TORPAĞIM QƏDƏR ƏZİZ, EY HARAY ÇƏKƏN DİLİM!

Səninlə qürurlanıb tarixi varaqladım,
Nəsimi, Xətayidən mən səni soraqladım.
Qəm, kədəri üst-üstə mən yığıb torpaqladım,
Torpağım qədər əziz, ey garay çəkən dilim!
Bayrağım qədər əziz, ey haray çəkən dilim!

Nəsiminin üsyanı, Vaqifin harayısan,
Füzulinin qəlblərdə düzülən sarayısan.
Dünyada hər bir türkün günəşisən, ayısan,
Torpağım qədər əziz, ey garay çəkən dilim!
Bayrağım qədər əziz, ey haray çəkən dilim!

Natəvanın qəzəli, Ələsgərin sazısan,
Vaqif gözəllərinin işvəsisən, nazısan.
Mənim şair qəlbimin baharısan, yazısan,
Torpağım qədər əziz, ey garay çəkən dilim!
Bayrağım qədər əziz, ey haray çəkən dilim!

Şəhriyar da cənubda “Heydər baba”nı yazdı,
Zakir doğma torpaqda “Badi-səba”nı yazdı.
Ələsgərin qoşmalarda eli, obanı yazdı,
Torpağım qədər əziz, ey garay çəkən dilim!
Bayrağım qədər əziz, ey haray çəkən dilim!

Şimaldan cənubadək yepyeni səfər oldun,
Tarixin sınağından çıxan al səhər oldun.
Türkün al bayrağında yenə də zəfər oldun,
Torpağım qədər əziz, ey garay çəkən dilim!
Bayrağım qədər əziz, ey haray çəkən dilim!

Babək, Cavanşir özü haqqında nələr dedi,
Xətayi də “qələbən yenə tez gələr”-dedi.
“Səni unutmağımız qəlbləri dələr!”-dedi,
Torpağım qədər əziz, ey garay çəkən dilim!
Bayrağım qədər əziz, ey haray çəkən dilim!

Şamdan Bağdada qədər Füzuli qəzəlisən,
Vaqifin siyah telli, işvəli gözəlisən.
Türkün yenə dilisən, dillərin gözəlisən,
Torpağım qədər əziz, ey garay çəkən dilim!
Bayrağım qədər əziz, ey haray çəkən dilim!

DÜNYANIN GÖZƏL ŞERİ YUNUS ƏMRƏDƏN GƏLİB

Dastanlar bu torpağa düzüləndə bildim ki,
Dünyanın gözəl şeri Yunus Əmrədən gəlib.
Göz yaşına çevrilib süzüləndə bildim ki,
Dünyanın gözəl şeri Yunus Əmrədən gəlib.

“Subhənallah” deyincə nurlu gözləri dolan,
Ruminin məclisində yenə ilk bahar olan,
Dərin bir fəlsəfənin qaranlığına dalan,
Dünyanın gözəl şeri Yunus Əmrədən gəlib.

Hər misrası gövhərdən, torpaqdan daha dolğun,
Yanaqları lalədən, incidən daha solğun.
Türkün övladı yenə baxanda oğrun-oğrun,
Dünyanın gözəl şeri Yunus Əmrədən gəlib.

İllərin arxasında candakı ruhu gördüm,
“Qurani-Kərim”də mən Adəmlə Nuhu gördüm.
Harayı ərşə çatan fəğanla ahu gördüm,
Dünyanın gözəl şeri Yunus Əmrədən gəlib.

Əhmədin məktubları sızıldadı tar kimi,
Bağlandı Haqq dininə Haqqı sevən yar kimi.
Allahı sevən qəlbə ələndi bir qar kimi,
Dünyanın gözəl şeri Yunus Əmrədən gəlib.

Dağılanda gözümdən həsrət, ayrılıq, kədər,
Sevdim Anam torpağı axan göz yaşı qədər.
Bir elə, bir obaya yayılsın bu xoş xəbər:
Dünyanın gözəl şeri Yunus Əmrədən gəlib.