“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsüAzərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri

* * *

Gözümə düşən xəyalın
Gözümdən axmağa gəlir.
Səhər çağı açılan dan
Gecəni yığmağa gəlir.

Və mən hələ də oyağam-
Hələ də oyaq… yuxulu…
Mənə sevdiyini söylə,
Söylə, qoy rahat yıxılım.

Açılmır yenə başımdan
Qara buludun havası.
İçimə, çölümə sığmır,
Yoxdu bu ruhun yuvası.

Bəlkə gəlib düzəldəsən
Təkliyimi, BİZ olum.
Bu halımı sevmirəm heç,
Gəl, əvvəlki qız olum.

* * *

Özümdən danışıram
Hər gecə göy üzünə.
Ürəyim üzü göyə
Açılan sərgi olur.
Daha əvvəlki kimi
Ağrıtmır ki, qayğılar.
Bir az hüzünləndirir,
O da ötərgi olur.
Səsdən başqa nədir ki,
Qəfəsdən azad çıxan?
Mənəmmi ümidlərə
Ögey çıxan, yad çıxan?
Uşaqlığım, gəncliyim
Yaddaşımın yadına
Ah, necə fağır gəlir.
İlahi, çəkiyə qoy
Yaşımı, yaşantımı
Gör hansı ağır gəlir?