Hansı təşkilata və ya əqidəyə mənsubluğundan asılı olmayaraq radikal qruplar hər zaman dünyadakı sülh və əmin-amanlıq üçün ciddi təhlükə mənbəyi olub və olmaqdadırlar. Radikalizm cəmiyyətdə ciddi dəyişikləri dəstəkləmək və bu istiqamətdə qətiyyətli siyasət yürütmək deməkdir. Radikallar öz əqidələrinin ehkamlarını ən qatı formada anlayır və tətbiq edirlər, bu ehkamların sadəcə zahirinə bağlı qalaraq onun ruhunu və var olma məqsədini unudurlar. Bildikləri ehkam və qaydaların mahiyyətini fərqinə varmır, onun arxa planını görmürlər. Belə ki, radikal bəzən öz əqidəsini həyata keçirmək üçün hətta təcavüzkar üsluba belə əl atır. Radikalizmin səciyyəvi xüsusiyyətlərindən biri də əsəbi, qatı üslubdur. Bunu radikalların söhbətlərində, yazılarında və ya keçirdikləri aksiyalarında asanlıqla sezmək olur. Radikalizmdə düşünməyin yerini kor-koranə mənimsənilən tabular və bu tabular mühitində böyüyən kütlənin psixologiyası tutur.
Nəticədə kütlə psixologiyası ilə hərəkət edən və qulluq etdiyi əqidəni tam qavramayan insanlar ətrafa zərər verən təcavüzkarlara çevrilirlər. Əqidəsini dəyişdirmə, inkişaf etdirmə radikalizm üçün yaddır. Eyni zamanda istər doğru olsun, istər yanlış fərqli düşüncəni əsla qəbul etmirlər. Anlayış, başa düşmək kimi məfhumların olmadığı radikalizmdə bütün digər ideologiyalar batil hesab edilir. Fikrini müdafiə etmənin radikalizmə görə ancaq bir yolu var: başqalarının düşüncələrini rədd etmək və onları düşmən elan etmək. Bir sözlə, bu insanların əsas görüşü “Bizim kimi düşünməyən bizim düşmənimizdir” prinsipidir. Zərərli və dağıdıcı hərəkat olmasına baxmayaraq radikalizmin tərəfdar toplaya bilməsinin səbəbi cəhalətdir. Düzgün məlumatlandırılmayan və ya birtərəfli məlumatlandırılan kütlələr bu cərəyanların təsiri altına düşür və sorğu-sualsız bu cərəyanların ideologiyalarına tabe olurlar. Məhz buna görə, radikalizmlə fikri mübarizədə təhsil və maarifləndirmə mühüm yerə malikdir.
Radikalizm xristian və yəhudi cəmiyyətləri ilə yanaşı İslam dünyasında da özünə müəyyən yer edib. Bu mədəniyyətlər arasında münaqişə yaratmaq istəyən qüvvələr bu vəziyyətdən sui-istifadə edirlər. Radikalizmin dünya sülhü üçün nə qədər ciddi təhlükə olduğunu 11 sentyabrda ABŞ-da baş verən terror aktı və bu hadisədən sonra yaranan müzakirələr bir daha göstərdi. Hücumları müsəlmanların reallaşdırdığının düşünülməsi Qərb dünyasının bir qismində islam dini haqqında səhv təəssürat yaratdı. Halbuki, “Quran” əxlaqı hər cür şiddət və təcavüzkarlığı qəti qadağan edir. İslam dünyasında da bu terror aktı qınaq obyektinə çevrildi. Dünyadakı bütün müsəlmanlar hücumlarda həyatını itirən günahsız insanlar üçün xristianlarla birlikdə dua etdi, amerikalı müsəlmanlar hücumlarda zərər çəkənlərin köməyinə qaçdı. Bütün bunlara baxmayaraq, bu terror hadisələrini islamla əlaqələndirmək istəyən bəzi qüvvələrin təsiri ilə Amerikada və bəzi Avropa ölkələrində müsəlmanlara qarşı nifrət hissi yarandı. Hətta bu ölkələrdəki müsəlmanlar şiddətə məruz qaldılar. Dünyada bir-birinə zidd qütblər formalaşdırmaq istəyən radikalların fəaliyyəti nəticəsində iki mədəniyyət arasında xoşagəlməz münasibətlər yarandı.
İstər Qərb dünyası, istərsə də İslam ölkələri radikalizmi ortadan qaldırmaq və yaranmasına zəmin hazırlayan səbəblərin qarşısını almaq üçün sistemli olaraq maarifləndirmə layihələri hazırlamalı və bütün cəmiyyətləri əhatələyən təhsil proqramları təşkil etməlidirlər. Bu proqramlarda vacib məqamlar və cəmiyyətin vəzifələri açıq şəkildə ifadə edilməlidir.
Radikalizmin yanlış əqidəsini çürüdən cavablar:
Radikalizm “Quran” əxlaqına zidd əqidədir. Həqiqi din əxlaqını dəlillərlə təbliğ etmək din adı altında ortaya çıxan radikallarla fikri mübarizədə olduqca əhəmiyyətlidir. İlahi dinlər səbri, şəfqəti, gözəl və mülayim xasiyyəti, hər zaman gözəl söz söyləməyi, nəzakətli və ehtiramlı olmağı əmr edir. Hər üç dinin mənsubları bu gözəl əxlaqa yiyələnməklə məsuldurlar. Rəbbimizin zülmü, təcavüzkarlığı haram qıldığını, günahsız insanlara zərər verməyin Allah qatında günah olduğunu bu insanlara “Quran” işığında izah etmək, onları “Quran” əxlaqına dəvət etmək radikalizmdən xilas olmağın tək yoludur. Bu yolla sözdə din adı altında ortaya çıxan, lakin tamamilə din əxlaqına zidd olan, şiddət tərəfdarı insanların yanlış əqidəsini, azğın bir yolda olduqlarını cəmiyyət dərhal anlayacaq və bu insanlar özlərinə tərəfdar toplaya bilməyəcəklər.
Cəmiyyətlərin bir-birini yalan, əsassız məlumatlarla tanıması ciddi problemlər yaradır və nəticədə yaranan ön mühakimələr tərəflər arasında dialoqa mane olur. Hər üç ilahi dinin inancını, ibadətini və ənənəsini əks etdirən tədbirlərin hazırlanması, bu cəmiyyətlərin bir-birini tanıması üçün şərait yaradılması qarşılıqlı dostluq əlaqələrinin qurulmasında mühüm addım olacaqdır. Təhsil və mədəniyyət proqramları hazırlamaqla ilk addımı atmaq olar. Fərqli inanclara mənsub insanlar bir-birlərinin mədəniyyətini, etiqadını, ibadətini tanısa müştərək cəhətlərinin çox olduğunu görəcəklər. Cəmiyyətlər arasında əməkdaşlıq, dostluq münasibətləri tezliklə bərpa olacaqdır. Həm müsəlmanlar, həm də yəhudi və xristianlar Allahın müqəddəs kitablarda əmr etdiyi əxlaqla inanclarından bəhs etməlidirlər. Beləcə, yalan, əsassız və ya əskik təbliğdən qaynaqlanan problemlər aradan qalxacaqdır.
Sözsüz ki, bu istiqamətdə görüləcək işlərin müvəffəqiyyət qazanmasında kütləvi informasiya vasitələri mühüm rol oynayacaq. Media xalqlararası dialoqa lazımi zəminin yaradılmasını dəstəkləməlidir. Ayrı-seçkiliyə və şiddətə təşviq edən, təxribata yol açan informasiyaların mətbuatda açıq şəkildə yayılmasının qarşısı alınmalı, sülhməramlılığı, tolerantlığı, dostluq və qardaşlığı təbliğ edən yazıların, verilişlərin, proqramların sayı artırılmalıdır. Xüsusilə, Qərb mətbuatının bu məsələyə həssas yanaşması son dövrlərdə müsəlmanlara qarşı yaranan ön mühakimələrin ortadan qalxmasında əhəmiyyətli addım olacaqdır. İslam dünyasının kütləvi informasiya vasitələri digər din və mədəniyyətlərə hörmətlə yanaşmalı, nifrət və kin oyandıran, şiddətə təşviq edən şərhlər verməkdən ciddi cəhdlə çəkinməli, müsəlmanların mədəni və mənəvi cəhətdən maarifləndirilməsinə xüsusi yer ayırmalıdır.
Şübhəsiz ki, burada ən böyük məsuliyyət din xadimlərinin və söz sahiblərinin üzərinə düşür. Hər üç ilahi dində din xadimləri xurafat və batil inancların din adı altında təbliğ edilməsinin qarşısını almalı, din əxlaqına zidd fikirləri ortadan qaldırmaq üçün nəzarəti gücləndirməlidirlər. İfratçılığın din əxlaqına zidd olduğu və Allahın iman gətirənlərə sabit, gözəl və mülayim xasiyyətli olmağı əmr etdiyi barədə cəmiyyətləri maarifləndirməlidirlər.
Müsəlman, xristian və yəhudi din xadimlərinin maarifləndirmə sisteminin qurulmasında və həyata keçirilməsində, eyni zamanda müqəddəs kitablardakı gözəl əxlaqın təbliğində əməkdaşlığı radikalizmə zəmin yaradan ünsürlərin ortadan qalxması ilə nəticələnəcək. İnananlar yalnız özünü, öz əqidəsini haqlı hesab edən, qarşı tərəfin etiqadını, müqəddəs dəyərlərini, hətta varlığını belə qəbul etməyən bir üslubdan ciddi cəhdlə çəkinməlidirlər. Kimin haqq yolda olduğunu ən yaxşı Allah bilir. Buna görə də, səmimi iman gətirənlər bir-birlərini günahlandırmaq, qüsurlarını ifşa etmək yerinə, Allaha daha çox yaxınlaşdıracaq vəsilələr axtarmalı, səmimiyyətlərini artırmaq üçün cəhd göstərməli, Allahın rizasını və rəhmətini qazanmaq üçün var gücləri ilə çalışmalıdırlar.
Həm İslam, həm Xristian, həm də Yəhudi aləminin radikalizm kimi bir bəladan xilası yalnız sülhsevər, mədəni və səmimi dindar insanların ittifaqı ilə mümkündür. Beləliklə, müharibəni həll yolu kimi göstərən qüvvələr təsirsizləşdirilməli, daha çox qan və gözyaşı axmasına təşviq edən cəhdlərin qarşısı alınmalıdır.
Nərmin Kərimzadə