Saqif QARATORPAQ

Mən söz adamı olsam belə,söz haqqında danışmağa çətinlik çəkirəm. O mənada çətinlik çəkirəm ki,sözün nə olduğunu bilirəm.Bildiyim üçün də öz məsuliyyətimi dərk edirəm.
Söz də insan kimidir.Doğulur,mübarizə aparır və qocalır.Söz də “ölə” bilər,əgər şairlər olmasa.”Şair dili(sözü) diri saxlayandır.”(Oden)Şair sözü cavanlaşdırandır.
Söz hər dünyaya gələn şairlə təzədən doğulur.Sözün(onun) xoşbəxtliyi də bundadır.Şair həm sözü yaradan,həm də yaşadandır.Sözə(dilə) qadağalar qoymaq olar,ancaq onu məhv etmək olmaz.Söz(dil) mənəvi olmaqla bərabər,həm də maddidir.Sözün(dilin) də abrı,həyası var.Vay o günə ki söz abırsızın əlinə düşə.Söz bütün olayları qeydə alır(yaddaşına
köçürür) və nəsildən nəsilə ötürür.”Dil(söz) insandan uzunömürlüdür.” (İ.Brodski).
Müəyyən zaman kəsiyndə söz deformasiyaya məruz qala bilər.Ancaq O, nəyisə unuda bilməz.Söz insandan etibarlıdır.O,köləliyi sevmir və itadən çıxandır,həm də ifşa edəndir,İsgəndərin sirrini faş edən qamış tütək kimi.
Şairin(yazıçının) vəzifəsi təkçə şeir yazmaq deyil.Onun vəzifəsi sözü(dili) qorumaqdır.Şairin cəmiyyətdəki rolu insan orqanizmində qara ciyərin roluna bənzəyir.O,sözü hər cür zir-zibildən,tör-töküntüdən təmizləyib, saflaşdırıb cəmiyyətə qaytarır və qaytarmağa borcludur.
Füzuliyə görə şeir çarəsizlikdi.Şair isə çarəsizliyə çarə axtarandır,yəni loğmandır.Təəssüf ki,bu gün şerimizin və şairlərimizin çoxunun loğmana ehtiyacı var.O loğmana ehtiyac var ki,O,bu çarəsizliyin diaqnozunu dəqiq qoya bilsin və şeir azarına mübtəla olmuş cəmiyyəti sağalda bilsin.
Bu gün şeir yazmaq olduqca “asanlaşıb”.Özlərini şair hesab edənlər, şair adlandıranlar və adlananlar kifayət qədərdi.Ancaq ciddi ədəbiyyatla,sənətlə,şeirlə məşğul olanları(yaşayanları) barmaqla saymaq olar. Çünki əsil şer olduqca bahadır,baha olanı da alan təbii ki,çox azdır.Və mən heç nədən çəkinmədən,qorxmadan deyə bilərəm ki,bu gün Azər-
baycanda şairdən qat-qat çox cızma-qaraçı var.Böyük bir “nəzmçilər ordusu”əsil ədəbiyyatın,əsil şerin başına kül ələməklə məşğuldurlar.Toyxanalarda,çayxanalarda,kef məclislərində belə qafiyələnmiş söz yığınına ilişib az qalır ki,yıxılasan.Tamadaların dilində oyuncağa çevrilən söz-şeir hər gün,hər saat urvatdan düşməkdədir.Mən toyxanalarda,şadlıq evlərində,kef məclislərində şeir oxumağın və söyləməyin qəti əleyhinəyəm.Toylarda deyilən şeirləri,lap şedevr olsa belə, hədəfə dəyməyən havaya və havayı atılan güllə hesab edirəm.Alçaldılan,təhqir edilən sözə
yazığım gəlir.Yeri gəlmişkən,bu gün toylarımızdan danışanda yadıma nədənsə Qurbanəli bəy,bir də bir tanışımın on-on beş il bundan qabaq dediyi bir söz düşür:”Biz bir ay içki içməsək,iki dənə “boyinq”(təyyarə) ala bilərik.”Yaxşı arzudu,amma…
Amması da budur ki,nəzm yazmaq döyüşməkdən asandı.Və mən nəzm yazanları(məni qınasalar da) iki qismə ayırmaq istəyirəm.Ədəbiyyata,sənətə,şerə münasibətdə əks qütblərdə dayanan bu iki təbəqəni belə adlandırmaq olar:Təqlidçilər və “inqilabçılar”.Bu gün ortada “meydan sulayan”təqlidçilər indiyə qədər deyilənləri təkrarlamaqla,Dədə Ələsgəri, Tufarqanlı Abbası,Xəstə Qasımı,Səməd Vurğunu,Osman Sarıvəllini, Hüseyn Arifi…təftiş etməklə ədəbiyyatın “anasını ağladırlar”.Xalqın tarixi keçmişindən,mifalogiyasından,epik təfəkküründən uzaq olan “inqilabçılar” isə guya nəsə qeyri-adi bir yenilik yaradırmış kimi burunlarını dik tutaraq heç kimi bəyənmirlər.Nəinki klassik ədəbiyyatın,hətta iyiriminci əsr ədəbiyyatının üstündən xətt çəkmək niyyətindədirlər.Özünü təsdiq etmək üçün başqasını inkar etmək nadanlıqdı.Bir vaxtlar bolşeviklər də klassik ədəbiyyatı inkar edirdilər.Ötən əsrin 20-çi illərində “proletkultçular” yeni ədəbiyyat yaratmaq adı ilə məscidləri,mədrəsələri,pirləri dağıır,dini ədəbiyyatı yandırır,qəzələ,qoşmaya ikrah hissi ilə baxırdılar.Onlar tarixin tufanında,dövranın burulğanında toza dönüb yox oldular.Ancaq klassik ədəbiyyat təqiblərə və təhqirlərə baxmayaraq yenə yaşayır və yaşayacaq.
Əsl,ədəbiyyat kiminsə istəyindən asılı olmayaraq yaranır.Sənəti siyasətin quluna çevirmək mümkün deyil.Sənət və sənətkar siyasi cərəyanların,təriqətlərin,məzhəblərin,sektaların,təbəqələrin,klanların istəyindən asılı olmayaraq mövcuddur.Onu qəlibə salmaq ağılsızlıqdır.Necə ki Nəsimi hürufiliyin fövqündədir,eləcə də Səməd Vurğun sosializmin fövqündədir.Söz-şeir hər hansı bir “izmin”çərçivəsinə sığışmır və sığışa da bilməz.Nazim Hikmət kommunizmin çərçivəsinə sığışmadığı kimi,Nəcib Fazil Qısakürək də modernizmə sığışmır.Çünki sənətkar sözünün miqyası sərhəd tanımır,hüdudsuzdur.
Tarixi ənənəni qorumayan şair və şeir ölümə məhkumdur.Əslində bugünkü təzə- dünənki yaxşıdır.”O şair ki Böyük tarixdən gəlmir…Onun apardığı eksperimentlər də havadan aslı olacaq…”(Ak. N.Cəfərov)
“Məncə ədəbiyyatın gələcəyi ,əslində onun başlanğıcında- poeziyadadır.” (İ.Brodski) O poeziyadadır ki,təkcə bu günkü reallıqları deyil,həm də tarixi keçmişi özündə əks etdirə bilsin.