Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısıAzərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının BAKI Bürosunun Rəhbəri

* * *

Hədərdi bilirəm gecikmiş güman,
Xərclədim ömrümü bir heçə getdi.
Məndə axtardığın o ucuz yalan,
Sənin yalanınla heç-heçə getdi.

Tutub-yapışmısan yaxamdan qəti,
Söylə ürəyindən keçəni görək!
Oynayıb tullamaq köhnə adətin,
İndi hər necəyəm nəyinə gərək?

İllərlə ahıma bürünən Allah,
Gətirib qarşıma nə haqla səni?
Kabusun olmasa etdiyin günah,
Bəlkə də tapmazdım çıraqla səni.

Səni danlamıram, sormuram niyə,
Bəlkə də artıqdır bunu deməyim.
Bir gündə baş verdi iki faciyə,
Sənin xəyanətin, mənim ölməyim…

* * *

Qorxma bulud gözündə çaxan o şimşək mənəm,
Qışın oğlan çağında payız yaşayır ömrüm.
Bu gecə qəm içində tək Allahdı, tək mənəm,
Mən cəhənnəm, bu şəhər sənsiz üşüyür, Ömrüm.

Nə söylədin yollara çağıranda uzaqlar ?
Tanıdımı görəsən torpaq səni, daş səni?
Hara apardı səni qanadında uçaqlar?
Hara daşıdı görən dimdiyində quş səni?…