Polad SABİRLİ.Yeni şeirlər

DÜŞÜNCƏLƏR

“Üz göstərməyəsən yetim duyğuya”,
Bükülü tutasan qucaqlarını.
Elə gedəsən ki, şirin yuxuya,
Bir əl sığallaya yanaqlarını.

Qısılıb qalasan ömrün küncündə,
Ölümün yadına düşməyəsən heç.
Vurasan hər şeyi qulaqardına,
Dərdin qazanında bişməyəsən heç.

Şeytanın başına qaxınc olasan,
Səni aldatmağa gücü çatmaya.
Qorxunc görünəsən, qorxunc olasan,
Aciz tanımaya, ucuz tutmaya…

Sıxıb şirəsini çıxartmaq üçün,
Sınağa çəkəsən dərdi bir azca.
Quruca can desən, canında keçər,
Bir azca sevəsən, mərdi bir azca.

Bir “daş bağlayasan” ürəyinə də,
Gəzəsən dünyanı lap veyil-veyil.
Kimsə toxunmaya sənin olana,
Gözucu baxmaya onunku deyil…

Dönüb baxmayasan dərdinə tərəf,
Yanından keçəsən gözüyumulu.
Qədirbilməzlərə canın yanmaya,
Qala öz hayına can “sulu-sulu”.

Düşüb dizlərini qucaqlasa da,
Ürək istəmirsə, ayaq getməyə…
Söz, sözə uyuşa, könül, könülə,
Çəkdiyin əziyyət nahaq getməyə.

01.12.2025.

TƏRİFƏ


“İki daşın arasında” –
Başladın yalan tərifə.
“Başa çıxardan”, amma ki, –
Ayağa salan tərifə.

Bəzən istidən donsa da,
Bu bir xatasa , qansa da,
Dilin ağzında yansa da,
Uymusan kalan tərifə…

“Qan çanağı”ymış tin-dalan,
” Oyun oynayan, əl çalan”,
Özünü özündən alan,
Özgəyə qalan tərifə…

Dosta, ya düşmənə desin,
Dil lal olsun, sinə desin,
Adam bilmir ki, nə desin?!,
Bu filan-filan tərifə.

Savabında, suçundadı,
Borclu hələ borcundadı,
Zəhəri dil ucundadı,
Aldanma ilan tərifə…

13.11.2025.