Xalq yazıçısı Mehdi HÜSEYN.”Odlu qılınc”(Hekayə)

Günəş doğdu. Hava işıqlandıqca Girdman qalası aydın görünməyə başlayırdı. Uzaqlarda gümüş kəmər kimi parıldayan Kür çayı uzanıb gedirdi. Göz işlədikcə uzanan düzlər yaşıllıq içində üzürdü. Burada qədim babalarımızın əli ilə yaranmış gözəl bir Azərbaycan şəhəri yerləşmişdi.
Girdman qalasının qoca keşikçisi arabir dayanıb ətrafı dinləyirdi. Birdən o, bağırtı və qılınc səslərinə diksinib, diqqətini topladı. Elə bil ki, iki böyük dəstə bir-biri ilə ölüm-dirim vuruşuna girmişdi. Qoca, şəhərə düşmən qoşunu doluşduğunu zənn edib hökmdara xəbər aparmaq istədi. Bu anda vuruşanlar həyətdə göründülər.
Qoca keşikçi qəhqəhə çəkib güldü. Qoşun hesab etdiyi adamlar yalnız iki nəfərdi. Onlardan biri dalı-dalı çəkilir, o biri isə qabağındakının üstünə ildırım kimi şığıyırdı.
Onlar qocanın burada olmasından xəbərsizdilər, onun qəhqəhəsini də eşitmirdilər. Yenicə doğan günəşin qızıl şüaları polad qılınclarda əks edərək parıldayırdı.
Vuruşan gənclərin üzü güldü.
İrəliyə doğru şığıyan dəliqanlı Girdman hökmdarı Varazın oğlu Cavanşir idi.
Cavanşir qabağındakı oğlana möhkəm bir zərbə endirərək onun qalxanını yarıya böldü:
– At yerə qılıncını, Urmuz! Bununla sən üç dəfədir məğlub olursan…
Qoca keşikçini yalnız indi görüb utanan Urmuz Cavanşirin qələbəsinə dözməyib etiraz etdi:
– Yox, bu olmadı! Ayağım daşa toxundu. Sən hələ yalnız iki zərbə endirmisən… mən özüm sənin xətrinə dəymirəm…
Cavanşirin dodaqlarındakı gülüş izləri silinib yox oldu:
– Bu, bəhanədir, dostum, – dedi, – istəyirsən, bir də vuruşaq, bu meydan, bu da mən…
Onlar yenə vuruşmağa hazırlaşanda qoca keşikçi Cavanşirə yanaşıb dedi:
– Mən davanızı ayırd elərəm.
Qılınclar yenə parıldadı. Urmuzun zərbəsi gözlənilmədən oldu. Cavanşir iki addım geri çəkildi. Pərt halda gözlərini döydü:
– Bax, buna sözüm yoxdu, – dedi, – vuruş zamanı danışmaq mənə baha başa oturdu.
Qoca keşikçinin işə qarışmasına ehtiyac qalmadı. Cavanşir əlindəki qalxanı kənara atıb Urmuzun üstünə cumdu:
– Al, bu da üç!.. – deyə sevinclə bağıraraq Urmuza möhkəm bir zərbə vurdu. – İndi razısanmı?
Urmuz bu zərbədən güclə özünü doğrultdu. Qılıncının ucunu yerə dayadı, çiyninin ağrısından qollarını dörd-beş dəfə havada fırlatdı.
– Çox gözəl, – dedi, – mən sənin məharətini ürəkdən təsdiq edirəm. Böyük hökmdarımız Varaz, doğrudan da, xoşbəxtdir. Onun sevimli oğlu Cavanşir indi Girdmanın igid sərkərdəsi olmağa, doğrudan da, layiqdir… Gəl, gəl, üzündən öpüm!
Birdən haradasa şeypur çalındı. Çox keçməmiş Girdman cəngavərləri böyük meydana toplaşdılar.
Vətənin göylərini qara buludlar örtəndə həmişə belə olardı. Şeypur səsləri hamını çağırardı. Girdmanın igid sərkərdəsi dik bir yerdə görünərdi.

Onun bir sözü ilə insan dənizi bir səmtə doğru axırdı.
İndi də gözlər sərkərdəyə zilləndi. Qoca Varaz öz yaxın adamları ilə gəldi. Arvadı Cavahir xatun da yanında idi.
İnsan dənizi sükut içində gözləyirdi. Varaz sözə başladı. Onun səsində qəribə bir titrəyiş vardı. Cəbhələr yarmış bu qocaman sərkərdənin səsini eşidəndə hamı fəlakətin böyük olduğunu anladı.
Varaz dedi:
– Əziz övladlarım! Bu qocanın sözlərinə diqqətlə qulaq asın! Müqəddəs Girdman ölkəsi bizdən kömək istəyir. Odur, yenə üstümüzə düşmən gəlir. O, çox insafsız düşməndir, çapıb-talayır, vurub-yıxır, insaf deyəndə – qılınc çəkir, namus deyəndə – od yağdırır. Bilin ki, üstümüzə ölüm gəlir.
Mən də sizə son borcumu verməyə gəldim. Otuz ildə həmişə ölüm bizdən uzaq olubdur. Girdman adı gələndə hamı hörmətlə baş əyibdir. Amma indi mən qocalmışam. Bu gün səhər ox süzdürüb qılınc çalmaq istədim, əllərim titrədi. Sərkərdəniz kim olacaq? Göstərin.
Bu anda Urmuzun qılıncı parladı. O, Varazın qarşısında əyildi, qılıncını oynatdı və dedi:
– Böyük hökmdarımız! Mən artıq yetkin bir cəngavərəm. Sərkərdəlik qılıncını mənə verin!
Varaz onun cəsarətindən razı qaldısa da, fikrinə şərik olmayıb dedi:
– İgid oğlum, sən hələ cavansan. Sərkərdəlik qılıncını adama hökmdar yox, döyüş meydanı verər!
Urmuz daha dinmədi, hökmdarın sözləri onu inandırdı. Sonra Cavanşir meydana çıxdı.
– Mənim də sözüm var, ata, – dedi, – döyüş meydanında düşmən sərkərdəsinin qılıncını əlindən alacağıma söz verirəm!
Varaz oğlunun da cəsarətini bəyəndi, amma daha bir çətin sınaqdan keçirmək istədi: – Bəlkə, birdən o, səni məğlub etdi?
Cavanşir səsini ucaltdı, böyük bir qürurla cavab verdi:
– Kür çayı dayanar, Varaz oğlu Cavanşir basılmaz!
O, Cavanşirə diqqətlə baxdı, sonra dönüb Cavahir xatunun fikrini bilmək istədi:
– Oğlun sərkərdə olmaq istəyir, sən nə fikirdəsən?
Cavanşirin anası dinmədi. Varaz yenə oğluna baxdı. Urmuza dediyini təkrar etdi:
– Hələ cavansan, oğlum!
Cavanşir, hamı eşitsin deyə səsini daha da ucaltdı:
– On dörd yaşlı bir hökmdar tanıyıram ki, qanlı vuruşma meydanında düşmən sərkərdəsinin başını bədənindən ayırdı.
Varaz onun sözünü kəsmək üçün dedi:
– Qoşun başçısı ölsə də, möhkəm qoşun dağılmaz.
Cavanşir bir qədər susdu, lakin atasının bu fikrini də cavabsız qoymayıb dedi:
– Mən düşmən qoşununu dağıtdıqdan sonra onun sərkərdəsi ilə qabaqlaşacağam.
Varaz istəkli oğlunun çox ağıllı bir gənc olduğunu yaxşı bilirdi. Lakin onun bu cavablarını eşitdikdən sonra Cavanşirə məhəbbəti daha da artdı.
– Elə isə tədbirini söylə, oğlum, – dedi.
– Vuruşmanın sonuna gözlərsən, ata ,– deyə Cavanşir cavab verdi. Sonra Varaz üzünü xalqa tutdu, insanların rəyini bilmək istədi.
– Razıyıq, razıyıq! – dedilər.
– Elə isə uğurlar olsun, bala!.. Unutma ki, Girdman torpağının sərhədi Kür çayının o tayından başlanır.
– Bunu bilirəm, ata… Qoy mehriban anam mənə xeyir-dua versin!
Bütün xalqın gözü Cavahir xatuna zilləndi. Onun hər bir kəlməsini yaxşı eşitmək üçün hamı diqqətlə qulaq asırdı.
Cavahir xatun dedi:
– İndi də mənim sözlərimi dinlə, oğlum. Bir zaman, sən hələ uşaq ikən, davada düşmənin polad qılıncı məni sinəmdən yaraladı. Mən ağlamadım, oğlum! “Cavanşirim sağ olsun!”, – dedim. Evə qayıtdım. Sənin sinəni al qanıma boyadım. Mən davasız-dərmansız sağaldım. Sən də böyüyüb igid oldun. İndi vuruş meydanına gedirsən. Atanı da, məni də sən əvəz edirsən. Çalış ki, düşmən səni arxadan vurmasın. Sinədən aldığın yaradan sənə ölüm yoxdur. Ananın qızıl qanına xəncər batmaz.
Ananın sözlərini eşidən Girdman cəngavərləri qılıncları havada oynadıb, ucadan çığırdılar:
– Var olsun anamız!
Sonra Cavanşirin səsi eşidildi:
– İgid dostlar! Anamın sözləri qollarıma qüvvət, gözlərimə işıq verdi. Atam bizi imtahana çəkir. Mənim də şərtim var. Hər saatda yeddi çapar müharibə meydanından atama xəbər gətirsin. Bax bu meydanda iki cərgə cavan düzülsün. Bu
cərgənin birində yeddi oğlan – əllərində qılınc-xəncər, o birisində isə yeddi qız – əllərində gül-çiçək dayansın. Məğlub olub qayıtsam, qoy o yeddi cəngavərin hərəsi mənə sağalmaz bir yara vursun. Əgər qalibiyyətlə geri dönsəm, yeddi qız üstümə gül-çiçək səpsin.
Varaz bu şərtə razı oldu:
– Oğlum, – dedi, – düşmən atları Kürün müqəddəs sularından bir damla da içərsə, unutma ki, o qılınc yaralarını sənə yeddi igid yox, bütün Girdman ölkəsi vuracaq, qalib gəlsən, üstünə o gülləri, çiçəkləri bütün Girdman səpəcək!
Cavanşir qoca atasının bu sözlərindən daha da ruhlandı:
– Uğurumuz xoş olarsa, yenə burada görüşərik, ata, – dedi.
Onun köhlən atını gətirdilər. Cavanşir ata-anasının əlindən öpüb, cəld ata sıçradı. Köhlən at şahə qalxdı.
Hərəkət şeypurları gurladı. Dağlar, dərələr titrədi. Cavan sərkərdənin qoşunu hərəkətə gələndə ata gözlərindən sevinc yaşlarını silərək dedi:
– Göylər sənə yar olsun, oğlum!
… Günlər keçdi. Cavanşirdən xəbər gəlmədi. Qoca Varazın səbri tükəndi.
– Kim bilir, bəlkə də, bütün qoşun əsir düşmüşdür?
Ana ürəyi buna dözmədi. Cavahir xatun dedi:
– Səbr et, Varaz! Qocaldıqca, deyəsən, hökmdar olduğunu unudursan!..
Bu anda sarayın yaxınlığında yel qanadlı bir atlı göründü. Cavahir xatun onu hamıdan əvvəl gördü və dedi:
– Cavanşirin elçisidir!

Hamı dərin bir həyəcan və intizarla atlı gələn tərəfə baxdı. Elçi gəlib atdan düşdü, hökmdarla Cavahir xatunun qarşısında baş əyib dedi:
– Mərd sərkərdəmizin ilk elçisiyəm. Düşmən Kür çayının bəri tayında idi. İlk həmlədə düşməndən iki yüz, bizdən isə üç yüzə qədər igidin qanı Kür çayının sularını qırmızı rəngə boyadı. Vuruş get-gedə qızışır. Düşmən bizdən on qat çoxdur.
Varazın qaşları çatıldı. Dodaqlarında incə bir titrəyiş göründü.
– Get, oğlum, – dedi, – bu acı xəbəri eşidən anaların ürəyi qana dönməsin.
Bu xəbərdən kədərlənmiş Cavahir xatun hökmdarın ətrafına toplanmış oğlanlara, qızlara üzünü tutub dedi:
– Cavanşir birinci şərtə əməl edib elçi göndərdi. Girdman igidləri, siz də onun ikinci şərtinə əməl edin!
Böyük ananın hökmünə əməl olundu: gənclər iki cərgə düzüldülər. Bir yanda qılınclar parıldadı, bir yanda isə güllər, çiçəklər ətir saçdı.
Çox keçməmiş Cavanşirin ikinci elçisi özünü yetirdi:
– Böyük hökmdar! – dedi. – Bir Girdman cəngavəri düşmən sərkərdəsinin qarşısına çıxdı, atının qantarğasından tutub saxlamaq istədi. Quduz düşmənin qılıncı cəngavərin qolunu kəsib atdı. Cavanşir nərə çəkdi: “Eyy, qorx ki, sən başını itirməyəsən!” Qanlı vuruşma getdikcə şiddətlənir. Düşmən bizdən on dəfə çoxdur.
Qan Varazın başına vurdu, gözləri qaraldı, titrəyən əlini qılınca atdı və dedi:
– Of, Cavanşir, Cavanşir!.. Mən otuz ildə belə acı xəbər eşitməmişdim.
Bu anda üçüncü elçi atdan düşüb səndələyə- səndələyə gəldi. Özünü güclə dikəldib, qılıncına söykəndi və dedi:
– Böyük hökmdar! Cavanşir düşmən sərkərdəsi ilə qabaqlaşdı. Düşmən qara dırnaqlı atını Cavanşirin üstünə səyirtdi, əyri qılıncını düz onun başına endirdi. Cavanşirin atı kənara sıçradı və birdən hərlənib, özünü düşmən sərkərdəsinin üstünə atdı. Bir də nə görsək yaxşıdır? Bədəndən ayrılmış bir baş havada fırlanır…
Qoca Varazın qəlbində oğul məhəbbəti coşdu və səbirsizliklə xəbər aldı:
– Kimin başı idi?
Elçi nəfəsini dərdi və gülümsünərək dedi:
– Böyük sərkərdəmiz Cavanşirin odlu qılıncı vəhşi düşmənin başını qara dırnaqlı atının ayaqları altına atdı. İndi bizimkilər düşmən əsgərlərini qırıb tökürlər.
Cavahir xatun böyük imtahandan çıxmış oğlunun yaralı elçisinə baxaraq əmr etdi:
– Qızlar, bu şadxəbər elçinin yaralarını bağlayın!
Yenə şeypur səsləri guruldadı. İndi Cavanşir özü Girdman igidləri ilə bərabər qayıdırdı.
Varazın alov kimi yanan gözlərində oğlunun qələbəsindən doğan bir parıltı vardı. Cavanşir hələ at belində ikən qoca hökmdar soruşdu:
– Söylə, oğlum, söylə, mənim körpə aslanım, düşmən atları Kür çayının suyundan içə bildimi?
Hamı od kimi parıldayan qılıncla hökmdarı salamladı. Cavanşir dedi:
– Ata, qara dırnaqlı düşmən atları ana vətənin müqəddəs Kür sularından bir damcı da içə bilmədi. Lakin düşmənlər özləri bu sudan doyunca içdilər.
Sonra Varazın səsi ucaldı:
– Bu ölkə heç vaxt məğlub olmayacaq, övladlarım!