HƏR GÜN BİR İLMƏ DƏ SÜZÜLÜR ÜMİDİN ƏTƏYİ

Yerdən-göydən əllərini üzüb,
ümidin ətəyindən yapışanların
sayı çoxaldıqca,
Hər gün bir ilmə də süzülür
ümidin ətəyi.
Bir soran tapılmır ki,
bu əllərin bu ətəkdə ölümü nə?! –
Beləcə fərman verilir
ümidlərin ölümünə.
“Ən son ölən ümidlərdir” deyiminin
həqiqət olduğuna inansaq,
Demək ki,
sonu yaxınlaşır hər şeyin,
Sonu yaxınlaşır
içimizdəki sevgilərin,
pisliklərin, kötülüklərin.
Sonu yaxınlaşır
cəllad baltalarının,
Üstündə çubuq döğranan
kötüklərin –
Və beləcə… sonu yaxınlaşır
dünyanın.
Allah-taalanın işi başından aşacaq
innən belə,
Daha heç kim
mühakimə edə bilməyəcək
Uca Yaradanı,
Düşük-düşük
danışa bilməyəcək
Qurandan belə,
dinnən belə….
külək hamını saman çöpü kimi
qabağına qatıb,
Haqq divanina kürüyəcək…
Mütləq hakim isə – O!
Hələ iynənin ucu boyda olsa da
ümid qalıb, –
Heç kimin ümidini öldürməyin,
arxadaşlar!
Barı özünüzə yazığınız gəlsin…

TANRIM, BİZ EYNİ DƏRDLIYIK

Dönüb, dönüb, eyni yerə,
De nədən gəlirik, Tanrım?
Bu dərdlər mənim üstümə,
Binədən gəlir ilk, Tanrım.

Boz sərçə kimi heç yerə
Köçmək niyyətində deyil.
Yuvası viran könlümdə,
Özgə həyətində deyil.

Bir ayrı ünvanı yoxmu,
Yaxamı sevən dərdlərin?!
Ya padşaha könül verə,
Ya xanı sevə dərdlərin?!

Bir qurtuluş yolu göstər,
Bu zalım dərdin əlindən.
Nə əhvalım bir əhvaldı,
Hə halım dərdin əlindən.

Bu qədər dərdə mübtəla
Dönməzmi bir könül daşa?!
Tanrım, biz eyni dərdliyik,
Möhtacıq bir könüldaşa.