Coşqun XƏLİLOĞLU.”Ekskursiya” (Hekayə)

       Sonuncu dərs idi. Dərsin qurtarmasına az qalmış müəllim üzünü şagirdlərə tutub: 
      – Sabah istirahət günüdür. İstəyirəm fəal, bacarıqlı uşaqlardan beş-altı nəfərini ekskursiyaya aparım. Məqsədim odur ki,  həm təbiətin qoynunda olasınız, həm də həyatı dərindən öyrənəsiniz. Amma burada hər şey könüllülük əsasında olmalıdır. Odur ki, kim ekskursiyaya getmək istəyir, əlini qaldırsın.
     – Ekskursiya haraya olacaq? –  Uşaqlar yerbəyerdən soruşdular. 
     – Ekskursiyaya gedənlərin sayını dəqiqləşdirək, sonra gedcəyimiz yerin adını biləcəksiniz. –müəllim cavab verdi.  
     Sinfimizdə oxuyan qızlar tərəddüd etsələr də oğlanların hamısı razılıqlarını bildirdilər. Uşaqların da maşallah, nə az-nə çox düz on yeddi nəfəri oğlan idi. Deyəsən, müəllim bunu gözləmirdi. “Yox, bu lap çox oldu” – deyib, əlavə etdi:     
     – Seçimi özüm edəcəyəm.                                                                            
     Müəllim daha boy-buxunlu və sağlam görünən altı nəfərin adını çəkdi və dərsdən sonra onların qalmasını tapşırdı. Qəribə burası idi ki, sinifdə oxuyan əlaçı şagirdlərdən heç birinin adı, o cümlədən mənim də ekskursiyaya gedənlərin arasında adım yox idi. Mən nə qədər xahiş etsəm də, müəllim mənim adımı siyahıya əlavə etmədi. Zəng vuruldu, sinifdən çıxdıq. Mən və ekskursiyaya getmək istəyən dostlarım pərt halda evimizə getdik. Müəllimin dərslərini yaxşı oxuyan şagirdlərini ekskursiyaya aparmaması bizə çox pis təsir etmişdi.
     Bazar ertəsi dərsə gedəndə ekskursiyaya gedənlərdən iki nəfəri ilə elə yoldaca qarşılaşdım. Bir günün içində onların yaxşıca qaraldıqları diqqətimdən yayınmadı. Salamlaşandan dərhal sonra özümü saxlaya bilməyib dedim:
     – Maşallah, ekskursiyanız, deyəsən, yaxşı keçb, – dedim
    Sülhəddin bic-bic gülümsünərək:
     – Yaxşı da sözdür, həm gəzdik, həm də işlədik. –Əlini açaraq ovcunun suluqlanmış içini göstərdi.
     Qafar dözməyib bir az  da hirsli səslə:
     – Biz də o bəxt haradandır ki, bizi ekskursiyaya aparsınlar.  Kür çayının o biri sahilindəki axmaza müəllim üçün qamış biçməyə getmişdik.
     Şənbə günündən bəri üzümdə olan pərtlik bir anda əriyib getdi.