Şairə-publisist Nəcibə İLKİN.Seçmə şeirlər

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü,
“Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və
“Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru

MƏN SƏNİ SEVƏN DEYİLƏM

Bir sevgisən, öz içimdə,
Lal olubdu söz içimdə,
Yanar köz olsan içimdə,
Mən səni sevən deyiləm.

Bu eşqin baxıb dadına,
Heç yaraşdırma adına,
Gəl məni salma oduna,
Mən səni sevən deyiləm.

Xəyal olub düşdüm yola,
Yenə də sənlə qol-qola,
Milyon varın, sözün ola,
Mən səni sevən deyiləm.

Əlim əlindən asılı,
Könlüm könlünə qısılı,
Desələr bu baxt yazılı,
Mən səni sevən deyiləm.

Mən bir azca utancağam,
Könül isitməz ocağam,
Yaxın dursanyanacağam,
Mən səni sevən deyiləm.

Deyən, çox etdim ərkimi,
Sözüm yandırsın hər kimi,
Sən məni sevdiyin kimi,
Mən səni sevən deyiləm.

ÖZÜMÜZƏ TALE YAZDIQ

Üzülməyən sevgimizin,
Ürəyini niyə üzdük,
Özümüz də heç bilmədən,
Yolumuzu tərsə düzdük.

Yol gözləyən izimizin,
Dedik həsrət, kədər bizim,
Şirin dadan sevgimizin,
Badəsinə acı süzdük.

Kim uduzub, kim nə udub,
Şirin anları unudub,
Fələyin əlindən tutub,
Özümüzə tale yazdıq.

DUYĞULARIN QANADIYAM

Buz bağlayan yollarını,
Nəfəsimlə əridəydim,
Bu ağlayan sevdamızı,
Gücüm çata, kiridəydim.

Bir dünyalıq can oduyam,
Duyğuların qanadıyam,
Mən sevginin öz adıyam,
Göydə sevib, yerə dəydim.

Yaz dərdimi, yaz aramla,
Nə yaşıyım bu yaramla,
Vüsalımı damla-damla,
Ürəyinə yeridəydim.