sekil002

Şair deyəsən, təkcə adamlardan çıxmırmış. Sən demə şairlərin şerlərində bol-bol işlətdikləri gül, bülbül, şam, pərvanə sözlərinin də şairliyi varmış. Bəlkə bu adam şairlər elə onların yazdıqlarını «köçürürlərmiş?!»

Bəlkə buna görədir ki, şair Saqif Qaratorpaq da özündən xəbərsiz (özündən xəbəri olsaydı şair olmazdı ki) bir şamın kölgəsinə sığınıb o kölkəni evi bilib, küməsi sanıb. Və o şamın kölgəsində olmasan¬da bir misra da şer yaza bilmir.
Şairlik ürəyinin dalınca yola çıxmaq kimi bir şeydir. Şair olan Şamın kölgəsindən keçməlidir. O gəzilən ürək ya Şamın kölgəsində, ya aşiqlər-məşuq¬lar pərvanə-şam kimi alışıb yanırlar? Bəlkə buna görədir ki, vəsl gecəsində bütün gur işıqlar gözdən düşür, bircə şam yandırırlar.

Bir Şam qalır, bir də Şamın kölgəsi.

Bir Şam qalır, bir də qoşa aşiq-məşuq.

Bir Şam qalır, bir də şair…

Bir Şam yanır, ən müqəddəs bir qəbrin üstdə də!

Bir Şam yanır sevən ürəklərdə.

Şair üçün Şamın kölgəsi yanır. Və şair buna inanıb başlayır şer yazmağa.

Bəli, doğrudan da çoxunun gözündə yanan Şamın özüdür.

Saqifin gözündəsə (şairin gözündəsə!) yanan Şamın kölgəsidir.

Saqif ən yaxşı şerlərini Şamın işığında yox, Şamın kölgəsində yazıb.
Şamın kölgəsini hamı görür. Şamın kölgəsi şairdən başqa kimin yadına gələr ki…
Çoxlarından ötrü ağlayan Şamın özüdür. Saqif¬dən ötrü (şairdən ötrü) Şamın kölgəsidir ağlayan.
Aşağıdakı misraları məhz Şamın işığında yox, Şamın kölgəsində yazmaq olar:

Həyat elə adi, elə adi ki,
Baxdım, gözlərimin yaşı qurudu.

…Çiynimiz tabuta çatana kimi
Boyumuz uzanar, ömür uzanmaz.

…Qulağını bəri tut.
Niyə tutur gülməyin?
Bəlkə hər şeyi deyim,
Bəlkə heç nə deməyim?!
…Payız görən kimi
sevdi bu qızı.
…Bu gülşəni elə gəzib dolandım,
Bilmədi bənövşə, nərgiz dərdimi.

Şamın kölgəsindəymiş Saqifin əkini də, tikini də ev-eşiyi, günü-güzəranı da. Sevinci də, qəmi də.

Uyuyub, uyub getdim,
Deməyin döyüb getdim.
Başımı qoyub getdim,
Bir Şamın kölgəsində.

Saqif bu dünyaya gələndə Füzulini görə bilməzdi.
Saqif Şamın kölgəsinə boylandı-Füzulini gördü…
Bəlkə ona görə dilinə, canına, ruhuna Füzuliyanə misralar hopdu:

Yudum hər günahımı
Bəlkə bir günah ilə-deyən şairin o dəqiqə bilinir ki, əlləri kimin ətəyindədi!
Saqif elə bilirdi ki, «Qapının üstədi baxtın açarı» Amma həmin açarı Şamın kölgəsində tapdı.
Adətən adamın gözünə qəbirdə torpaq tökürlər. Saqifsə hələ ölməmişdən ölüm fəlsəfəsini duymuş qələm əhlidir. Odur ki, deyir:

Gözümə torpaq tökün,
Bir Şamın kölgəsində.

(Saqif bir Şamın kölgəsində hər gün ölümlə üz-üzədir. Ulularımızın «Ölməzdən öncə ölmək gərək!» nəsihətini vaxtında öyrənib, bilib).
Adamların bildikləri adi adamlar üçündür.
Şair Adəm üçün şer yazır. Saqif də şer yazmazdı. Şamın kölgəsinin xətrinə şer yazıb!

Şam yanır. Bir onun şöləsi var, bir də kölgəsi.
Şöləsi bu üzüdür Şamın, kölgəsi o üzü…

Biz də dünyanın bu üzündə yaşayırıq. Ancaq dünyanın o üzü daha çox çəkir bizi.
Biz Ayın bu üzünü görürük. Ayın görünməyən tərəfi də var axı.
Sən demə…bizim də Sözün bu üzündən, bu tərfindən xəbərimiz varmış az-çox. Bəs görəsən onda «nə var Sözdən o tərəfdə!»
Şairlər bizi həmişə məhz o tərəfə doğru aparırlar.
Və Söz ona görə də heç vaxt öz möcüzəli xarakterini itirmir!
Sözün bu tərəfində yıxılanda o tərəfi səsləyib əlimizdən tutur, ayağa qaldırır bizi:

Nadanların düşüb bəhsi,
Arif olan götür dərsi.
Aşiq kimsə durub desin,
Nə var Sözdən o tərəfdə?!

Nəsimi deyirdi ki, mən Sözün dadıyam. Bir halda ki, Sözün dadı var, demək onda qaşı da, gözü də yox deyil. Necə ki, Sözün bu tərəfi və… o tərəfi var.

Saqifin bu qədər Şamın kölgəsinə çəkən nədir?
Çox ola bilsin ki, Sözün o tərəfi Şamın kölgəsindən daha yaxşı görünür?!
Sözün o tərəfi bəlkə Sözün o tərəfindən nəsə tapmadığımız üçün bir vasitədir?!
Və mən əminəm ki, Saqif Sözün o tərəfi olduğunu da bilməsəydi bu tərəfdə şer yazmazdı. Buna görə də əminəm ki, Saqif görməsəydi ki, «keçib gedir gedənlər ürəyinin dalınca» – yenə də şer yazmazdı, şair olmazdı!
Saqif Qaratorpaq da qələmi əlinə Sözün o tərəfi naminə-təzə nəsə demək naminə götürmüşdür.
Hər edilən təzə kəşf, hər atılan təzə addım və hər yazılan təzə şer (yaxud hər hansı yaxşı elmi-bədii əsər) dünyanı dərk etmək üçün edilən daha bir cəhddir.
«Hərgah dünya mənə dərk edilmiş görünsəydi mən yazmağa başlamazdım!» (A. Kamyu)
Bu şeirlər kitabı da Sözün o tərəfidir.
Bir Şamın kölgəsidir.
Və Saqifin şeirləri bir daha göstərir ki, nə varsa Sözdən o tərəfdədir, dalınca gedilən ürəyin yanında¬dır.
Sözün o tərəfisə… bir Şamın kölgəsindəymiş.

…Saqif bir Şamın kölgəsindədir.
… Saqif ürəyinin yanındadır.
… Saqif Sözün yanındadır.
…Saqif Sözünün yanındadır.

Barat VÜSAL
Azərbaycan Yazıçılar Birliyinin Qazax Bölməsinin sədri,
Əməkdar incəsənət xadimi