Rahilə xanım DÖVRAN.Seçmə şeirlər

Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Naxçıvan Muxtar Respublikası Bürosunun Rəhbəri, “Qızıl qələm” media mükafatı laureatı

NAXÇIVANIN GECƏLƏRI

/”Vətənimdir”- silsiləsindən/

Gündüz Ona hamı aşiq,
Axşam başqa bir yaraşıq.
Çil- çıraqdır, nur qarışıq,
Naxçıvanın gecələri.

Hər köşədə bir çal- çağır,
Bayram edir zəfər, uğur.
Sanki göydən ulduz yağır,
Naxçıvanın gecələri.

Alqışlayır dostu, yarı,
Vəfadarı, düz ilqarı.
Könül açan “Arazbarı”,
Naxçıvanın gecələri.

Tərk edibdir qəm, kədəri,
Firəvanlıq bəzək, zəri.
Alqışlayır xoş səhəri,
Naxçıvanın gecələri.

Əcəminin ruh, nəfəsi,
Ana Xatun məqbərəsi.
Atabəylər əfsanəsi,
Naxçıvanın gecələri.

Nazlanır “Qızlar bulağı”,
Aşiqlər olur qonağı.
Allanır üzü, yanağı,
Naxçıvanın gecələri.

Ay şövq ilə yana- yana,
Sığal çəkir həyəcana.
Ilham, təb gəlir Dövrana,
Naxçıvanın gecələri…

OLASAN

/”könül dəftərim” – silsiləsindən/

Səni sevdim gözəlim, bəlkə mənə yar olasan,
Hər ağır, dar günümdə qəlbimə qəmxar olasan.

İstədim sənlə qoşum həyatımın şən nəğməsin,
Köksümə sıxam sənı, sarı simli tar olasan.

İlk bahar zənn elədim eşqimizin hər fəslini,
Sanmazdım yaz günündə şaxta, dolu, qar olasan.

Təmannam oldu Rəbbdən tez yetirsin sevdiyimi,
Demədim ta dönəsən, sevginə əğyar olasan.

Bilməzdim bu sevdanı sarar riya, məkri- yalan,
Sən də ki, bir vəfasız, qaniçən, qəddar olasan.

Yaradan etsin islah, tez dönəsən haqq yoluna,
Rahilə Dövran kimi, eşq üçün zəvvar olasan.

QƏDİM NAXÇIVAN
/ 2-cı kitabından bir nümunə/

Görənlər bir daha geriyə dönməz,
Vətən məhəbbəti alışar,sönməz.
Azman qayaları dayanıb dinməz,
Həmişə gəncləşən, həmişə cavan,
Cənnətə dönübdür qədim Naxçıvan!

Babəkim daşıyır mərdimin adın,
Sərkərdəmtək igid hər kişi,qadın.
Burnunu ovubdur yağının,yadın,
Bunu gözəl bilir hər gənc, hər cavan,.
Cənnətə dönübdür qədim Naxçıvan!

Culfa ,İlanlı dağ, Kəmki, Əlincə,
Oğlanlar bahadır, qızları incə.
Ürəyi atlanır insan bilincə,
Tutubdur hər zaman düşmənə divan,
Cənnətə dönübdür qədim Naxçıvan!

Ordubad elimin cənnət bağıdır,
Ən yüksək zirvəsi Soyuq dağıdır.
Hər zaman burada bahar çağıdır,
Səidim,Yusifim yenə novcavan,
Cənnətə dönübdür qədim Naxçıvan!

Şahbuz əzəmətdir, bir tacdır başda,
Canlı salnamədir yazılıb daşda.
Yağı oxları var qayada, daşda,
Ərənlər tutubdur düşmənə divan,
Cənnətə dönübdür qədim Naxçıvan!

Şərur düzlərində tarixin izi,
Bükülüb burada düşmənin dizi.
Şanlı keçmişimə qaytarır bizi,
Təzə gəlin kimi çiçəklər əlvan,
Cənnətə dönübdür qədim Naxçıvan!

Sədərək vətənin qeyrət qalası,
Şəhid qanındandır gülü, lalası.
Qədim Naxçıvanın igid balası,
Düşmənə verməyib meydanda aman,
Cənnətə dönübdür qədim Naxçıvan!

Kəngərli tarixin daş səhifəsi.
Yaradan əllərin gözəl töhfəsi.
Burda insanların gülür çöhrəsi.
Saza öz yerini veribdir kaman,
Cənnətə dönübdür qədim Naxçıvan!

SÖZÜ ÇOX
/ 9- cu kitabından bir nümunə/

Dinsizlərdən din, mərhəmət umuruq,
Gerçəklərə gözümüzü yumuruq.
Görmürük ki, kimə dəyir yumuruq,
Ocaq yanır odu bizim, közü yox.

Hamı duyur, hamı görür hər halı,
Bazarında iti atdan bahalı.
Bəxtə düşüb armudların ən kalı,
Kor fələyin baxışı var, gözü yox.

Günümüzdür, günü- gündən qaralan,
Gözümüzdür, öz- özünə toralan.
Yoxsa azmı kirpiyilə qor alan?
Ev- eşiyə boş getməyə, üzü yox.

Həkimləri günlük çörək peşində,
Müəllimləri kərpickəsən işində.
Azmı insan, ruhu- canı dişində?
Ruh ölüdür, can çalışır, özü yox.

Çox kitabım sandıqdadır, əlyazma,
Çoxu deyir bu halları, gəl yazma.
Heçalarda, qafiyədə çox azma,
Çərx fırlanır, Dövran dönür, sözü çox..