Taleyin qisməti rast saldı bizi.
Yolumuz hardasa qırılacaqsa,
İtirəcəyiksə bir birimizi,
Xatirəm yadında qalmayacaqsa,
Bu əllər mənimki olmayacaqsa,
Bu tellər mənimki olmayacaqsa,
Sən allah,özünə oyrətmə məni,
Hicran qoxusuyla göynətmə məni.
Əlimi əlinə öyrətmə belə,
Gözümü gözünə öyrətmə belə,
Üzümü üzünə öyrətmə belə.
Mən bir az baharlı budaq kimiyəm
Bir azda sadəlövh uşaq kimiyəm,
Bala anasına qovuşan kimi,
Leylək yuvasına qovuşan kimi,
Arı gül-çiçəyə uyuşan kimi,
Eh,mən də adama tez yovuşanam,
Sevgi atəşində tez alışanam.
Amma ki,sönməyim çox çətin olur,
Sevgidən dönməyim çox çətin olur,
Öyrətmə özünə öyrətmə məni!
Bəlkə gözləmirdik bu xoş görüşü,
Yaman qəribədir dünyanın işi,
Heç vaxt yollarında dayanmadığın,
Heç həndəvərində dolanmadığın,
Gəlib birdən sənə nə şirin olur!
Ömrünün içində ömür doğulur!
Bir şirinim acı olacaq isə,
Bir qismət çiçəyim solacaq isə,
Öyrətmə özünə öyrətmə məni
Könlümdə yerin var,qopmaz yerindən,
Bir əkiz ləçəyi,haça budaği,
Ayırmaq olmursa biri birindən
Məni də ayırmaq çətindir axı.
Öyrətmə özünə öyrətmə məni,
Yox buna taqətim,yox buna tabım,
Əlimi əlindən üzmək əzabım,
Sonra bu əzaba dözmək əzabım…
Yoxsa da könlümün sınıqlari var,
Hicranın köz basmış yanıqlari var,
Mənim dərdlərimin ayaqları var,
Harda olsa gəlib tapacaq məni,
Yaxıb yandıracaq bu ocaq məni.
Gəl məni özünə öyrətmə belə,
Əlimi əlinə öyrətmə belə,
Gözümü gözünə öyrətmə belə…….