abdullamemmed

(“Didərgin şərgisi, qaçqın harayı” silsiləsindən)

Bir ovuc təsəlli, bir ovuc səbir,
Bir ovuc ümid ver- çəkim başıma.
Ağlıma gəlməyən, bağrımı dəlir,
Haranın külünü töküm başıma ?!

Yerinə düşmür heç, sözüm yerinə,
Ha “İllah” edirəm- söz yerə düşür.
Əyrilər ucalır düzün yerinə,
Əyilə- əyilə düz yerə düşür.

Yad əldə didilən bir əlçım yunam,
Bir əlçim buludam yol çəkən gözdə.
Köhnə bayatılı qəmli oyunam,
Nəmli göz yaşıyam verilən sözdə.

Kimi göz götürür, söz yerə salır,
Kimi ot bitirir dillərin üstə…
Dərdi şələləyib, çiynimə alıb,
Çıxıb gedəcəyəm illərim üstən.

Bəxtimin rənginə çalan ocaqda
Gözlərim özgə rəng görmür- neyləyim?
Qarala-qarala qalan ocaqdan
Gedən səadəti necə əyləyim?!

Bir ovuc adamın əlindən qaçan
Bir ovuc torpağam, bir ovuc suyam.
Qərib çadırlara köksünü açan
Yurdu qəribsəyən qərib harayam.

Hər gözdən bir həsrət, bir qüssə yağır,
Bir qərib hava çal, isinsin canım.
Qəriblik alnıma yazılan ağı,
Qəribəm, yurdumda qəribəm, canım!

Bir ovuc təsəlli, bir ovuc səbir,
Bir ovuc ümid ver- çəkim başıma.
Ağlıma gəlməyən başıma gəlir,
Haranın külünü töküm başıma?!

Azərbaycan.Quba.
19.02.2001.