Sevil GÜLTƏN..”Sovet kəndi uşaq yaddaşında”


( ardı)

Sovet kəndinin anaları

   O illərin kəndi indikindən çox fərqli idi.  Qaz yox idi. ( bizim kənddə indi qaz var)  Camaat hələ təzəcə  balon qazından istifadə edirdi.  Bir balon qaz 3 manata idi.  Əgər səhərdən axşamacan işlədilsəydi yəqin ki,  bir günə bəs edərdi.  Ona görə də qazdan qənaətlə istifadə edirdilər. Həyətlərə su çəkilməmişdi. Qadınlar suyu güyümlə, vedrəylə Kürdən gətirirdilər. Yadımdadır ki, anam çox yorulanda belə deyirdi: “Bu gün 10 güyüm əli vedrəli su gətirmişəm. “ Yəni, belində güyüm, əlində vedrə. Paltaryuyan maşın çox sonralar kəndə ayaq açdı. Əgər nəzərə alsaq ki, qadınlar kolxozun əsas aparıcı qüvvələri idi, onda o dövrün qadınlarının nə qədər ağır yük altında olduğu aydın olar. Hər səhər tezdən, hava açılandan Kürə su gətirməyə gedərdilər. Səhər tezdən gətirilən suyu daşa tökərdilər ki, çay qaynatmağa, nehrəyə tökməyə, yemək bişirərkən istifadə etməyə təmiz su olsun. Hər ailədə ən azı 4-5 uşaq olardı. Bütöv bir ailəyə lazım olan suyu daşımaq asan deyil. Suyu daşıyıb  iri çəlləklərə tökərdilər. Ən çətini qış aylarında su daşımaq idi. Buzun üstündə sürüşə-sürüşə çiyinə aşırılmış dolu güyümlə yerimək çətin idi. Səhər tezdən inəyi, camışı sağmaq, südü bişirmək... Hamısı anaların öhdəsində idi. Günlərlə yığdıqları qatığı nehrəyə töküb çalxalamaq... Bütün bu işlərin hamısı ən azı səhər saat səkkizə qədər görülməli idi. Sonra isə kolxoz işi... Əgər pambıq sahəsi kəndin yaxınlığında idisə bir az toxtaqlıq tapırdılar. Hər işi tələsə-tələsə etmirdilər. Amma o illərdə ki, pambıq sahəsi kənddən uzaqda idi və ora maşınla gedirdilər, onların işi çətin olurdu. Kolxozçuları aparmağa gələn yük maşını kəndin küçələrində siqnal verəndə, at belində kəndi dolanan briqadir uca səslə: “ Tez olun, tez olun, maşın gedir” deyəndə  artıq onlar evlərinin kənarında olmalıydılar ki, maşına minsinlər.  Elə olub ki, səhər tezdən yuxudan durub bütün işini görüb qurtaran anam süfrə başına oturub bir stəkan çay içmək istəyəndə kolxozçuları sahəyə aparan yük maşınının siqnalını eşidib çay belə içmədən zənbilini götürüb küçəyə yüyürüb. Səhərdən axşamacan gün altında alaq edən, pambıq yığan analar evə gələndən sonra da istirahət nə olduğunu bilmirdilər. Yenə də mal-qara. Su daşımaq... Həftədə ən azı iki-üç  dəfə çörək bişirmək. Yadıma düşür ki, axşamüstü pambıqdan gələn anam xəmir yoğurardı, neçə saatdan sonra acımış  xəmiri kündəliyib təndiri odlamağa gedəndə  bəzən gecə saat 12 olurdu.  Hərdən elə olurdu ki, unun keyfiyyətinə görəmi yaxud xəmir yaxşı acımadığına görə çörəklər küt gedərdi. Yəni, təndirin divarına yapışdırılmış çörəklər o dəqiqə də təndirin içinə düşərdi. Onu isə yalnız itə verərdik. Bəzən isə çörək bişənə yaxın çörəyin arxası təndirdə qalardı, içi  isə düşərdi. Belə olanda biz uşaqlar bir az sevinərdik. Çünki təndirin divarına yapışıb qalmış qazmağı biz uşaqlar yeyərdik. Çörək beləcə “ töküləndə” yəni,  küt gedəndə demək olar ki, anam gecəni yatmazdı. Təzədən xəmir yoğurardı və səhər tezdən işə gedənə qədər çörəyi bişirərdi. Hələ həyətdəki əlavə işləri də bura əlavə etsək,  onda o illərdə qadınların nə qədər əziyyət çəkdiyi bilinər. Həyətdə tərəvəz -xiyar, pomidor, badımcan, lobya, noxud, soğan əkib- becərməyin də çətinliyi anaların üstünə düşürdü.  Soğanı alaqdan təmizləmək, pomidor şitillərinin dibini boşaltmaq, qayğı sevən xiyarı bitirib axıra çatdırmaq zəhmət tələb edirdi. Düzdür, uşaqlar da bu işdə onlara kömək edirdilər. Kişilər isə yalnız əkin sahələrini sulamaqla kifayətlənərdilər.
  Hələ paltar yumaq ...İndiki kimi növbənöv yuyucu tozlar  yox idi. Bircə qəhvəyi rəngli paltar sabunu yadıma gəlir. Ocaqda iri mis qazanlarda su qızdırılardı, paltar yuyulandan sonra iri, dəmir vannaya həmin yuyulmuş paltarları yığıb Kürə gedərdilər ki, paltarları orda soyuq su ilə yaxalasınlar. Kür daşanda, su lilli olanda anaların işi çətinləşirdi. Gərək Kürdən çoxlu su gətirib zəyləyəydilər ki, durulsun. Yoxsa lilli sudan istifadə etmək mümkün deyildi. Bütün bu işləri görən qadının əgər körpə uşağı da vardısa ...lap çətin. İşlərin çoxunu görərkən körpə uşağı bellərinə şəlləyərdilər. Körpə uşağı bellərinə qoyub iri bir şalla sarıyardılar.  İnəyi sağarkən, toyuq-cücəyə dən səpəndə, hətta paltar yuyanda da uşaq onların belində olardı. Pambığa gedəndə də çox vaxt uşaqları özləri ilə  aparırdılar. Orda, pambıq sahəsinin  bir tərəfində istan tikilərdi.

İstan

 Kəndimizdə uşaq bağçası yox idi. Yəqin ki, həmin illərdə uşaq bağçası olan kəndlərdə uşaqları bağçaya qoyarmışlar. Kəndimizdə uşaq bağçasını əvəz edən evlər olardı. Kolxoza gedə bilməyən hansısa yaşlı qadına kolxozdan maaş ayrılırdı. Beləcə, kolxoza gedən qadınların çoxu uşaqlarını həmin qadına tapşırardılar. Amma lap körpə uşaqları özləriylə pambıq sahəsinə aparardılar. Kənd yolu. Yük maşını.... həmin illərin uşaqlarının nə qədər toz udduğunu sözsüz ki, heç bir aparat hesablaya bilməz.
  Pambıq sahəsinin kənarında istan tikilərdi. ( bəzi yerlərdə buna naves deyərdilər)  Hərdən bu sözün mənasını axtarıb tapmaq istəyirəm. Bəlkə bu söz elə “ stan”  şəkilçısıdır? Məsələn, Gürcüstan, Dağıstan kimi sözlərin sonundakı “ stan” şəkilçısı. Yer mənası bildirən şəkilçı.
    İstanı adətən biriqadirlər tikərdilər. Tikərdilər deyəndə ki, qarğı-qamışdan hörülərdi. Əslində bu, bir  daldanacaq idi. Kolxozçuları kənddən pambığa aparan yük maşını həmin istanın yanında dayanardı. Qadınlar evdən apardıqları zənbili istana qoyardılar. Zənbildə mütləq çayla dolu termos, bir atım quru çay, günorta yeməyi olardı.  Termosdakı çayı günortaya qədər içərdilər. Günortadan sonra isə istanda qaynadılımış samovardan termosa çay töküb aparardılar. 
  Paltarlarını istanda  dəyişərdilər.  Həmin istanda bir qadın qalardı. Adətən bir az nasaz olan, gün altına çıxa bilməyən qadınlar istanda qalardılar. Onlara maaş verilərdi. Həmin qadın  körpə uşaqlara da  baxardı. Onları yatızdırardı. Lazım olanda uşağın anasını çağırardı ki, gəlib uşağı əmizdirsin.  Körpə uşağı olan ana özü ilə  yüyürük gətirərdi. Briqadirlər istana samovar gətirərdilər. İri bir samovar. İstanda qalan qadın həmin samovarı qaynadardı. Su da yük maşınında iri bidonlarda gətirilirdi. Hər bir qadının özünün bir çaydanı olardı. Onlar günorta nahara gələndə həmin çaydanlarda çay dəmlənmiş olardı. Alaq vaxtları qadınlar istanda bir az dincələrdilər. Hər kəs istana özüyçün bir döşəkçə gətirərdi. Həmin döşəkçə pambıq yığılıb qurtarana qədər orda qalardı. Istanın  içi şırələnərdı. Hətta istanın yan-yörəsi də şirələnmış olurdu. Pambıq yığılan vaxtlarda istanın həyətinə qapan qoyulurdu. Yük maşını pambıq sahəsinin kənarlarında qoyulmuş xaralları, meşokları istanın həyətinə gətirərdi. Kim ki, istana yaxın yerdə işləyərdi, yığdığı pambığı maşına qoyandan sonra  istana gələrdi. O qadınlar ki, istandan uzaqda işləyərdilər, onlar xaralla, meşokla dolu olan yük maşınının üstündə gələrdilər. 
Pambıq istanın həyətindəki qapanda çəkilərdi.  Pambıq çəkiləndən sonra aparıb istanın həyətində şirələnmiş yerə boşaladardılar.  Yığılmış pambığı qurutmaq kişilərin işi idi. Pambıq yayılırdı. Günün altında yaba ilə o tərəf bu tərəfə çevrilirdi. Pambıq quruyandan sonra isə yanı setkalı lapetlərə yığılıb rayondakı pambıq məntəqəsinə aparılardı. Nə qədər istəsəm də, uşaqlıq yaddaşımı ələk-vələk etsəm də istanın həyətində tualet olub-olmadığını dəqiqləşdırə bilmədim. Kəndə, ömrünün neçə ilini  pambıq kolları arasında keçirmiş anama zəng etdim. Bir bəhanəylə soruşdum ki, o vaxtlar istanın həyətində tualet tikilirdi ya yox. “ Yox” cavabı məni bir az sarsıtdı. Deməli, o illərdə kolxozçu insan yox, pambıq toplayan canlı timsalında imiş. Həqiqət nə qədər acı da olsa faktdır.  “ Tualet” pambıq kollarının arası olardı. ( tələbə vaxtları tələbə inşaat dəstəsinin tərkibində Krasnodar vilayətinin bir kəndinə işləməyə getmişdik. Tərəvəz yığırdıq. Orada hər hektar əkin sahəsinin başında taxtadan tikilimiş bir tualet vardı. Ora da Sovet kəndi idi axı... ) 
       Xatırlayıram ki, lap payızın sonlarına qədər anam pambıq yığmağa gedib. Hava soyuq olduğuna görə pambıq açılmırdı. Belə olanda kolxozçular çırtlamış, açılmağına az qalmış qozaları yığıb istana gətirərdilər. Orda qozanın içindən pambığı çıxarardılar. O cür pambıq daha ağır gəlirdi.  Briqadirlər o cür pambığı görəndə çox hirslənərdilər. Elə pambığı qurutmaq çətin olurdu.  Pambıq solanda hər axşam evlərinə qayıdanlar özləri ilə  önlüyə yığılmış yaş pambıq qozası gətirərdilər. Əslində bu, bir oğurluq idi. Yaş qozanı yeyən malın, xüsusən də camışın südü çox, həm də yağlı olardı. Bəzi hallarda isə qoza yeyən mal -qara zəhərlənərdi. Bu da pambığa səpilmiş  gübrəylə  əlaqədar idi.  Pambıq əkiləndən yığılana qədər gübrələrdən istifadə edilərdi.   Yadıma düşür ki, sovka da istanın həyətində sayılardı.

                           Sovka 

    Sovka pambıq çiçəkləyəndən sonra üzə çıxardı. Pambığın sarı, çəhrayı çiçəklərinin içində balaca yaşıl  qurd olardı. Kolxozçuların bir işi də həmin sovkaları yığmaq idi. Bu, adətən yayın orta ayına, avqust ayına təsadüf edərdi. Sovkanı  çox vaxt uşaqlar yığardılar. Limonad yaxud araq butulkasına su tökərdilər. Su şüşənin yarısına qədər tökülməliydi. Həmin butulkanın boğazına ip bağlayardıq, həmin ipi də boynumuzdan asardıq. Bir-bir  pambıq çiçəklərinin içinə baxardıq, sovka tapanda onu butulkaya atardıq. Beləcə gün ərzində çoxlu sovka yığırdıq. Hər gün axşamüstü istanın həyətində biriqadirlər sovkaları sayardılar. Butulkadakı su sovkayla bərabər torpağın üstünə tökülürdü. Briqadir həmin sovkaları bir çöplə sayardı. Kimin nə qədər sovka yığdığı  bir dəftərə yazılardı. Dəqiq yadımda deyil ki, bir sovkanın qiyməti neçə qəpik idi. Sovka yığılan vaxt demək olar ki biz uşaqların “ sezonu” olardı. Çünki çox vaxt sovkanın pulu gündəlik verilirdi. Pul qazanırdıq.  Zəhmətin nə olduğunu bilirdik.  Sovkanı öldürmək üçün, ya da pambıq kollarının yarpaqlarını qurutmaq üçün təyyarələr  gübrə səpərdilər. Bəzən təyyarələr  elə aşağıdan uçardılar ki az qala başımıza dəyəcəkdi ( Əslən Ağcabədidən olan şairə Xatirə Rəhimbəyli deyir ki, hətta gübrə səpən təyyarə o qədər alçaqdan uçurmuş ki,   onların kəndində bir briqadirin başını aparıbmış)  Biz uşaqların başına gübrə səpilərdi.  O yadımdadır ki, o gübrə sulu idi. Çünki paltarlarımızda qəribə nəmlik olurdu. Yapışqan kimi olurdu bədənimiz. 
     İndi, o illərdən 35- 40 il keçəndən sonra nə qədər fikirləşsəm də yadıma sala bilmirəm ki, biz pambıq sahəsindən gələndən sonra yuyunurduq,  ya yox. Oğlanlar gedib arxda çimirdilər. Qızlar hərdənbir paltarlı suya girərdilər. O da yadımdadır ki, paltarımız əynimizdə quruyurdu. O illərdə bizim kənddə yalnız bir- iki adamın həyətində hamam  var idi.

                           Hamam 

    Uşaq vaxtı, soyuq aylarda anam biz uşaqları evdə çimizdirərdi. Evdə odun peçi qalanardı. İri mis qazanda su qızdırılardı. Peçin yanına qoyulmuş dəmir vannada bir-bir bizi çimizdirirdi. İlk dəfə şampunu neçə yaşımda gördüyüm yadımda deyil. Yəqin ki, həmin illərdə şəhərdə növbənöv şampun varmış. Bizim “ şampunumuz” isə ya qıcqırmış qatıq,  ya da ayran olardı. Anam saçımızı qatıqla ya da ayranla yuyardı.  Saçımız həm tərtəmiz təmizlənərdi həm də yumşaq olardı. Indi  jele yaxılan saçlar necə olursa eləcə. 
    Yay aylarında isə “ hamam” həyətdə olurdu. Belə demək mümkünsə, anamın işi bir az yüngülləşirdi. Yayda oğlan uşaqları ya gedib Kürdə çimərdilər ya da Kürün yaxınlığındakı arxda.  Bizim kənd rayon mərkəzinə yaxın olduğundan hər həftə kişilər hamama gedərdilər. O vaxt indiki kimi sellafon torbalar  bol deyildi. Hamam üçün  lazım olan şeylər  qəzetə bükülürdü.  Böyük uşaqlar da hamama gedirdilər. Biz də 12-13 yaşlarından başlayaraq hamama getməyə başladıq. Hamama getmək həm də biz uşaqların şəhərə səfəri idi. Əgər dəftərimiz qurtarmışdısa onda bizə pul verirdilər ki, dəftər alaq. Hamama verəcəyimiz puldan əlavə özümüzə də xərclik verirdilər. Bizə verilən o qəpiklərə hamamdan çıxandan sonra ya tum  ya da partladılmış və şirin qırmızı rəngə boyanmış qarğıdalı
  alardıq. Başımızı yun şalla bərk-bərk bağlayırdıq ki, soyuq olmasın.  Isti hamamdan çıxıb Kürün sahili  ilə kəndimizə gələrdik. Evə gələn kimi isti çay içərdik. Bu, adət halnı almışdı. Bilirdik ki, biz evə gəlib çatanda isti çayımız hazır olacaq. Mən  o vaxtlar hamamın nə ilə qızdırıldığını bilmirdim.  Amma o yadımdadır ki, bəzən isti su kəsilirdi, məcbur olub soyuq su ilə çimirdik.
        Kənddə də bəzi adamlar həyətdə özlərinə hamam tikmişdilər. Əgər ona hamam demək mümkünsə. Tikilinin üstünə beş-on vedrə su tutan dəmir bir çəllək qoyardılar. Nərdivanla tiklinin üstünə çıxıb çəlləyin içini suyla doldururdular. Su həmin çəlləkdən gələrdi. Demək olar ki, heç bir adama da bəs etməzdi. Su odunla qızardı. Küləkli havalarda tüstü hamamın içinə dolardı. Hamamdan çıxan adamın üst-başı his olardı. Buna nə dərəcədə çimmək demək olar daha onu deyə bilmərəm. O vaxt kənddə tikilən evlərin çoxi çiy kərpicdən idi. Çox az adamın daşdan tikilmiş evi vardı. Kənddəki evlərin çoxu çiy kərpicdən tikilirdi, palçıqla suvanıb şirələnirdi.

Comments

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir