This image has an empty alt attribute; its file name is sefabacim-300x298-1.jpg
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

“Ulduz”un ötənilki dekabr sayında Aslan Quliyevin tərcüməsində Dilek Yükselin “Pompeyi sevərkən” hekayəsi yer alıb. Maraqlı hekayədir, insan düşüncəsini xaraba qoymağa yetir. Necə ki Vezuvi püskürüb Pompeyi xaraba qoymuşdu…
Hekayədə Pompeyin obrazı kimi Rahib Vitanı görürük. Və onun Maximaya  sevgisini… İnsanlar canlarını qurtarmaq, yaşamaq üçün Tanrılara olan sevgilərinin hüdudsuzluğunu sübut etməyə çalışır. Amma insanın insana sevgisi mücərrədliyə ünvanlanan bütün sevgilərdən daha dərindir. Rahib Vita da günbəgün Maximaya olan sevgisiylə qısqanclığın, şübhənin dərinliyinə enir, daha doğrusu, ehtirasın və heç vaxt Maximaya qovuşmayacağını bilməyinin doğurduğu kədərin əliylə dibə sürüklənir. Bəs bu dibdə onun qazancı nədir? Əlbəttə ki, ölüm!  Həyat qarşı-qarşıya dayanmış iki piramidadır; biri yerin üstündə, biri yerin altında (Yer deyəndə də şərti olaraq insan həyatını nəzərdə tutarıqsa). Hər iki piramidanın da sonuncu tək daşı ölümdür – istər bir ömür boyu üzüyuxarı addımla, istərsə də üzüaşağı.
Dilek Yükselin hekayəsində Rahib Vita əvvəlcə Tanrılara olan inancı və sədaqətiylə üzüyuxarı addımlayır, sonra Maximaya olan sevgisi onu aşağı dartır. Biz sevgini hisslərin ən alisi, ən yüksəkdə dayananı zənn edirik. Bəs, İradə Aytelin “Qanlı öpüşlər”inin qadın qəhrəmanını ən bağışlanmaz səhvə – insan öldürməyə sürükləyən nəydi? Sevgi deyildimi?..
Rahib Vitanı Tanrılardan daha ehtirasla sevdiyi Maximanın boğazından ikiəlli yapışıb var gücüylə sıxmağa məcbur edən də eyni hiss idi… Və insanlığın – simvol olaraq Pompeyin faciəsi belə başlanır: sevgi öldürəndə…
8 yanvar 2020
***
“Ədəbiyyat qəzeti”ndə Qulu Ağsəs”in “Duman” hekayəsini oxudum. Hekayədə Azərbaycan ailəsinin “yazılmamış qanunları”nın bir yox, bir neçə “məcəlləsi” ilə tanış oluruq. Anayla bibinin  “uşağı kim çox istəyir” yarışı, bibioğlu-dayıoğlu arasındakı yaş fərqinin “böyük-kiçik söhbəti”nə dönməsi, kənddə “dəli-dolu” olmasıyla ad çıxaran Dumanın başçı seçilməsi kimi kiçik “ipucları” bəs edir ki, bir ailə haqqında ümumi fikir sahibi olasan…
Hekayənin əvvəlində Qulu Ağsəs oxucunun diqqətini ermənilərin günahsız insanlara atəş açmasına, kəndi qorxu içində saxlamasına çəkməyə cəhd edir. Amma  hekayəni oxuyan istənilən oxucudan soruşsan, “Duman kişi adamdır”-deyəcək, vəssalam… Çünki qəfildən hekayənin məcrası dəyişir; Qrişanın Dumana “ilan dili çıxartması”yla onun Noranı evlərinə gətirməsi, gizlətməsi, Noranın Rostova göndərilməsi bir-birini  ardıcıl izləyir. Sonda isə Dumanın 3 min əskiyi çıxır. Məhz Noranın Rostova göndərilməsi üçün Qrişaya lazım olan 3 min.
Qulu Ağsəs qəhrəmanının sonrakı taleyi ilə bağlı məlumat vermir. Bu da oxucuya fürsət verir ki, düşüncə dənizinin dərininə baş vurmadan elə bu cümlə ilə kifayətlənsin: “Duman kişi adamdır!” Vəssalam!
…Qulu Ağsəsi şəxsən tanıyanlar bilir ki, o, xatirələrinin dolaşığındadır, nə vaxtsa bu xatirələri nizama salmaq ümidindən də çoxdan əlini üzüb. Nə olar, qoy olsun. Onun indiyə qədər yazdıqları kimi, indən sonra yazacaqları da xatirələrin içində “azdığı” vaxt əlinə keçən ilmələrdir. Bütöv bir xalça xanasındakı bircə ilmə. Özü də ərişdən-arğacdan keçirilib, amma həvələnməyib, bıçaq vurulmayıb.
6 fevral 2020