…Nə olsun ki, gecə keçir,
Zaman axır ömrümüzdən,
Vaxt onsuz da gedəcəkdir
Yatmasam da, yatsam da mən.

Dünya adlı bu yerdə mən
Müvəqqəti yəhərdəyəm,
Düşəcəyəm yedəyindən
Yeddi əlnən tutsam da mən.

Cahan kimə yoldaşdı ki,
Kimə sirrini açdı ki?
Oğurluqdan yaxşıdı ki,
Xırda-xuruş satsam da mən!

Gör, haradan-hara vardın,
Şahlar şahı nə apardın?
Arzulardan kam alardım,
Bircəsinə çatsam da mən.

Mən göylərin öz oğluyam,
Gedəm, təzədən doğulam!
Nə qarmaqlıq, nə torluğam –
Qəm gölünə batsam da mən…