Könül NURİYEVA.”Sözsüz ki, qəlbim Hüseyn sevdasıyla doludur”

Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının CƏNUB Bürosunun Rəhbəri

Gözü yaşlıların halın nə bilsin mərdümi-qafil,
Kəvakib seyrini şəb ta səhər bidar olandan sor”.
Məhəmməd Füzuli
.

Sözsüz ki, qəlbim Hüseyn sevdasıyla doludur. Bəlkə də buna səbəb ilk dəfə anamın mənə bu barədə danışmasıdır; bəlkə uşaqlığımın xatirələri, bəlkə də hər dəfə su içəndə onun yadıma düşməsidir…

Gecənin hansı vədəsi yuxudan oyansam, su içəndən sonra mütləq deyirəm: “Salam olsun sənə, ya Hüseyn!” Bizi belə öyrədiblər və mən bu öyrəndiklərimin qəlbimi rahatlatdığını hiss edirəm.

Quranı dörd dəfə Azərbaycan dilində, bir dəfə isə ərəb dilində, yəni tərcümə etmədən avazı ilə oxumuşam. Bundan başqa, bir çox risalələri, İmam Hüseyn haqqında yazılmış kitabları və sairə mütaliə etmişəm. Bunları niyə etmişəm? İstəməmişəm ki, kimsə məni dinin qara kimi qələmə verilən tərəflərinə çəksin, radikal olmayım, dinə savadlı yanaşım deyə. Dindar olmasam da, məntiqli dinşünaslara hörmət edim, cahil olmayım; Əlini, Hüseyni, Əbülfəzl Ağanı, Xanım Fatimeyi-Zəhranı niyə sevdiyimi izah edə bilim deyə.

Bildiyim bir şey var: əgər mübarizə ədalət uğrunda gedirsə, o, hörmətə layiqdir. Əgər mənəvi dəyərlər qabardılırsa, ona hörmət edilməli və əməl olunmalıdır. Əgər məntiqə uyğun olmayan məqamlar varsa, araşdırılmalıdır. Amma heç bir halda inkarçı olmaq olmaz. İnkarçılar – savadsızlardır; heç nə bilməyən və öyrənmək istəməyən bir insan öz fikrini necə əsaslandıra bilər ki?

Aşura qəlblərdə yaşayan həzin, eyni zamanda mübariz bir səhifədir. Vaxtaşırı şərə, ləkəyə bulaşdırılmaq istənilsə də, bu heç vaxt mümkün olmayıb. Çünki həmin gün o səhrada cəsur bir ürək vardı; balasının ölümünü gözüylə görən, amma yaşadığı faciəyə baxmayaraq ədəbini-ərkanını, sakitliyini və sükunətini qoruyan bir insan, əsl kişi vardı. Bunu hansımız bacararıq?!
Məhz buna görə: “Salam olsun sənə, ya Hüseyn!” Məhz buna görə, yəqin ki, bu yazıdan sonra da bir yazıçını dini fanatizmdə günahlandıracaqlar və uzaqlaşacaqlar. Amma səni də o gün dost bildiklərin tərk etmişdi, sən isə onlara nifrət etməmişdin. Səndən öyrənəcəyimiz böyük insanlıq dərsləri var. Düşünə bilənlər üçün elə təkcə bu sonuncu cümlə bəs edir.

Comments

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir