Kitabxanada Nəriman Nərimanovun 150 illik yubileyi ilə əlaqədar informasiya bülleteni hazırlandı

Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında Azərbaycan ədəbiyyatının qabaqcıl ideyalarla və demokratik fikirlərlə zənginləşməsində böyük rol oynamış görkəmli ictimai-siyasi xadim, yazıçı, dramaturq, publisist və maarifçi Nəriman Nərimanovun 150 illik yubileyi ilə əlaqədar informasiya bülleteni hazırlandı.

İnformasiya bülleteninə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Nəriman Nərimanov öz dövrünün, yaşadığı mühitin çərçivəsində böyümüş görkəmli simadır, böyük siyasi xadimdir…” sözləri epiqraf kimi verilmişdir.

İnformasiya bülletenində “Nəriman Nərimanovun 150 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının mətni yerləşdirilmişdir.  

Burada, Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevin N.Nərimanovun 100 illik yübleyindəki məruzəsi və  abidəsinin açılışında nitqi verilmişdir.

Nəriman Nərimanovun həyatı, yaradıcılığı, ictimai fəaliyyəti barədə ətraflı məlumat verilir. Qeyd olunur ki, Nəriman Nərimanov həyatı boyu geniş və çoxcəhətli ictimai, ədəbi və siyasi fəaliyyəti ilə xalqın azadlığı və səadəti uğrunda mübarizə aparmışdır. Nəriman Nərimanov M.F.Axundovun yaratdığı ədəbi məktəbin kllasik ənənələrinin qüdrətli davamçısı olmuşdur.

Materialda qeyd olunur ki, N.Nərimanov хalqın mədəni tərəqqisinə köməyi özünün başlıca vətəndaşlıq borcu hesab edirdi. O, maarifpərvər dostları S.Qənizadə, H.Mahmudbəyov, H.Sarabski və başqalarının köməyi ilə teatr truppası yaradır, tamaşalar göstərirdi.

N.Nərimanov Şərq xalqlarının azadlıq və istiqlaliyyəti çox düşündürürdü. O, geniş xalq kütlələrini inqilabi mübarizəyə cəlb etmək üçün onları dini fanatizm əsarətindən xilas etmə, qəflət yuxusundan ayılma yollarını göstərib.

N.Nərimanov “Həyat” qəzetində “Nər”, “Arı bəy” imzası ilə çap etdirdiyi “Həftə fəryadı”, “Hərdənbir” felyetonlarında və məqalələrində ictimaisiyasi hadisələrə müasirlərindən fərqli olaraq daha fəal münasibət bəsləyirdi.

İnformasiya bülletenində, Nəriman Nərimanovun hikmətli sözləri yerləşdirilmişdir.

Burada Nəriman Nərimanovun heykəltaraş, Xalq rəssamı Cəlal Qaryağdı tərəfindən Bakının Nərimanov prospektində ucaldılmış heykəli,  Bakıda və Tiflisdəki ev-muzeyləri haqqında da məlumat verilir.

Bundan əlavə, informasiya bülletenində görkəmli ədib və ictimai xadim haqqında çəkilmiş filmlərin siyahısı da verilmişdir.

İnformasiya bülleteni ilə Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Veb saytında tanış olmaq olar

http://yasamal.cls.az/front/files/libraries/81/documents/522779988.pdf