Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatı torpaqlarımızın azad olunması ilə nəticələndi. 44 günlük Vətən müharibəsi 2020-ci il noyabrın 10-da imzalanan atəşkəs bəyanatı ilə başa çatdı. Hərbi ekspertlər hələ də Şuşada gedən döyüşlərdən və bizim igidlərin qəhrəmanlığından danışırlar.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Xalq yazıçısı Çingiz Abdullayev deyib.

“Dəmir yumruq” əməliyyatı tariximizin qızıl hərflərlə yazılmış parlaq səhifəsinə çevrildi. İndi zəfərimiz, qələbəmiz haqqında kitablar yazılır, filmlər çəkilir. Cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət və məğlubedilməz ordu strategiyası oldu.

Düşmən işğalda olan torpaqlarımızın Azərbaycan Ordusu tərəfindən qısa müddətdə azad edilməsini həzm edə bilmirdi. Təbii ki, onlar vandalizm siyasətini 90-cı illərdə olduğu kimi bu dəfə də nümayiş etdirdi. Belə ki, bütün dünya faşist xislətli ermənilərin Gəncə və Bərdə şəhərlərini tez-tez raket atəşinə tutmasının şahidi oldu. Dinc əhali arasında həlak olanlar vardı. Gəncədə bir ailənin bütün üzvləri məhv edildi. Separatçılar öz güclərini müharibə meydanında deyil, dinc əhali üzərində tətbiq etdi. Öz qorxaqlıqlarını bir daha sübuta yetirdilər.

Əfsuslan olsun ki, heç bir müharibə itkisiz olmur. Azərbaycan xalqı Vətən müharibəsində 3 minə yaxın şəhid verdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Şəhidlərimiz baş ucalığımız, qazilərimiz isə fəxrimizdi”, – deyə Ç.Abdullayev bildirib.

Torpaqlarımızın iyirmi faizinin otuz ilə yaxın bir müddətdə işğalçıların tapdağı altında qaldığını deyən yazıçı bildirib ki, bu müddət ərzində ermənilər bir sıra tarixi abidələrəmizi dağıtmışdır. Həmçinin, işğal olunmuş rayonlarımızda yerləşən və erməni kilsəsinə heç bir aidiyyəti olmayan tarixi Alban kilsələrini dünyaya erməni abidəsi kimi təqdim ediblər. Kəlbəcər rayonunda yerləşən bir çox qızıl yataqlarını vəhşicəsinə talan ediblər. Bu gün dünya ictimaiyyəti işğaldan azad edilmiş torpaqlarımızda erməni separatçı rejiminin məktəblərimizi, evlərimizi, binalarımızı, xəstəxanalarımızı, hətta məscidlərimizi və qəbiristanlıqlarımızı vəhşicəsinə dağıtdıqlarının şahidi olur.

Qarabağın sürətlə bərpa edildiyini bildirən Xalq yazıçısı deyib: “Prezident İlham Əliyevin göstərişinə əsasən Qarabağda aparılan abadlıq-quruculuq işləri çox təqdirəlayiqdir. İşğaldan azad edilmiş Füzuli şəhərində hava limanı tikilib və istifadəyə verilir. Şuşa şəhərində genişmiqyaslı yenidənqurma işləri aparılır. Bu yaxınlarda “Qarabağ” hotelinin açılışı oldu. Həmçinin “Xarıbülbül” mehmanxanası da istifadəyə verildi. Gələcəkdə bu hotellər turistləri qəbul edəcək. Şuşada dahi sənətkarlarımız Bülbülün ev-muzeyinin bərpası və daha sonra açılışı oldu. Tarixi abidələr bərpa edilir, binalar tikilir…”

Şuşadakı “Xarıbülbül” musiqi festivalını xatırlayan dünya şöhrətli yazıçı bildirib ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan edilib. Vaqif Poeziya Günləri və “Xarıbülbül” musiqi festivalı da bərpa olunub. Nəhayət, Cıdır düzündə 2021-ci ilin may ayında Şuşa şəhəri işğaldan azad olunandan sonra ilk dəfə “Xarıbülbül” musiqi festivalı keçirildi: “Müxtəlif illərdə Şuşada lentə alınan azərbaycanlı korifeylərdən Bülbül, Seyid Şuşinski, Xan Şuşinski, Rəşid Behbudov və Şövkət Ələkbərovanın ifaları ilə videoların nümayiş olunması məni çox duyğulandırdı… Bütün dünya gördü ki, Şuşanın əsl sahibləri geri qayıdıb. Şuşa Azərbaycanımızın mədəniyyət paytaxtıdır. Şuşa Azərbaycandır! Qarabağ Azərbaycandır!”

Mənbə: https://azertag.az/