Ibrahim-Ilyasli1-300x2253

2010-cu il avqustun 2-də Türkiyənin sərhədindəki “Sarp Sınır Kapısı”nı adlayıb ilk dəfə Türkiyə torpağına qədəm basdıq. Əsas hədəfimiz isə Ankarada Anıt Qəbiri – böyük Atatürkü ziyarət etmək idi…

Bu duyğu nə duyğudu, bu hiss nə hissdi belə?-
Ayağım altda torpaq, başım üstə göy dindi.
Otlar, ağaclar, sular, quşlar gəldilər dilə,
Ulduzlardan qəlbimə bir topa işıq endi.

Nə zamandı bu nura, işığa yol gəlirdim,
Bir söz əzizlənirdi ürəyimdə – Türkiyə!
Tək səndə əlac bilib, ayağına gətirdim,
Böyük Turan dərdini kürəyimdə, Türkiyə!

Rizeni, Trabzonu, Ordu, Ünyeni aşdım,
Axır gəlib qovuşdum Atatürkün şəhrinə.
Burası Samsun, bəyim, dilim ağzıma sığmır,
Sözüm var “Bandırma”dan Qara dəniz nəhrinə:

“Ehey… nəhrlər nəhri, hey… dəryalar dəryası,
Necə hökm eləyərlər gördünmü dağa, daşa:!
Burdan sahillərinə bəxtəvərlik yaşatdı
Mübarək qədəmiylə Mustafa Kamal Paşa.

Burdan səsləndi türkün yağıya savaş andı,
Məmləkətə can dedi millətin sərkərdəsi.
Ürəklərdə intiqam ocağı alovlandı,-
Yaxdı cəbhə xəttini ərlərin od nəfəsi”…

“Ölüm-dirim” davası köməyə çatmayanda,
“Ölüm-ölüm” vuruşu başladı Çanaqqala!
Türkün top lüləsini tarixin sifətinə
Şəhidlik zirvəsindən tuşladı Çanaqqala!

Bu da arzumun adı – canım-gözüm Ankara!-
Alışan bəbəklərim çatdı öz istəyinə.
Nə zamandı göylərə dartınan barmaqlarım
Anıt Təpədə yetdi Tanrının ətəyinə.