Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

Təpədən dırnağa şeirdi bu qız,
Görüb camalnı mat qalmışam mən.
Bilmirəm ay deyim, yoxsa ki, ulduz,
Gözlərim qamaşıb, lal olmuşam mən.

Dodağı şeirdi, gözü şeirdi,
Qələm əldən düşüb, susubdu dilim,
Baxışı şeirdi, sözü şeirdi,
Baxıram, üzümdə qalıbdı əlim.

Nəyi var şairin ürəkdən özgə,
Ürəyim aslıb qara telindən.
Dözümüm qalmayıb, nazını çəkə,
Misralar tökülür şirin dilindən.

Qəzəldi, qoşmadı üzü, yanağ,
Baxışı sevgidir, gülüşü mehir,
Qoynu bir cənnətdi, üzü gül bağı,
Q bir möcüzədi, o bir sirr, sehir.

Köynəyi qıfılbənd,düyməsi təcnis,
Vergüldü qəmzəsi, nöqtədi xalı.
Quran ayəsidi o kəlmə, o səs,
Nəfəsi bayatı, dili şan balı.

İncə qafiyədi, o əli, beli,
Saitdi, samitdi kipriyi, qaşı,
Belə yazmayıbdı Vaqif, Füzuli,
Məməm-mənəm deyir, hər kəlmə başı.

Şeir yazmaq olub, həmişə peşəm,
Bir gözəl mahnıdı, sözləri hazır.
İndi anlamışam, indi bilmişəm,
Ən gözəl şeiri Yaradan yazır.