Sənin üçün
Qəlbindən qəlbimə nur axını var,
Qəribə hisslərin gur axını var.
Her şeyin bir uzaq, bir yaxını var,
Sən niyə bu qədər doğmasan mənə?!
Bircə yol baxdınmı geriyə dönüb,
Bu yerin üstündə, göyün altında?
Bir həzin bir kövrək ürəyə dönüb,
Döyün bu sinəmin, döyün altında, –
Sən niyə bu qədər doğmasan mənə?!
Gördünmü gözümdə sökülən danı,
Duydunmu səsini lal harayların?
Yağışa bələnər gözümün qanı,
Çilənər üstünə sal qayaların, –
Sən niyə bu qədər doğmasan mənə?!
Dərdim batmanlara tən gələr, keçər,
Gözümə vədəsiz çən gələr, keçər.
Hələ əllərinə əlim yetməmiş,
Həsrət ürəyimi çəngələr, keçər, –
Sən niyə bu qədər doğmasan mənə?!
Bir ümid qapımı döyə bir səhər,
Bir ilğım aldanış gətirə, qoyma.
Qəmlə dil taparam bəlkə birtəhər,
Xiffətin ömrümü bitirə, qoyma, –
Sən niyə bu qədər doğmasan mənə?!
Zəncirdən, buxovdan aç əllərimi,
Sığala, tumara ac əllərimi.
Sən mənə yaşamın yolunu göstər,
Mən qovum qapıdan əcəllərimi, –
Sən niyə bu qədər doğmasan mənə?!
Çox şükür, döyüldü bu qapı yenə,
Çox şükür, sən idin gələn, əzizim.
Qoyma ürəyimi həsrətlə dinə,
Sevgi ol, ruhuma ələn, əzizim, –
Sən niyə bu qədər doğmasan mənə?!
26.10.2014.