Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

Ürəyini verməyə bir dost, sirdaş axtarır,
Tənha qalıb darıxır, yaxın yoldaş axtarır,
Gizli-gizli yollara , yan- yörəsinə baxır,
Ay oğlanlar nə olar, bu qızı da bəyənin.

Bənövşə tək abrına, həyasına bükülür,
Üz , gözündən bir sevgi, bir gözəllik tökülür,
Güləndə elə bil ki, günəş gülür, ay gülür,
Ay oğlanlar nə olar, bu qızı da bəyənin.

Tək qalanda darıxır, gizli-gizli ağlayır.
Gözləri bulaq kimi ,dərddən-qəmdən çağlayır,
Həsrət bir cəllad kimi sinəsini dağlayır,
Ay oğlanlar nə olar, bu qızı da bəyənin.

Əlı sığal istəyir, saçı tumar istəyir,
Yaradandan nə vaxtdı, bir əhli, hal istəyir,
Ürəyi sevgi dolu, bir sözü bal istəyir,
Ay oğlanlar nə olar, bu qızı da bəyənin.

Leyli kimi bağlanar, onu bir sevən olsa,
Baxmaz özgə kimsəyə, dünya igidlə dolsa,
Keçər oddan- alovdan, yolları duman alsa,
Ay oğlanlar nə olar, bu qızı da bəyənin.

Arzuları çırpılır hər gün daşa-qayaya,
Bir qulaq asanı yox, qəlbindəki haraya,
Üzünüzü çevirin, bu günəşə, bu aya,
Ay oğlanlar nə olar bu qızı da bəyənin.