İş yoldaşımla hər gün üzbəüz küçədəki balaca kafedə nahar edərdik. Yaxın olmaqdan başqa orda həm qiymətlər münasibdi, həm də yeməkləri çox dadlı bişirirdilər. Ev xörəklərindən fərqlənmirdi.
Məqsədim nə o kafeni, nə də onun yeməklərini reklam etməkdi, orada, necə deyərlər, ilk baxışdan vurulduğum qəşəng bir qız haqqında danışmaqdı. Ortaboylu, sarıyanız, zərif bir qızdı. O da kafeyə nahara rəfiqəsi ilə gələrdi. Həmişə də yuxarı başda, sağ tərəfdəki küncdə, eyni yerdə əyləşərdilər. Kafenin nahar fasiləsindəki gündəlik müştəriləri, demək olar, eyni adamlardı. Ona görə də hamı adət elədiyi stolu qoyub başqasının yerində oturmurdu. Təsadüfi müştəriləri kafenin işçiləri qarşılayıb boş stollara yönəldirdilər.
Qızı ilk dəfə görəndə çəngəl-bıçaq əlimdə dondum. İş yoldaşım təəccüblə:
– Nooldu sənə? – deyəndə ayıldım.
Fikrim qızda idi. Arabir oğrunca mən ona, o da mənə baxırdı. Baxışlarımız toqquşanda gözlərimizi yayındırırdıq.
Hər şey belə başlandı. Onlar da kafeyə hər gün eyni vaxtda gəlirdilər. Əvvəl nahara aşağı-yuxarı bir az geciksəm də indi buna ciddi yanaşırdım. Dəqiqəsinə söz ola bilməzdi. İş yoldaşım bir az ləng tərpənəndə dözmür, əsəbləşir, tələsdirirdim. Guya aclığa tabım yoxdu. Əslində gecikməkdən qorxurdum. Qızı tez görməkdən yana ürəyim gedirdi. Axı bunu iş yoldaşıma necə deyəydim? Mənə elə gəlirdi heç nədən xəbəri yoxdu. Həm də belə daha yaxşıdı!
Hələ qıza yaxınlaşmağa, tanış olmağa cürətim çatmırdı. Münasib məqam gözləyirdim.
– Qurtar, gedək də! – Kafedə də iş yoldaşım məni tələsdirirdi.
– Qaçhaqaçdı? Yemək yeyəndə gərək tələsməyəsən, yediyin-içdiyin canına sinə.
– Belə dee! – Bic-bic qımışırdı.
Onların qurtarmağını, kafedən çıxmağını gözləyirdim. Yanımızdan keçib gedəndə qızın ətrinin iyi məni bihuş eləyirdi.
***
Arxasınca hayıl-mayıl baxırdım. Birdən iş yoldaşımın:
– Qəşəng qızdı, – deyən səsini eşidib diksindim.
– Nəə?..
– Deyirəm, qəşəng qızdı. Ancaq daha bəsdi gözlədiyin. Tanış olmağın, ürəyini açmağın vaxtıdı.
Zalım oğlu hər şeydən xəbərdarmış.
– Qorxuram, – dedim. – Birdən “yox” cavabı verdi…
– Amma onun sənə baxan gözlərindən “hə” oxunur.
– Hardan bilirsən?..
Başı çəkmişdi. Nə vaxtdı dərdindən dəli-divanə olduğu, arxasınca süründüyü qızla iki-üç aydı dil tapmış, ailə qurmuşdu.
***
Növbəti bazar günü anamı yoluxmaq üçün rayona yollandım. Böyük qardaşım bir neçə il əvvəl institutdan təyinatla göndərdikləri rayonda məskunlaşmış, elə orda da ailə qurmuşdu. Atam dünyasını dəyişəndən sonra anam da onun yanında qalırdı.
Arabir zəng vurur, ərkyana danlayırdı. Tələs, deyirdi, evlənmək lazımdı. Mən də ürəyimə yatan qız tapmadığımı söyləyirdim. Son vaxtlar özünün tapdığını deyib məni rayona çağırırdı.
Dediyinə görə, qonşunun qızıydı. Yaraşıqlı, savadlı, müasir qızdı. İnstitutu bu il bitirmiş, Bakıda qalmışdı. Hardasa işləyirdi. Həftənin şənbə və bazar günləri valideynlərinə baş çəkmək üçün evlərinə gəlirdi. Anam, nə böyük yoldu, deyirdi, bir istirahət günü də sən güzarını biz tərəflərə sal. İnanıram ki, görüşsəniz, sən qızı bəyənəcəksən, qız da səni. Gecikmə, bir də gördün böyürdən biri çıxdı.
Qardaşımgildə cəmi bir-iki dəfə olmuşdum. O da atüstü. Hansı qonşusundan söhbət getdiyini bilmirdim. İndi lap məqamıydı. Gözaltıladığı qızı görməyə deyil, anama kafedəki qız haqqında söz açmağa tələsirdim.
***
Qardaşımgilin məhəlləsində nəzərimi ilk cəlb edən qələbəlik oldu. Ürəyim əsdi. Addımlarımı yeyinlətdim. Evlərinə çatanda qonşusunun darvazasını taybatay açıq gördüm. Həyətdə mağar qurulmuşdu. Baxışlarından kədər yağan adamlar o qapıya girib çıxırdılar. İçəridən yanıqlı ağlaşma səsi eşidilirdi.
Bir azdan anamın gözaltıladığı qızın dünən, şənbə günü avtobusla Bakıdan gələrkən yolda qəzaya uğradığını, dünyasını dəyişdiyini öyrəndim.
Qızı görməsəm, tanımasam da özümü çox pis hiss elədim.
Bakıya dönərkən anamın könlünü açmaq üçün şəhərdə ürəyimə yatan bir qız tapdığımı söylədim.
***
Nahar fasiləsində iş yoldaşımla yenə kafedə idik. İki gündü qızı görmürdüm. Özümə söz vermişdim ki, necə olur-olsun bu gün ürəyimi ona açmalıyam!
Tərslikdən qızlar gözə dəymirdilər.
Nahar fasiləsi başa çatsa da gəlib çıxmadılar. İş yoldaşımdan ayrılıb onları kafenin qabağında bir xeyli gözlədim.
– Ürəyini sıxma, yəqin nəsə vacib bir işləri çıxıb. – Dilxor halda qayıtdığımı görən iş yoldaşım təskinlik verdi.
Mən də o cür fikirləşirdim.
Səhərisi rəfiqəsi kafedə yaşlı bir qadınla göründü. Daha mən özümü saxlaya bilmədim. İrəli durub qızı xəbər aldım.
… Mənim aşiq olduğum qız anamın gözaltıladığı qız imiş.