Təhminə VƏLİYEVA.”Nəsillərə örnək ömür yolu”

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin kiçik elmi işçisi,
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) “Publisistika” şöbəsinin redaktoru.


valiyevatahmina@gmail.com

Sevmək, onun yolunda vuruşmaq və onun uğrunda göz qırpmadan canını vermək əsl aşiqlərin işidir. Bütöv bir Vətəni sevmək, onun hər qarışı üçün vuruşmaq, bir deyil, neçə-neçə millətin, xalqın taleyi, rifahı üçün cəbhəyə atılmaq və sonadək mübarizə aparmaq İkinci Dünya Müharibəsi qəhrəmanlarını tarixin qızıl səhifələrinə yazdırdı. Təbii ki, bu, Vətən eşqi ilə döyünən ürək və səni mübarizədən yayınmamağa izn verməyən cəsarət tələb edir.

Müxtəlif zamanlarda Vətənin hər qarışı üçün düşünmədən, tərəddüd etmədən döyüşən Azərbaycanın oğul və qızları İkinci Dünya Müharibəsində də can-başla iştirak edib, cəbhə bölgələrində düşmənə qarşı mərdliklə vuruşublar. Onların düşmən qarşısında göstərdikləri şücaət qəhrəmanlıq nümunəsi olaraq anılır. Böyük Qələbə bayramının 75-ci ildönümü münasibətilə II Dünya Müharibəsi qəhrəmanlarını xatırlamaq yerinə düşər. II Dünya Müharibəsi başlanan kimi teatrdakı fəaliyyətini dayandırıb döyüşlərə qatılan Mikayıl Əhməd də döyüşçü cəsarəti ilə seçilən qəhrəmanlardan olmuşdur.

Mikayıl Soltan oğlu Əhmədov (əsl adı: Mikayılmahmud Soltanəhməd oğlu Əhməd) 1920-ci il may ayının 13-də Bakıda ziyalı ailəsində anadan olub. Atası Soltanəhməd həkim və ilahiyyatçı idi. O, İranda Tehran Universitetinin tibb fakültəsini bitirmiş və həm də ərəb və fars dillərinə mükəmməl surətdə yiyələnmişdi. Soltanəhmədin babası doktor Kərbəlayı Mahmud Pirşağı bəylərindən idi. Kərbəlayı Mahmudun babası Əhməd bəy şəcərə etibarilə “Soltan-Əhməd” xanədanına mənsubdur. Mikayılgil ailədə 3 uşaq olurlar: Məsumə böyük bacısı, Bibixanım kiçik bacısıdır. Mikayılmahmud isə ailənin tək oğlu olub.

Azərbaycan Dram Teatrının ilk baş rejissoru və direktoru Bilal Əhməd Mikayılın əmisidir. Onun təkidi ilə Mikayıl Əhməd 30-cu illərdə Bakı Teatr Texnikumunda oxuyur. Görkəmli aktrisa Nəsibə Zeynalova ilə tələbə yoldaşı olan M.Əhməd burada böyük rejissor Aleksandr Tuqanovdan dərs alır və Dram teatrında müxtəlif rollarda çıxış edir. Lakin amansız müharibələr Mikayılı yaradıcılıqdan uzaq salır. O, əvvəlcə Sovet-Fin müharibəsinə, sonra isə Böyük Vətən Müharibəsinə yollanır. Berlinə qədər döyüş yolu keçən Mikayıl Qələbə günü ağır yaralanır. Dörd qabırğası sıradan çıxır və ona süni qabırğa qoyulur. Müharibə illərində ondan heç bir xəbər-ətər bilməyən ailəsinə onun ölüm xəbəri gəlir. İlyarım Avstriyada hərbi hospitalda müalicə alan igid döyüşçü ancaq 1947-ci ildə doğma Bakıya qayıda bilir. Dəfələrlə ağır zədə alan, bədəni qəlpələrlə dolu olan qəhrəman döyüşçü, baş leytenant Mikayıl Əhməd şücaətinə görə müxtəlif orden və medallarla təltif olunur.

Müharibə veteranları hər zaman dövlətin xüsusi diqqət və qayğısını görmüşlər. Mikayıl Əhməd də bu diqqətdən kənar qalmayıb. O, “1941-1945-ci il Böyük Vətən Müharibəsinin Qələbəsinin 30 illiyi”, “SSRİ Silahlı Qüvvələrinin 60 illiyi” və “SSRİ Silahlı Qüvvələrinin 70 illiyi” yubiley medalı, “Qvardiya” döş nişanı, “Fərdi təqaüdçü”, “Əmək veteranı”, “1974-cü il Sosialist Yarışının

Qalibi” kimi çoxsaylı orden-medallarla təltif edilib. Ümummilli lider Heydər Əliyevlə mütəmadi görüşləri onu Vətəninə xidmət etməyə daha da ruhlandırır. Müharibədən sonra Bakıda hərbi zavodların mühafizə idarəsinin rəisi işləyən Mikayıl Əhməd az sonra bu işindən ayrılır və taleyini “Xəzər Dəniz Gəmiçiliyi” ilə bağlayır. O, “Sovet Özbəkistanı”, “Həmid Sultanov” gəmi bərələrində müxtəlif vəzifələrdə işləyərək kapitanın baş köməkçisi vəzifəsinə qədər yüksəlir. 55 yaşında pensiyaya çıxan dənizçi doğma Xəzərdən ayrıla bilmir və 65 yaşına qədər gəmiçilikdə çalışır.

Mikayıl 1947-ci ildə Bakı Neft Texnikumunun sonuncu kurs tələbəsi Almaxanım Kərbəlayı Əzim qızı ilə evlənir (Kərbəlayı Əzim Binəqədinin el ağsaqqallarından sayılıb). Bu izdivacdan 6 övladları olur və onların hər biri ali təhsil alır. Onun böyük oğlu Əhməd fizik-ixtiraçı alim, ortancıl oğlu Mövsüm yazıçı-dramaturq, bəstəkar, kiçik oğlu Vüqar Əhməd şair, ədəbiyyatşünasdır. Nəvəsi Almaxanım Əhmədli VI Televiziya Muğam Müsabiqəsinin qalibi – “Qran-Pri” mükafatçısıdır. Qızları həkim, mühəndis və maliyyəçidir. Böyük qızı Çeşmi 2012-ci ildə 63 yaşında dünyasını dəyişib. Çeşminin üç oğlu ali təhsilli, elin ağır günlərində biganə qalmayıb Qarabağ savaşında düşmənlə mərdliklə döyüşən, Vətənə və babalarına layiq övladlardır. Nəvəsi Hüseyn Vüqar oğlu iqtisadçıdır.

Mikayıl Əhməd 1995-ci ildə 75 yaşında insult keçirərək dünyasını dəyişib. Ancaq aradan nə qədər zaman keçsə də, onun xatirəsi əziz, həyat və fəaliyyət yolu unudulmazdır.