GÖZÜMÜN AĞINDA, QARASINDASAN

Yanaqdan göz yaşı süzüləndə də,
Dastanlar torpağa düzüləndə də,
Həsrətdən dodaqlar büzüləndə də,
Gözümün ağında, qarasındasan,
De, görüm dünyanın harasındasan?!

Sevinc göz yaşına dönsəm də belə,
Gözəlin qaşına dönsəm də belə,
Torpağın daşına dönsəm də belə,
Gözümün ağında, qarasındasan,
De, görüm dünyasının harasındasan?!

Torpağın canına hopub gələrəm,
Borana çevrilib qopub gələrəm.
Mən səni axtarıb tapıb gələrəm,
Gözümün ağında, qarasındasan,
De, görüm dünyanın harasındasan?!

Yenə ərşə çatır şair harayım,
Çələngdən hörülən uçmaz sarayım.
Mən səni de, görüm harda arayım?!
Gözümün ağında, qarasındasan,
De, görüm dünyanın harasındasan?!

Yanaqdan süzülən yaşamı dönüm,
Həsrtədən çatılan qaşamı dönüm?!
Yurdumda dağamı, daşamı dönüm,
Gözümün ağında, qarasındasan,
De, görüm dünyanın harasındasan?!

Kədərlər əriyib keçsin aradan,
Yenə dayağımdı UCA YARADAN.
Mən səni soruşum denən haradan?!
Gözümün ağında, qarasındasan,
De, görüm dünyanın harasındasan?!

KƏDƏRİ SEVİNCLƏ GÖZLƏRİNDƏN ÇƏK!

“Çəkdim həsrətin desəm, sənə mən,
Bəlkə inanmazsan sözlərimə sən?!”.
Müəllif.

Qəlbindən süzülən duyğularını,
Mənə söylədilər o vaxtı, gülüm.
Məndə ki, o vaxtı coşub-daşırdım,
Dəyişdi şairin bir baxtı, gülüm.

Səhərdən-axşama narahat qəlbdə,
Ən incə duyğular süzülüb gəldi.
Dastanlar qoşanda qəlbimdə artıq,
Torpaqdan qəlbimə düzülüb gəldi.

O gündən bu günə mənim qəlbimin,
Döyünən, çıpınan aynası oldun.
ALLAHA, “QURAN”a dastanlar qoşan,
TÜRKÜN ŞAİRİNİN DÜNYASI OLDUN.

Sevinc də, kədər də mənim ömrümün,
Səhərə can atan xəbəri oldu.
Sənin gözlərinə qəm ələnməyi,-
Sevgi sarayımın kədəri oldu.

Hər dəfə çələngdən dastan qoşanda,
Sən düşdün yadıma həmişəki tək.
Nə kədər, nə qüssə yaraşmır sənə,
Kədəri sevinclə gözlərindən çək.