Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qarabağ Bürosunun RəhbəriAzərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

BAŞIMIN TACISAN

Mən şeyda bülbüləm, sən tər bənövşə,
Eşqimiz düşübdü tay dilə, dişə,
Göylər də sevinir, gülüm, bu işə,
Mənim qara gözlü, bir ceyranım var,
Sənin tək sevimli, mehribanım var.

Qəlbim eşqin ilə alışıb yanır,
Ruhum bu sevgidən nura boyanır,
Gözümün önündə, gözün dayanır,
Bu eşqə, sevgiyə bir inamım var,
Sənin tək sevimli, mehribanım var.

Hüsnün bədirlənmiş aya bənzəyir,
Gözəlliyin yeri, göyü bəzəyir,
Ulduzlar hər gecə, səni gözləyir,
Xoşbəxtəm sənin tək, bir cananım var,
Sənin tək sevimli, mehribanım var.

Ömrümsən, günümsən, səadətimsən,
Arzu, istəyimsən, məhəbbətimsən,
Dilimdən düşməyən söz, söhbətimsən,
Eşqinlə ucalan, adım, sanım var,
Sənin tək sevimli, mehribanım var.

Olmusan Leyliyə, Şirinə bacı,
Dərdimin, qəmimin sənsən əlacı,
Gözümün nurusan, başımın tacı,
Sən varsan, dünyada din, imanım var,
Sənin tək sevimli, mehribanım var.

Layladır, nəğmədir, o şirin səsin,
Könlümə məlhəmdir isti nəfəsin,
Safdır, müqəddəsdir, eşqin , həvəsin,
Nə yaxşı, nə yaxşı, balım, şanım var,
Sənin tək sevimli, mehribanım var,

HAMIDAN GÖZƏLSƏN

Eşqi dastan olan, bir aşiq mənəm,
Elə yandırmısan, inanma sönəm,
Ruhumu canımdan almısan, sənəm,
Hamıdan gözəlsən, nazlı ceyranım.

Həsrətdən dil açan, şeyda bülbüləm,
Əhdimdən, sözümdən dönən deyiləm,
Hüsnünü vəsf edir, əlimdə qələm,
Hamıdan gözəlsən, nazlı ceyranım.

Bir nalə çəkərəm, candan can çıxar,
Göz yaşım quruyar, gözdən qan çıxar,
Səni görən günəş, səhər, dan çıxar,
Hamıdan gözəlsən, nazlı ceyranım.

Eşqin qanad verdi, dünyanl gəzdim,
Sənin həsrətinə illərlə dözdüm,
Heç kimi bu qədər əzizləməzdim,
Hamıdan gpzəlsən , nazlı ceyranım.

Adın çox əzizdi adlar içində,
Adını çəkmərəm yadlar içində
Gəl qoyma sən məni, odlar içində,
Hamıdan gözəlsən, nazlı ceyranım.

Məhəbbət bəzəkdir bu yerə, göyə,
Hökm etmək olmur ki, sevən ürəyə,
Gəl qoyma, Əzizi dərddən ölməyə,
Hamıdan gözəlsən, nazlı ceyranım.