya layihəsinə baxılması üçün xüsusi komissiyaya müvafiq göstərişlər verdi, bundan sonra, 12 noyabr 1995-ci il tarixdə keçirilmiş ümumxalq səsverməsi-referendum yolu ilə Azərbaycan Respublikasında dövlət quruculuğunun hüquqi əsasını təşkil edən Konstitusiya qəbul edildi.
Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə əsas qayəsini azərbaycançılıq, müstəqillik, dövlətçilik, dünyəvilik, ədalət, demokratiya, milli tərəqqi kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsası qoyuldu. Onun dəyərli və çoxşaxəli fəaliyyətinin prioritetlərində köklü iqtisadi islahatlar aparılması, bazar iqtisadiyyatının bərqərar olması, ölkəmizin dünya iqtisadiyyatına inteqrasiyası yolu ilə Azərbaycanın hər bir vətəndaşının öz rifahını yaxşılaşdırmaqla azad, sərbəst, firavan yaşamasını təmin etmək üstünlük təşkil edirdi. Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan dövlətinin xarici siyasəti, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri milli maraqlara və uzaqgörən siyasi perspektivlərə əsaslanan xətlə inkişaf etməyə başladı. Ulu öndərin xarici siyasət məsələlərinə müstəsna əhəmiyyət verməsi, beynəlxalq miqyasda etiraf olunan uğurlu və cəsarətli addımlar atması, milli məqsədlər naminə ən nüfuzlu tribunalardan xüsusi bacarıq və məharətlə istifadə etməsi Azərbaycan dövlətçiliyinin bu günü və gələcəyi baxımından son dərəcə əhəmiyyətli oldu.
Ümummilli liderin fəal və peşəkar diplomatiyası nəticəsində dünyanın demokratik dövlətlərinin və aparıcı beynəlxalq təşkilatlarının ölkəmizin zorla cəlb olunduğu silahlı münaqişəyə münasibətinin əsaslı surətdə dəyişilməsinə nail olundu. Onun beynəlxalq sivil prinsipləri özündə tam ehtiva etdirən xarici siyasətinin əsasını sülh, beynəlxalq hüquq normalarına, dövlətlərin ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına hörmət və qarşılıqlı surətdə faydalı iqtisadi, elmi, mədəni əməkdaşlıq yaradılması, dövlətlərarası əlaqələrə mane olan hər cür məhdudiyyətlərin aradan qaldırılması təşkil edirdi. Ulu öndər Heydər Əliyevin növbəti dəfə hakimiyyətə qayıdışından və Azərbaycana ikinci dəfə rəhbərlik etməyə başlamasından sonra respublikamızda bütün sahələrdə olduğu kimi, ordu quruculuğunda da köklü islahatlar həyata keçirilməyə başlanıldı. Müstəqilliyimizin ilk illərində erməni təcavüzü, daxili çəkişmələr, yeni yaradılmış özünümüdafiə taborlarının ayrı-ayrı siyasi məqsədlərə xidmət etməsi bir tərəfdən torpaqlarımızın işğal olunmasına şərait yaradır, digər tərəfdən ordumuzun yaranmasına mane olurdu. Həmin vaxt başlıca vəzifələrdən biri də ölkə gəncləri arasında özünə inamı, vətənvərvərlik hissini, milli mübarizə əzmini və döyüş ruhunu yüksəltmək olduğundan, müdrik lider Heydər Əliyev böyük siyasi səriştəyə, təcrübəyə və dünyagörüşünə malik rəhbər kimi bu reallığı düzgün dəyərləndirir, gənclərin könüllü hərbi səfərbərliyini təmin etmək üçün respublikada ideoloji-təbliğat işini gücləndirirdi. Bu istiqamətdə görülən işlərin ən mühümü və əhəmiyyətlisi Ulu öndərin 2 noyabr 1993-cü ildə xalqa müraciəti oldu. Kifayət qədər mürəkkəb bir dövrdə televiziya və radio vasitəsi ilə Azərbaycan xalqına, xüsusilə ölkə gəncliyinə müraciət edən Heydər Əliyev cəbhə bölgəsində yaranmış vəziyyəti geniş şəkildə təhlil etməklə, uğursuzluqların səbəblərini dəqiqliklə göstərərək, ordunun siyasiləşdirilməsi hallarını qətiyyətlə pisləməklə, bəzi qüvvələrin çirkin siyasi məqsədlər naminə silahlı qruplaşmalar yaratdığını, dövlətçiliyə və xalqa qəsd yolu tutduğunu təəssüflə vurğulayaraq xalqı bütun bu uğursuzluqlara, ağrılı məqamlara məhəl qoymamağa, o cümlədən ölkə gənclərini ruhdan düşməməklə səfərbər olmağa, düşmənə qarşı layiqli müqavimət təşkil etməyə çağırdı və sözsüz ki, bütün xalq, xüsusən də gənclər bu çağırışı cavabsız qoymayaraq dahi öndərin ətrafında daha da sıx birləşməyə başladı.
Ümummilli liderin mütəmadi olaraq ön cəbhəyə getməsi, səngərlərdə uzun müddət dayanmaqla Azərbaycanın mərd oğulları ilə bilavasitə təmasda olması, onların qayğısına qalaraq problemləri və ehtiyacları ilə maraqlanması, xidmətdə fərqlənənləri elə yerindəcə mükafatlandırması şəxsi heyətə əlavə güc verməklə, onlarda yüksək döyüş ruhu yaradırdı. Bununla bərabər, ulu öndərin, Vətənin azadlığı uğrunda canından keçmiş şəhidlərin, o cümlədən Azərbaycanın Milli Qəhrəmanlarının ailə üzvləri ilə görüşməklə, onların yanında olduğunu bildirməsi də ordu quruculuğu sahəsində görülən işləri sürətləndirdi.
Ordu quruculuğunun elmi-təcrübi əsaslar üzərində və vahid komandanlıq prinsipi əsasında yüksək peşəkarlıqla həyata keçirilməsi cəbhədə gedən döyüş əməliyyatlarına da öz müsbət təsirini göstərirdi. Dövlət Müdafiə Şurasının ilk iclasında korrupsiyaya, cinayətkarlığa, Vətən qarşısında öz müqəddəs borcunu yerinə yetirməkdən boyun qaçıran şəxslərə qarşı ciddi mübarizə aparılacağının bəyan edilməsi və bu istiqamətdə atılan qətiyyətli addımlar da ordumuzun döyüş hazırlığının yüksəlməsinə böyük təkan verdi. Əvvəlcə qanunsuz hərbi dəstələr buraxıldı və Silahlı Qüvvələr tam dövlət nəzarətinə keçirildi. Bundan sonra, digər ölkələrin qanunvericilik təcrübəsindən istifadə olunmaqla və Dağlıq Qarabağ müharibəsi təcrübəsinə əsaslanılmaqla mükəmməl hərbi qanunvericilik bazası yaradılması prosesi başladı. Görülən işlər qısa müddətdən sonra öz səmərəsini verdi və güclü Azərbaycan ordusu formalaşmağa başladı. Azərbaycan Ordusunun gücləndiyini görən və onun tərəfindən aparılan uğurlu döyüş əməliyyatlarından təşviş içində olan düşmən 12 may 1994-cü il atəşkəs haqqında müqaviləni imzalamaq məcburiyyətində qaldı. Bundan sonra, çağırış və səfərbərlik işi xeyli təkmilləşdirildi, ordumuzun daha da güclənməsi üçün bir çox mühüm tədbirlər həyata keçirildi, bunun nəticəsində hərbi hissələrdə intizam möhkəmləndi və qanunun aliliyi prinsipi bərqərar oldu. Bütün bunlar gənclərdə orduya inamı və marağı artırmaqla xeyli insanın peşəkar hərbi qulluqçu kimi hazırlanmasına, hərbi ixtisaslara dərindən yiyələnməsinə rəvac verdi.
Azərbaycan Ordusunun beynəlxalq əlaqələrinin gücləndirilməsini də xüsusi diqqət mərkəzində saxlayan Ali Baş Komandan Heydər Əliyev milli ordunu modernləşdirmək üçün sovet hərb sistemini dəyişib, NATO standartlarını tətbiq etməyin zəruriliyini yaxşı dərk etdiyi üçün, Şimali Atlantika Alyansının beynəlxalq münasibətlər sistemində yeri və rolunu nəzərə alaraq ölkəmizin NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına qoşulması barədə qətiyyətli qərar verdi və 4 may 1994-cü ildə Brüsseldə təşkilatın çərçivə sazişini imzaladı. Yeri gəlmişkən qeyd olunmalıdır ki, 19 noyabr 2001-ci ildə Azərbaycan Respublikası NATO-nun Parlament Assambleyasına assosiativ üzv qəbul edilmişdir.
Ordu quruculuğunda keyfiyyətli hərbi təhsilin və ixtisaslı gənc hərbi kadrların hazırlanmasının son dərəcə strateji əhəmiyyətli məsələ olduğunu hər zaman vurğulayan Heydər Əliyev bu sahəni də hər zaman diqqət mərkəzində saxlayırdı. Əsası 1971-ci ildə Naxçıvanski adına Hərbi Liseylə qoyulan hərbi təhsil müəssisələrimizin sayını artırmaqla Silahlı Qüvvələrin Hərbi Akademiyasının, Ali Hərbi Məktəbin, Naxçıvan Ali Hərbi Məktəbinin, Təlim və Tədris Mərkəzinin, Ali Hərbi Dənizçilik Məktəbinn, Ali Hərbi Təyyarəçilik Məktəbinin və sair nüfuzlu ali hərbi təhsil ocaqlarının müasir tələblərə uyğun təşkil edilməsi də məhz Ulu öndərin bu sahədəki misilsiz xidmətlərinin bariz nümunələri idi. Hazırda respublikamızın Silahlı Qüvvələri üçün müxtəlif kateqoriyadan olan hərbi kadrların hazırlanması Azərbaycan Ali Hərbi Məktəblərində, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində, Hərbi Akademiyasında və digər hərbi təhsil müəssisələrində uğurla həyata keçirilir. 1997-ci ildən bu məktəblərdə NATO standartlarına uyğun tədris proqramı tətbiq olunur. Silahlı Qüvvələrin Hərbi Akademiyasında hərbi qulluqçularla yanaşı, dövlət orqanlarında çalışan yüksək vəzifəli şəxslərə də hərbi-strateji, hərbi-iqtisadi və hərbi-siyasi məsələlərin öyrədilməsi təşkil edilir. MDB-yə üzv olan bir neçə dövlət ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən imzalanmış sazişlərə əsasən bu ölkələrin hərbi qulluqçularının Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan hərbi təhsil müəssisələrində təhsil alması bu sahədə qazanılan uğurları bir daha təsdiq edir.
Bütün dünyaya bəllidir ki, bu gün Azərbaycanın Silahlı Qüvvələri 90-cı illərin əvvəllərindəki siyasiləşmiş ayrı-ayrı silahlı dəstələrdən ibarət deyil, vahid mərkəzdən idarə olunan, maddi-texniki bazası, intellektual potensialı möhkəmlənmiş, istənilən döyüş tapşırığını ən yüksək səviyyədə yerinə yetirməyə qadir olan və müasir tələblərə cavab verən bir ordudan ibarətdir. Xüsusi vurğulanmalıdır ki, hazırda cəmiyyətdə Azərbaycan Ordusuna böyük güvən və ictimai inam mövcud olduğundan, rəşadətli ordumuz dövlətin və xalqın dəstəyini yaxından hiss edərək mənəvi-psixoloji cəhətdən daha da möhkəmlənmişdir.
Təbii ki, bütün bunlar öz-özünə baş verməmiş və ordumuzun hazırkı səviyyədə formalaşması ümummilli liderimizin başladığı çətin, mürəkkəb, keşməkeşli, eyni zamanda şərəfli, uğurlu yollar keçən və Möhtərəm Prezidentimiz tərəfindən yüksək peşəkarlıqla davam etdirilən ordu quruculuğu sayəsində mümkün olmuşdur. Ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan Azərbaycan Silahlı Qüvvələri bu gün yeni inkişaf yoluna qədəm qoymaqla Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında öz şərəfli missiyasını uğurla davam etdirir. Ordu quruculuğu sahəsində qazanılan nailiyyətlərin bütün parametrlər üzrə daha da inkişaf etdirilməsinin fəaliyyətində prioritet istiqamətlərdən biri olacağını bəyan etmiş Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin dövlət başçısı kimi fəaliyyətə başladığı ilk günlərdən, Silahlı Qüvvələrimizin maddi-texniki bazasının genişləndirilməsi, hərbi qulluqçuların sosial müdafiəsinin möhkəmləndirilməsi sahəsində həyata keçirdiyi tədbirlər Vətənin müdafiəçilərinin şərəfli işinə verilən yüksək qiymətin təzahürüdür.
Son illərdə keçirilən hərbi paradlar göstərdi ki, Azərbaycan ordusu sürətlə inkişaf edərək arsenalını ən müasir silah, digər hərbi texnika ilə zənginləşdirmiş və bu gün dünyanın hərbi cəhətdən inkişaf etmiş dövlətlərinin malik olduqları strateji silahlar Azərbaycanda da mövcuddur. 2016-cı ilin məlum aprel döyüşlərində düşmənin hərbi təxribatlarının qarşısının alınması zamanı çevik və mütəşəkkil hərbi əməliyyatlarla düşmənin hərbi obyektlərini darmadağın edən, bir sıra mövqelərini ələ keçirən və bəzi yaşayış məntəqələrini işğaldan azad edən Silahlı Qüvvələrimiz bunu bir daha sübuta yetirdi. Azərbaycan Ordusunun qısa zamanda həyata keçirdiyi uğurlu əməliyyatlar — düşmənin çoxlu sayda canlı qüvvəsinin və zirehli texnikasının, habelə strateji əhəmiyyətli hərbi bazalarının güclü atəş zərbəsi ilə məhv edilməsi, mühüm əhəmiyyətli ərazilərimizin geri qaytarılması, xalqımızın böyük coşqusu, sevinci və mənəvi dəstəyi ilə qarşılandı. Bununla da, bir daha təsdiqləndi ki, ən müasir texnika və hərbi avadanlıqlarla təchiz olunmuş Azərbaycan Respublikasının Silahlı Qüvvələri vətənpərvər, yüksək döyüş hazırlığına və ruhuna malik, hərbi-texniki vərdişlərə dərindən yiyələnmiş peşəkar kadrlardan ibarət olmaqla, Ali Baş Komandanın əmri ilə qısa zamanda torpaqlarımızın işğaldan azad olunmasına qadirdir.

Prokurorluğa göstərilən diqqət və qayğı ədalətin daha etibarlı müdafiəsinə hesablanmışdır

Prokurorluq işçisi olaraq ümummilli lider Heydər Əliyevdən danışarkən, onun prokurorluğa, o cümlədən prokurorluq işçilərinə göstərdiyi yüksək diqqət və qayğından söz açmamaq mümkün deyil. Ümummilli lider deyirdi: “…Azərbaycan Prokurorluğu bundan sonra da Azərbaycan dövlətçiliynə sadiq olaraq Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi və inkişaf etməsi prosesində fəal iştirak iştirak edəcək və Azərbaycanda qanunun aliliyinin təmin olunmasında öz xidmətlərini göstərəcəkdir…”.
Azərbaycan Respublikası Prokurorluğunun dövlətçiliyimizin və xalqın maraqlarına, qanunun aliliyinin təmin edilməsinə və insan hüquqlarının müdafiəsinə xidmət edən sivil və demokratik qurum kimi formalaşması, onun fəaliyyətinin hərtərəfli təminatı üçün qanunverici və maddi-sosial bazanın yaradılması ulu öndərin ölkəmizdə bütün sahələrdə, o cümlədən prokurorluqla bağlı həyata keçirdiyi ardıcıl və çoxşaxəli islahatlar, prokurorluğa göstərdiyi böyük dəstək və qayğı sayəsində mümkün olmuşdur.
Azərbaycan Prokurorluğu bir əsrə yaxın müddət, 80 il ərzində dövlətin etibarlı dayaqlarından biri kimi fəaliyyət göstərsə də, prokurorluq işçilərinin peşə bayramının qeyd edilməsinə dövlət tərəfindən heç bir təşəbbüs göstərilməmiş, bununla əlaqədar hər hansı rəsmi tədbir görülməmişdir. Ümummilli lider Heydər Əliyevin 17 iyul 1998-ci il Sərəncamı ilə hər il 1 oktyabrın prokurorluq işçilərinin peşə bayramı kimi qeyd olunması təkcə tarixi reallığın bərpa olunması deyil, həmçinin hakimiyyət orqanları sırasında xüsusi yeri olan prokurorluğun roluna rəsmi münasibətin və dövlət qayğısının yüksək səviyyədə təzahürü olmuşdur. Ulu öndərin 28 noyabr 1998-ci il Prokurorluq orqanlarının 80 illik yubileyinə həsr olunmuş təntənəli yığıncaqda prokurorluğun fəaliyyətini istiqamətləndirən: “…Azərbaycan Prokurorluğunda sağlam mənəvi mühit yaratmaq lazımdır. Sağlam mənəviyyat hər bir prokurorluq işçisi üçün, qanun keşiyində duran bizim hər bir məmurumuz üçün əsas meyar olmalıdır. Əgər bu yoxdursa, o insan nə qədər yaxşı işləyirsə-işləsin, bizim tələblərimizə cavab verə bilməyəcəkdir, bizim tələbimiz isə qanundur, qanunun aliliyidir, mənəviyyatın da hamısı qanunun içərisindədir. Prokurorluq peşəsi ağır, çətin peşədir, amma, eyni zamanda, çox şərəfli, hörmətli peşədir. Mən arzu edərdim ki, siz həmişə bu peşəni şərəflə daşıyasınız. Arzu edərdim, çalışasınız ki, Azərbaycan vətəndaşı kimi, eyni zamanda, Azərbaycan prokuroru kimi hörmətli, şərəfli olasınız. Azərbaycan Prokurorluğunun inkişaf etməsinə dövlət qayğısı bu gün də, gələcəkdə də olacaqdır, buna əmin ola bilərsiniz. Azərbaycan Prezidenti kimi mən Azərbaycan Prokurorluğuna inanıram, güvənirəm və arxalanıram…” kimi dəyərli kəlamlarını hər bir prokurorluq işçisi daim rəhbər tutmaqla xidməti fəaliyyətində tətbiq edir.
Hər kəsə, o cümlədən hər bir prokurorluq işçisinə məlumdur ki, prokurorluq orqanlarında aparılan hərtərəfli islahatların ilkin əsasını və qanunvericilik bazasını dahi rəhbərimizin təşəbbüsü əsasında 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası təşkil etmişdir. Yeni qəbul edilmiş Konstitusiya ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxarmaqla yanaşı, Azərbaycan Respublikasında dövlət hakimiyyətinin hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edildiyini özündə dəqiq əks etdirdi. Ali qanunumuzda ilk dəfə olaraq respublikanın dövlət quruluşu sistemində prokurorluğun layiqli yeri müəyyənləşdirilmiş, məhkəmə hakimiyyəti sisteminə daxil edilən prokurorluq orqanlarının statusu, təşkili, fəaliyyət istiqamətləri, səlahiyyət dairəsi və vəzifələri qanunvericilik qaydasında təsbit edilmişdir. Ulu öndər Heydər Əliyevin qanunvericilik təşəbbüsü əsasında 7 dekabr 1999-cu ildə “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsi isə qarşıda duran vəzifələrin uğurla həyata keçirilməsinə imkan yaratmaqla bərabər, prokurorluq orqanlarının daha da demokratikləşməsini, qanunçuluğun və insan hüquqlarının aliliyinin real təminatçısına çevrilməsini təmin etmişdir. Bundan sonra, Beynəlxalq hüquq normalarına, demokratik prinsiplərə və milli ənənələrə uyğun hazırlanmış “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Prokurorluq işçilərinin xidməti vəsiqəsi haqqında”, “Prokurorluq orqanları işçilərinin fərqlənmə nişanları və xüsusi geyim forması haqqında”, “Prokurorluğun rəsmi emblemi haqqında” Azərbaycan Respublikası qanunlarının və digər normativ-hüquqi aktların qəbul edilməsi nəticəsində prokurorluğun fəaliyyətinin hüquqi tənzimlənməsi prosesi dövrün tələblərinə və beynəlxalq standartlara cavab verən səviyyəyə yüksəlmişdir. Ümummilli liderin prokurorluq işçilərinin rifahına xidmət edən “Azərbaycan Respublikası Prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında” 8 oktyabr 2002-ci il tarixli Sərəncamı isə hər bir prokurorluq işçisində böyük ruh yüksəkliyinin yaranmasına səbəb olmuşdur.
Ulu öndərin Prokurorluq orqanlarının rəhbər işçilərinə mütəmadi olaraq verdiyi müdrik tövsiyə və göstərişlərin əsasında, Azərbaycan Respublikası Prokurorluğu orqanlarında aparılan, bugün də yeni müstəvidə eyni intensivliklə davam etdirilən hərtərəfli islahatlar nəticəsində prokurorluğun fəaliyyətinin təkmilləşməsi və bunun üçün zəruri normativ-hüquqi bazanın yaradılması, ciddi tələbkarlıq şəraitinin formalaşdırılması, kadrların seçilməsinin yeni mütərəqqi formalarının tətbiqi təmin edilmiş, dövlətçiliyin, milli maraqların, insan hüquq və azadlıqlarının etibarlı qorunması, cinayətkarlığa qarşı mübarizə yüksək səviyyədə təşkil olunmuşdur.
Heydər Əliyevin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında Əsasnamə”nin qəbul edilməsi və onun icraya yönəldilməsi Azərbaycan Respublikası Prokurorluğunda aparılan islahatların ən böyük uğurlarından olmaqla, prokurorluğun kadr tərkibinin yenidən formalaşdırılması kimi mühüm məsələnin əsasını təşkil etmişdir. Prokurorluq orqanlarına işə qəbulun demokratik prinsiplər əsasında, şəffaf prosedurlarla müsabiqə yolu ilə həyata keçirilməsinin nəticəsində prokurorluğun kadr tərkibinin hərtərəfli inkişaf etmiş, zəngin biliyə malik, geniş dünyagörüşü olan, yüksək mənəvi keyfiyyətlərə malik, vətənpərvər, dövlətçilik prinsiplərinə sadiq gənc hüquqşünaslardan formalaşmasına və mütəmadi olaraq yenilənməsinə nail olunmuşdur.
Əsası müasir Azərbaycanın qurucusu Heydər Əliyev tərəfindən qoyulan bütün hüquq-mühafizə orqanlarına, o cümlədən prokurorluğa hərtərəfli diqqət və qayğı göstərilməsi ənənəsi möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən də davam etdirilir. Xüsusi vurğulanmalıdır ki, Prokurorluq orqanlarının müasir dövrün tələblərinə cavab verən dövlət orqanı səviyyəsinə uyğun təkmilləşdirilməsində möhtərəm Prezidentimizin 27 sentyabr 2008-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı” mühüm əhəmiyyətə malikdir. Azərbaycan Prokurorluğunun tarixində yeni təkmilləşmə və inkişaf, hərtərəfli müasirləşdirmə dövrünün əsasını qoyan Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi hüquq sisteminin inkişafı prosesində prokurorluğun rolunun artırılması, cinayətkarlığa qarşı mübarizə və istintaq aparılmasında digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsi, prokurorluğun işində müasir elmi-texniki nailiyyətlərdən geniş istifadə olunması, mərkəzləşdirilmiş informasiya-kommunikasiya sisteminin yaradılması, dövlət ittihamının müdafiəsində peşəkarlığın yüksəldilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi, habelə prokurorluq işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və prokurorluğun maddi-texniki təminatının yaxşılaşdırılması üçün əlverişli şərait yaratmışdır.
Müstəqil Azərbaycanın Silahlı Qüvvələrinin və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun yarandığı vaxtlarla təqribən eyni zamandan Hərbi Prokurorluq orqanlarında qulluq keçən şəxs olmaqla, istər Silahlı Qüvvələrdə aparılan möhtəşəm quruculuq işlərinin, istərsə də Prokurorluqda, o cümlədən Hərbi Prokurorluqda həyata keçirilən köklü islahatların bilavasitə şahidi kimi xüsusi vurğulamağı özümə borc hesab edirəm ki, hazırkı Silahlı Qüvvələr və Prokurorluq, o cümlədən Hərbi Prokurorluq müstəqilliyin ilk illərindəkindən müasirlik, peşəkarlıq, hərtərəfli inkişaf və digər mütərəqqi keyfiyyətlər baxımından müqayisəolunmaz dərəcədə fərqlənir. Göründüyü kimi, ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı, dünya dövlətləri sırasına çıxarmaqla, beynəlxalq aləmdə özünəməxsus yerini müəyyən etdiyi müstəqil Azərbaycan Respublikası əsrin dörddə biri qədər olan dövrdə nəinki suveren yaşamağa, eyni zamanda, bir sıra sahələrdə beynəlxalq maraq doğuran ciddi iqtisadi, sosial, siyasi və mədəni uğurlara imza atmağa nail olmuşdur.
Sözsüz ki, bu möhtəşəm uğurların davamlı olmasında ölkəyə artıq 15 ildir ki, rəhbərlik edən möhtərəm Prezidentimiz İlham Əliyevin və onun xanımı, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xidmətləri olduqca böyükdür. Yeri gəlmişkən, qeyd olunmalıdır ki, dərin elmi biliyi, məntiqi düşünçəsi, yüksək intellekti, tükənməz xeyirxah əməlləri, ən əsası, mənsub olduğu xalqın milli-mənəvi dəyərlərinə sadiqliyi, millətinə, dövlətinə sədaqəti və əsl Azərbaycan xanımına xas digər nümunəvi xüsusiyyətləri Mehriban xanıma bütün Azərbaycan xalqının sonsuz məhəbbətini qazandırmışdır. Məhz buna görə də möhtərəm Prezidentimizin 21 fevral 2017-ci il tarixli Sərəncamı ilə Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsi xalqımız tərəfindən böyük sevinc və məmnunluq hissi ilə qarşılanmışdır.
Məlum olduğu kimi, 11 aprel 2018-ci il tarixdə Azərbaycanda Prezident seçkiləri keçirildi. Təbii ki, ölkədə hökm sürən ictimai-siyasi sabitlik və hərtərəfli, dinamik inkişafın göstəriciləri seçkinin taleyinin həll olunmasında ciddi rol oynadı və xalq gördüyünə, yaşadığına əsaslanaraq, taleyini inandığı və sonsuz məhəbbətlə sevdiyi siyasətçiyə, Ulu öndərin layiqli davamçısı olan əsl liderə – İlham Əliyevə etibar etdi. Böyük mütəşəkkilliklə keçən seçkilər müstəqillik epoxasının məntiqli və möhtəşəm davamı olmaqla, yeni tarixi mərhələnin mühüm start nöqtəsi oldu.
Bütün bunlar bir daha təsdiq edir ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən yüksək peşəkarlıq və ardıcıl uğurlarla davam etdirilən, Azərbaycanı sürətli inkişaf yoluna çıxarmaqla dünyanın ən qüdrətli dövlətləri sırasında özünəməxsus yerini müəyyən edən ümummilli lider Heydər Əliyev siyasətinin Azərbaycanda alternativi yoxdur. Buna görə də qədirbilən və müdrik Azərbaycan xalqı firavan gələcəyin təminatı olan bu siyasətə əbədi olaraq sadiq qalacaqdır.

Rasim KAZIMOV,
Azərbaycan Respublikası Hərbi prokurorunun müavini,
ədliyyə general-mayoru.

Mənbə: http://www.respublica-news.az