cahangulsun

Babamın sözü idi.Sonra da əlavə edərdi ki, “ bizi elə oynada-oynada bu kökə saldılar”.Bizi deyirdi e,bizim milləti…
Eşitdiyimə görə “Yanıq Kərəmi”nə əvvəllər heç kim oynamazmış.Çunki, el arasında kərəmin faciəsinə oynamağı hamı özünə ar bilərmiş.Bir növ Kərəmə yas saxlayırmışlar.Sonradan yası da,faicəni də,Kərəmi də unudan insanlar qol götürüb şıdırğı oynamağa başlayıblar bu mahnıya.Məndən olsa deyərdim ki,elə biz o vaxtdan öyrənmişik faciəmizə “oynamağa”.

Bunun ən kədərli nümunəsi son günlərdə baş vermiş “Azadlıq Yanğını” oldu.Abır-həya güc gəldi deyə qol götürüb oynayanlar olmadısa da ,başqa yollarla min cür oyundan çıxanlar da az olmadı.Elə götürək Mətanətin sözlərini.Yox!Qətiyyən onu tənqid,təhqir,tərif,təhkim,təftiş və s.bu kimi zadlardan eləmək fikrim yoxdur..Onsuz da bunu kifəyət qədər edənlər oldu.Sadəcə bu məqamda bir məsəli xatırlamaq yaxşı olardı. “Dəlinin biri quyuya daş atdı,min ağıllı yığışıb çıxara bilmədi”.Məsəldən fərqli olaraq millətimin “şousevən” nümayəndələri yığışıb Mətanətin quyuya atdığı daşı çıxartdılar da,üstəlik aparıcının başına saldılar da. Ki, məncə,bu kifayət idi.Ləman Ələşrəfqızının təzədən dəm-dəsgah açıb Mətanəti ağ yuyub qara sərməsinə ehtiyac yox idi.İş orasıdır ki bu yuyulma prosesində faciədən,ona münasibətdən çox Ləman Ələşrəfqızının Mətanətə və onun linzalarına olan qəzəbini,nifrətini daha çox hiss eləmək olurdu.Məncə, o reportaj Mətanətin faciə qurbanlarına qarşı olan səhvi yox,hansısa iki köhnə həmkarın şəxsi intriqası üzərində qurulmuşdu.Və yenə də mənə görə belə çətin bir məqamda,əslində bütün xalqın-yaradıcı və dağıdıcı insanların hər birinin birləşməli olduğu bir vaxtda bu “şoubazlığa” ehtiyac yox idi.Bu hadisə bir daha sübüt etdi ki, biz hələ də dar məqama düşən kimi, zəif nöqtə tapan kimi bir-birimizə balta vurmağa hazır olan insanlarıq…
Keçək başqa məsələyə…İndiki dövr, “Yol əhvalatı” filmində Qurban kişinin dediyi kimi kosmos,raketa əsri olduğu üçün sosiallaşmaq qaçılmazdır.O sosial həyatın içinə daxil olmasan da mütləq səni bir zadla ora qatırlar.Elə hay-küylü bir hadisənin olmasını çoxdan gözləyən,sayt “işlədən”lərdən tutmuş,səhifə adminlərinə və adminkalarına qədər hər kəs yanğında iştirak etmiş xilasedicilərin,yanmış,yaralanmış,şəhid olmuş insanların şəkillərini paylaşmaqla,əcaib,diqqətçəkən başlıqlı xəbərlər yaymaqla “like” yığmağa,reytinq qazanmağa çalışdılar..Həm də vətənpərvərlik və matəm pərdəsi altında.Bu bəs etmirmiş kimi faciənin külü təzə-təzə sovrulmağa başladığı bir vaxtda bir qrup gənc “yazar” “supermen”lik eşqinə düşüb özlərindən hoqqa çıxarıb iddia etdilər ki,guya Bakıda keçirilən tədbirlərin birində faciə qurbanlarının ruhuna hörmətsizlik edilib.Xoşbəxtlikdən və ya bədbəxtlikdən adı keçən tədbirdə mən də iştirak edirdim.Açığı mən də tədbirin təxirə salınmasının tərəfdarı olsam da vaxtın əvvəlcədən müəyyən olunduğuna və uzaqdan-Türkiyədən gələn qonaqlara görə bunun mümkün olmadığını başa düşmək olar.Buna baxmayaraq mən o tədbirdə heç bir hörmətsizliyin şahidi olmadım.Tədbir Azərbaycan və Türkiyə himnləriylə açıq elan olunduqdan sonra baş vermiş faciə,onun qurbanları haqqında danışıldı.Daha sonra şəhid olmuş insanların ruhu matəm muqisinin sədaları altında bir dəqiqəlik yad olundu.Matəm musiqisini xüsusilə qeyd etdim.Çünki aldığım məlumatlara görə gənclərimizi hiddətləndirən də məhz yad olunma zamanı çalınan “siqnallarla müşaiət olunan intresni musiqi” olub.Açığı çox təəssüf hissi keçirtdim.Başı bu qədər bəlalar çəkmiş,faciələr görmüş xalqımın bəzi övladları matəm musiqisini hələ də ayırd edə bilmirlər.Bunun üzərinə bir də yazarlıq,gələcəyin xilaskarları eşqinə düşürlər.Mütaliəyə,dünyagörüşünü artırmağa vaxt və səbr tapa bilmirlərsə heç olmasa 20 yanvarda,26 fevralda tv-ni açıb o “intresni”mahnıları dinləyib,öyrənə bilərlər ki,belə musiqilər,məhz, faciə zamanı,dəfn zamanı,yad olunma zamanı səsləndirilir…
Və bir məsləhətim də odur ki,ey qəhrəmanlıq eşqinə düşənlər,icazə verin tərifinizi başqaları eləsin.”Əli bunu elədi,Vəli onu yazdı,Pirvəli də dəstək oldu” yazıb saytlara paylamağa ehtiyac yoxdur.Onsuz da xalqın gözü tərəzidir.
Anlayacağınız “Yanıq Kərəm”i kimi “Azadlıq Yanğını”na da oynayanlar çox oldu.Deməm o ki,ey mənim başıbəlalı millətim,kifayətdir öz faciənizə “oynadınız”.Matəm saxlayırsınız,yas saxlayırsınızsa bunu özünüz üçün edin.Başqalarını güdməyə,kim “güldü”,kim “oynadı”,kim “əl çaldı” deyə qeyd götürməyinizə ehtiyac yoxdur.
P.S.Son günlərdə hər söhbətə, davaya,qalmaqala arqument kimi gətirilən “Fərəhin ruhu”,”Ayxanın külü” və s. bu kimi ifadələrə də son qoysaq yaxşı olar.Bu dünyada bir gün görmədilər,heç olmasa o dünyada rahat olsunlar.Günahsız körpələrimin adından istifadə edib özünüzü “canıyanan” kimi göstəməyin..Onsuz da hər gün dünyada minlərlə günasız körpəni öldürür,yandırır,başını kəsir,təcavüzə məruz qoyurlar. Matəm saxlamaq üçün hökmən azərbaycanlı körpələrin ölmələri vacib deyildi Bacarırsınızsa üç,beş,on günlük yox ömürlük yas saxlayın….Çünki,körpələrin vətəni olmur əzizlərim…Milliyyəti olmur..Dini olmur…Ən əsası isə günahları olmur..Əgər səsinizi çıxarıb doğruları deməyə cəsarətiniz çatmırsa,həmişəlik susun.. Heç olmasa günahsız körpələrin xatirinə susun…