Qızbəsti Quliyeva 2000-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz şəhərində anadan olmuşdur. Hazırda Şahbuz şəhər 1 №-li tam orta məktəbin VIII sinfində oxuyur.
Öz hiss və duyğularını poetik şəkildə elə indidən çox sərrast şəkildə ifadə etməyi bacaran gənc qələm dostumuza yaradıcılıq yollarında uğurlar arzulayır və onun bir neçə şeirini oxuculara təqdim edirik.
Şəhid anası
Oğlunu torpağa qurban vermisən,
Övlad itkisini sən ki görmüsən,
Çiçək bitirmisən, xəzan dərmisən,
Ağla bu dəhşətə, şəhid anası.
Ağlama desəm də kar etməyəcək,
Bu acı qəlbindən heç getməyəcək,
Kabuslu yuxular heç bitməyəcək,
Ağla bu dəhşətə, şəhid anası.
Gecənin yarısı xəbər almısan,
Səsizcə, heyrətlə donub qalmısan,
Bulud tək qaralıb, göy tək dolmusan,
Ağla bu dəhşətə, şəhid anası.
Qapqara saçına düşübdü ağ dən,
Övlad qisasını alacaqsan sən,
Adını tarixə yazacaq Vətən,
Ağla bu dəhşətə, şəhid anası.
İgidlərim, ərənlərim, mərdlərim
Göyə qalxdı silahların tüstüsü,
Ürəyimdə torpağımın istisi,
Hər tərəfdə igidlərin gur səsi,
İgidlərim, ərənlərim, mərdlərim.
Düşmənləri ayağıma sərdilər,
Yaxşı gündə, dar gündə də birdilər
Vətən üçün canlarını verdilər,
İgidlərim, ərənlərim, mərdlərim.
Şəhid oldu neçə-neçə igidim,
Neçə dünya olsa sığışmaz dərdim,
Azadlıqdır mənim eşqim, qismətim,
İgidlərim, ərənlərim, mərdlərim.